Məhkəmə qərarları › İş №2-1(103)-953/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-953/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-953/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8343/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: WZ5140172), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (bundan sonra – cavabdeh) tərəfindən qeydiyyata alınmış, adına ***-**** nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı bildirmişdir ki, Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində doğulmuşdur, milliyyətcə pəncabi, dini etiqadına görə xristiandır (katolik) , 12 illik orta təhsilini bitirdikdən sonra 2010-2012-ci illərdə “Kingston” adlı kollecdə ticarət əlaqələri, 1 il isə “PİTHM” adlı kursda hotel menecmenti ixtisası üzrə təhsil almışdır, sonradan maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilməmiş, 2013-2023-cü illərdə isə “McDonalds” şirkətlər şəbəkəsində menecer vəzifəsində çalışmışdır. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, bu evlilikdən 2 övladının doğulduğunu, 3 qardaşı və 1 bacısının olduğunu, valideynlərinin və qardaşbacısının hazırda Pakistanda yaşadıqlarını söyləmişdir. Ərizəçi tanımadığı şəxslərin onu “McDonalds” şirkətində yəhudilərlə işləməkdə ittiham etdiklərini, bu səbəbdən 2023-cü ilin avqust ayında ona 2 dəfə hücum etdiklərini, buna görə Pakistanda yaşamaq istəmədiyini və ölkəsini tərk edərək ailə üzvləri ilə birlikdə 29 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. O, hazırda Pakistana qayıtmaq istəmədiyini, bunun səbəbini qayıdacağı təqdirdə naməlum şəxslər tərəfindən özünün və ailə üzvlərinin həyatı üçün təhlükə yarana biləcəyi ilə əlaqələndirmişdir.

2. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-07/4 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 29 noyabr 2023-cü il tarixdə Azərbaycana gəlmişdir. Gəlişində məqsədi vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin qarantsız olması olub və Azərbaycana gələn kimi ona “qaçqın statusu verilməsi haqqında” vəsatətlə Xidmətə müraciət etmişdir. Cavabdeh isə vəsatətini təmin etməyib və buna dair 06 mart 2024-cü il tarixli, İQ-07/1 nömrəli qərarını qəbul edib. Hesab edir ki, cavabdehin 06 mart 2024-cü il tarixli imtina qərarı ləğv edilməli və vəsatətinin təmin edilməsi vəzifəsi cavabdein üzərinə qoyulmalıdır. Vəsatətini onunla əsaslandırmışdır ki, vətəndaşı olduğu Respublikada onun həyatı təhlükəsizliyinin təminatı nəinki inamsızdır, hətta o, ailəsi ilə aşkar təhdid edilir. Pakistan hökuməti isə onun ailə hüquqlarını müdafiə etmək iqtidarında deyil. Onun vəsatətinin dəlillərini cavabdeh nəinki görməməzlikdən gəlib hətta onun dediklərini bir çox məqamlarda təhrif edib. Belə ki, o və bacısı işlədikləri “McDonalds” şirkətində yəhudilərə dəstək verməkdə ittiham edilərək öldürülməklə təhdid edilib. Ölkənin başqa şəhərlərinə getməklə təhlükəsizliklərinin təmin olunmasına nail olmaq istəyi də mümkün olmayıb. Belə ki, digər şəhərlərdə də eyni aqibəti yaşamışlar, yəni axtarıldıqları onlara bildirilib. Qardaşının ailəsi onlara görə sorğu-suala tutulub. Cavabdeh idarə isə onun Pakistanda heç bir təqibə məruz qalmadığını bildirir. Halbuki, o və bacısı hər addımda təqib, təhdid altında yaşamaq məcburiyyətindən canlarını qurtararaq Azərbaycan Respublikasına gəlmişlər.

5. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunması xahiş olunmuşdur.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs 2013-2023-cü illərdə Pakistanda “McDonalds” şirkətlər qrupunda çalışdığını və bu səbəbdən tanımadığı şəxslər tərəfindən 2023-cü ilin avqust ayında İsrailə dəstək verməkdə ittiham edilərək 2 dəfə hücuma məruz qaldığını bildirmışdir. Araşdırma zamanı sonuncu İsrail- Fələstin münaqişəsinin 7 oktyabr 2023-cü il tarixdən başladığı məlum olmuşdur. 2. Ərizəçi müharibə başlamamışdan əvvəl (avqust ayında) təhdid olunmuş, noyabr ayınadək ölkəsində yaşamış, ötən müddət ərzində təhdidlərə məruz qalmamışdır.

3. İşin materiallarına əsasən şəxsin nə özünün, nə də ailə üzvlərinin Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyənləşdirilmişdir. 4. Şəxs təqib olunması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etməmiş və bunun səbəblərini izah edə bilməmişdir. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8343/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

9. Belə ki, iddiaçının ziddiyyətli izahatlar verməsi, inzibati icraat zamanı və iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, məhkəmə iclasında xristian dininə mənsubiyyətinə görə təqib olunduğunu bildirməsi, bu barədə dəlillərin əsassız olması qənaətini formalaşdırır.

10. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8343/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

16. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu:

- 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; - 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; - 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; - 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın:

- preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir; - 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; - 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır;. Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1).

23. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

24. Məhkəmə kollegiyası qeyd edir ki, ifadə tərzi düzgün olmasa da iddiaçının hüquqi marağı ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

25. Belə ki, hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur:

26. İddiaçı 29 iyul 1989-cu ildə Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçı şəhərində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır.

27. O, 12 dekabr 2023-cü il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.

28. İddiaçının vəsatətinə cavabdeh tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və İQ-07/4 nömrəli xx.xx.2024-cü il tarixli qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir.

29. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur.

30. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanın verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: - Şəxs 2013-2023-cü illərdə Pakistanda “McDonalds” şirkətlər qrupunda çalışdığını və bu səbəbdən tanımadığı şəxslər tərəfindən 2023-cü ilin avqust ayında İsrailə dəstək verməkdə ittiham edilərək 2 dəfə hücuma məruz qaldığını bildirmışdir. Araşdırma zamanı sonuncu İsrail-Fələstin münaqişəsinin 7 oktyabr 2023-cü il tarixdən başladığı məlum olmuşdur. - Ərizəçi müharibə başlamamışdan əvvəl (avqust ayında) təhdid olunmuş, noyabr ayınadək ölkəsində yaşamış, ötən müddət ərzində təhdidlərə məruz qalmamışdır. - İşin materiallarına əsasən şəxsin nə özünün, nə də ailə üzvlərinin Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyənləşdirilmişdir. - Şəxs təqib olunması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etməmiş və bunun səbəblərini izah edə bilməmişdir. - Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır;

31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir.

32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

33. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübutun cavabdehə təqdim olunması müəyyən olunmur.

34. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdeh inzibati orqan tərəfindən ona verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusu verilməsindən imtina edərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

37. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməməsi ilə qanuna zidd olan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməmiş, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsaslar müəyyən edilməmişdir.

39. İddiaçı apellyasiya şikayətində yuxarıda hüquqi qiymət verilən hallardan əlavə qeyd etmişdir ki, iddiaçıda təqibə məruz qalmasını yaradan qorxu hissinin aradan qalxmasına əsas verən hal yoxdur. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gəlinə bilər ki, ərizəçi Pakistana qayıdacağı təqdirdə ona ziyan vurula bilər.

40. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulduğundan və hər hansı bir mötəbər sübut cavabdehə təqdim olunmadığından həmin dəlillər inzibati orqanın qərarının ləğv edilməsi və iddiaçıya qaçqın statusu verilməsi üçün yetərli deyildir.

41. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Qaçqınların statusu” haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən “qaçqın” dedikdə 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.

42. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər.Həmin maddənin 2-ci bəndinə əsasən “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur.

43. Konvensiyanın 42-ci maddəsinə əsasən, əgər ərizəçi mənşəcə mənsub olduğu ölkədə davamlı qalmasının tərifdə göstərilən səbəblərə görə dözülməz olduğunu, yaxud geri qayıdacağı halda həmin səbəbdən ağlabatan dəlillərin köməyi ilə sübut edə bilirsə, onun ehtiyatları tam əsaslı sayılır.....

44. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11)

45. “İnandırıcılıq kefyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüs mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir:1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq. (Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr)...

46. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun müddəaları pozulmamışdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası əvvəlki qərarlarında, o cümlədən 24 avqust 2023-cü il tarixli, 2-1(102)-2232/2023 nömrəli; 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-2660/2023 nömrəli, 08 fevral 2024-cü il tarixli, 2-1(102)- 62/2024 nömrəli və 04 aprel 2024-cü il tarixli, 2-1(102)-724/2024 nömrəli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8343/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8343/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar