Məhkəmə qərarları › İş №2-1(103)-955/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-955/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-955/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə , İddiaçı (xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı güzəştli avtomobilin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun İ qrup əlil kimi hal-hazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-1994-cü illərdə daxili işlər orqanlarında xidməti vəzifələrini yerinə yetirərkən cəbhə zonasında Qarabaq uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1998-ci ildə xəstəliklə əlaqədar xidmətdən xaric edilmişdir. Məhkəmə qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışına əsasən ona birinci qrup əlillik təyin edilmişdir. Qoyulmuş diaqnoz "digər şöbələrin fəqərələrarası disklərinin zədələnmələri, bel omba fəqərələrinin osteaxandrozu kəskin kökcük ağrılarla, şmorle düyünləri (yırtıqları), L4-L5 fəqərələrarası disklərin anullyar qabarması, dayaq hərəkət funksiyasının pozulması. Psoriaz. Psoratik poliartit. Ürəyin aterosklerotik xəstəliyi, Asteno nevratik vəziyyət. Qalça sümüyünün sınığı, bitişmiş sınığı, bud sümüyünün medial yer dəyişməsi, sağ bud çanaq oynağının deformasiya edici artrozu. Veğetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipi" ibarətdir. Hal-hazırda bel omba nahiyyəsindəki ağrılardan, ətraflardakı ağrılardan, hərəkət məhdudluğundan, taxikardiyadan, tənginəfəslikdən, dəridəki quruluqdan, əsəbilikdən əziyyət çəkir. Onda dayaq hərəkət funksiyasının pozulması mövcuddur və ayaqüstə dayanmağı və hərəkət etməyi xeyli çətinləşdirir. O, avtomobillə təmin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin 7 nömrəli Nizami Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktı ilə avtomobillə təmin edilməsindən imtina edilmişdir. Buna görə iddiaçı məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2-1(103)-2830/2018 saylı qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia tələbi təmin edilmiş, cavabdehin "avtomobilə tibbi göstəriş yoxdur" məzmunlu xx xxxxxx 2016-cı il tarixli 99 saylı qərarı ləğv edilmiş, avtomobilə tibbi göstərişin təyini məqsədilə yenidən müayinə edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Lakin iddiaçı yenidən müayinədən keçəndən sonra ona bildirmişlər ki, avtomobilə tibbi göstəriş yoxdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti qərəzli şəkildə onu avtomobillə təmin olunmağı barədə rəy vermir. Vəziyyəti son dərəcə ağırdır, vəziyyəti getdikcə daha da pisləşir. Qanun da onun avtomobillə təmin olunmağına imkan verir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona güzəştli avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının ilkin iddia tələbi onun İ qrup əlil kimi hal-hazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil etmiş daha sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona güzəştli avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı və ya dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciəti və cavabdeh inzibati orqan tərəfindən imtinaedici cavab məktubu iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh inzibati orqana müraciəti və cavabdeh tərəfindən iddiaçıya cavab məktubunun ünvanlanması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi ona güzəştli avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da, iddiaçı güzəştli avtomobil dedikdə nəyin nəzərdə tutulduğu aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü bölməsində, avtomobillərin hansı hallarda verildiyi göstərilmiş, güzəştli avtomobil anlayışı qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-181/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı güzəştli avtomobilin verilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar