Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-955/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (Məktəb rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə polkovnik-leytenantı) X1 iştirakları ilə, İddiaçı İddiaçı (xx.xx.2003-cü il tarixdə Ağdam rayonunun Umudlu kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır) cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğvi və məktəbə bərpa” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10048/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.09.2021-ci il tarixində cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlığından xaric edilməyinə dair əmrin qanunsuz hesab edilməklə ləğv edilməsinə və həmin məktəbə bərpa edilməsinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məktəbdə təhsil aldığı ildə heç bir nizamnamə pozuntusuna yol verməmiş, onun təhsildə təlimdə müvəffəqiyyətləri olmuşdur. Bu səbəbdən də, əmr ləğv edilməli və məktəbə bərpa edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə iddia müddətinin bərpa edilməsi barədə ərizə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 06.12.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı 02.06.2021ci il tarixli əmrin ləğvi və məktəbə bərpa barədə iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10048/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10048/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (nənəsi) (etibarnamə N №li hərbi hissənin möhürü ilə təsdiq olunub) apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçının özünün hazırda həqiqi hərbi xidmətdə olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10048/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından müəyyən edilir ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı olmuşdur. 2021-ci il Tədris ilinin İ yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq, İ Kəsr, İİ Kəsr və Şans qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı hər dörd qiymətləndirmənin sonunda “qeyri-kafi” olaraq qiymətləndirilmişdir. Düzdür təkzib olunmaz haldır ki, iddiaçı ilkin olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin əmri ilə kurslardan xaric edilmiş, lakin sonradan Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin məktubu əsasında COVİD-19 pandemiyası ilə əlaqədar olaraq keçid balına çox yaxın nəticə əldə etmiş kursant hesab olunduğundan, o xüsusi təyinatlı ali təhsil müəssisəsinə bərpa olunmuşdur. Lakin, nəzərə alınmalıdır ki, sonradan Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 18.06.2021-ci il tarixli məktubu əsasında qəbul edilmiş müvafiq əmrlərlər əsasında İddiaçı Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmasına əmr edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin 1.1-ci bəndinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir; Həmin Nizamnamənin 6.1-ci bəndinə əsasən Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziritərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır. Həmin Nizamnamənin 6.4-cü bəndinə əsasən Məktəbdə təhsil əyani formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. Həmin Nizamnamənin 6.6-cı bəndinə əsasən Məktəbə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Həmin Nizamnamənin 9.1-ci bəndinə əsasən Məktəbin dəyişən heyəti Məktəbdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Həmin Nizamnamənin 9.2-ci bəndinə əsasən kursantlar – Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi xidmət keçən vətəndaşlardır. Həmin Nizamnamənin 9.16.3-cü bəndinə əsasən təhsilalanlar Məktəbdən təhsildə müvəffəqiyyətsizliyinə görə xaric edilirlər. Həmin Nizamnamənin 10.4.1-ci bəndinə əsasən dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək Məktəbin dəyişən heyətinin vəzifələrinə aiddir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ının 2.5.6-cı bəndinə əsasən fiziki hazırlıq istisna olmaqla, konkret fənn (fənn modulu) üzrə toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir: 51 "qeyri- F baldan kafi" 51-60 bal “qənaətb E əxş” 61-70 bal “kafi" D 71-80 bal "yaxşı" C 81-90 bal "cox В yaxşı" 91-100 bal “əla” A Fiziki hazırlıq üzrə qiymətləndirmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində fiziki hazırlıq və idman Təlimnaməsi” nə uyğun olaraq həyata keçirilir və qiymətləndirmə əsasən praktiki tapşırıqların yerinə yetirilməsinə görə aparılır. Həmin Təlimnamənin 2.5.7-ci bəndinə əsasən cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olarsa (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olarsa), onun bu fəndən akademik borcu olur və kəsir imtahanına qalır. Kəsir imtahanları xüsusi təyinatlı ali təhsil müəssisəsi rəisinin əmri ilə 2 (iki) həftə müddətində (qış imtahan sessiyası üçün - təhsilalanların ehtiyat həftəsində və qış tətili dövründə, yay imtahan sessiyası üçün isə - təhsilalanların məzuniyyətinin ilk iki həftəsində) təşkil olunur və keçirilir. Təhsilalanlar üçün xüsusi təyinatlı ali təhsil müəssisəsində 2 (iki) dəfə kəsir imtahanlarının keçirilməsi təşkil olunur. Həmin Təlimnamənin 2.5.8-ci bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. Həmin Təlimnamənin 2.5.9-cu bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) fəndən akademik borcu qalan təhsilalanlar isə xüsusi təyinatlı ali təhsil müəssisəsinin tabe olduğu rəisin müvafiq icazəsindən sonra təkrar kəsir imtahanlarına buraxılırlar. Təkrar kəsir imtahanının nəticəsinə görə yekun qiymət 51 baldan aşağı olduqda (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olduqda) təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1.2-ci maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti - həqiqi hərbi xidmətin növü hesab olunur. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Göründüyü kimi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsilalanlar kursantlar hesab olunur. Kursantların fiziki hazırlıq üzrə qiymətləndirməsi və qiymətləndirməyə əsasən praktiki tapşırıqların yerinə yetirilməsi Təlimat əsasında həyata keçirilir ki, bu zaman cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olduğu halda, onlar kəsir imtahanına qalırlar. Əlbəttə bu zaman kursantlara təkrar kəsir imtahanından keçmək şansı verilir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər və müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya kəsr imtahanlarında iştirak etməsi hüququ verilmiş, lakin o, həmin hüquqdan istifadə edərkən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ında nəzərdə tutulmuş konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə “qeyri-kafi” olaraq qiymətləndirilmişdir. Belə olan halda isə, sözügedən Təlimatın 2.5.9-cu maddəsinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin müddəaları əsasında iddiaçı “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilmişdir. Göründüyü kimi hər dörd imtahanda 7 №-li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması iddiaçının “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsinə səbəb olmuşdur. AR İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə nəzər yetirdikdə, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan diskresion səlahiyyətlər daxilində hər hansı qanunazidd hərəkətə yol verməmiş və iddiaçının müvafiq hərbi məktəbdən kənarlaşdırılması haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10048/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10048/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-955/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-955/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver