Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-955/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7167/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması və iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 19 avqust 1994-cü il tarixli tarixli 2773 saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, 1 massiv ərazisində bağ evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı 1994-cü ildən həmin torpaq sahəsini hasara almış və sahə onun qanuni istifadə və sahibliyində olmuşdur. İddiaçı həmin torpaq sahəsinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 19 oktyabr 2021-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunduqdan sonra müraciətə müvafiq qaydada baxılacaqdır. 18 oktyabr 2021-ci il tarixli müraciətlə Bakı şəhəri Səbail RİH başçısının 19 avqust 1994-cü il tarixli sərəncamının notarial təsdiqlənmiş surəti, eləcə də sərəncamın Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq olunmaqla verilmiş surəti təqdim olunsa da, cavabdeh təşkilat “müraciətə sənədlərin əsli təqdim olunduqdan sonra baxılacaqdır” cavabını vermişdir. İddiaçı həmin məsələ ilə bağlı sifarişli məktubla 1 noyabr 2021-ci il tarixdə təkrarən müraciət etsə də (məktub 5 noyabr 2021-ci il tarixdə İdarəyə çatdırılmışdır), müraciətə cavab verilməmişdir. Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanlanmış 5 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə sxemi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 19 oktyabr 2021-ci il və 15 noyabr 2021-ci il tarixli məktublar ünvanlanmışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7167/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız (qanunsuz) sayılsın, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2021-ci il, xx.xx.2021 -ci il və xx.xx.2021 -ci il tarixilərində idarəyə müraciət ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə cizgisi təqdim edilməmişdir.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21 avqust 2021-ci il tarixli, 563 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki,ona torpaq ayrılması barədə Səbail rayon İH-in arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 2773 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin sərəncama plan-cizgi sənədi əlavə edilməmişdir.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, Səbail rayon İH tərəf kimi cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda, iddia ərizəsinə etirazında və hazırkı apellyasiya şikayətində iddiaçının öhdəliyin icrası haqqında tələbini icra etməkdən imtina edərkən mübahisələndirir ki, iddiaçı idarəyə tərəfindən sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə cizgisi təqdim edilməmişdir. Hər bir halda, cavabdeh etiraf edir ki, iddiaçı idarəyə mübahisəli torpaq sahəsinin onun adına qeydə alınması üçün yazılı şəkildə müraciət etmişdir. Belə olan halda, daşınmaz əmlakın qeydiyyatı sahəsində səlahiyyətli inzibati orqan olaraq həmin sənədləri iddiaçı tərəfindən təqdim edib-etməsindən asılı olmayaraq, həmin sənədləri əldə etmək onun qanunla müəyyən xidməti vəzifəsidir. Çünki, «İnzibati icraat haqqında» Qanunun tələblərinə görə : 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, cavabdeh, əlində rəhbər tutmalı olduğu Qanunun qeyd olunan tələblərini nəzərə almamış, formal əsaslarla iddiaçıya imtina cavabı verməkdən çəkinməmişdir. Halbuki, iş materiallarından,o cümlədən, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli 563 №-li məktubuna və Səbail rayon İHB-nın 2773 nömrəli 19 avqust 1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, həmin sərəncamla iddiaçıya Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi ayrılmışdır. Digər tərəfdən, iş materiallarından görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyi ilə sözügedən sərəncamla ayrılan 600 kv.m torpaq sahəsi naturaya və sərəhdlərinə uyğun olduğu müəyyən olunmuş və torpağın yerləşmə cizgisi də hazırlanmış, koordinatları müəyyən edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeyd edilənləri görə-görə, halhazırda belə iddia olunan torpaq sahəsini iddiaçının adına qeydiyyata almaqdan imtinasını nəinki davam etdirir, üstəlik işə lazımsız üçüncü şəxsi (o, cümlədən, Səbail İH) işə cəlb edilməsi, ekspertiza zəruriliyini diqqətə çəkərək işin daha da uzadılmasına çalışır. Halbuki, sadalanan sənədlər iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydə alınması üçün əsasdır. Belə ki, Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-0-) Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; (-0-); Göründüyü kimi, icra hakimiyyəti orqanını torpaqayırma qərarı və torpaq sahəsinin yerləşmə cizgisi qeydiyyatın aparılmasını zəruri etdiyi halda cavabdeh qanunla üzərinə düşən həmin öhdəliyini əsassız olaraq yerinə yetirməkdən imtina edərək iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7167/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7167/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-955/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-955/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver