Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-955/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək DSMF-dan ikinci qrup əlilliyə (müddətsiz) əmək pensiyası almışdır. Lakin, pensiyası qeyri-qanuni olaraq 14 ildən sonra dayandırılmışdır. Arayışlardan görünür ki, müddətsiz təyinat məsələsi hal-hazırda Bakı Apellyasiya Məhkəməsində baxışdadır. Arayışlardan görünür ki, adıçəkilən dövr ərzində əmək qabiliyyətsiz olmuş, işləməmişdir. Cavabdehə həmin dövrün sığorta stajına daxil edilməsi barədə müraciət etmiş, imtina cavabı verilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - 02 avqust 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61- 100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta stajına daxil edilir. İddiaçıda əlilliyin səbəbi istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi olmadığı üçün yaş həddinə çatanadək əlilliyə görə pensiyada olduğu müddət sığorta stajına daxil edilmir. - 22 avqust 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası almışdır. - 15 mart 2021-ci il tarixli və 09 sentyabr 2020-ci il tarixli, 01 oktyabr 2020-ci il tarixli arayışlarda qeyd edilmişdir ki, iddiaçı ikinci qrup əlilliyə görə ömürlük pensiya alır. - Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi ilə İİ qrup əlillik təyinatı aparılmışdır. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ikinci dərəcə əlillik sonuncu dəfə 15 iyul 2016-cı il tarixdə beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmış, 15 iyul 2021-ci il tarixindən sonra Forma-088 daxil olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Həmin Qərarın 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Plenum Qərarının məzmunundan göründüyü kimi iddianın təmin edilməsinin nəticəsi, hüquqi müdafiəyə ehtiyac, düzgün hüquqi müdafiə vasitəsi, əlverişli iddia növü, onun çatmaq istədiyi məqsədlə əlaqədardır. Əgər verilmiş iddianın uğurlu olması halında belə iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq mümkün olmursa, iddia uğurlu olsa belə düzgün hüquqi müdafiə vasitəsi, o cümlədən əlverişli iddia növü hesab edilmirsə, həmin iddianın mahiyyəti üzrə qiymətləndirilməsi istisna edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı mövcud deyildir. Belə ki, iddiaçı pensiya təyinatı mövcud olmadan, əmək pensiyası yaşına çatmadan gələcəkdə pensiya təyinatı və yaxud da təyin edildiyi təqdirdə onun yenidən hesablanması üzrə zəruri olan hər hansı bir dövrün sığorta stajına həmin təyinat aparılmadan və ya təyinatın aparılması tələb edilmədən daxil edilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Hazırkı halda, göstərilən müddətin sığorta stajına daxil edilməsi iddiaçı üçün nə pensiya təyinatı, nə də əmək pensiyasının yenidən hesablanması ilə nəticələnmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın təmin edilməsi hər hansı pensiya işi olmadan mövcud olmayan pensiya işinə adıçəkilən dövrün sosial sığorta stajına daxil edilməsi kimi bir hal yaradır. Həmçinin qeyd edilməlidir ki, hazırda iddiaçı pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati icraatın gedişində yoxlanılmalı olan hər hansı halın ayrıca inzibati və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməsinə nail olmağa çalışsa da, pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati və ya inzibati məhkəmə icraatının predmetini təşkil edən ayrı-ayrı hallarla əlaqədar əlavə inzibati akt və ya məhkəmə qərarının qəbul edilməsi zərurəti mövcud deyildir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1478/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da oxşar mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-955/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-955/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver