Məhkəmə qərarları › İş №2-1(103)-956/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-956/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-956/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (3-cü şəxs “xxxx” QSC) qarşı “ödənilməmiş qalan kredit borcuna “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-756/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdehlər Cavabdehna və “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə “xxxx” QSC arasında bağlanmış 30.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 15000 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsinə “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-756/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” QSC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış 30.09.2014-cü il kredit müqaviləsi üzrə yaranmış 15000 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin icraata qəbul olunması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildən 2017-ci ilədək ardıcıl olaraq “xxxx” QSC Cəlilabad filialının müştərisi olmuş, götürdüyü borcları (krediti) vaxtıvaxtında ödəmişdir. 2014-cü ildə iddiaçı “xxxx” QSC-nin təklifini qəbul edərək, uzumüddətli 30.03.2014-cü il tarixli kredit müqaviləsi bağlamış və 15.000ABŞ dollar məbləğində kredit götürmüşdür. İddiaçı həm bitirmədiyi, həm də yeni krediti vaxtında ödəmiş. Bu vəziyyət ölkədə baş vermiş birinci devolvasiyayadək normal davam etsə də, bir qədər sonra ödəmələr yubanmağa və dayanmağa başladı. “xxxx” QSC-nin özünün təkid və təklifi ilə, yalnız əsas vəsaiti ödəmə şərti ilə 1 ABŞ dolları = 1,05 AZN məzənnəsi ilə borcunu yenidən müntəzəm ödəməyə başlamışdır. Az bir müddət keçmişdir ki, ikinci devolvasiya baş vermiş. Ölkə Prezidentinin problemli kreditlər barədə 28 fevral 2019-cu il tarixli son fərmanı ərsəyə gəldikdən sonra, 13 mart 2019-cu il, 21 aprel 2019-cu il və 07 sentyabr 2019-cu il tarixli 3 ərizə ilə iddiaçı “xxxx” QSC idarə heyətinin sədri cənab A.Həsənova müraciətlər edərək, iddiaçının borcunun dəqiqləşdirilməsini xahiş etmiş, lakin bu günədək müraciəti əsasında heç bir cavab almamışdır. Bundan sonra iddiaçı müvafiq olaraq Nəzarət Palatasına müraciət edərək, kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşməsini və ona kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin 21 oktyabr 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-756/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaqlarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-756/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, 29 iyun 2010-cu il tarixli 20L000000160 №-li kredit xətti müqaviləsi üzrə qəbul olunmuş 30 sentyabr 2014-cu il tarixli, 20R000011067 saylı kredit razılaşmasına əsasən “xxxx” QSC tərəfindən İddiaçı 24 ay müddətinə aylıq 1.9167% faiz olmaqla 15.000 ABŞ dolları kredit verilmişdir. “xxxx” QSC-nin 05 sentyabr 2019-cu il tarixli, 790 saylı məktubunda qeyd olunmuşdur ki, “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planina uyğun olaraq 24 ay müddətinə aylıq ödəmək şərti ilə 15.000 USD məbləğində kredit verilmişdir. X1 Cavad Ziyad oğlunun öhdəliklərinə zamin durmuş və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşıyır və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 oktyabr 2019-cu il tarixli, ********** saylı məktubundan görünür ki, iddiaçı X5 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ bankla birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında bağlanmış 30.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 1.917% olmaqla 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının kreditləri üzrə həmin devalvasiyaların baş verdiyi tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində, 01 mart 2019-cu il tarixinə isə ümumi qalıq borcu 10000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) və ya 17000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçıya xəbərdarlıq məktublarının göndərilməsinə, cari kredit borcu üzrə cərimə və faiz məbləğlərinə güzəştin tətbiq olunması imkanları barədə məlumat verilməsinə baxmayaraq heç bir nəticə olmadığından bank tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qərarı qəbul olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 13 aprel 2018-ci il tarixli, 1166 saylı rəyindən görünür ki, İddiaçı 30 sentyabr 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə 14 iyun 2017-ci il tarixə olan borcu əsas borc qismində 11.558 ABŞ dolları 39 sent, faiz borcu qismində 3.898 ABŞ dolları 21 sent olmaqla 15.456 ABŞ dolları 60 sent təşkil edir. Biləsuvar rayon məhkəməsinin 2(022)-6/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə, «xxxx» QSC-nin iddiasının qismən təmin edilməsi, İddiaçı «xxxx» qapalı səhmdar cəmiyyətinin xeyrinə 30 sentyabr 2014-cü il tarixli 20R000011067 saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.558 (on bir min beş yüz əlli səkkiz) ABŞ dolları 39 (otuz doqquz) sent, 14 iyun 2017-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.898 (üç min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 21 (iyirmi bir) sent, cərimə qismində 50 (əlli) ABŞ dolları, cəmi 15.506 (on beş min beş yüz altı) ABŞ dolları 60 (altmış) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat və xidmət haqlarının əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması; tutmanın X5 mülkiyyətində olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0.06997 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəli, 219,8 kv.m ümumi, 82,7 kv.m yaşayış, 137,1 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 20 saylı fərdi yaşayış evinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0,06997 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbə kvadratmetr ümumi, 82,7 kvadratmetr yaşayış, 137,1 kvadratmetr yardımçı sahədən ibarət 5 otaqlı 20 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 16.800 (on altı min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi; İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına İddiaçı borcunun ödənilməsi; İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi satıldıqdan 1 (bir) ay sonra İddiaçı həmin evdən istifadə hüququna xitam verilməsi, İddiaçı həmin evdən çıxarılması və həmin əmlak boşaldılmaqla, alıcıya təhvil verilməsi; «xxxx» QSC-nin iddiasının qalan hissədə rədd edilməsi; İddiaçı «xxxx» QSC-yə qarşı ipoteka müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə iddiasının rədd edilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1121/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh, eyni zamanda İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Biləsuvar rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(022)-6/2019 saylı qətnaməsi dəyişdirilərək ipoteka predmeti olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0,06997 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 219,8 kv.m ümumi, 82,7 kv.m yaşayış, 137,1 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 20 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Cavabdehna məlumat verilməsi tapşırılmışdır. Həmin Fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Cavabdeh tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Cavabdeh (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10.000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. (3.1.2-ci bənd). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Həmin Qaydaların 6.2-cı bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Həmçinin, qalıq borcun restrukturizasiya olunması üçün də əsas şərtlər kredit müqaviləsinin 2012-ci il yanvarın 1-dən 2019-cu ilin martın 1-dək bağlanması, 2019-cu ilin martın 1-nə əsas kredit borcunun qalıq məbləğinin 10000 ABŞ dollarından və ya 17000 manatdan çox olmaması və həmin tarixə ödənişlərin 360 gündən çox gecikdirilmiş olmasıdır. İşin hallarından məlum olmuşdur ki, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsinin əsaslı səbəbi odur ki, onun ölkə ərazisində baş vermiş hər iki devalvasiya tarixlərinə kredit müqaviləsi üzrə qalıq borc məbləği 10.000 ABŞ dolları məbləğindən çox təşkil etmiş, həmçinin, 01.03.2019-cu il tarixinə kredit müqaviləsi üzrə borc məbləğinin gecikdirilmiş günlərinin sayı 360 gündən çox olsa da, əsas borc üzrə qalıq məbləği 10000 ABŞ dollarından çox olmuşdur. İddiaçı “xxxx” QSC-nin 05 sentyabr 2019-cu il tarixli 790 nömrəli məktubunu təqdim edərək, həmin məktubla onun gecikdirilmiş əsas məbləğinin 8203,36 ABŞ dolları qeyd edildiyini, bununla da onun ödənilməmiş əsas qalıq borcunun 10000 ABŞ dollardan aşağı olduğu üçün Fərmanın ona tətbiq edilməli olması dəlilinə münasibət bildirərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Biləsuvar rayon məhkəməsinin 2(022)-6/2019 saylı, 26 dekabr 2019-cu il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1121/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnamələri ilə “xxxx” QSC-nin iddiası qismən təmin olunmuş, Birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza rəyindən isə aydın görünür ki, İddiaçı devalvasiya tarixlərinə əsas qalıq borcu 10000 ABŞ dollarından çox olmuş, 14.06.2017-ci il tarixinə əsas borc üzrə qalıq məbləği 11558,39 ABŞ dolları göstərilmiş, mülki iş üzrə araşdırma zamanı sonradan ödənişlərin edilməsi ilə bağlı iddiası olmamış, həmçinin, 3-cü şəxs “xxxx” QSC tərəfindən təqdim edilmiş arayışa əsasən 01.03.2019-cu il tarixinə əsas məbləğ üzrə borc 11589,52 ABŞ dolları olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı 30 sentyabr 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə qalıq borcuna “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanın tətbiq edilməsi əsasları mövcud deyildir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-756/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar