Məhkəmə qərarları › İş №2-1(103)-956/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-956/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-956/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X10 və X5) “maneələrin aradan qaldırılması, tikinti layihəsinin razılaşdırılması ilə bağlı sənədin verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4877/2021 saylı 18.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK” b/y-nin 23A saylı 0,03 ha bağ sahəsi üzərində bağ evinin tikilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən törədilən maneələrin aradan qaldırılmasını və tikintiyə razılıq verilməsi ilə bağlı sənədin təqdim edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (Məhkəmənin 05.05.2021-ci il tarixli 2-1(112)-4877/2021 saylı qərardadı ilə X10 və X5 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar). İddia onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK" b/y-nin 23A saylı 0.03 ha bağ sahəsi 01.09.2020ci il qeydiyyat tarixi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsində bir mərtəbədən ibarət olan ümumi sahəsi 104 kv. metr, hündürlüyü 6 metr 40 sm., hasarlardan aralığı isə 2 metrə 40 sm., təşkil edən ev tikmək üçün lisenziyası olan “Memarlıq və Dizayn" MMC-yə müraciət edərək, evin memarlıq-planlaşdırmasını hazırlanmaını sifariş etmiş və həmin layihə sənədini əldə etdikdən sonra, cavabdeh Binəqədi rayonu İcra Hakimiyyətinə müraciət edərək evin tikintisinə başlamaq istəyini bildirmişdir. Cavabdehin nümayəndəsi bağ sahəsinə baxış keçirsə də, heç bir fikir bildirməmişdir. Həmin bağ sahəsinə təmir-tikinti materialları aparmış, təmir-tikinti materiallarını bağa apardıqdan sonra Binəqədi rayonunun İcra Hakimiyyətinin nümayəndəsi bağ sahəsinə gələrək, bildirmişdir ki, tikintiyə icazə verilmir və qeyd etmişdir əgər evi tiksə ev söküləcək. Bundan sonra, cavabdehdən gəlmiş 04.02.2021-ci il tarixli, 02/12-10-7/0-4-151 saylı cavab məktubda qeyd edilmişdir ki, tərtib olunmuş layihədə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə və “Ara məsəfəsi ilə bağlı müfəssəl qaydalar"ın 11.03.2014-cü il tarixli 72 saylı qərarın 8-ci maddəsinə əsasən ara məsəfəsi 1.74 metrdən az olmamalıdır və buna görə də ev düzgün layihələndirilməmişdir. Bununla bağlı layihəni hazırlayan təşkilata bir daha müraciət edərək ara məsafələri düzgün qoyulmasını xahiş etmişdir. Yeni yuxarıda qeyd olunmuş ölçülərdə hazırlanmış layihəni aparıb təqdim etmiş, lakin, İcra hakimiyyətinin nümayəndəsi həmin layihəni qəbul etməmiş, imtina məktubunda qeyd edilmişdir ki, torpaq səhəsi tam sərhədləndirilmədiyi (hasarlanmadığı) məlum olmuşdur və bu səbəbə görə də ev tikilə bilməz. Əlavə olaraq cavabdeh məktubda qeyd etmişdir ki, layihədə olan nöqsanlar aradan qaldırdıqda və digər payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və sahəsində əlavə tikililərə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini təqdim edildikdə müraciətə yenidən baxıla bilər. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu və xüsusi mülkiyyətində olan torpaq üzərində bağ evin tikinti işinə dair törədilən maneələr qanunsuz və əsassızdır...“ Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4877/2021 saylı 18.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK” b/y-nin 23A saylı 0,03 ha bağ sahəsi (qeydiyyat tarixi- 01.09.2020-ci il) üzərində bağ evinin tikilməsi ilə əlaqədar tikintiyə razılıq verilməsi ilə bağlı sənədin təqdim edilməsi üçün müvafiq hərəkətlərin icra edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl təqdim edilən layihə əsasında bağ evinin tikintisinə icazə verilməsi barədə ərizə ilə icra hakimiyyətinə müraciət etmiş, ona 04.02.2021-ci il tarixli məktubla iradlar bildirilmişdir. Daha sonra cavabdeh İPM-in 76.1 və İPM-in 58.7 və 87.6-cı maddələrinə istinadən hesab etmişdir ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış və bununla da mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyasının 24.02.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 mübahisəli ünvanda yerləşən torpaq sahəsinin paylı mülkiyyət olduğunu və mülkiyyətçilərdən X6 tikintiyə razılıq ərizəsinin mövcud olmadığını bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən iddiçının nümayəndəsi X12 isə iddiaçıya məxsus torpaq sahəsinin sözügedən paylı mülkiyyətçi X8 məxsus tropaq sahəsi ilə qonşu olmadığını, onun qonşusu olan paylı mülkiyyətçi X4 məxsus olduğunu, onun tərəfindən də notarial qaydada təsdiq olunmuş razılıq ərizəsinin verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər və üçüncü şəxslər məhkəməyə gəlməmişlər. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya mərhələsində iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdiriilməsi barədə ərizə təqdim edərək, onun tələbinin - cavabdehə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə bağı sənədin razılaşdırılması ilə bağlı sənədin təqdim edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının tələbinin təmin edilməsi üçün züruri şərtlər mövcuddur. Belə ki, işə əlavə olunmuş (i.v.6-7) notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK" b/y-nin 23A saylı bağ sahəsinin: 0.03 ha hissəsi 01.09.2020-ci il tarixində İddiaçı adına, 0,01 ha hissəsi 05.02.2018-ci il tarixində Nəsirova Samirə Abdulhəsən adına, 0,03 ha hissəsi isə 20.09.2017-ci il tarixində X6 qızının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının adına tərtib olunmuş torpaq sahəsini planı və ölçüsünə, habelə onun nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus bağ sahəsi düzbucaqlı konfiqrurasiyaya malik torpaq sahəsinin kənarında yerləşir və onunla qonşu olan bağ sahəsi X2 məxsusdur və bu işin mübahisələndirilməyən halıdır. İddiaçı ilə qonşu olan X1 isə iş əlavə olunmuş, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 02.06.2021-ci il tarixli ərizəsindən görünür ki, qeyd olunan ünvanda yerləşən 0,07 ha torpaq sahəsində paylı mülkiyyət hüququ ilə İddiaçı özünə məxsus 0,03 ha hissəsində fərdi yaşayış evi tikməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə görə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, mülkiyyətində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə tikintiyə icazə alınması tələb olunmur, məlumatlandırma icraatı həyata keçirilir və bu halda yalnız tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. İşə əlavə olunmuş lisenziyalı “Memarlıq və Dizayn" MMC tərəfindən iddiaçı (sifarişçi) İddiaçı adına tərtib olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “BMHK” b/y-nin 23 A saylı bağ sahəsində tikilməsi nəzərdə tutulan bir mərtəbəli bağ evinin memarlıq-planlaşdırılma layihəsindən görünür ki, tikili layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələbində göstərilən ölçülər çərçvəsindədir. Lakin cavabdehin işə əlavə olunmuş iddiaçının müraciətinə cavabından görünür ki, layihədə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 11.03.2014-cü il tarixli 72 saylı Qərarının 8-ci maddəsinin tələblərinin nəzərə alınmadığı, tikintisi nəzərdə tutulan bağ evinin xarici divarı ilə torpaq sahəsinin sərhədləri arasında ara məsafəsi sözügedən Məcəllənin 69.4-cü maddəsinin və qeyd olunan Qərarın 8.2-ci bəndinin tələblərinə uyğun (ara məsafəsi, 1,74 m-dən az olmamalıdır) layihələndirilmədyi, eyni zamanda sözügedən torpaq sahəsinin natural qaydada tam sərhədləndirilmədiyi (hazırlanmadığı) əsas gətirilərək həmin iradların aradan qaldırılacağı təqdirdə məsələyə yenidən baxılacağı bildirilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisəli tikinti layihəsi ilə bağlı iradlarının düzgünlüyünə aydınlıq gətirilməsi üçün məhkəmə tikinti ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/3579 nömrəli 21.10.2021-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, iddiaçıya məxsus 23A saylı bağ sahəsində inşa olunması planlaşdırılan tikilinin layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 11.03.2014-cu il tarixli 72 saylı Qərarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, ekspert tərəfindən bağ sahəsi, baxış keçirilməklə yerində müəyinə olunmuş və ölçmə işləri aparılıb tikinti normalarının tələblərinə uyğun olaraq müvafiq qiymətləndirilmə aparılmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ekspertin gəldiyi nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirir. Beləliklə də tədqiq olunan halları ilə müəyyən edilən hallarla cavabdehin iddiaçıya məxsus mübahisəli bağ evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılşdırılmasından imtina olunması və həmin layihəyə dair verdiyi iradların əsassız olduğu və iddiaçının qanunla müəyyən edilən hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş, qanunvericiliyin tələblərini düzgün tətbiq etmiş, gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən cavabdehintikinti layihəsinə dair iradların nəzərə alınmadığını, bununla da mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilmədiyini və əsassız qərar qbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır. Onun nümayəndəsinin apellyasiya mərhələsində paylı mülkiyyətçi X6 mübahisəli tikinti obyektinə dair razılıq ərizəsinin mövcud olmadığını mübahisələndirməsinə gəldikdə isə, adıçəkilən G.Quliyeva iddiaçı ilə qonşu olmadığı və sonuncu ilə qonşu olan paylı mülkiyyətçi X3 isə tikintiyə razılıq verdiyi halda, onun həmin nümayəndəsinin dəlilləridə əsassızdır. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən və iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4877/2021 saylı 18.11.2021-ci il tarixli qərarı, nəticə hissəsində “tikintiyə razılıq verilməsi ilə bağlı” sözləri “tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə razılıq verilməsi” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4877/2021 saylı 18.11.2021-ci il tarixli qərarı, nəticə hissəsində “tikintiyə razılıq verilməsi ilə bağlı” sözləri “tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinə razılıq verilməsi” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar