Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-956/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(112)-28/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.017 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1ndə yerləşən 0.017 ha torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. O, cavabdeh təşkilata ərizə ilə müraciət edərək həmin torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Amma cavabdeh təşkilatın 11 aprel 2019-cu il tarixli, **********82 saylı məktubundan görünür ki, cavabdeh təşkilat ərizəsinin icrasından imtina etmişdir. Belə ki, cavabdeh təşkilatın cavab məktubunun təsviri hissəsindən də görünür ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcud olduğu üçün ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, bu hal onun günahından olmadığı üçün cavabdeh təşkilat onun ərizəsini təmin edərək, sözügedən torpaq sahəsinə dair çıxarış verməlidir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, elektron baza məlumatına əsasən göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq (sənəd əsasında olan torpaq sahəsi göstərilən torpaq sahəsindən 60 m aralıda yerləşir) mövcuddur. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli, **********82 saylı cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1286/2020 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 0.017 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan-ölçünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1297/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1286/2020 saylı qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(112)-28/2023 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanda yerləşən 0,017 ha ölçüdə torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və uyğunsuzluğun aradan qaldırılması barədə torpaq sahəsinə dair plan və ölçünün iddiaçıya verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2- 1(112)-28/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüquqları X4 məxsus olmuş 0,017 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bölgü-sxem və müqavilədən görünür ki, adıçəkilən torpaq sahəsi X1 mülkiyyətçi T.Ağayeva tərəfindən naturada yeri müəyyən edilməklə satılmışdır. Mütəxəssis rəyindən görünür ki, göstərilən sahə sənəd üzrə sahədən 60 m kənarda yerləşir. Ekspert rəyi ilə də həmin kənarlaşma öz təsdiqini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bununla əlaqədar nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı notarial təsdiq olunmuş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyət hüququ ilə torpaq sahəsini satın almışdır. Göründüyü kimi mülki hüquqi əqdlər, indiki halda alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün əsas qismində çıxış edir. Həmin müqavilə, o cümlədən ilkin mülkiyyətçinin adına olan mülkiyyət hüququna dair qeyd qüvvədədir ki, iddiaçı da vicdanlı alıcı kimi həmin qeydə etibar edərək müqavilə bağlamış, nəticədə də hazırda iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir ki, həmin hallar hazırkı iddianın qanuni və əsaslılığına şübhə yaratmamaqla digər imtina dəlillərini aradan qaldırır. Hazırkı iş üzrə iddiaçının müraciəti torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. Mütəxəssis rəyi və ekspert rəyi ilə də müəyyən edilir ki, sənəd üzrə göstərilən torpaq sahəsinin yerləşmə yeri ilə faktiki göstərilən torpaq sahəsi 60 metr kənar ərazidə yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, sənəd üzrə və faktiki göstərilən torpaq sahəsinin uyğunsuzluğu öz təsdiqini tapsa da, həmin uyğunsuzluğun konstitusion hüququn dövlət qeydiyyatından imtina üçün əsas olması barədə cavabdehin mövqeyi ilə razılaşmaq olmaz. Dəqiqləşdirilmiş iddianın mahiyyətindən də göründüyü kimi uyğunsuzluq mübahisə doğurmamaqla cavabdehdən məhz həmin uyğunsuzluğun aradan qaldırılması tələb edilir ki, cavabdeh tərəfindən məhz həmin uyğunsuzluğu da aradan qaldırılmalıdır. Belə ki, cavabdehin ilkin mülkiyyətçiyə verdiyi çıxarış, bölgü sxem, sonrakı mülkiyyətçinin adına verilmiş çıxarış və texniki sənədlər mövcud olduğu halda növbəti alqısatqı əməliyyatı ilə iddiaçı məhz naturada yeri müəyyən edilən torpaq sahəsini mülkiyyətinə keçirməyə dair iradə nümayiş etdirmişdir. Cavabdeh isə nə əvvəlki çıxarış və bölgü sxemlər, eləcə də iddiaçı ilə bağlanılmış altı-satqı müqaviləsinin mötəbərliyini şübhə altına almadan, ləğv edilməsi, dəqiqləşmələrin edilməsi barədə həmin hüquqmüəyyənedici sənəd və texniki sənədlərdə uyğunsuluğun aradan qaldırılması əvəzinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Halbuki, iddiaçı sənəd üzrə aldığı sahəyə hüquqlarının dövlət qeydiyyatını yox, məhz naturada ona verilən sahənin onun adına qeydiyyatının həyata keçirilməsini iddia tələbinə dəqiqləşmə verərək tələb edir ki, dəqiqləşmənin mahiyyətindən də aydın olur ki, dəqiqləşmə məhz uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1113/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarından da göründüyü kimi məhkəmə kollegiyası qeyd etmişdir ki, “cavabdehin etirazının dəlilləri isə ondan ibarətdir ki, həmin alqı-satqı müqaviləsi əsasında əldə olunmuş torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir və həmin ərazidə hasarlama işlərinin aparılmasına Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sadalanan həmin hallar iddiaçının satın aldığı mübahisəli torpaq sahəsinin onun adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən 28 noyabr 2014-cü il tarixdə həmin torpaq sahəsi satıcı X2 adına reyestrdə qeydiyyata alınaraq ona bu barədə çıxarış verilmişdir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Birinci instansiya məhkəməsi də düzgün olaraq kassasiya instansiya məhkəməsinin öz qərarlarında nümayiş etdirdiyi mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil edərək hesab etmişdir ki, cavabdehin imtina əsası kimi göstərdiyi hal formal xarakter daşıyır və iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(112)-28/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-956/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-956/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver