Məhkəmə qərarları › İş №2-1(103)-956/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-956/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-956/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2- 1(112)-2773/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında qeyd edilən, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək olan dövrdəki iş stajını güzəştli şərtlərlə iş stajına daxil etməklə 60 yaşı tamam olan gündən "güzəştli şərtlərlə əmək pensiyasının" təyin edilməsi, cavabdehə müraciət etdiyi gündən geriyə ən çoxu 3 il olmaqla ödənilməsi və təyin ediləcək güzəştli şərtlərlə əmək pensiyası həcmində əvvəlki dövrdən qalıq qalmış pensiya məbləğinin aylar üzrə bərabər bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə isə 1977-ci ildən başlamışdır. 2018-ci ilədək ümumi iş stajı 32 ildən çox, ondan 23 il güzəştli iş stajına aiddir. Cavabdeh təşkilata güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün müraciət etmiş, lakin həmin təşkilat ona guya ki, onun güzəştli iş stajının cəmi 12 il 5 ay 21 gün olmasını qeyd edərək pensiya təyin edilməsini mümkünsüz hesab etmişdir. Cavabdeh təşkilat xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.2007-23.082011-ci il tarixdəki dövrləri qəbul etmişdir. Onun xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi dövrləri qəbul etməmişdir, halbuki həmin ərəfədə o, matros və kapitan köməkçisi vəzifələrində işləmişdir. Onunla birlikdə 1993-2004-cü illərdə işləmiş X2 və X4 həmin dövrlər də nəzərə alınmaqla pensiya təyin edilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir

5. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-2773/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Əzizli apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-C-9678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün (xx.xx.1985xx.xx.1993-cü il, xx.xx.2007- xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məktubda iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir.

11. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1977-xx.xx.1977-ci illərdə Əngəxaran kənd kinoqurğularının kinomexaniki köməkçisi və kinomexaniki vəzifəsində işləmiş, xx.xx.1982-ci ildə “Bakı Balıq Soyuducu Donanma İdarəsində” kilkə sexinə balıq emalçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə “Bakı” TXS matros keçirilmiş, xx.xx.1986-cı ildə Pirşağı PTS-yə aşpaz təyin edilmiş, xx.xx.1986-cı ildə Binəqədi PTS-yə matros göndərilmiş, xx.xx.1993-cü ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı balıq hisləmə zavoduna keçməklə bağlı işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-cü ildə Bakı balıq hisləmə zavodunda PTR-300 “Şəhriyar” gəmisinə matros vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci ildə müvəqqəti olaraq kapitan köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndi üzrə işdən azad olunmuşdur. İddiaçı xx.xx.2004cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən "xxxx" ASC-də kapitan köməkçisi vəzifəsində işə qəbul olunmuş, xx.xx.2005-ci il tarixində işdən azad edilmişdir. İddiaçı xx.xx.2006-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də maddi məsuliyyətlə müvəqqəti olaraq “Şəhriyar” gəmisinə kapitan vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2007-xx.xx.2011-ci illərdə “X13 Azərbaycan” MMC-də PTR “Şəhriyar” gəmisinin kapitanı vəzifəsində, xx.xx.2014- xx.xx.2015-ci illərdə "xxxx" MMC-də usta vəzifəsində, xx.xx.2016- xx.xx.2017-ci illərdə “X11” MMC-də təlim ustası işləmiş, xx.xx.2017-ci il tarixində “X11” MMC-yə “direktor” vəzifəsi üzrə təyin edilmişdir; xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-yə “direktor” vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixində vəzifəsindən azad edilmiş, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə “direktor” vəzifəsinə işə qəbul olmuş və xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin “direktor” vəzifəsindən işdən azad edilmişdir.

12. İşdə olan Bakı Hövsan Beynəlxalq Dəniz Limanı ASC-nin 26/22 nömrəli, xx.xx.2022-ci il tarixli güzəştli arayışından görünür ki, “xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı 08 sentyabr 1982-ci il tarixindən 14 aprel 1993-çü il tarixinə kimi “Bakı Balıq Soyuducu İdarəsində” müxtəlif vəzifələrdə işləyib: 1.08 sentyabr 1982-ci il tarixindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” kilkə sexinə balıq emalçısı vəzifəsinə işə qəbul edilib (xx.xx.1982-ci il tarix 176k №-li əmr); 2. 25 aprel 1985-ci il tarixindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” “TXE Bakı” gəmisinə matros vəzifəsinə keçirilib (25 aprel 1985-ci il tarixli 82 к №-li əmr); 3. 01 mart 1986-cı il tarxindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” “DBE Pirşağı” gəmisinə aşbaz vəzifəsinə keçirilib (xx.xx.1986-ci il tarixli 41 к №-li əmr); 4. 24 sentyabr 1986-cı il tarxindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” “PTS Binəqədi” gəmisinə matros vəzifəsinə keçirilib (xx.xx.1986-ci il tarixli 188 k№-i əmr);

4. xx.xx.1993-cü il tarixində Azərbaycan Respublikası Ə/M 36 maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə Əmək müqaviləsinə xitam verilib (xx.xx.1993-cü il tarixli 14 к №-li əmr).

13. İşdə olan “X13.Azerbaijan” MMC-nin M010/03 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində №01 saylı əmrlə “X13.Azerbaijan” MMC-nin “Şəhriyar” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. “Şəhriyar” gəmisi Xəzər dənizi hövzəsində üzüb və balıq ovlama fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında qərarına əsasən X3 güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir:

21. Nəqliyyat işləri.

14. İşdən görünür ki, cavabdeh də bu müddəti mübahisələndirməmiş, iddiaçının ümumilikdə 12 il 5 ay 21 gün güzəştli iş stajının olduğunu qəbul etmişdir (xx.xx.1985xx.xx.1993 və xx.xx.2007-xx.xx.2011-ci illər).

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Belə ki, iddiaçının hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna (bundan sonra – ƏPQ) əsasən: -maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci bəndinə əsasən 01 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır.

20. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər: 1. 60 yaşının tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.

21. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş, xx.xx.2022-ci il tarixə 60 yaş 6 ayı olmuşdur. Deməli, iddiaçı xx.xx.2022-ci il tarixə yaş tələbini ödəmişdir.

22. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

23. ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

24. İstinad olunan normaların tələlərinə uyğun olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasındakı qeydlər və xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini dövrlər nəzərə alındıqda müəyyən olunur ki, onun xx.xx.2024-cü il tarixə 25 ildən artıq ümumi iş stajı olmuşdur.

25. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, o, iddiaçının həmin tarixə 25 ildən artıq iş stajının olmasını mübahisələndirməmiş, 36 il 1 ay 27 gün iş stajının olduğunu qəbul etmişdir.

26. Belə olan halda aydındır ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci şərti də ödəmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 21.2. Dəniz və çay donanması: b) üzən heyət:- dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir

29. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli 31 saylı əmrinə əsasən Bakı Balıq Soyuducu Donanma İdarəsi "xxxx" ASC adlandırılıb. 25 may 2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən "xxxx" ASC “Bakı Dəniz Balıq Limanı“ ASC-yə birləşdirilib. 2001-ci il tarixli İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı Sərəncamına əsasən “Bakı Dəniz Balıq Limanı İdarəsi” "xxxx" ASC adlandırılıb. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" ASC "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

30. Yuxarıda adı çəkilən gəmilər bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşınması ilə məşğul olub, balıq sənayesinin balıqçı donanmasını təşkil edir, liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (nəqliyyat) 21.2 b yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.”

31. İşdə olan “X13.Azerbaijan” MMC-nin M010/03 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində №01 saylı əmrlə “X13.Azerbaijan” MMC-nin “Şəhriyar” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. “Şəhriyar” gəmisi Xəzər dənizi hövzəsində üzüb və balıq ovlama fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında qərarına əsasən X3 güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir:

21. Nəqliyyat işləri.

32. İşdən görünür ki, cavabdeh də bu müddəti mübahisələndirməmiş, iddiaçının ümumilikdə 12 il 5 ay 21 gün güzəştli iş stajının olduğunu qəbul etmişdir (xx.xx.1985xx.xx.1993 və xx.xx.2007-xx.xx.2011-ci illər).

33. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı həmçinin 1993- 2004-cü illərdə də Bakı balıq hisləmə zavodunun PTR-300 “Şəhriyar” gəmisində matros və kapitan köməkçisi vəzifəsində işləmişdir və hazırda həmin vəzifənin də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olduğunu iddia edir.

34. Məhkəmə qeyd edir ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-7862/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramınına uyğun olaraq, ləğv edilmiş X5 Bakı Balıq Hisləmə zavodunun bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 126 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) 01 yanvar 2002-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X1 (matros) adı aşkar edilmişdir.

35. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixdə d-3434 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının xx.xx.2005-ci il tarixli qərarına əsasən ləğv edilmişdir.

36. Beləliklə, iddiaçının Bakı Balıq Hisləmə Zavodunun “Şəhriyar” gəmisində matros işləməsi mübahisəsiz olsa da, həmin müəssisə ləğv edildiyindən iddiaçı güzəştli arayışı təqdim edə bilmir.

37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yalnız xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollarda işləyən gəmi heyətinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olmadığı qeyd olunmuşdur.

38. “Bakı Balıq Hisləmə Zavodunun” “Şəhriyar” gəmisinin xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar üzrə üzən gəmi olmadığı hamıya bəlli olan haldır. Belə olan halda aydındır ki, iddiaçının həmin gəmidə işlədiyi dövr də onun güzəştli iş stajına daxil edilməlidir.

39. Məhkəmə bu zaman onu da nəzərə alır ki, iddiaçı 2007-ci ildən etibarən “X13 Azerbaijan” MMC-nin tərkibində Şəhriyar gəmisində gəmi kapitan işləmiş, cavabdeh həmin dövrü güzəştli iş stajı kimi qəbul etmişdir.

40. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının xx.xx.2022-cı il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur.

41. Beləliklə, iddiaçının xx.xx.2022-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi iş stajı mövcud olduğundan onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir

42. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 44.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 45.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

46. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 47.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-2773/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar