Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-957/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili X4 iştirakı ilə yaşa görə əmək pensiyasının yenidən güzəştli şərtlərlə təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4226/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, əmək kitabçasından görünür ki, xx.xx.1967-ci il tarixdə Qaradağ sement zavodunun təmir-tikinti sexində fəhlə (futerləyici - Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2290000a-19496) vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1969-cu il tarixədək həmin vəzifədə çalışmış, xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1971-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Qaradağ “Mərkəzxüsusisementtəmirtikinti” İdarəsində fəhlə (futerləyici - Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2290000a-19496) vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixinə kimi “Cənubxəzərbalıqzavod”un SMD-də dülgər vəzifəsində işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Qaradağ sement zavodunda fəhlə (dülgər) işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək “Cənubxəzərbalıqzavod”un SMD-də dülgər vəzifəsində işləmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Qaradağ rayonu KMİİ-nin Primorsk MİS-də dülgər vəzifəsində işləmiş, xx.xx.1991-ci tarixdən xx.xx.1996-cı il tarixədək “Xidmət” KM-də çalışmış, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Şelflayihətikinti” İB-nin 4 saylı X2 fəhlə (dülgər) işləmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi “Azfen” BM-nin X1 layihəsində fəhlə (dülgər) vəzifəsində işləmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajı 32 il 15 gün təşkil etmiş, həmin staj illərindən 12 il 7 ay 12 gün müddətini xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 57 yaşına çatdığı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Lakin, ona xx.xx.2012-ci il tarixdə 63 yaşında ümumi əsaslarla pensiya təyin edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, həm əmək kitabçasından, həm “güzəştli arayış”dan, həm də iddia ərizəsinin özündən görünür ki, iddiaçının güzəştli staj illəri cəmi 12 il 5 ay 13 gün təşkil edir. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Eləcə də, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, əmək kitabçasından görünür ki, iddiaçının güzəştli staj illəri cəmi 12 il 5 ay 13 gün təşkil edir: xx.xx.1967 - xx.xx.1969-cu il (1 il 8 ay 19 gün); xx.xx.1971 - xx.xx.1982-ci il (10 il 8 ay 24 gün). “Bakısementtəmirtikinti kollektiv müəssisəsi” tərəfindən təqdim edilmiş xx.xx.2019cu il tarixli Güzəştli arayışda səhvən iyun ayının əvəzinə avqust ayı qeyd olunmuş, bununla da cəmi güzəştli staj illəri 12 il 5 ay 13 günün əvəzinə 12 il 7 ay 13 gün kimi qeyd edilmiş, məhkəmə isə öz növbəsində həmin arayışa istinad etmişdir. İddiaçının işləmiş olduğu peşələrin ağır və ya xüsusilə ağır (güzəştli) peşələr olubolmaması əmək kitabçasındakı qeydlərin və iş yerindən təqdim edilmiş arayışların AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il qərarına uyğunluğu ilə müəyyən edilir. İşə əlavə edilmiş “Bakısementtəmirtikinti kollektiv müəssisəsi” tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli Güzəştli arayışda iddiaçının işləmiş olduğu peşələrin Nazirlər Kabinetinin qərarındakı siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, maddi-hüquqi anlamda yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və həyata keçirilməsi üçün qanunla müvafiq səlahiyyət verilmiş inzibati orqanın şəxsə münasibətdə əlverişli hüquqi nəticələr doğuran qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada inzibati akt qəbul edildikdən sonra əmək pensiyası hüququnun realizə edilməsi mümkün olur. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra – 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin işdən, o cümlədən apellyasiya şikayətindən məlum olur ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışını cavabdehə təqdim etməmiş, bu sənəd Məhkəməyə də təqdim olunmamışdır. Belə ki, iddiaçının belə bir arayış kimi təqdim etdiyi “Bakısementtəmiri” kollektiv müəssisəsinin xx.xx.2019-cu il tarixli 18 nömrəli arayışında iddiaçının işləmiş olduğu peşələrin 2 nömrəli Siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır (iş vərəqi-39). Bundan əlavə, iddiaçının əmək kitabçasında onun 1967-1969-cu illərdə dülgər işlədiyi göstərilsə də, həmin arayışda eyni tarixlər futerləyici peşəsi kimi qeyd olunmuşdur. Bütün bunlar da apellyasiya şikayətinin sözügedən dəlilinin əsaslılığına dəlalət edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əmək pensiyasının təyin edilməsi üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən arayışın təqdim edilməməsi birmənalı şəkildə iddianın əsassızlığına, o da öz növbəsində cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər arayış təqdim edilmədən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada çəkməsi anlamına gəlir. Apellyasiya şikayətinin əmək kitabçasına əsasən iddiaçının güzəştli staj illərinin cəmi 12 il 5 ay 13 gün təşkil etməsi barədə dəlili də əsaslıdır. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının notariat təsdiqli surətinin 2-ci səhifəsindən göründüyü kimi, 230/K nömrəli əmrin tarixindəki iyun ayı (06 rəqəmi) sonradan düzəliş edilərək avqust ayına (08 rəqəminə) dəyişdirilmiş, lakin düzəliş sonradan imza və möhürlə təsdiq edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının xx.xx.1967-xx.xx.1969-cu il (1 il 8 ay 19 gün) və xx.xx.1971-xx.xx.1982-ci il (10 il 8 ay 24 gün) tarixlərdə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması fərz olunsa, bu dəfə onun 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtdən birincisinə, yəni 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması (iddiaçıda bu müddət gümanla da cəmi 12 il 5 ay 13 gün təşkil edir) şərtinə əməl olunmur. xx.xx.1967-xx.xx.1969-cu il və xx.xx.1971-xx.xx.1982-ci il tarixlərdə 2 nömrəli Siyahının 2290000a-19496 kodu üzrə futerləyici vəzifəsində işlədiyini irəli sürən iddiaçının bu müddətdə bütünlüklə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması faktı əmək kitabçası ilə də təsdiqini tapmır. Əvvəlcə, əmək kitabçasının titul vərəqində iddiaçının peşəsi dülgər kimi göstərilmişdir. İkincisi, xx.xx.1967-xx.xx.1969-cu il (1 il 8 ay 19 gün) tarixlərdə (əmək kitabçasının 2-ci səhifəsi) və xx.xx.1971-xx.xx.1973-ü il tarixlərdə (əmək kitabçasının 4-cü səhifəsi) iddiaçı dülgər peşəsində işləmişdir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası ümumilikdə normativ hüquqi aktlara əsaslandığı üçün, qanuna zidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə belə hüquqi aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən əmək kitabçası və iş yerinin arayışı ilə təsdiq edilməli olan xüsusi iş stajı belə əhəmiyyətə malik sübutlarla təsdiq olunmayan iddiaçının güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ iş üzrə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının yenidən güzəştli şərtlərlə təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4226/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-957/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-957/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver