Məhkəmə qərarları › İş №2-1(103)-957/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-957/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-957/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-889/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il tarixdə Masallı rayonunun Qarğalıq kəndində anadan olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixinə qədər 17 saylı Texniki Peşə məktəbində təhsil almış (attestat №1229), 1979-1981-ci illərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmiş, xx xxxxxxx 1981-ci ildə ehtiyata buraxılmışdır. O, xx.xx.1981-ci il tarixli əmrə əsasən həmin tarixdən MÇM SSRİ Sumqayıt xüsusi Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 250 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən xx.xx.1987-ci il tarixdən 4-cü dərəcə üzrə metallurgiya zavodunun metal konstruksiya quraşdırıcısı peşəsi verilmiş, 18k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilmiş, 89 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən xxxx İB-yə elektrik quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 135 saylı xx.xx.1998-ci il tarixli əmrlə xxxx İB xxxx ASC kimi yenidən qurulmuş, xx.xx.2006-cı ilədək “xxxx” ASCdə Boru yayma-2 sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, xx.xx.2007-ci il tarixdə elektrik qaz qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “X8” MMC-də elektrik qaynaqçısı işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1981-ci il tarixdə açılmış İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr müddətini “Mərkəzidomnatəmir” Trestinin Sumqayıt İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində və xx.xx.1994-xx.xx.2006-cı il tarixləri arasındakı “xxxx” ASC-də qeyd olunan əmək stajının dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə sorğu göndərilmişdir. Lakin adıçəkilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanın müəyyən edilməməsi və arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına verilməməsi səbəbindən iddiaçının əmək stajını dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün hesab edilməmişdir Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilədək 20 ildən artıq iş stajına və 10 ildən çox xüsusi zərərli iş stajına malik olduğundan sosial təminat sahəsinə aid qanunvericilik normalarının tələblərinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh tərəfindən qanunsuz olaraq imtina olunduğundan o, hüquqlarının müdafiəsinin həyata keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 xx.xx.2019-cu il tarixdə müraciət etmiş, həmin tarixdən 35 gün keçməsinə baxmayaraq müraciətinə münasibət bildirilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, iddiaçıya pensiya təyin edilərkən İdarəyə təqdim etdiyi xx xxxxxx 1981-ci il tarixdə açılmış İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1981- xx.xx.1994-cü il tarixləri arasındakı müddəti “Mərkəzidomnatəmir” Trestinin Sumqayıt İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində və xx.xx.1994-xx.xx.2006-cı il tarixləri arasındakı “xxxx” ASC-də qeyd olunan əmək stajının dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə sorğu göndərilmişdir. Lakin adıçəkilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanın müəyyən edilməməsi və arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına verilməməsi səbəbindən iddiaçının əmək stajını dəqiqləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-889/2020 saylı 02.12 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, məhkəmə qərarını tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə qəbul etdiyi qərarda onun nə ümumi iş stajını, nə də güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan iş stajını qeyd etməmişdir. Qərarda onun ümumi iş stajının kifayət qədər olmaması göstərilmişdir. Halbuki onun 2018-ci ilədək 35 il, 2006-cı ilədək 28 il ümumi iş stajı vardır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsi və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona xx.xx.2017-ci ildən, yəni 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən pensiya təyinatı orqanına müraciət etdiyi tarixədək tamam olmadığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixinə qədər 17 saylı Texniki Peşə məktəbində peşə təhsili müddəti və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixində qədər Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti onun iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajı mövcud olmalıdır. Lakin iş materiallarından göründüyü kimi, hazırki halda iddiaçının təhsil müddəti (1978-1979-cu illər), həqiqi hərbi xidmət müddəti (1979-1981-ci illər) və xx.xx.1981-ci ildən xx.xx.1994-cü il tarixədək MÇM SSRİ Sumqayıt xüsusi Tikinti Quraşdırma İdarəsində işlədiyi müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 16 il, xüsusi stajı isə xx.xx.1981-ci ildən xx.xx.1994-cü il tarixədək MÇM SSRİ Sumqayıt xüsusi Tikinti Quraşdırma İdarəsində quraşdırıcı işlədiyi müddət nəzərə alınmaqla 12 il 6 aydan çox olmaqla 13 il təşkil edir. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.2008-ci ilədək “Boru Yayma-2” sexində elektrik montyoru; qaz qaynaqçısı işlədiyi müddətlə bağlı isə qeyd olunmalıdır ki, işə birinci instansiya qaydasında baxılarkən “xxxx” ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli AZB 01/100 saylı məktuba əlavə olunmuş xx.xx.2020ci il tarixli 6 saylı arayışın məzmununa əsasən həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 sayl Siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-19861, 2040400a-19908 şifri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ versə də, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Oxşar müddəalar 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 30-cu maddələrində də nəzərdə tutulmuşdu. 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşları pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə isə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin, o cümlədən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinin tələbinə görə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsaitin əmələ gəlmə əsaslarından biri kimi mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları çxış edir. Qeyd olunmalıdır ki, oxşar müddəalar hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində də nəzərdə tutulmuşdu. Sadalanan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, işçiyə pensiya ödənilməsi üçün onun işlədiyi müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişlərinin aparılması mütləqdir və bu şərt ödənildiyi halda iş müddəti sosial sığorta stajına və ya əmək stajına daxil edilir. Bunun üçün isə işçinin faktiki əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması zəruridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının "xxxx" ASC-nin işçisi kimi xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək ödənişsiz məzuniyyətdə olduğu müddətdə onun faktiki əmək fəaliyyəti ilə məşğul olmadığı, buna görə əmək haqqı almadığı və sosial sığorta ayırmalarının da həyata keçirilmədiyini nəzərə alaraq həmin müddətin iddiaçının iş (sığorta) stajı kimi nəzərə alınmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu baxımdan iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatının aparılması qeyri-mümkün olduğu üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-889/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-889/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar