Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-957/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* L nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin ona və ailəsinə münasibətdə uzadılması məsələsinə baxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2024 nömrəli, 02 sentyabr 2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Mary Şhamshad cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 21 iyul 2023-cü il tarixli, ******* L №li qərarı ləğv edilməsi, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin iddiaçıya və ailəsinə münasibətdə uzadılması məsələsinə baxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə “ iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia ərizəsinin “xahiş etdim” hissəsində texniki yanlışlıq olaraq Dövlət Miqrasiya Xidmətinin qərarı texniki səhv olaraq 21 iyul 2023-cü il tarixli göstərildiyini bildirmiş və iddia tələbi dəqiqləşdirilərək, məhkəmədən, “Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* L nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı, Mary Şhamshad ailəsi ilə (əri və övladları: 2003-cü il təvəllüdlü oğlu X6 Shahid, 2007-ci il təvəllüdlü oğlu X7 Shahid və 2019-cu il təvəllüdlü oğlu X8 Shahid) Azərbaycan Respublikasında müvəqqəti olmaq hüququnu əldə etmişlər. “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” 24 dekabr 2021-ci il tarixli, ******* №-li, MOM seriyalı Qərarla ona 22 fevral 2022-ci il tarixə kimi Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verilib. İddiaçı həmin müddətin uzadılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, cavabdeh DMX-dən ona şifahi olaraq bildirilib ki, iddiaçı və ailəsinə münasibətdə “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” 27 dekabr 2021-ci il tarixli, ******* saylı qərar ləğv edilib. İddiaçı və əri də 27 dekabr 2021-ci il tarixli, ******* saylı qərarın onlara aid olmadığını bildirərək həmin 27 dekabr 2021-ci il tarixli, ******* saylı qərarın surətinin verilməsini xahiş etsələr də, sözü gedən həmin qərarın surəti verilməyib. Səbəb də göstərilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsin MOM uzadılması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Sonradan aparılmış icraat nəticəsində şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasın yarandığı müəyyən edilmiş və yuxarıda sözügedən qərar xx.xx.2023-cü il tarixli 8244124-L nömrəli qərarla ləğv edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması üçün xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət etmiş və onun müraciəti təmin edilərək xx.xx.2023-cü il tarixədək iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddəti uzadılmışdır. İddiaçının bundan sonra MYİ uzadılması ilə bağlı Xidmətə hər hansı müraciəti daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti yetərli araşdırmanın aparılmadığından irəli gəlir. Belə ki, işin içərisində olan sənədlər bunu təsdiq edir. İPM-yə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmaqla yanaşı, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Birinci instansiya məhkəməsi isə bu tələblərə əməl etmədən qərar qəbul edib. Birinci instansiya məhkəməsi, işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməyib və ona bildiyi dildə fikrini izah edə bilməyi üçün şərait yaradılmayıb (tərcüməçi olmayıb) Birinci instansiya məhkəməsi, Azərbaycanda olma müddətinin uzadılması əsaslarını araşdırmayıb. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: - 3.0.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir -4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. -20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. -20.2-ci maddəsinə əsasən bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. -20.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir. -40-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır: 40.0.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda; 40.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə; 40.0.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə; 40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda; 40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda; 41.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd; 41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -41.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Qeyd: Bu Məcəllənin 41.1.2-ci, 41.1.6-cı və 41.1.8-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. -42.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər. -42.2-ci maddəsinə əsasən 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır. -42.3-cü Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. -42.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. -42.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və müvafiq qərar qəbul edilir. -42.6-cı maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi həll edilərkən, müvafiq icra hakimiyyəti orqanı hər bir konkret halda onların Azərbaycan Respublikasında qalma səbəblərini araşdırır, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasından imtina edir və müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə imtina barədə yazılı məlumat verir və ya müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar təqdim edir. -42.7-ci maddəsinə əsasən müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər. -42.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müvafiq məlumatların toplanması, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın fərdi olaraq doldurulması, verilməsi, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X3 Sistemi vasitəsi ilə həyata keçirilir. -42.9-cu maddəsinə əsasən xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir. -43.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. -43.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşin faktiki hallarından görünür ki, iddiaçı Pakistan İslam Respublikası vətəndaşıdır. Dövlət Miqrasiya Xidmətinin 24 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müvəqqəti olma müddətinin uzadılması barədə” Qərarına əsasən, İddiaçı 24 dekabr 2021-ci il tarixli, 296903/m nömrəli müraciətinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin 24 dekabr 2021-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə MOM seriyalı ******* nömrəli Qərarına əsasən, İddiaçın Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 22 fevral 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. Dövlət Miqrasiyanın Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında” 24 may 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən, Pakistan İslam Respublikası vətəndaşı Masih Shahidın 30 aprel 2022-ci il tarixli müraciətinin təmin edilməsi, Pakistan İslam Respublikası vətəndaşı Masih Shahidın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddətinin 02 iyun 2022-ci il tarixdən 11 aprel 2023-cü il tarixədək uzadılmas qərara alınmışdır. Dövlət Miqrasiyanın Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında” 24 may 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı 11 may 2022- ci il tarixli müraciətinin təmin edilməsi, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddətinin 02 iyun 2022-ci il tarixdən 11 aprel 2023-cü il tarixədək uzadılması qərara alınmışdır. Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə” 21 iyul 2023-cü il tarixli, 8244124-L nömrəli Qərarına əsasən, Pakistan İslam Respublikası vətəndaşı Masih Shahid barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi, Masih Shahidin müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət edilmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etməsi qərara alınmışdır. Dövlət Miqrasiya Xidmətinin 25 iyul 2023-cü il tarixli, 8244128-L nömrəli “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə” Qərarına əsasən, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı barəsində qəbul olunmuş 24 dekabr 2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi, Mary Shahshadin müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət edilmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etməsi qərara alınmışdır. Hazırki tələbində iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, ******* L nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin ona və ailəsinə münasibətdə uzadılması məsələsinə baxılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, və Azərbaycan Respublikasında müvəqqəti olma icazəsinin verilməsi, müddətinin uzadılması və ya ondan imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların konkret dairəsi AR Miqrasiya Məcəlləsinin 40-cı maddəsində qeyd edilmişdir. Hazırki iş üzrə iddiaçı və onun ailəsinə münasibətdə qeyd olunan halların mövcudluğu müəyyən olunmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsinə baxılması üçün digər sənədlərlə yanaşı pasportun və ya digər sərhədkeçmə sənədinin surəti cavabdeh inzibati orqana təqdim edilməlidir. Halbuki iş materiallarında olan iddiaçıya məxsus pasportun surətindən görünür ki, pasportun etibarlılıq müddəti cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsindən 14 gün öncə, 11 iyul 2023-cü il tarixdə bitmişdir. AR Miqrasiya Məcəlləsinin 43.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır. Cavabdeh inzibati orqan da qeyd olunan qanunvericilik normasını əsas götürməklə əsaslı olaraq 25 iyul 2023-cü il tarixli, 8244128-L nömrəli “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə” Qərarına əsasən, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı barəsində qəbul olunmuş 24 dekabr 2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi, Mary Shahshadin müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət edilmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etməsini qərara almışdır. İddiaçının sonradan müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciəti olmamış, bundan əlavə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 43.2-ci maddəsinə müvafiq olaraq etibarlılıq müddəti mövcud olan pasportu təqdim edilməmişdir. Məhkəmə araşdırmaları zamanı da iddiaçı hər hansı bir sübut məhkəmələrə təqdim etməmişdir. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarını ləğv edərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-957/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-957/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver