Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-958/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı əlavə haqqın hesablanaraq ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3031/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar olaraq onlara əlavə haqqın verilməsi Qaydası haqqında” 29 may 2008-ci il tarixli 123 saylı Qərarın qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq hissə-hissə və yaxud birdəfəlik verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarının iddiaçıya şamil edilməsi, onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsində göstərilmiş müddət üzrə həmin Qanunun 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanması, bu hesablama zamanı fərq məbləği yaranacağı halda, həmin fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ona qulluq illərinə görə 50 faizin verilmədiyini iddia etmişdir. Halbuki, həmin məbləğ iddiaçıya ödənilir. Belə ki, iddiaçıya 04 mart 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq (yəni hərbi qulluqçu kimi) 46 il 9 ay 7 gün xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01.09.2019-cu il tarixindən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cavabdehə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq vəzifə maaşı 358 manat, rütbə maaşı 127 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəsi – 242,50 manat, usta məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 89,50 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla, iddiaçının təminat xərcliyi 881 manat təşkil etmişdir. İddiaçıya xidmət illərinə görə ödənilən əlavənin məbləği AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarına uyğun olaraq müəyyənləşdirilmişdir. Belə ki, həmin Qərara əsasən, 30 ildən yuxarı iş stajına görə əlavənin məbləği vəzifə və rütbə maaşlarının cəminin 50 faizi məbləğində müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçıya xidmət illərinə görə 50 faiz məbləğində əlavə onsuz da ödənilir. Buna görə də iddiaçının iddiası mümkünsüzdür. İddiaçı pensiyaya hərbi qulluqçu kimi çıxdığından, ədliyyə orqanı işçilərinə şamil edilən hər hansı əlavəni tələb etməklə bağlı subyektiv hüququ yaranmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətini qəbul etməyib, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın “Ümumi müddəa” adlanan 1-ci hissəsinə görə, bu Qayda “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. Qaydanın İİ-ci hissəsində qulluq illərinin hesablanması qaydası, ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüquq verən qulluq illərinə daxil edilən dövrlər, İİİ-cü hissəsində əlavə haqqın hesablanması və verilməsi qaydası təsbit olunmuşdur, 3.1-ci bəndinə görə, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz; 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz; 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz; 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz; 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz; 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz; 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz; 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanununun: 33.1-ci maddəsinə əsasən, Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - əməkdaşlar) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər; 33.2-ci maddəsinə görə, penitensiar xidmətin əməkdaşları və mülki işçilər ədliyyə orqanlarının işçiləridir; 20.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 22.12.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Sadalanan normaları işin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçı Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı kimi xidmət keçsə də, qanunvericiliyin tələbinə əsasən ona hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçının 10/531-001869 pensiya işindən göründüyü kimi, pensiya orqanının ona əmək pensiyası təyin edilməsi haqqında 01.04.2010-cu il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə istinad olunmuşdur. Həmin normaya görə, “20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla;”. Həmçinin, pensiya işində olan Pensiyanın yenidən hesablanması haqqında 23.12.2013-cü il tarixli P/İ 001869 nömrəli qərardan görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən 701,50 manat məbləğdə təminat xərcliyinin 100%-i götürülməklə pensiyasının məbləği 701,50 manat təşkil etmişdir. Bu fərq isə özünü hərbi qulluqçuların və bu statusa maloik olmayan ədliyyə orqanlarının işçilərinin pensiyalarına əlavələrin hesablanması qaydasında əks etdirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-20.18-ci maddələrinə əsasən hərbi qulluqçuların pensiyalarına əlavələr onların təminat xərcliyinin 50%-dən 100%-dək olan miqdarda hesablandığı halda, 20.19-20.20-ci maddələrinə görə ədliyyə orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinin pensiyalarına əlavələr isə təminat xərcliyindən deyil, ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin yalnız 45%-dən 80%-dək olan miqdarda hesablanır. İddiaçıya hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi, yəni təminat xərcliyinin 100% miqdarında əmək pensiyasının təyin edilməsi pensiya işində olan 16.03.2010-cu il tarixli Məlumat vərəqi ilə təsdiq olunur. Bundan əlavə, həm 16.03.2010-cu il tarixli Məlumat vərəqi, həm də Pensiyanın yenidən hesablanması haqqında 23.12.2013-cü il tarixli qərardan məlum olur ki, iddiaçı hazırda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəni alır və əvvəllər də almışdır. Bu isə da o deməkdir ki, hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs statusunda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəni alan iddiaçı bu dəfə belə statusu olmayan (hərbi qulluqçulara bərabər tutulmayan) xüsusi rütbəli şəxslərə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə tanınan üstünlüklərdən də, yəni eyni güzəştdən qanunsuz olaraq ikinci dəfə istifadə etmək istəyir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanmsı ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, hərbi qulluqçu statusunda pensiyaya çıxdığını əsas göstərərək iddiaçının müraciətinin icrasından cavabdehin 26.12.2019-cu il tarixli **********3 nömrəli imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3031/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar olaraq onlara əlavə haqqın verilməsi Qaydası”nın qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq hissə-hissə və yaxud birdəfəlik verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-958/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-958/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver