Məhkəmə qərarları › İş №2-1(103)-958/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-958/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-958/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin onun həyat yoldaşı X2 adına dövlət reyestrindən çıxarışın və texniki pasportun veriməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X7 ilə 10 may 1990-cı il tarixində nikaha daxil olmuşdur. Bunu təsdiq edən V-JQ 344798 nömrəli nikah haqqında şəhadətnamənin surətini ərizəyə əlavə etmişdir. Nikahdan uşaq dünyaya gəlməmişdir. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 1967-ci il tarixli, 62631 saylı orderi ilə ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının yoldaşı X3 verilmişdir. Sözügedən orderin surəti ərizəyə əlavə edilmişdir. X7 sözügedən ünvandan 1991-ci il tarixindən etibarən qeydiyyatdan çıxmış və həmin tarixdən etibarən ünvan 1 ünvanında yaşamır. Bu faktı təsdiq edən Nizami Rayon MKTB-nin 24.06.2021-ci il tarixli aktını ərizəyə əlavə etmişdir. Həmçinin Nizami Rayon MKTB-nin 24.06.2021-ci il tarixli, 91 nömrəli arayışından da görünür ki, sözügedən ünvanda İddiaçı, başqa nikahdan dünyaya gələn uşaqları X13, X14 və X9 ilə birlikdə yaşayır. X7 isə həmin ünvandan qeydiyyatdan çıxmışdır və ümumiyyətlə orada yaşamır. İddiaçı sözügedən mənzilə dair öz adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış almaq məqsədilə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, yuxarıda qeyd olunan sənədlərlə və həmin evdə qeydiyyatda olan uşaqlarının notarial təsdiq olunmuş razılıq ərizələri birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan isə müraciətə cavab olaraq 28.07.2021-ci il tarixli, **********71 nömrəli məktubu ilə iddiaçının adına çıxarış verməkdən əsassız olaraq imtina etmişdir. Belə ki, mənzilin qeydiyyata alınmasına əsas verən, qanunvericiliklə lazım olan bütün sənədlər, o cümlədən mənzilin yoldaşı X4 verilməsinə dair order və digər müvafiq sənədlər cavabdeh orqana təqdim edilsə də o, öz imtina məktubunda yuxarıda sözügedən sənədlərin təqdim edilməməsindən dolayı çıxarış verməkdən imtina etmişdir. Daha sonra iddiaçı 22.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanına dair hüquqların İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 45də yerləşən 15 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, 08.07.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********71 saylı, 28.07.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanına dair hüquqların İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən sözügedən mənzilə 30 ildən artıq müddətə fasiləsiz sahiblik etməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - V-ЖГ 344798 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X7 ilə 10 may 1990-cı il tarixində nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10.05.1990-cı ildə 689 nömrəsi ilə qeyd edilmişdir. - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 28.04.1967-ci il tarixli, 62631 nömrəli orderindən görünür ki, ünvan 4 ünvanında yerləşən 1 otaqlı, sahəsi 15,99 kv.m olan mənzil iddiaçının yoldaşı X4 verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26.04.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, İddiaçı, X14, X13, X9 ünvan 3 ünvanında qeydiyyatdadır. - X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 13.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 45, 15 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. - X11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 17.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 45, 15 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. - X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 10.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 45, 15 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. - Nizami rayon MKTB-nin 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 24.06.2021-ci il tarixli, 91 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən ünvan 3 ünvanında aşağıdakı ailə tərkibi ilə birlikdə qeydiyyatdadır və yaşayır: X14, X13, X9. H/yoldaşı -X7 qonşuların aktına əsasən 1991-ci ildən göstərilən ünvanda yaşamır. Hal-hazırda qeydiyyatda deyil. - Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 02.09.2021-ci il tarixli, 3/198 nömrəli məktubu ilə ünvan 1 ünvanına dair şəxsi hesab vərəqəsi və orderin surəti göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Nizami rayon MKTB-nin 6453 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı gəlmə tarixi 28.10.1971-ci il olmaqla ünvan 7 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 28.07.2021-ci il tarixli, **********71 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 45 saylı evin 15 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 08.07.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzilə dair sizin adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə dair hüquqmüəyyənedici sənəd qismində order tələb olunduğu halda, iddiaçı belə bir sənədi nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisəli mənzildə faktiki yaşaması və ya mənzilin şəxsi hesab vərəqəsində onun və ailə üzvlərinin adlarının qeyd edilməsi, eləcə də mənzilə dair adına order verilmiş şəxsin hazırda həmin mənzildə yaşamamasının təsdiqinin sübutu kimi Mənzil Kommunal İstismar Sahəsinin arayışı sözügedən mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənəd hesab olunmur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Hazırkı işin hallarında müəyyən olunur ki, İddiaçı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 1967-ci il tarixli, 62631 nömrəli orderi ilə ünvan 1 ünvanında yerləşən mənzilin onun həyat yoldaşı X4 verildiyini, sonuncunun ondan ayrıldıqdan sonra həmin evdə yaşamadığını, 1991-ci ildən mənzildən qeydiyyatdan çıxdığını, mənzilin uzun müddətdir onun istifadəsində olduğunu, mənzildə özünün və başqa nikahdan olan övladlarının yaşadığını, mənzildə qeydiyyatda olan şəxslərin isə mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini əsas gətirərək mənzil üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən mənzilə dair hüqumüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas götürməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən mənzilə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi dövlət mənzil fondunun balansında olan mənzillərin özəlləşdirilməsi üçün mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: mənzil fondunun mülkiyyətçisi olan yerli icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Qeyd edilməlidir ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aiddir. Mənzilə dair order 1967-ci ildə X1 adına verilmişdir. Daha sonra 1990-cı ildə X3 ilə İddiaçı nikaha daxil olmuşlar. Hazırda mənzilin istifadəçisi İddiaçı və onun ailə üzvləridir, şəxsi hesab vərəqəsində İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir. Mənzilə dair yeganə sənəd 1967-ci il tarixli orderdir ki, adıçəkilən orderdə yalnız X1 adı qeyd olunmuş, İddiaçı isə göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi əsassızdır. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mənzilə dair əmlak hüququ, o cümlədən istifadə hüququnu təsdiq edən sənəd qismində bilavasitə mənzilin mülkiyyətçisi ilə bağlanmış mənzil kirayəsi müqaviləsi çıxış edir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsi də məhz dövlət mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşın həmin mənzili şəxsi mülkiyyətinə keçirmək hüququnun olduğunu birbaşa təsbit etmişdir. İddiaçı isə mənzil fondunun mülkiyyətçisi olan müvafiq icra hakimiyyəti orqanı ilə mənzil kirayə müqaviləsi bağlamamışdır. İddiaçının mübahisəli mənzildə faktiki yaşaması və ya mənzilin şəxsi hesab vərəqəsində onun və ailə üzvlərinin adlarının qeyd edilməsi, eləcə də mənzilə dair adına order verilmiş şəxsin hazırda həmin mənzildə yaşamamasının təsdiqinin sübutu kimi Mənzil Kommunal İstismar Sahəsinin arayışı sözügedən mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənəd hesab olunmur. Başqa sözlə, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir . Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar