Məhkəmə qərarları › İş №2-1(103)-958/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-958/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-958/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ömürlük (müddətsiz) 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayında könüllü olaraq xidmətə qəbul olmuşdur. 1992-ci ilin sentyabr ayında döyüşdə aldığı ağır xəsarətlə əlaqədar ordudan tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən 1995-ci il tarixli qərara əsasən kəllə-beyin travmasının qalıq əlamətləri diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar travma aldığı qərara alınmış və bundan sonra ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. O həmin travmaları Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində döyüşən ordunun tərkibində xidmət edərkən almışdır. 1998-ci ildə ona TSEK-in qərarına əsasən ömürlük (müddətsiz) əlillik təyin edilmişdir. Lakin nədənsə əsassız olaraq xx.xx.2022-ci il tarixdə ehtiyac olmadığı halda yenidən komissiya keçirilərək ona təyin olunmuş əlillik dərəcəsi əsassız olaraq ləğv edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə ona təyin edilmiş əlillik dərəcəsi təsdiq edilmiş və bununla bağlı sosial arayış da verilmişdir. Bundan iki il sonra isə həmin diaqnozun ləğv edildiyini qeyd etmişlər. Halbuki, bu qanunsuz və əsassızdır. Ona xəstə ola-ola əlilliyə görə verilən pensiya da kəsilmişdir. İddiaçı bildirmişdir ki, onun əlillik pensiyası 2022-ci il tarixdən kəsilmişdir. Belə ki, o 600 manat pensiya, 400 manat Prezident təqaüdü, 15 manat isə uşaqlara görə pensiya alırdı. Həmin əlillik pensiyasının da təmin olunaraq ona verilməsini istəyir. Lakin onun pensiyası kəsilib. Dəfələrlə həmin xəstəliklə bağlı müayinə və müalicə olunmuşdur. Hətta 2016-cı il tarixə kimi Rusiya Federasiyasında müalicə almışdır. Hazırda şəkər xəstəliyindən də əziyyət çəkir. Ürəyində, böyrəklərində xəstəlik var. Görmə qabiliyyəti zəifləyib ki, bu da həmin travmanın təsirindəndir. Bundan başqa, sol qulağı da zəif eşidir. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “diaqnozun mətni: Diaqnoz öz təsdiqini tapmaması - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS: **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 110 nömrəli Xəstəlik haqqında Arayış verilmişdir. Həmin arayışda “Qapalı kəllə-beyin travması, kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda olan ağrılardan, başağrısı, başgicəllənmə, əsəbilikdən şikayətlənmiş, 10 ildir ki, insulin tələbli şəkərli diabet xəstəsi olduğunu ifadə etmişdir. Obyektiv baxış zamanı 12 cüt kranial sinirlər patologiyasız, reflekslər normal çağırılmış, Rombərqdə dayanıqlı, serebellar testləri düzgün icra etmiş, ətraflarda iflic, parez aşkar edilməmişdir. Psixi statusunda əlillik təyinatına əsas verən aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir” və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinəyə xərəkdə gətirilmiş və 110 nömrəli otaqda müayinə edilmişdir. Müayinəyə simulyativ xarakterli gözləri yumulu şəkildə, aqressiv daxil olmuş, başgicəllənməsi və başağrısından şikayətlənmişdir. Psixi statusu: bələdliliyi qorunmuş, tənqidi tam saxlanılmış, klinikası canlı olmuş, yaddaş qavrama pozuntusu qeyd edilməmiş, intellektual anamnestik sferası yaşam tərzinə uyğun olmuş. Hal-hazırda psixopatoloji əlamətlər izlənilməmişdir. Qəbul etdiyi medikamentoz preparatları adlandıra bilməmişdir. Qəbul etdiyi psixiatrik müalicələri təsdiqləyən tibbi sənəd təqdim etməmişdir. Nevroloji statusu: kəllə-beyin sinirləri normal, hərəki sferada yuxarı və aşağı ətraflarda refleksləri canlı və bərabər çağrılmış, xəstə ağrını bəhanə edib sol əlini qaldırmaqdan imtina etsə də, yuxarı və aşağı ətraflarda əzələlərdə atrofiya, kontraktura, hərəki məhdudluq qeyd edilməmişdir. Aqqravasiya etmiş, yeriməkdən imtina etmiş, səbəbsiz yerə qışqırmışdır. Təqdim etdiyi xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Xronik, assimetrik, qazanılmış, aksonal, motor-sensor polinevropatiyanın leyhinədir” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 370 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir, (təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Sağ yuxarı təpə payında kortikosubkortikal proyeksiyada ~ 9 mm ölçülü T2, Flair hiperintens-fokal işemik xarakterli ocaq qeyd olunur. Mezensefalon sağ tərəfində qliotikanqiopatik ocaq qeyd olunur. Sağ gicgah payında paraventrikulyar və hər iki alın-təpə paylarında para-periventrikullyar T2, Flair hiperintens-qliozis, mikroanqiopatiya ocaqları qeyd olunur. Yan mədəciklər bir qədər genişlənmişdir. Beyin şırımları əsasən gicgah-təpə paylarında olmaqla dərinləşmiş, Silvi yarıqlarının qenişliyi və subaraxnoidal sahənin artmışdır-kortikal atrofiyaya, ensefalopatiyaya xarakter. Sol maxillvar sinusda mukozal qalınlaşma qeyd olunur- xroniki maxillyar sinusit əlaməti” kimi qeyd edilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Sol orta beyin arteriyası hövzəsində insult. Keçirilmiş kəlləbeyin travmasından sonrakı postravmatik ensefalopatiya. Xroniki postravmatik başlanğıc qıcolmalar. Diabetik polinevropatiya, sol yuxarı monoparez. Şəkərli diabet, tip 2, ağır forma. ÜİX. Stenokardiyanın digər formaları. Essensial hipertoniya, İİ dərəcə. Diabetik nevropatiya. Üzvi mənşəli şəxsiyyət dəyişikliyi. Davranış pozulması, intihara cəhd fikirləri ilə” kimi müəyyənləşdirilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-5386/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli B00114385NFL nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi yetərincə araşdırmadan, iddianın mümkünlüyü (müddət) məsələsini həll etmədən, sırf ekspert rəyinə əsaslanaraq diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir. Belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Sol orta beyin arteriyası hövzəsində insult. Keçirilmiş kəllə-beyin travmasından sonrakı postravmatik ensefalopatiya. Xroniki postravmatik başlanğıc qıcolmalar. Diabetik polineyropatiya, sol yuxarı monoparez. Şəkərli diabet, tip 2, ağır forma. ÜİX. Stenokardiyanın digər formaları. Essensial hipertoniya, İİ dərəcə. Diabetik neyropatiya. Üzvi mənşəli şəxsiyyət dəyişikliyi. Davranış pozulması, intihara cəhd fikirləri ilə” kimi müəyyənləşdirilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Məhkəmə həmçinin, prosessual müddətin ötürülməsi məsələsinə də əhəmiyyət verməmişdir. Belə ki, İddiaçı əlilliyi xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək şəxsə bu barədə ona məxsus mobil nömrəsinə xx.xx.2023-cü il tarixində sms xəbərdarlıqla məlumat verilmiş və bununla da şəxs ona verilmiş imtinadan xx.xx.2023-cü il tarixdən etibarən xəbərdar olmuşdur. Lakin vətəndaş 1 aylıq müddəti ötürməklə 2024-cü ilin yanvar ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə müddət məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: - Mərkəzi Hərbi Həkim Komissiyasının mart 1995-ci il tarixli 11 nömrəli qərarının surətinə əsasən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü İddiaçı “qapalı kəllə-beyin travması, kontuziya” xəsarətini Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. O, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon xəstəxanasında, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Saatlı rayon xəstəxanasında müalicə almışdır. - İddiaçı əlillik vəziyyətinə xx.xx.1998-ci il tarixdə baxılmış və “səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar, diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, meyar: İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik verilmişdir. - İddiaçı əlillik vəziyəti 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı üzrə edilmiş müraciət əsasında xx.xx.2019-cu il tarixdə müayinə edilmiş, diaqnozun mətni “S06.3 baş beynin ocaqlı travması, keçirilmiş kəlləbeyin travmasının, beyin əzilməsinin davamlı qalıqları...” kimi göstərilmiş, reabilitasiya vasitəsi olaraq avtomobilin verilməsindən imtina edilmişdir. - Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə dair göndərişə xx.xx.2022-ci il tarixdə baxılmış və “xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - başın travmaları => S06 - kəllədaxili travma => S06.8 - digər kəllədaxili travmalar, diaqnozun mətni: keçirilmiş qapalı kəlləbeyin travmasınm qalıq əlamətləri” diaqnozu üzrə iddiaçıya əlillik təyin edilməsindən tam reabilitasiya olunması əsası ilə imtina edilmişdir. - Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə müayinə edilməklə baxılmış və “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları, beynin əzilməsi” diaqnozu üzrə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. - xx.xx.2023-cü il tarixli (forma nömrəsi: B00114385NFL) göndəriş əsasında iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 21 noyabr 2023-cü il tarixli 3-17-4/3-3-18815/2023 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS: **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 110 nömrəli Xəstəlik haqqında Arayış verilmişdir. Həmin arayışda “Qapalı kəllə-beyin travması, kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Qərarda qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinəyə xərəkdə gətirilmiş və 110 nömrəli otaqda müayinə edilmişdir. Müayinəyə simulyativ xarakterli gözləri yumulu şəkildə, aqressiv daxil olmuş, başgicəllənməsi və başağrısından şikayətlənmişdir... Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroioji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. - Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5386/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4239 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2376 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, “...İddiaçı üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07) aşkar olunur. Bunu anamnestik məlumatlar və təqdim olunmuş tibbi sənədlər – Azərbaycan Respublikasının müdafiəsi zamanı 1992-ci ildə “Qapalı kəllə-beyin travması, kontuziya” alması, 12.08-xx.xx.1992-ci il tarixlərdə Cəbrayıl Xəstəxanasında və 15.08-xx.xx.1992-ci il tarixlərdə Saatlı Rayon Xəstəxanasında müalicə olunması, sonralar travmanın nevroloji və psixi pozuntuların (fəsadların) kəskinləşməsi ilə əlaqədar stasionar müalicə alması, Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ poliklinika şöbəsində “Keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, beyin əzilməsi, sol yuxarı ətrafın parezi, hissiyyat pozğunluqları, şəkərli diabet İİ tip (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT şəxsiyyət pozuntusu, depressiv daxilolmalar koqnitiv funksiyaların enməsi ilə F07.0) diaqnozu ilə dispanser qeydiyyatda olması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə olunarkən “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, epileptik tutmalar) F07.0” diaqnozunun təyin olunması, tibbi sənədlərdə intihar cəhdləri barədə məlumat verilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, təfəkkürün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığın yüksəlməsi, affektiv reaksiyalara meylli olması, söhbət prosesində tez yorulması, diqqətini cəmləşdirməkdə çətinlik çəkməsi, koqnitiv funksiyaların zəifləməsi və sair sübut edir. İddiaçı üzvi (keçirilmiş kəllə-beyin tavması nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. İddiaçı qeyd olunan “üzvi şəxsiyyət pozuntusu”nun strukturuna depressiv və koqnitiv pozuntular, emosional labillik daxildir. Beləliklə, İddiaçı qoyulmuş diaqnozları düzgün hesab oluna bilər. Yuxarıda sadalanan əlamətlər, həmçinin şəxsiyyət pozuntusu keçirilmiş kəllə-beyin tavmasının fəsadları və ağırlaşmaları kimi qiymətləndirilir. Qeyd olunmuş diaqnozlu pozuntuların keçirilmiş kəllə-beyin travması ilə səbəbli əlaqəsi vardır. Diaqnozların əlilliyin meyarlarına uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. İddiaçı qeyd olunan psixi pozuntunun effektiv müalicə nəticəsində əlamətlərinin müəyyən dərəcədə azalması ehtimalı olsa da, tam sağalma ehtimalı yoxdur”. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, İddiaçı üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07) aşkar olunur. İddiaçı qeyd olunan “üzvi şəxsiyyət pozuntusu”nun strukturuna depressiv və koqnitiv pozuntular, emosional labillik daxildir. Beləliklə, İddiaçı qoyulmuş diaqnozları düzgün hesab oluna bilər. Yuxarıda sadalanan əlamətlər, həmçinin şəxsiyyət pozuntusu keçirilmiş kəllə-beyin tavmasının fəsadları və ağırlaşmaları kimi qiymətləndirilir. Qeyd olunmuş diaqnozlu pozuntuların keçirilmiş kəllə-beyin travması ilə səbəbli əlaqəsi vardır. Ekspert rəyində bildirilmişdir ki, iddiaçıda qeyd olunan psixi pozuntunun effektiv müalicə nəticəsində əlamətlərinin müəyyən dərəcədə azalması ehtimalı olsa da, tam sağalma ehtimalı yoxdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə qüvvədə olan hərbi həkim komissiyasının qərarı mövcuddur ki, ona münasibətdə həmin qərar əsasında xx.xx.1998-ci il tarixdən müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Lakin cavabdeh tərəfindən diaqnozun düzgün olması, iddiaçının əvvəllər də eyni diaqnoz əsasında əlil olmasını nəzərə almadan, qərarda iddiaçıda olan xəstəliklərin əyani müayinə zamanı öz təsdiqini tapmasını əsaslandırmadan müvafiq imtina qərarı qəbul etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixli B00114385NFL nömrəli göndəriş əsasında iddiaçıda müşahidə olunan F07.0 və F06.7 XBT kodlu diaqnozlar əsasında müddəti və faizi müəyyən edilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndinə aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” F07 diaqnozu öz əksini tapmaqdadır. Eyni zamanda müəyyən edilmişdir ki, Meyarların 7.6.2-ci bəndində öz əksini tapmış “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” F06.7 diaqnozu iddiaçıya münasibətdə rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmaqdadır. Hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin səbəbinin müəyyən edilməsinə nəzərən hərbi həkim komissiyasının qərarı mövcuddur, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi diaqnoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 2.2-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunubolunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlilik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar