Məhkəmə qərarları › İş №2-1(103)-959/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-959/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-959/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 763 saylı 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600 kv.m. torpaq sahəsindən faktiki istifadəsində olan 485 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Binəqədi RİH başçısının 763 saylı 05.10.2001-ci il tarixli torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamı qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan əlavə, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi JN-11342 saylı şəhadətnamə ilə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq və konfiqurasiya fərqi aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövcuddur və ayrılmış torpaq sahəsi sənəd üzrə 600 kv.m. olsa da, faktiki olaraq 485 kv.m-dir və müvafiq torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, Binəqədi RİH başçısının 05.10.2001-ci il tarixli 763 nömrəli sərəncamından müəyyən edilir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. ölçüdə olan RİH başçısının 13.06.2000-ci il tarixli 795 nömrəli sərəncamı ilə Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi iddiaçının adına keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur; 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında”anununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 8.0.9.1.1-ci maddələrində müəyyən edilən, həmçinin, eyni Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri, yəni Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) biri kimi Binəqədi RİH başçısının 05.10.2001-ci il tarixli 763 nömrəli sərəncamına istinad edir. Lakin qeyd olunan sərəncam belə bir mötəbərliyə malik deyil. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinin 3-cü hissəsinə əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin normanın mənasına görə, 2001-ci il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, adıçəkilən Qanunla 2001-ci il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsi ayırmaq səlahiyyətinin olmadığı imperativ qaydada təsbit edildiyindən, bu qadağan həmin tarixdən əvvəl ayrılmış, lakin hazırkı kazusda olduğu kimi, 01.01.2001-ci ildən sonra başqa şəxsin adına keçirilmiş torpaq sahələrinə də şamil olunur. Çünki, sözügedən normanın təhlili göstərir ki, qanunverici 2001-ci il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarını torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı sərəncamverici səlahiyyətindən məhrum etmişdir. Digər tərəfdən, Binəqədi RİH başçısı 05.10.2001-ci il tarixli 763 nömrəli sərəncamla özünün 13.06.2000-ci il tarixli 795 nömrəli sərəncamında olduğu kimi, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, lakin dövlət qeydiyyatına alınmamış torpaq sahəsini, əvvəlki hüquq sahibinin, yəni Ş.X.Cəfərovun müraciəti əsasında iddiaçının adına keçirilməsinə qərar vermişdir ki, bu fəaliyyət də birbaşa “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin təsirinə düşür. İddia mübahisəli torpaq sahəsində inşa olunan fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması hissədə də əsassızdır. Belə ki, eskiz layihəsi Binəqədi RİH-in başçısı yox, memarı tərəfindən 09.10.2001-ci il tarixdə təsdiq olunan, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikili kimi mübahisəli daşınmaz əmlaka dair: 1. torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; və 2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı cavabdehə və Məhkəməyə təqdim olunmamışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu kontekstdə, məhkəmə kollegiyası bildirir ki, hər hansı şəxsin istifadə hüququnu əldə etməsi yaxud istifadə hüququna malik olmasından söz etmək üçün bu hüquq ilk növbədə qanunun müəyyən etdiyi hallarda və tələb etdiyi qaydada əldə olunmalıdır. Bu mənada, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin “Torpaq sahəsi üzərində istifadə hüququ” adlanan 50-ci maddəsinin birinci bəndinə görə, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinə görə isə, 1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. AR Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə isə, “Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.” Sadalanan normaların işə tətbiqi göstərir ki, mübahisəli torpaq sahəsi iddiaçıya verilərkən torpaqayırma və yerquruluşu işlərinin aparılması qaydalarına da əməl olunmamışdır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericilikə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə əsasları eyni olan 08.01.2020-ci il tarixli **********55 nömrəli imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin bu qərarla müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qərarında iş üzrə müəyyən edilən faktlar qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiq olunmamış, habelə hüququn tətbiqində səhvə yol verilmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 763 saylı 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600 kv.m. torpaq sahəsindən faktiki istifadəsində olan 485 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələblərinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar