Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-959/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8498/2021 saylı, 22.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə İddiaçı Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozda 1973-cü ildən 05.05.1974- cü ilədək kolxozçu, 1974-cü 05.05 il tarixindən 05.06.1976-cı illəri hərbi xidmətdə, 1976-cı il 05.06 tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən 22.04.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü ildən 05.05.1974-cü ilədək Zaqatala rayonu Yengiyan kəndi “1 may” adına kolxozunda kolxozçu, 1974-cü 05.05 il tarixindən 05.06.1976-cı illəri hərbi xidmətdə, 1976-cı il 05.06 tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci ilədək naxırçı işində işləmişdir. Həmin iş stajı Azəbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivindən 19.04.2021-ci il tarixli 4509 №-li Arxiv arayışı ilə də təsdiq edilir.Həmin arayış da əlavə olunmaqla, nazirlik tabeliyində DSMF-nin Zaqatala Rayon Sahəsinə yaşa görə pensiya təyin olunması üçün müraciət etmişdir. Lakin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona ********** №-li 27 may 2021-ci il tarixli imtina javabı ünvanlayaraq bildirmişdir ki, “1may” adına kolxozunda işlədiyi dövrləri yalnız məhkəmə qərarı ilə təsdiq etdikdən sonra onun pensiya işinə yenidən baxıla bilər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının 1973-1997-ci illərdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən “1 May adına kolxoz”da olan əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmədiyindən filial yaşa görə pensiyasını təyin etməkdən əsaslı olaraq imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8498/2021 saylı, 22.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozunda 1973-cü ildən 29.05.1974-cü ilədək kolxozçu, 29.05.1974-cü il tarixindən 03.06.1976-cı illərdə hərbi xidmət, 03.06.1976-cı il tarixdən 1979-cu ilədək kolxozçu,1980-ci ildən 1983cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüquqların yarandığı yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən 22.04.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuna ziddir. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-jı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stacı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əmək kitabçası təqdim etməmiş, 1973- 1997-ji illərdə 1 «May» adına kolcozda əmək fəaliyyətinə dair əmək kitbaçası qeydləri yoxdur. Onun 29.05.1974-03.06.1976-cı illərdə 2 il 6 gün həqiqi hərbi xidməti vardır. Məhkəmə arxiv arayışına əsasən adam günü iş norması nəzərə alınmaqla, iddiaçının 21 il tam ili digər illər üzrə 2 il 3 ay 13 gün kolxoz stajını müəyyən etmişdir. Lakin iddiaçının 03.06.1976-cı ildə həqiqi hərbi xidmətdən qayıtdığı nəzərə alınaraq onun həmin ildə onun kolxozda 11 ay 4 gün iş stacını götürmək mümkündür. Belə olan halda onun hərbi xidməti də nəzərə alınmaqla ümumilikdə 24 il 11 ay 8 gün sığorta stacı mövjud olur. Bundan ələavə arxiv arayışı mötəbər sübut hesab olunmadığı üçün həin illər sığorta stacı kimi hesablana bilməz. Bu səbəbdən iddiaçıya pensiya təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Həsənzadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə yazılı formada müraciət ünvanlayaraq, onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının əmək kitbaçası mövcud olmamış, o, arxiv arayışına əsasən cavabdehdən ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Zaqatala Rayon Dövlət Arxivinin 19.04.2021-ci il tarixli, 4509 nömrəli arxiv arayışına əsasən isə müəyyən olunur ki, Zaqatala rayon Yengiyan kəndi “1 may” adına kolxozun şəxsi hesab kitabları yoxlanılarkən iddiaçının 1973-1997-ci illərdə həmin kolxozda işlədiyi dövrdə aşağıdakı kimi əmək günü və pulla ifadə olunan qazanjı olmuşdur:
1. Kolxozçu kimi 180 minimum a/günü norması müqabilində əmək günləri və pul ödənişləri: 1973 - 194 a/ günü, 232,41 «rubl» pul ödənişi; 1974 - 110 a/günü, 152 «rubl» 1976 - 171 a/günü, 452 «rubl» 1977 - 256 a/günü,656 «rubl» 1978 - 235 a/günü , 597,38 «rubl» 1979 - 245 a/günü, 380,64 «rubl»
2. Traktorist kimi 220 minimum a/günü norması müqabilində əmək günləri və pul ödənişləri: 1980- 174 a/günü, 463 «rubl» 1981 - 256 a/günü, 664 «rubl» 1982 - 232 a/günü, 603 “rubl” 1983 – 234 a/günü, 614 “rubl”.
3. Naxırçı kimi 200 minimum a/günü norması müqabilində əmək günləri və pul ödənişləri: 1984 – 365 a/günü, 1420 “rubl” 1985 - 364 a/günü , 2522 “rubl” 1986 – 365 a/günü, 3373 “rubl” 1987 – 292 a/günü, 2567 “rubl” 1988 - 347 a/günü, 1595 “rubl” 1989 – 285 a/günü 1562 “rubl” 1990 – 318 a/günü 1466 “rubl” 1991 – 291 a/günü 1833 “rubl” 992 - 365 a/günü 21847 “rubr” 1993 - 274 a/günü 33059 “rubl” 1994 – 246 a/günü 29060 “rubl” 1995 – 236 a/günü, 375700 “rubl” 1996 - 309 a/günü 431920 “rubl” 1997 – 289 a/günü 407440 “rubl”
İddiaçının adıçəkilən kolxozda işlədiyi dövr üzrə stajından göründüyü kimi, o, yalnız 1974, 1976 və 1980-cı illərdə illik minimum a/günü normasını yerinə yetirməmişdir. Onun iş materiallarında olan hərbi biletinin surətinə əsasən müəyyən olunur ki, 1974-cü və 1976-cı illər üzrə minimum a/günü normasında yaranmış kəsirinin səbəbi 29.05.1974-cü il tarixindən 04.06.1976-cı il tarixinədək (2 il 6 gün) müddətində həqiqi hərbi xidmətdə olması ilə bağlı olmuşdur. Belə olan halda, onun adıçəkilən kolxozda 01.01.1974-cü il tarixindən 29.05.1974 cü il tarixinədək, yəni ordu sıralarına gedənədək olan 5 ay yəni, 150 gün müqabilində 110 a/günü toplaması həqiqətə uyğundur. 04.06.1976-cı il tarixində hərbi xidmətdən tərxis olunuğu nəzərə alındıqda isə həmin ilin iyun -dekabr aylarını əhatə edən 7 ay, yəni 210 gün ərzində 171 a/günü işləməsi də mümkündür. Həmin müddəti ay hesabı ilə iş vaxtına çevrilməsi aparıldıqda isə müəyyən olunur ki, 1974-cü ildə işlədiyi 110 a/gününə görə iş stajı 7 ay 4 gün (110x12):180), 1976-cı ildə işlədiyi 171 a/gününə görə ə hesablanan iş stajı isə 11 ay 4 gün (171x12):180) təşkil edir. Onun 1980-cı ildə həmin kolxozda 174 a/günü işlədiyi günlərin aylara çevrilməsi aparıldıqda isə 09 ay 05 günə (174x12/220=9.49) bərabər olur. Qeyd etmək lazımdır ki, iddiaçının tədqiq olunan arxiv arayışına əsasən 1980-1997ci illər üzrə əmək fəaliyyətinin göstəriciləri həmin arxivdən alınmış staj və şəxsi hesab kitablarında təsbit olunan məlumatlarla da təsdiq olunur (i.v.20-27) Beləliklə də, iddiaçının adıçəkilən kolxozda 21 tam ili, 1974, 1976- və 1980-cı natamam illərdə isə 2 il 3 ay 13 gün (27ay 13 gün), habelə 2 il 4 gün də həqiqi hərbi xidməti nəzərə alınmaqla, ümuilikdə, 25 il 3 ay 13 gün iş stajı yaranmış olur ki, həmin iş stajı da o, 2006-cı ilədək olan dövrdə toplamışdır. Həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, 26.09.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: “- əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3).” Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının olmaması əsası ilə və onun təqdim etdiyi arxiv arayışına əsasən əmək pensiyası təyin olunmasının mümkünsüz olmasını, digər tərəfdən isə tədqiq olunan arxiv arayışı üzrə onun 1974, 1976 və 1980-cı illərin a/günü işləməsi mübahisələndirilərək onun sığorta stajının 25 ildən az olması əsası ilə ona yaşa görə pensiya təyin olunmasından imtina edilməsi əsassızdır, onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlara maddi və prosessual hüquq normalarına hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanuna zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8498/2021 saylı, 22.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8498/2021 saylı, 22.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Mirzə Tağızadə
Elmira Nağıyeva