Məhkəmə qərarları › İş №2-1(103)-959/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-959/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-959/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6640/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1976-cı il təvəllüdlüdür. Elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya 29 dekabr 2015-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, 01 aprel 2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi-diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir barədə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspert Komissiyasının **********4 nömrəli 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilməməsi əsası ilə əlilliyin təyinatından imtina edilmişdir. Əlillik altsistemindən görünür ki, iddiaçıda olan xəstəliklər əsas diaqnoz K25- mədə xorası, mədənin prepilorik hissəsinin residivləşən xorası tez-tez baş verən qanaxma ilə, ağırlaşmalar D50.0- Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, posthemmorrogik anemiya orta ağır forma, K31.5- Onikibarmaq bağırsaq keçməməzliyi, Piloroduciodenal stenoz İİ dərəcə, yanakı xəstəliklər F48- Digər neqativ pozğunluqlar, somatik mənşəli asteno nevroz, Y86.8, Mədəaltı vəzinin digər dəqiqləşdirilmiş xəstəlikləri, xroniki residivləşən pankreatik orta ağır forma ilə bağlı olmuşdur. Bu imtinadan narazı qalan İddiaçı əllilik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqana yenidən müraciətlər etmiş, cavabdehin 29 dekabr 2022-ci il tarixli məktubu ilə onun müraciətlərinə münasinətdə bildirilmişdir ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia və onun dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, ona əlillliyin təyinindən imtina barədə 11 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsini, eləcə də 06 oktyabr 2022-ci il tarixli qərarın ona əlilliyin təyin edilməsindən imtina hissəsində ləğv edilməsini, 01 aprel (29 mart) 2022-ci il tarixli 0120003AAG49 göndəriş əsasında ikinci qrup əlilliyinin dayandırıldığı 29 dekabr 2021-ci il tarixdən təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildə Qala qəsəbəsi X12 Mərkəzinə kursant qismində qəbul olunmuş, həmin məktəbi 1997-ci ildə zabit qismində təyyarəçi-şturman ixtisası üzrə bitirmişdir. Hərbi Məktəbi bitirdikdən sonra hərbi xidmətə N nömrəli hərbi hissədə vertalyot eskadriyasında şturman vəzifəsində başlamışdır. Hərbi xidmətdə olarkən 2014-cü ildə mədə-bağırsaq sistemində ağrılar yaranmış, getdikcə həmin ağrılar şiddətlənməyə başlamışdır. Sağlamlığında yaranmış ağrılar nəticəsində ixtisaslı müayinə və müalicə olunmağı üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilmişdir. Hospitalda müalicə aldıqdan sonra Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 458 nömrəli qərarı ilə ona “Xroniki qastroduonit, remissiya mərhələsində”, “Xronikier eroziyalı qastroduonit kəskinləşmə mərhələsində” diaqnozu təyin edilmişdir. Həmin qərarda qeyd edilən xəstəliyin hərbi xidmət dövründə alındığı bildirilmişdir. Həqiqi hərbi xidmətdə ehtiyyata buraxıldıqdan sonra xx.xx.2015-cü ildə Dövlət Tibbi-Sosisal Ekspertiza və Reabilita Agentliyinin Bakı şəhərində yerləşən tibbi-sosial ekspert komissiyası tərəfindən müayinə edilməyi nəticəsində ona “Mədə xorası, tez-tez kəskinləşmələrlə, mədə-bağırsaq qanaxması, xroniki xolesistif’ diaqnoz təyin edilərək ona 2-ci dərəcəli əlillik verilmişdir. Əlilliliyin verilmə müddətləri bitdikcə vaxtaşırı olaraq tibbi-sosial ekspert komissiyası tərəfindən təkrar müayinədən keçərək xx.xx.2022-ci il tarixədək ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci ildə tibbi-sosial ekspert komissiyası tərəfindən müayinə edilən zaman xəstəliyi barəsində yuxarıda qeyd edilən diaqnoz təsdiqlənsə də ona müvafiq əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə xx.xx.2023- ci il tarixdə məktub təqdim edilmişdir. Sonuncu dəfə tibbi-sosial ekspert komissiyasına getməmişdən əvvəl xəstəliyi ilə əlaqədar Bakı şəhəri, X6 vərəm şöbəsində müayinə olunarkən ona “Mədə xorası” diaqnozi yenidən qoyulmuş və xəstəxanadan tibbi-sosial ekspert komissiyasına təqdim edilən göndərişdə və tibbi sənədlərdə həmin diaqnoz qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 3.2.4.1-ci bəndinin tələbinə görə mədə xorası xəstəliyi üzrə orqnizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə müvafiq əlillik təyin edilir. Beləliklə məlum olur ki, xəstəliyi (mədə xorası) ilə əlaqədar müaviq əlilliyin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulsa da Dövlət Tibbi-Sosisal Ekspertiza və Reabilitasiya Agentliyi ona qanunsuz və əsassız imtina məktubu təqdim etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya 25 dekabr 2015-ci il tarixdən qida borusu, mədə və onikbarmaq xəstəlikləri, mədə xorası və əlaqəli xəstəliklər diaqnozu ilə əlillik təyin edilmiş, 01 aprel 2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Əyani müayinə nəticəsində də həmin hallar müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6640/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı əlillliyin təyinindən imtina barədə 11 aprel 2022-ci il tarixli cavabdehin qərarının ləğv edilməsi, cavabdehin 06 oktyabr 2022-ci il tarixli qərarının iddiaçıya əlilliyin təyin edilməsindən imtina hissəsində ləğv edilməsi və Bakı Xəzər Tibb Mərkəzinin 01 aprel (29 mart) 2022-ci il tarixli 0120003AAG49 göndəriş əsasında ikinci qrup əlilliyin dayandırıldığı 29 dekabr 2021-ci il tarixdən iddiaçıya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və X1: XVİİİ Sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları => R83-R89 - Diaqnoz olmadığı halda, digər...; Diaqnozun mətni: Mədə xorası,tez-tez kəskinləşmələrlə; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə imtina verilmişdir. 26 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: MƏDƏ XORASİ. TEZ-TEZ KƏSKİNLƏŞMƏLƏRLƏ- QANAYAN.SAMOTOGEN MƏNŞƏLİ A.N.SXR. PANKREATİT. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: MƏDƏ XORASİ. TEZ-TEZ KƏSKİNLƏŞMƏLƏRLƏ- QANAYAN.SAMOTOGEN MƏNŞƏLİ A.N.S XR. PANKREATİT.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mədə xorası; Diaqnozun mətni: Mədə xorası, tez-tez kəskinləşmələrlə.Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması, tez-tez somatoqen mənşəlli.Digər neqativ pozuntular.Xroniki xolesistit.Qastrit və duodenit.Digər xroniki pankreatitlər.Xroniki miringit, sol terefli quru mezotimpanit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası.; Diaqnozun mətni: Mədə xorası, tez-tez kəskinləşmələrlə.Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması, tez-tez somatoqen mənşəlli.Digər neqativ pozuntular.Xroniki xolesistit.Qastrit və duodenit.Digər xroniki pankreatitlər.Xroniki miringit, sol terefli quru mezotimpanit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: Mədə xorası, Mədənin prepilorik hissəsinin residivləyən xorası tez-tez baş verən qanaxma ilə. Digər neqativ pozğunluqlar, Somatik mənşəli asteno nevroz. Mədəaltı vəzinin digər dəqiqləşdirilmiş xəstəlikləri, Xroniki residivləşən pankreatit orta ağır forma. Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 06 oktyabr 2022-ci il tarixli qərara əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 458 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Soltərəfli xroniki adheziv orta otit, quru perforasiya, soltərəfli konduktiv aqıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 m, saq qulaqda 6 m məsafədən eşitməsi ilə. Xroniki qastroduodenit, remissiya mərhələsində. Xroniki eroziyalı qastroduodenit, kəskinləşmə mərhələsində. Sol tərəfli xroniki adheziv orta otit (quru perforasiya) nəticəsində konduktiv aqıreşitmə, sol qulaqda 3 m, saq qulaqda 6 m məsafədən eşitməsi ilə. Keçirilmiş sol ağciyərin aşaqı payının kəskin ocaqlı pnevmoniyasından sonrakı fibroz dəyişiklik şəklində qalıq əlamətləri, xarici tənəffüs funksiyasının pozulmaması ilə. Vegetativ damar distoniyası. Sol tərəfli xroniki adheziv orta otit, quru perforasiya, konduktiv aqıreşitmə, sol qulaqda pıçıltı nitqinin 2 m, saq qulaqda 6 m məsafədən eşitməsi ilə. Xroniki qastroduodenit natamam remissiya mərhələsində. Onurğa sütununun döş nahiyəsinin təsbit olunmuş birinci mərhələ (5°) skoliozu “diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı mədə ağrısı və iştahsızlıqdan şikayətlənmişdir. Baxış zamanı boyu 169 sm, çəkisi 58 kq, BKİ 20.35 müəyyən edilmiş, dili nəm, dəri və selikli qişaları təmiz olmuşdur. Auskultasiyada vezikuİyar tənəffüs eşidilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıda Bakı Xəzər Tibbi Mərkəzi tərəfindən tərtib edilmiş göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklər müşahidə edilir. Forma 88-də olan diaqnozla XBT-10 kodu ilə yazılmış diaqnozlar arasında elə bir əsaslı fərq yoxdur. Ümumən eynidir. Yalnız Forma 088 göndərişində “xroniki meningit, sol tərəfli quru mezotimpanit” göstərilməmişdir. İddiaçıya ilkin təyinat zamanı olan xəstəliklə son göndərişdə qeyd edilən xəstəlik eyni olub, mədənin prepilorik hissəsinin residivləşən xorası tez-tez baş verən qanaxma ilə” xəstəliyidir. Nəzərə alınmalıdır ki, ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları, eləcə də yanakı xəstəliklər kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə ikinci dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə (2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25- K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9) həmin xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas verən xəstəlik hesab edilmişdir. Cavabdeh isə, istər həmin xəstəliklərin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının 29 dekabr 2015-ci il tarixdən əlilliyinin təyinatına əsas olan məhz həmin xəstəliklərin hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyətinə gəldikdə isə hazırki işin hallarından görünür ki, iddiaçıya 29 dekabr 2015-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. 01 aprel 2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi-diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir barədə imtina verilmişdir. Cavabdehin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə dananamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilməməsi əsası ilə əlilliyin təyinatından imtina edilmişdir. Əlilliyin yenidən qiymətləndirilməsi barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə münasibətdə diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əlilliyin təyinindən əyani müayinə nəticəsində imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana göndəriş göndərilərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə aparılmasına və göstərilən bu halın isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərin məhz həmin Qaydaların qüvvədə olduğu dövrdə yarandığından iddiaçıya münasibətdə qiymətləndirmənin də məhz həmin Qaydalara uyğun həyata keçirilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 29 dekabr 2015-ci il tarixdən ikinci qrup əlillik təyin edilmiş və 06 oktyabr 2022-ci il tarixli qərarla anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilməməsi əsası ilə əlilliyin təyinatından imtina edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən təyin olunan məhkəmə-tibbi ekpertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 verdiyi 25 iyul 2023-cü il tarixli T457/2023 saylı ekspert rəyində bildirilmişdir ki, iddiaçıda Bakı Xəzər Tibbi Mərkəzi tərəfindən tərtib edilmiş göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklər müşahidə edilir. Forma 88-də olan diaqnozla XBT-10 kodu ilə yazılmış diaqnozlar arasında elə bir əsaslı fərq yoxdur. Ümumən eynidir. Yalnız Forma 088 göndərişində “xroniki meningit, sol tərəfli quru mezotimpanit” göstərilməmişdir. İddiaçıya ilkin təyinat zamanı olan xəstəliklə son göndərişdə qeyd edilən xəstəlik eyni olub, mədənin prepilorik hissəsinin residivləşən xorası tez-tez baş verən qanaxma ilə” xəstəliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X8 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının əlillik təyin olunması ilə bağlı cavabdeh orqana göndərişi göndərilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin qüvvədə olduğuna istinad edərək hesab etmişdir ki, qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilmiş göndərişdə iddiaçının diaqnozları aşağıdakı kimi qeyd olunmuşdur: Əsas diaqnoz: K25- mədə xorası, mədənin prepilorik hissəsinin residivləyən xorası tez-tez baş verən qanaxma ilə; Ağırlaşmalar: D50.0- Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, posthemmorrogik anemiya orta ağır forma, K31.5.- onikibarmaq bağırsaq keçməməzliyi, Piloroduodental stenoz İİ dərəcə, Yanakı xəstəlikləri: F48- digər neqativ pozğunluqlar, somatik mənşəli asteno nevroz, Y86.8, Mədəaltı vəzinin digər dəqiqləşdirilmiş xəstəlikləri, xroniki residivləşən pankreatik orta ağır forma ilə bağlı olmuşdur. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli göndərişdə qeyd olunan diaqnozlar işə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş ekspertizanın nəticəsində verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə (2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9) həmin xəstəliklərin ikinci dərəcə əlilliyin təyini üçün əsas verən xəstəliklər hesab olunduğunu və hazırda da iddiaçıda həmin xəstəliklərin davam etdiyini, bu barədə sonuncu ekspert rəyinin mövcudluğunu nəzərə alaraq haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Hazırki işdə iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqan mövcud inzibati praktikasına və məhkəmə təcrübəsinə əsasən eyni diaqnoz əsasında iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən İİ dərəcə əlilliyi təyin etməyə borclu idi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum yuxarıda göstərilənləri nəzərə almadan əsassız olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları qəbul etdiyi üçün həmin qərarlar iddiaçıya münasibətdə ləğv edilməli və iddiaçıya İİ qrup əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən əlillik təyin etmək öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-6640/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6640/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar