Məhkəmə qərarları › İş №2-1(103)-96/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-96/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-96/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) «yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi» tələbinə dair inzibati iş üzrə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı 2019-cu il 17 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş pensiyanın düzgün hesablanması üçün orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanaraq (yəni, müalicə pulu, məzuniyyət pulu, pul mükafatları məbləği, Qarabağ müharibəsində iştiraka görə 55 manat haqq, o cümlədən, baş təhqiqatçı vəzifəsinin bu günə olan vəzifə maaşına uyğun məvacibin baza hissəsinin üzərinə gəlib yenidən hesablanması, o cümlədən 2013-cü ildən bu günə nəzərə alınmamış artımların da nəzərə alınmaqla) məlumat vərəqəsinin yenidən tərtib edilməsi və həmin məlumat vərəqəsinin əmək pensiyasının düzgün məbləğdə təyin edilməsi məqsədilə DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir müddət öncə iddiaçı təyin olunmuş pensiya məbləğinin hesablanma qaydası və məbləğinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədilə DSMF-yə rəsmi müraciət etmişdir. Həmin qurumdan məsələ ilə bağlı 19.06.2017-ci il tarixli 03/89/01-316 saylı arayışla cavab verilmişdir. Arayışdan bəlli olur ki, ona qulluq etdiyi baş təhqiqatçı maaşı 327 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 50% əlavə 228,50 manat, məharət dərəcəsinə görə 35% əlavə 114,45 manat və ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat olmaqla, təminat xərcliyi 863,95 manat təşkil edir və 40 il xidmətinə görə təminat xərcliyini 100% həcmdə, yəni 863,95 manat almaq hüququna malikdir. Lakin ona hesablanmış pensiyanın məbləği düzgün deyil, bununla da onun sosial təminat hüququ ciddi şəkildə pozulur. Belə ki, onun barəsində tərtib edilən məlumat vərəqəsində qanunla qeyd edilməsi nəzərdə tutulan bir sıra əlavələr edilməmişdir. Ona görə də yeni məlumat vərəqəsi tərtib edilməlidir. Digər bir məqam isə, pensiya təyinatı üçün orta aylıq əmək haqqının düzgün formalaşması ilə birbaşa əlaqədardır. Belə ki, “Pensiyaların hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi” Qaydasına görə orta aylıq əmək haqqı 12 ay ərzindəki və ya ... gəlirə görə hesablanmalıdır. Yəni 12 ay ərzində onun aldığı gəlir tam həcmdə nəzərə alınmadığından, orta aylıq əmək haqqı məbləği düzgün formalaşdırılmayıb. Orta aylıq əmək haqqı məbləği isə məlumat vərəqəsinin 14-cü bəndi üzrə pul təminatı - təminat xərcliyi məbləğinin düzgün hesablanmaması ilə nəticələnmişdir. Belə ki, orta əmək haqqına 2 aylıq müəlicə pulu, 2 əmək haqqı qədər məzuniyyət müavinəti, aldığı 4 aylıq pul mükafatları məbləği, qulluq dövründə müharibə iştirakçısı kimi ona ödənilən 32 manat (hazırda 55 manat) haqq nəzərə alınmamışdır. Bundan başqa, 2013-cü ildən sonra baş təhqiqatçının vəzifə maaşında olan artım da ona tətbiq edilməmiş və yekun etibarı ilə onun hüququ pozulmuşdur. Onun məlumat vərəqəsində qanunla nəzərdə tutulan digər əlavələr və artımlar nədənsə nəzərə alınmamışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununun 14-cü maddəsində qeyd edilir ki, 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə (xidmət illərinə görə) pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150% məbləğində təyin edilir. Halbuki, ona 100%-lə verilir. Həmin Qanunun 15-ci maddəsində xidmət illərinə görə pensiyaya əlavələr nəzərdə tutulur və müharibə iştirakçılarının bu cür əlavə almağa hüququnun olması da əks olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2084/2019 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, iddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov RPİ 17-ci polis bölməsinin baş təhqiqatçısı vəzifəsindən polis mayoru rütbəsi ilə yaşa görə 28.01.2013-cü il tarixdən X2n xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 35 il 25 gün, imtiyazlı hesablama ilə 40 il 5 ay 25 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən pensiya almaq hüququ olan 40 il xidmət illəri nəzərə alınaraq, müvafiq təminat xərcliyinin 100 faizi hesabı ilə iddiaçıya pensiya təyin edilmişdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə (təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən hazırda polis əməkdaşlarına pensiya əməkdaşın xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyindən hesablanır. Bunu nəzərə alaraq, xidmət etdiyi sonuncu baş təhqiqatçı vəzifəsinin təminat xərcliyi pensiya hesablanmasında əsas götürülmüşdür. İddia ərizəsində qeyd etdiyi müalicə pulu, məzuniyyət pulu, pul mükafatları məbləğinin pensiya təminatını əks etdirən məlumat vərəqinə əlavə edilməsi qanunla nəzərdə tutulmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2020-ci il tarixli 21(103)-1074/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, “İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımların nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, eyni hissədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 49/2021 saylı, 27.01.2021-ci il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2020ci il tarixli 21(103)-1074/2020 nömrəli qərarının “İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımların nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” hissəsində ləğv edilməsi və bu iddianın təmin edilməməsinə aid hissədə ləğv edilməsi, işin əmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmış, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.” Apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması, ilk növbədə iddiaçıya məzuniyyətə çıxarkən, müalicə olunması, habelə mükafat pullarının verilib-verilməməsini, verilmişdirsə həmin ödənişlərdən sosial sığorta haqqının tutulub-tutulmamasının araşdırılmasını tələb edirdi. Lakin iddiaçıya həmin məbləğlərin ödənilməsi araşdırılmamışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya barəsində verilmiş məlumat vərəqində göstərilmiş təminat xərcliyinə uyğun olaraq 758 manat pensiya təyin olunmuşdur. İddiaçı ona 863 manat pensiya ödənildiyini bildirir. Cavabdeh isə iddiaçıya 919 manat pensiya ödənildiyini bəyan edir. İş materiallrından bu fərqin nəyin əsasında yaranması müəyyən edilmir. Pensiyanın növü, hesablanması qaydaları və bu zaman əsas kimi istinad olunmuş sübutlar pensiya işində toplanır. Ona görə də pensiya məbləğinin yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi, əlavələrin hesablanması və digər predmetli mübahisələrə baxılarkən, iddiaçının irəli sürdüyü tələbin və cavabdeh tərəfin etirazlarının pensiya işində olan sənədlərlə müqayisəli şəkildə araşdırılması zəruridir. Lakin iddiaçının pensiya işi tələb olunub işə əlavə edilməmişdir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Növbəti apellyasiya baxışı zamanı məhkəmənin 19.01.2022-ci il tarixli, 2-1(103)- 96/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin yenidən tərtib edilməsi və göndərilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən üçüncü şəxsin nümyəndəsi iş materiallarına uyğun izahat verərək 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır. İddiaçı 1978-2013-cü illərdə X2 xidmət etmiş, 28.01.2013-cü il tarixdə ehtiyata buraxılmış, DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinin 07.03.2013-cü il tarixli 13/386 saylı qərarı ilə ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmuşdur. Pensiya təyin edilərkən onun barəsində verilmiş məlumat vərəqində təqvim xidməti illəri 35 il 25 gün, güzəştli xidmət dövrü 5 il 5 ay olmaqla – cəmi 40 il 5 ay 25 gün xidmət dövrü göstərilmişdir. Həmçinin ona vəzifə maaşı 270 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 200 manat, ərzaq payı əvəzində kompensasiya 64 manat, məharət dərəcəsinə görə 97,50 manat olmaqla 758,5 manat təminat xərcliyi hesablanmışdır. İddiaçı DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə pensiya məbləğinin artırılması barədə müraciət etmişdir. İdarə iddiaçıya 19.10.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, təminat xərcliyi barədə məlumat vərəqi onun xidmət etdiyi orqan tərəfindən göndərilməlidir. Onun pensiya məbləğinin yenidən hesablanması məsələsinə, məlumat vərəqi daxil olduqdan sonra baxıla bilər. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.3, 1.0.5-ci maddələrini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2.0.4, 2.0.6, 24.1-ci maddələrini, “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 9, 148-ci bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları»nın 1, 2, 3, 4-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş Qaydalara əlavədə “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi”nin forması müəyyən edilmişdir. Həmin əlavədə “məlumat vərəqəsi”nin 14-cü “Pul təminatı (təminat xərcliyi)” bəndinin yarımbəndlərində “rütbə maaşı”, “xidmət illərinə görə əlavə”, “ərzaq payı” ilə yanaşı “digər növ əlavələr” adı ilə bir neçə yarımbənd də nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli 29-3 nömrəli qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 avqust 1997-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmış) “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi Qaydaları”nın İ bəndində qeyd olunmuşdur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan OAƏ aşağıdakı hallardan biri üzrə hesablana bilər: İ. Bir təqvim ilinin bütün 12 ayı ərzindəki gəlirə görə; . . . Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir, 13-cü bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının barəsində təminat xərcliyi hesablanarkən onun orta aylıq əmək haqqı tutduğu vəzifənin xidmətdən buraxıldığı günə vəzifə maaşı, müalicə pulu, mükafatların məbləği, habelə sonrakı artımlar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 22.12.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın (bundan sonra Qaydalar): 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə görə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qeyd olunanlara əsasən müəyyən olunur ki, bu qanunvericik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə aldıqları pul təminatından xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir və iddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində və Qaydaların 2-ci bəndində nəzərdə tutulduğu kimi 18.02.2013-cü il tarixli məlumat vərəqi tərtib edilərkən aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və vəzifə maaşından hesablanan digər əlavə kimi məharət dərəcəsi də nəzərə alınmışdır. Başqa sözlə, müalicə pulu, məzuniyyət pulu və pul mükafatları vəzifə maaşından hesablanan digər əlavələr olmadığından, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə məlumat vərəqi tərtib edilərkən nəzərə alına bilməz. Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında” Əsasnamənin 88-ci (Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir) və 97-ci (Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir) maddələrindən də məlum olur ki, sözügedən ödənişlər əməkhaqqı üzərindən hesablanır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15.05.2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.” Növbəti apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq iddiaçının pensiya işinin məhkəməyə təqdim olunması xahiş olumuşdur. İddiaçının pensiya işi məhkəməyə təqdim olunmuşdur. Pensiya işinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya 29.01.2013-cü ildə 758,50 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 01.09.2013-cü ildən 31.01.2016-cı ilədək 808,45 manat pensiya təyin edilmişdir. 01.02.206-cı ildən iddiaçıya 863,95 manat pensiya təyin edilmişdir. Daha sonra məhkəmə kollegiyası tərəfindən 01.07.2021-ci ildə AR Daxili İşlər Nazirliyinə 2-1(103)-1256/2021 nömrəli sorğu ünvanlanaraq iddiaçının işlədiyi dövr ərzində məzuniyyətə çıxarkən, müalicə olunması, habelə, mükafat pullarının verilib-verilməməsi, verilmişsə, həmin ödənişlərdən sosial sığorta haqqının tutulub-tutulmaması barədə məlumatın məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Maliyyə-Plan idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26.07.2021-ci il tarixli, 027-3341-1221 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 25 noyabr tarixli 185 nömrəli qərarına uyğun olaraq, daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən, həmçinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinətinin ödənilməsi Qərar qüvvəyə mindiyi tarixdən nəzərdə tutulduğundan İddiaçı 2005-2013-cü illər ərzində məzuniyyətə çıxarkən hər il üzrə bir aylıq əmək haqqı məbləğində pul müavinəti ödənilmişdir. Eyni zamanda, İddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydasf’na əsasən DİO əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin ödənilməsi əməkdaş müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əlavə olunmaqla orqan rəhbərinə raportla müraciət etdikdən və orqanda yaradılmış müvafiq komissiya tərəfindən baxılaraq rəy təqdim edildikdən sonra həyata keçirilirdi. İddiaçı 2010-cu, 2011-ci və 2013-cü illərdə təqdim etdiyi sənədlər əsasında müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilmişdir. İddiaçı orqan rəhbərliyinin müvafiq əmrlərinə əsasən 1980-ci, 1982-ci, 1994-cü və 2008-ci illərdə pul mükafatları ödənilmişdir. Yuxarıda göstərilən müavinət və pul mükafatları qanunvericiliyə uyğun olaraq məcburi sosial sığorta haqlarına cəlb edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən 19.01.2022-ci il tarixdə AR Daxili İşlər Nazirliyinə 2-1(103)-96/2022 nömrəli sorğu ünvanlanaraq İddiaçı xidmət etdiyi illər üzrə ona ödənilən gəlirlərinin növlərindən (əmək haqqı, mükafat, əmək haqqına əlavələr və s.) sosial sığorta ayırmalarının aparılıb aparılmadığına dair məlumatları özündə əks etdirən maliyyə mühasbatlıq sənədlərinin (hesabatlar və s.) növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Maliyyə-Plan idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.02.2022-ci il tarixli, 027-452-1222 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 25 noyabr tarixli 185 nömrəli qərarına uyğun olaraq, daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən, həmçinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinətinin ödənilməsi Qərar qüvvəyə mindiyi tarixdən nəzərdə tutulduğundan F.lbişova 2005-2013-cü illər ərzində məzuniyyətə çıxarkən hər il üzrə bir aylıq əmək haqqı məbləğində pul müavinəti ödənilmişdir. Eyni zamanda, F. İbişov xidmət etdiyi dövrdə qüvvədə olmuş “Daxili işlər orqanları əməkdaşlarına pul müavinətinin verilməsi Qaydasf’na əsasən DİO əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin ödənilməsi əməkdaş müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əlavə olunmaqla orqan rəhbərinə raportla müraciət etdikdən və orqanda yaradılmış müvafiq komissiya tərəfindən baxılaraq rəy təqdim edildikdən sonra həyata keçirilirdi. F.lbişova 2010-cu, 2011-ci və 2013-cü illərdə təqdim etdiyi sənədlər əsasında müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilmişdir. F.lbişova orqan rəhbərliyinin müvafiq əmrlərinə əsasən 1980-ci, 1982-ci, 1994-cü və 2008-ci illərdə pul mükafatları ödənilmişdir. Həmçinin, qeyd olunmuşdur ki, “Sosial sığorta” haqqında qanunun həmin tarixə qüvvədə olmuş redaksiyasına əsasən 01 yanvar 2019-cu il tarixədək hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər (yuxarıda qeyd olunan müavinət və pul mükafatları) məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməmişdir. Növbəti apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, iddiaçı pensiyasına hesablanmasını tələb etdiyi ödənişləri işlədiyi dövrdə alsa da, həmin ödənişlər məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin olunmuş hissəsində də rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, 29.11.2019-cu il tarixli qərarı qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması hissəsində iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar