Məhkəmə qərarları › İş №2-1(103)-960/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-960/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-960/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “ona dövlət tərəfindən ayrılmış kommunal xidmət haqları ödənişinin cavabdeh orqan tərəfindən ödəniş illəri göstərilməklə hara ödənilməsi barədə arayışın verilməsi”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmovadan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “ona dövlət tərəfindən ayrılmış kommunal xidmət haqları ödənişinin cavabdeh orqan tərəfindən ödəniş illəri göstərilməklə hara ödənilməsi barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3650/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X2 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Suraxanı rayonunda məskunlaşmışdır. Oğlunun evi dar olduğu, həm də oglu İİ qrup əlil olduğu üçün orada yaşaya bilməmişdir. Belə ki, o, 2009-cu ilə qədər Suraxanı rayonunda yaşadığı kommunal güzəştlərdən də orada istifadə etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ilin iyun ayından Bakı şəhəri Suraxanı rayonundan qeydiyyatdan çıxmışdır. 2009-cu ilin iyun ayında da Nəsimi rayon Qaçqın və Məcburi Köçkünlər şöbəsində kommunal kartı ilə qeydiyyata durmuş və bütün kommunallar Nəsimi rayonundan ödənilmişdir. Lakin köçürülmə vaxtı Köçürülmə komisiyasının sədri Elman İsmayilov tərəfindən onun adına Suraxanı rayonunda 4042/60 ev 3, mənzil 8-də kommunal haqlarının ödənildiyi bildirilmişdir. Onun kommunal kartı Bakı şəhəri Nəsimi rayonundadır və bütün kommunal haqları Nəsimi rayonundan ödənilmişdir. Hesab edir ki, ona dövlət tərəfindən ayrılmış kommunal xidmət haqları ödənişinin cavabdeh orqan tərəfindən ödəniş illəri göstərilməklə hara ödənilməsi barədə arayışı cavabdeh inzibati orqan verməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının iddiası tam əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar Komitəyə rəsmi müraciət daxil olmamış və müraciət daxil olmadığı üçün iddia tələbi ilə bağlı Komitə tərəfindən heç bir qərar qəbul edilməmişdir. Halbuki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li Qərarının 9-cu maddəsi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3650/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı 2010-cu ildən 2016-cı ilə qədər ona dövlət tərəfindən ayrılan kommunal xidmət haqları (işıq, su, qaz) üçün ödənişlərin cavabdeh tərəfindən hara ödənilməsi barədə illər üzrə göstərilməklə məlumatın (arayışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3650/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qərarı əsassız hesab edilir. Belə ki, İddiaçı “2010-cu ildən “kommunalın hara ödənilməsi barədə arayış verilməsi” tələbi ilə bağlı Komitəyə rəsmi müraciəti daxil olmamışdır. İşə mahiyyəti üzrə baxıldığı zaman iddiaçı Nuriyeva X6 müraciət etmiş və xx.xx.2019-cu il tarixli 01/16237 nömrəli məktubla cavab verilərək ona bildirilmişdir ki, xidmət təşkilatları tərəfindən Komitəyə təqdim olunmuş siyahılara əsasən İddiaçı dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəşt limitlərini 2014-cu ilə qədər ünvan 3 mənzil 8 ünvanında istifadə etmişdir. Komitə tərəfindən həmin müraciətə cavab verilərək məhkəmə prosesi zamanı iddiaçıya təqdim edilmişdir. Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərə görə haqqın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 nömrəli 2002-ci il 22 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasi” ilə tənzimlənmişdir. Həmin Qaydanın tələblərinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidməti təşkilatları (elektirik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon nümayəndələri ilə birlikdə faktiki istehlaçkıların siyahısını onların istifadə etdikləri xidmət növləri göstərilməklə, hər bir işğal olunmuş rayon üzrə ayri-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edilir. Həmin siyahılar rübdə bir dəfə dəqiqləşdirilərək hər il məcburi köçkünlərin məskunlaşdıqları rayon İcra Hakimiyyətlərinin Başçıları tərəfindən təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətə uyğun olaraq məbləğ müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və həmin vəsaitlərin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilirdi. Komitə tərəfindən məcburi köçkünlərə kommunal xidmətlərlə bağlı heç bir vəsait ödənilmir. Komitə yalnız təqdim olunmuş siyahıya uyğun olaraq ümumi məbləği müəyyələşdirir, vəsaitin xidməti təşkilatlara ödənilməsi məqsədilə Maliyyə Nazirliyinə təqdim edir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xidmət təşkilatları tərəfindən Komitəyə təqdim olunmuş siyahılara əsasən İddiaçı dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəşt limitlərini 2014-cu ilə qədər ünvan 3 mənzil 8 ünvanında istifadə etmişdir. İddiaçı Nəsimi rayonuna 2009-cu ildə qeydiyyata düşmüş, lakin kommunal xidmətlər üzrə güzəştlərdən Azərbaycan Dövlət Neft Akademiyasının 4 saylı yataqxanasında istifadə etməmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin Qaçqın və məcburi köçkünlərlə iş şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cu il tarixli 273 nömrəli arayışda da iddiaçının məcburi köçkün olması göstərilir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla cavabdehin kommunal güzəştlərlə bağlı ödənişlərin hara ödənilməsini vəzifə kimi Komitənin üzərinə qoyulması tamamilə əsassızdır. Belə ki, Komitə tərəfindən kommunal xidmətlərlə bağlı ödənilmə prosesi həyata keçirilməmişdir. Komitə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 nömrəli 2002-ci il 22 yanvar tarixli Qərarına uyğun olaraq icra hakimiyyətləri tərəfindən təsdiq olunmuş siyhılar üzrə ümumi məbləği müəyyənləşdirmiş və ödənişin həyata keçirilməsi üçün həmin siyahıları Maliyyə Nazirliyinə təqdim etmişdir. Maliyyə Nazirliyi də öz növbəsində ödənişləri ümumi siyahı üzrə xidmət təşkilatlarına ödəmişdir. Məhkəmənin qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, qeydiyyat yeri və faktiki yer fərqli oldugu təqdirdə də ödənişlər faktiki yaşanılan yer üzrə aparılır. Həmçinin sözügedən ödənişlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı rəsmi qaydada cavabdeh orqana müraciət etməmiş, yalnız məhkəmə gedişatı zamanı müraciət ünvanlamışdır ki, həmin vaxt da ona cavab verilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etməyərək izahatında bildirmişdi ki, cavabdeh tərəf heç bir sənədə və faktlara əsaslanmadan iddiaçı üçün kommunal xidmətlərin həyata keçirildiyini qeyd edir. Komitə yalnız Nazirlər Kabinetinin 15 saylı xx.xx.2002-ci il tarixli qərarına uyğun olaraq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş siyahı üzrə ümumi məbləğ müəyyən edir. Asya Nuriyeva üçün kommunal ödənişlər Bakı şəhəri, Suraxanı rayonu üzrə aparılmamışdır. Sonda iddiaçının nümayəndəsi (oğlu) apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş materiallarından görünür ki, iddiaçı 2010-cu ildən 2016-cı ilə qədər ona dövlət tərəfindən ayrılan kommunal xidmət haqları (işıq, su, qaz) üçün ödənişlərin cavabdeh tərəfindən hara ödənilməsi barədə illər üzrə göstərilməklə məlumatın (arayışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun və xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın müvafiq maddələrinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qanunun normaları düzgün tətbiq edilsə də, həmin normalar səhv təfsir olunmuşdur. Bu səbəbdən aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. İşə apellyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, iddiaçı Asya Nuriyevanın cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı ya Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində ya da başqa mənzillə təmin olunma barədə iddiası olmuşdur. Bakı şəhəri İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(81)-239/2019 saylı həmin inzibati iş məhkəmə kollegiyası tərəfindən tələb edilmişdir. Qeyd olunan inzibati işin materialları nəzərdən keçirilərkən məlum oldu ki, iddiaçı Asya Nuriyevanın cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı ya Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində ya da başqa mənzillə təmin olunma barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-239/2017 saylı xx xxxxx 2017-ci il tarixli qərarı ilə rədd edilmiş və həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati işə sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən baxılarkən qəbul edilmiş 2-1(102)-2967/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarda qeyd edilmişdir ki, cavabdehin mövqeyinə görə, faktiki köçürülmə zamanı iddiaçı kommunal xərclərdən ünvan 4 ünvanında istifadə etmişdir. Cavabdeh x xxxxx 2019-cu il tarixli məktubunda iddiaçının dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən 2014cü ilə kimi ünvan 5 mənzil 8 ünvanında istifadə etdiyi bildirilmişdir. Məktuba Azərenerji, xxxx və Azəriqazla bağlı ayrı-ayrı illərin məlumatları əlavə edilmişdir. Əlavəyə görə iddiaçı ilə bağlı Azərenerji tərəfindən 2009, 2010, 2011 və 2-13-cü illər üçün, xxxx tərəfindən 2010, 2011, 2012 və 2013-cü illər üçün, Azəriqaz tərəfindən 2009, 2010, 2011, 2012 və 2013-cü illər üçün kommunal xərclər Qaraçuxur 4042/60 ev 3/8 ünvanına köçürülmüşdür. İddiaçı üçün ödənilən kommunal xərclərin Qaraçuxur 4042/60 ev 3/8 ünvanına köçürülməsi onun həmin illərdə qeydiyyatda olduğu yerdə yaşamamasını təsdiq edir. Apellyasiya baxışı zamanı tələb edilmiş 2-1(81)-239/2019 saylı inzibati işin (2-ci cild, səh 33-34) materialları ilə həqiqətən təsdiq olunur ki, cavabdeh inzibati orqanın 02/581 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının ona dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən 2014-cü ilə kimi ünvan 6 mənzil 8 ünvanında istifadə etdiyi Komitə tərəfindən müəyyən edilmişdir. Köçürmə komissiyası tərəfindən Asya Nuriyevanın Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal güzəştlərdən istifadə etməməsi və yaşamaması müəyyən edildiyindən o, mənzillə təmin edilməmişdir. Həmçinin kommunal xidmətlər siyahısından çıxarışla 2009, 2010, 2011, 2012 və 2013cü illər üzrə “Azərenerji”, “xxxx” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı üçün ünvan 6 mənzil 8 ünvanı üzrə kommunal xidmətlərin ödənildiyi təsdiqlənmişdir. Beləliklə, sözügedən inzibati işin materiallarından müəyyən olundu ki, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasının tələbə şəhərciyində faktiki yaşayan məcburi köçkün ailələri Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksinə köçürülmüş, iddiaçı isə faktiki köçürülmə obyektində yaşamadığından yaradılmış Köçürülmə Komissiyası tərəfindən mənzillə təmin olunmamış və onun məcburi köçkün ailələri üçün nəzərdə tutulan kommunal xidmətlərə görə güzəşt limitindən yaşadığı ünvan 7 mənzil 8 ünvanında istifadə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün maddi hüquq normalarına istinad etsə də, həmin normaları səhv təfsir etmişdir. Belə ki, xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 nömrəli 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Həmin Qaydanın 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: elektrik enerjisindən istifadə haqqı – “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyinə; şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı – xidmət idarələrinə, o cümlədən “xxxx” Səhmdar Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə; təbii qaza görə istifadə haqqı – Dövlət Neft Şirkətinə; telefondan istifadə haqqı (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə; digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə – müvafiq xidmət təşkilatlarına. Sözügedən Qaydaların məzmunundan aydın olur ki, qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş kommunal xidmətlərin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aid edilməmişdir. Yəni, qanunvericiliyin normalarına görə, faktiki istehlakçı olan məcburi köçkünlərin siyahısı məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən təsdiq edilərək Komitəyə təqdim olunur, Komitə isə müvafiq maliyyə-mühasibat sənədlərini hazırlayaraq müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Belə olan halda iddiaçı ona dövlət tərəfindən ayrılmış kommunal xidmət haqları ödənişinin cavabdeh orqan tərəfindən ödəniş illəri göstərilməklə hara ödənilməsi barədə məlumatlar Komitədə olmadığı halda bu barədə Komitədən müvafiq məlumatın (arayışın) verilməsini tələb etməkdə haqlı deyil. Buna görə də birinci instansiya məhkəməsinin “iddianın təmin edilməsi” ilə bağlı qəbul etdiyi qərar ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana müraciət etməməsi və buna görə də iddianın mümkün sayılmaması” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdehin özünün də qeyd etdiyi kimi, belə müraciət iddiaçı tərəfindən məhkəməyə qədər olmasa da, məhkəmə icraatı zamanı olmuş və həmin müraciətə də cavabdeh inzibati orqan bir münasibət bildirmişdir. Buna görə də qeyd olunan hal hazırki vəziyyətdə iddianın qeyri-mümkün sayılmasını istisna edir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3650/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3650/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibat Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Şeyda Məhərəmova Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar