Məhkəmə qərarları › İş №2-1(103)-960/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-960/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-960/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X3 qarşı “05.05.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X3 qarşı “05.05.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X2 üzərinə qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.05.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, malların qanunsuz saxlanmasına görə ona dəymiş 66000 manat maddi ziyanın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq ödənilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması səbəbi ilə dövlətə olan inamı sarsdığına görə dəyən mənəvi zərərə görə **********000 avro məbləğinin ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X3 tabeliyində olan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Cavid Bayramovun qanunsuz əməlləri barədə elektron qaydada şikayət ünvanlamış, lakin bu günədək hər hansı qanuni tədbir görülüb, nəticəsi barədə rəsmi cavab verilməmişdir. Adı çəkilən əməkdaş isə hal-hazırda da eyni qanunsuzluğu davam etdirməkdədir. Belə ki, 20.04.2020-ci il tarixdə təhqiqat üçün ona ünvanlanmış materiallar, hər hansı bir təhqiqat hərəkəti aparılmadan bu günədək (17 aydan çox) tərəfindən materiallar saxlanmaqdadır və aidiyyəti üzrə təhvil verilməməkdədir. Bunun nəticəsində maya dəyəri gömrük rüsumları da daxil olmaqla (ƏDV-siz) 42840 manat 78 qəpik, satış qiyməti (ƏDV ilə birlikdə) təxminən 66000 manat olan malları gömrük orqanı tərəfindən təhvil verilməməklə külli miqdarda ziyan dəyməkdədir. Gömrük rüsumları ƏDV də daxil olmaqla tərəflərindən tam şəkildə vaxtı-vaxtında ödənmişdir. Tabeliyində olan əməkdaşın bu qanunsuz hərəkəti barədə sədrə verilmiş şikayət üzrə qanunamüvafiq tədbir görülüb, nəticəsi barədə rəsmi məlumat verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X2 vəzifəsini Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozmasına görə dövlətə olan inamı sarsmışdır, yəni dövlətə olan inam ölmüşdür. Dövlətin maddi nemətlərinin dəyəri təxminən **********000 avro (bu Qarabağın işğalı zamanı və müharibələr zamanı dəymiş ziyanlara görə aparılmış hesablamalara mütənasib hesablama apardıqda alınan miqdardır) təşkil edir. Demək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X7 tərəfindən Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması nəticəsində dəyən mənəvi zərər **********000 avro dəyərindədir. Odur ki, həmin məbləğ də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X1 tutularaq ödənilməlidir ki, ölmüş inamına görə qismən də olsa mənəvi təminatı yerini alsın. İddia ərizəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 15, 25, 26, 31, 57, 68, 71, 80, “Vətəndaşların müraciəti haqqında” Qanunun 3, 6, 7, 12, 16, Vergi Məcəlləsinin 3, 15, 24, 31-ci maddələri ilə əsaslandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, 2- 1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı qismində onun olması qənaətinə gəlməsi tamamilə əsassızdır. O, "xxxx" qanuni təmsilçisidir. "xxxx" MMCnin marağına toxunan bütün hallar eyni zamanda təsisçi olaraq onun da mənafeyinə toxunur. "xxxx" MMC-nə açılan bütün tədqiqatlar eyni zamanda onun da qanuni təmsilçi kimi onun da mənafeyinə toxunur. "xxxx" MMC-yə Dövlət Vergi Xidməti tərəfindən tədqiqat açılmışdı (həmin tədqiqat qanunsuz olduğu üçün məhkəmə tərəfindən ləğv edildi), Bakı Baş Gömrük İdarəsi tərəfindən bu iş üzrə bir dəfə tədqiqata başlanıldı, protokol tərtib edilərək, məhkəməyə göndərildi (həmin tədqiqat üzrə məhkəmə Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilən protokolu qanunsuz elan etdi, yəni biz həmin prosesdə də haqlı tərəf olduq). Bütün bunları sadalamaqda məqsədi odur ki, əgər məhkəmənin gəldiyi qənaəti haqlı sayılsa, onda "xxxx" MMC-nə aid işlərə görə niyə tədqiqatlar məhz mənə açılırdı? Hər iki halda Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qərarları mövcuddur. Göründüyü kimi, məhkəmə bu halda onun ola bilməyəcəyi qənaəti tamamilə yanlışdır. Yəni hazırda olan tədqiqat "xxxx" MMC-də sayca üçüncü tədqiqatdır. Əgər məhkəmənin qənaəti doğrudursa, onda bu və əvvəlki tədqiqatlara onun heç bir aidiyyatı olmamalı idi. Eyni zamanda məhkəmənin qənaəti doğru sayılsa "xxxx" MMC tərəfindən gömrük rüsum və vergiləri ödənilməzsə, vergi qanunvericiliyinə uyğun olaraq vergilər ödənməzsə, onda demək, o, heç bir məsuliyyət daşımır. Bəs onda vergidən yayınma halı olan kimi vergi orqanı tərəfindən niyə qanuni təmsilçilərin ölkəyə giriş-çıxışına qadağa qoyulur? Göründüyü kimi, məhkəmənin gəldiyi qənaət, əlbəttə, tamamilə kökündən yanlışdır. Belə ki, görünən odur ki, ya məhkəmə qanuni təmsilçinin nə olduğunu anlamamışdır, ya da anlamaq istəməmişdir. ‘"ULDUZ-ELEKTRON” MMC-nin istənilən fəaliyyətinə qanuni təmsilçi kimi qanunda nəzərdə tutulan qaydada məsuliyyət daşıyır və təsisçi kimi də "xxxx" MMC-nə dəyən hər bir zərər son nəticədə sahibkar kimi ona dəymiş zərər olur. Bütün bu göstərilənlərə uyğun olaraq, ö, öz adından DGK-nın sədri X4 şəxsən müraciət etmiş, lakin DGK-nın sədri X6 tərəfindən hər hansı bir qanuni tədbir görülüb, nəticəsi barədə ona cavab verilməmişdir. Hal-hazırda sahibkar kimi Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə (eyni zamanda Gömrük və Vergi Məcəllələri ilə) qorunan haqları tapdalanmaqda davam edir. Yəni ona maddi və mənəvi ziyan dəyməkdə davam edir. Cavabdeh qismində də məhkəmənin gəldiyi qənaət tamamilə yanlışdır. Vəzifəli şəxsin hərəkətsizliyindən (şikayəti üzrə DGK-nın sədri X6 hər hansı bir qanuni hərəkət etməmiş və vəzifə borcunu yerinə yetirməmişdir) məhkəməyə şikayət etmək onun konstitusyon haqqıdır, bu haqqından istifadə edərək, məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun konstitusion haqqını heçə sayaraq, vəzifəli şəxsi cavabdeh qismində ola bilməyəcəyini göstərmişdir. Məhkəmə məsələyə qanunazidd, ədalətsiz baxmış və tamamilə yalnış qənaətə gəlmişdir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 30.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh tərəf iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X3 qarşı tələbi “onun 05.05.2021-ci il tarixli şikayətinə cavab verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdi. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi elektron müraciətin İddiaçı tərəfindən verilmiş olsa da, şikayətin bilavasitə "xxxx" MMC-nin adına gömrük rəsmiləşdirilmələri ilə bağlı olub, bilavasitə MMC-nin hüquqlarının müdafiəsinə xidmət etməsinə, malların gömrük orqanı tərəfindən qanunsuz saxlanılması iddia edildiyi halda bunun nəticəsində maddi ziyanın dəymə ehtimalının da birbaşa MMC-nin qanuni təmsilçisi və yaxud təsisçisi olaraq İddiaçı deyil, ilk növbədə bilavasitə adına ölkəyə mal idxal edilmiş və gömrük rəsmiləşdirilməsinin tələb edildiyi "xxxx" MMC-yə münasibətdə mümkün olmasına, maddi və mənəvi ziyanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edilməzdən öncə müvafiq olaraq cavabdehə müraciət edilməməsinə, həmçinin cavabdeh qismində qoyulmuş Dövlət Gömrük Komitəsinin sədrinin inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan olmamasına istinad edərək iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadda qeyd olunan əsasla iddianı mümkün saymaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Göründüyü kimi, adı çəkilən Qanunun tələbinə görə inzibati məhkəmə icraatında cavabdeh kimi yalnız publik hüquq sahəsində inzibati fəaliyyəti həyata keçirən və İnzibati orqanların Təsnifatında adları sadalanan inzibati orqanlar deyil, həm də qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxslərin (vəzifəli şəxslərin) də iştirakı mümkündür. Buna görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qeyri-mümkün sayarkən “Dövlət Gömrük Komitəsinin sədrinin inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan olmaması”na istinad etməsi düzgün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar (və ya onun vəzifəli şəxsləri) tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın (və ya onun vəzifəli şəxsinin) hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın (və ya vəzifəli şəxsin) cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa müəyyən olunur ki, iddiaçı onun Komitə sədrinə ünvanladığı müraciətinə münasibətdə edilmiş hərəkətsizlikdən şikayətlənir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müraciət öz adından olmaqla birbaşa Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmışdır. İş materiallarında həmin müraciətə Komitə sədri tərəfindən hər hansı cavab verilməsi halı müəyyən olunmasa da, işdə məhkəmənin istinad etdiyi Gömrük Komitəsinin səlahiyyətli şəxsinin cavab məktubu mövcuddur. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının müraciətinin rəhbəri olduğu müəssisə ilə bağlı edildiyini və buna görə də onun öz adından belə müraciət ünvanlamaqda sübyektiv hüququnun olmadığına istinad etmişdir. Halbuki iddiaçının öz adından Komitə sədrinə ünvanladığı müraciət məzmunundan da göründüyü kimi, rəhbəri olduğu müəssisə ilə bağlı deyil, müəssisə rəhbəri kimi 20.04.2020-ci il tarixdə təhqiqat üçün təqdim etdiyi materiallar üzrə hər hansı təhqiqat hərəkəti aparılmadığından həmin vəzifəli şəxsin hərəkəti ilə bağlı olmuşdur. Belə olan halda iddiaçının məhz bu hərəkətsizliklə bağlı etdiyi müraciətinə cavabın verilməsi barədə iddianı qaldırmaqda subyektiv hüququ olmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq Kollegiya hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbini mümkünsüz sayarkən zəruri araşdırmanı sonadək aparmamışdır. Belə ki, iddiaçının Komitə sədrinə ünvanladığı 05.05.2021-ci il tarixli müraciətinə münasibətdə Komitənin sədrinin cavab məktubu olmasa da, iş materiallarında həmin müraciətlə bağlı Komitənin səlahiyyətli şəxsi Zaur Bağırov tərəfindən verilmiş məktub (i.v. 16) mövcuddur. Sözügedən məktubun (i.v. 16) iddiaçının müraciətinə cavab kimi qəbul edilməsi barədə məhkəmə qərardadında münasibət bildirilməmişdir. Odur ki, işə təkrar birinci instansiya qaydasında baxılarkən adı çəkilən məktubun iddiaçının müraciətinə cavab kimi qəbul edilməsinin mümkünlüyü yuxarıda adı çəkilən maddi hüquq normalarının müddəaları baxımından dəyərləndirilməlidir. O ki qaldı iddiaçının “Komitədən maddi və mənəvi zərərin tutulması” barədə tələbinə, Kollegiya bu barədə qeyd etməyi zəruri hesab edir ki, belə tələbin mümkünlüyü inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı olub, onun qarşılığında kompensasiyanın tutulması barədə iddia növü kimi məhkəmədən əvvəl inzibati orqana ilkin müraciətin edilməsi ilə şərtləndirilir. Hazırki işdə birinci instansiya məhkəməsi belə müraciətin məhkəmədən əvvəl olmadığına və İPM-nin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçının həm tələbini dəqiqləşdirmədiyini, həm də ilkin müraciətinin olmasını təsdiq edən sənədi təqdim etmədiyini qeyd etsə də, Kollegiya hesab edir ki, bütün hallarda iddiaçının “Komitədən ziyanın tutulması” barədə tələbi onun əsas tələbi- müraciətinə cavab verilmə öhdəliyinin qoyulması barədə tələbinin davamı olaraq verildiyindən əsas tələbinin təmin olunub-olunmamasından birbaşa asılıdır. Odur ki, işə yenidən baxılarkən iddiaçının “ziyanın tutulması” barədə tələbinə “müraciətinə cavab verilmə öhdəliyinin qoyulması” barədə tələbinə münasibət bildirildikdən sonra qiymət verilə bilər. Bu zaman həm də iddiaçının ikinci tələbinin cavabdeh olmayan inzibati orqana qarşı yönəldiyi və həmin orqana qarşı hər hansı müraciətinin məhkəmə icraatı dövründə olmadığı müəyyən olunarsa, bu hal qeyd olunan əsasla həmin tələbin yenidən qeyri-mümkün sayılması ehtimalını istisna etməməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 30.12.2021-ci il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar