Məhkəmə qərarları › İş №2-1(103)-960/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-960/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-960/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “ona qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi və sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və müraciətə müvafiq hissədə cavab verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “ona qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi və sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və müraciətə müvafiq hissədə cavab verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5955/2022 saylı 11 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «ona qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi və sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və müraciətə müvafiq hissədə cavab verilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5955/2022 saylı 11 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı 3 dekabr 2021-ci il tarixli müraciətinin “əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra məşğul olduğu əmək fəaliyyəti üzrə DSMF-yə ödənişlərinin pensiya məbləğinin artmasına təsirinin olub-olmaması barədə məlumat verilməsi” hissəsinin cavablandırılması öhdəliyi cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı Bakı İnzbati Məhkəməsinin qərarında qeyd olunur ki, “iddiaçının həmin tələbi mahiyyətcə əmək pensiyasının bir növündən digərinə, yəni “əlilliyə görə əmək pensiyası” növündən “yaşa görə əmək pensiyası“na keçirilmə ilə bağlıdır. Məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 2005-ci ildə, yaşa görə əmək pensiyası hüququ isə 2016-cı ildə (60 yaşda) yaranmış olur. Məhkəmənin qənaətinə görə o, hüququnun yarandığı 2016-cı ilin 1 yanvar tarixdən ilkin pensiya təyinatı kimi yaşa görə əmək pensiyasını tələb etsəydi, ona həmin pensiya “Əmək pensiyaları haqqında" Qanunun həmin dövrdə qüvvədə olan tələbləri nəzərə alınmaqla təyin oluna bilərdi. Lakin ona yaşa görə əmək pensiyasının 60 yaşdan təyin edilməsi mümkün deyil, qeyd olduğu kimi, o, əmək pensiyasının bir növündən digərinə keçirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, şəxsə təyin olunmuş əmək pensiyasının növü dəyişdirildiyi halda, həmin dəyişiklik tarixinə yox, hüququn yarandığı vaxtda qüvədə olan tələblər üzrə pensiyanın hesablanması pensiya qanunvericiliyində nəzərdə tutulmur”. Göründüyü kimi, məhkəmə onun iddia tələbini, onun razılığı olmadan özü dəyişdirməyə cəhd edir və qərarda iddia ərizəsinə zidd olaraq qeyd olunur ki, onun tələbi guya “əmək pensiyasının bir növündən digərinə, yəni “əlilliyə görə əmək pensiyası” növündən “yaşa görə əmək pensiyası”na keçirilmə ilə bağlıdır” və “şəxsə təyin olunmuş əmək pensiyasının növü dəyişdirildiyi halda, həmin dəyişiklik tarixinə yox, hüququn yarandığı vaxtda qüvədə olan tələblər üzrə pensiyanın hesablanması pensiya qanunvericiliyində nəzərdə tutulmur”. Halbuki, yuxarıda qeyd olunduğu kimi, onun əmək pensiyasının əliliyə görə pensiya növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə 2021-ci ilin iyun ayında göndərdiyi ərizə cavabdeh tərəfindən təmin olunmamış, o da bunu mübahisələndirməmiş və iddiaçı tərəfindən 03 dekabr 2021-ci il tarixli məktubla yenidən cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilərək, əmək pensiyasının 2021-ci ilin iyul ayına kimi olan məbləğdə saxlanaraq yenidən hesablanıb ödənilməsini xahiş etmişdir. Əmək pensiyaları haqqında Qanunun 3 1.1-ci maddəsinə görə də əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddianın təmin olunmaması üçün gətirdiyi dəlillər, heç bir hüquqi əsası olmayan bəhanədən başqa bir şey deyildir. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı tələbi “ona qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi və sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və müraciətə müvafiq hissədə cavab verilməsi” barədədir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizənin məzmunundan görünür ki, iddianın geri götürülməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Azərbaycan Respublikası İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-nin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırki halda bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından- onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-nin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini-iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və hazırkı iddia üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar