Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-961/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1, 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi X3 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qаrşı “20% məbləğində əlavənin təminat xərcliyinə hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3084/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 % həcmində aylıq üstəlik əlavənin; məxfi və tam məxfi sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə (2-ci forma üzrə məlumatlarla işləmək üçün buraxılış üzrə) işləyən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi vəzifə maaşının 15% həcmində artımın; həmçinin rus dilini (şərq dilləri qrupu) bildiyi üçün vəzifə maaşının 15% həcmində pul əlavəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının təminat xərcliyinə hesablanmasına və təminat xərcliyində baş verən artımlar barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı, 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (N nömrəli hərbi hissə, Xüsusi Təyinatlı Mərkəz) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi vəzifəsindən ehtiyata buraxılmışdır. Bu zaman, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Lakin iddiaçı hesab edir ki, təminat xərcliyi barədə məlumatlar tərtib edilərkən vəzifə maaşından hesablanan müəyyən əlavələr (artımlar) təminat xərcliyinə əlavə olunmamışdır. İddiaçı qeyd edir ki, o, sonuncu dəfə paraşütlə tullanmaları 2010-cu ildə yerinə yetirmiş və həmin il iddiaçı artıq pensiya hüququna malik olmuşdur. Yəni iddiaçı həmin ildən 19 oktyabr 2017-ci il tarixinədək Azərbaycan Ordusu sıralarından tərxis olunsa idi, bu əlavə təminat xərcliyinə hesablanacaqdır. Çünki, bu tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə” qüvvədə olub. Bu Əsasnamədə paraşütdən tullanmalara olan yanaşma hazırda qüvvədə olan Əsasnamədəki yanaşmadan köklü fərqlənirdi. Belə ki,19 oktyabr 2017-ci il tarixədək qüvvədə olan Əsasnamədə “ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə” tələbi mövcud deyildir. Əks halda belə çıxır ki, iddiaçı Azərbaycan Ordusu sıralarında qalaraq Vətənin müdafiəsinə xidmət etməyi ilə ziyanına, yəni pensiya məbləğinə 20% əlavənin hesablanmamasına və nəticədə maddi rifahının aşağı düşməsinə səbəb olub. İddiaçı artıq 2015-ci ildə təminat xərcliyinin100%-i həcmində əmək pensiyasına hesablanması hüququna malik idi. Nəticə olaraq iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunun 87-ci maddəsinin tələblərinə əsasən bu əlavə iddiaçının təminat xərcliyinə əlavə edilməlidir. İddiaçı həmçinin, hüquqi presedent olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Qərarına əsaslanır. Bundan başqa,iddiaçı “Kəşfiyyət və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 179-23 nömrəli Qərarının tələbləri, həmçinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri-aşağı dövlət orqanları aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu pozulmuşdur. Nəticə olaraq iddiaçı hesab edir ki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.7 və 2.8 bəndlərinin tələblərinə əsasən bu artım iddiaçının təminat xərcliyinə əlavə edilməlidir.İddiaçı qeyd edir ki, o, rus dilindən hərbi xidmət dövrü geniş istifadə etmiş və buna ehtiyac olduğu üçün 2012-ci ildə Slavyan universitetində öz hesabına kurslara da qatılmışdır. Bu kursları əla bitirməyi ilə bağlı sertifikat almışdır.Bundan başqa, xidməti zəruriyyətlə və ixtisası ilə bağlı azərbaycan dilinə tərcümə də etmişdir. Bunlardan “Xüsusi təyinatlı bölmələrin döyüş hazırlığı Proqramı”, “Xüsusi təyinatlı mərkəzin zabitlərinin komandir hazırlığı proqramı”, “Kəşfiyyat bölmələrinin hazırlığı üzrə metodik tövsiyyələr”, “Dalğıc-kəşfiyyatçıların fəaliyyətinin bəzi xüsysuyyətləri” və s. misal çəkmək olar. 2000-ci ilədək Azərbaycan Ordusuna, hər halda N nömrəli hərbi hissədə, kargüzarlıq rus dilində aparılırdı. 1999-cu ildən 2002-ci ilədək iddiaçı hərbi hissənin qərargahı rəisi vəzifəsini icra etmişdir. Bu zaman hərbi hissənin kargüzarlığının azərbaycan dilinə keçirilməsini və aparılmasını bilavasitə həyata keçirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3084/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi iş üzrə üçüncü şəxslər qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3084/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə iddia tələbi “məxfi və tam məxfi sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə (2-ci forma üzrə məlumatlarla işləmək üçün buraxılış üzrə) işləyən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi vəzifə maaşının 15% həcmində artımın; həmçinin rus dilini (şərq dilləri qrupu) bildiyi üçün vəzifə maaşının 15% həcmində pul əlavəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının təminat xərcliyinə hesablanmasına və təminat xərcliyində baş verən artımlar barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması” hissəsində mümkün sayılmamışdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddiaçı 2018, 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyindən xüsusi xidmət şəraitinə görə üstəlik əlavənin almaq hüququ olmadığından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19.10.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçlarının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə görə pul mükafatı ödənilə bilməz. Çunki, yuxarıda qeyd olunan Əsasnamənin 12.2.2.4-cü yarımbəndinə əsasən, aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edən(ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20% həcmində üstəlik əlavə ödənilir. Paraşütlə tullanmaq üçün pul mükafatının miqdarı və verilmə qaydası həmin Əsasnamənin 18-ci bəndinə öz əksini tapmışdır. İddiaçı məlumatla işləmək və dil biliyinə görə tələblərlə bağlı inzibati orqana müraciət etməsi və imtina olunması ilə bağlı ərizəyə hər hansı inzibati aktı əlavə etmədiyindən ərizənin həmin hissəsi AR İPM-nin 35-ci maddəsinə görə mümkünsüz sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3084/2020 saylı qərarı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “20% məbləğində əlavənin təminat xərcliyinə əlavə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (N nömrəli hərbi hissə) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi vəzifəsindən ehtiyata buraxılmışdır. O səbəbdən, ona əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Bu zaman qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələbləri əsas götürülərək paraşütlə tullanma etməyə görə xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i həcmində aylıq üstəlik əlavə onun təminat xərcliyinə daxil edilməyib. Təminat xərcliyi barədə məlumatlar tərtib edilərkən 19 oktyabr 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsanamə”yə əsaslanmaq lazım idi. Çünki, 19 oktyabr 2017-ci il tarixədək qüvvədə olan Əsasnamənin tələblərinə əsasən o paraşütlə tullanma etdiyi üçün xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i həcmində aylıq üstəlik əlavəni almaq hüququna malik idi. Yeni redaksiyada verilən Əsasnamə qüvvəyə mindikdən sonra isə o bir günün içində 25 il ərzində ilbəil qazandığı hüququndan məhrum edildi. Belə ki, əmrin yeni redaksiyasına əsasən xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i həcmində aylıq üstəlik əlavə yalnız həbi hissələrin paraşüt sınaqçıları vəzifələrində olanlara şamil edilmişdir. Baxmayaraq ki, o pensiya hüququnu 2012-ci ilin mart ayında əldə etmişdir. Həmçinin, o artıq 2015-ci ildə təminat xərcliyinin 100 %-i həcmində əmək pensiyasına hesablanması hüququna da malik idi. Hərbi xidmətdə olmağın son yaş həddini isə 2016-cı ilin yanvar ayında başa vurmuşdur, lakin hər il raportla müraciət edib əlavə olaraq xidmət müddətini bir il artırmışdır. Diqqət edin ki, bütün bu qeyd etdiyi tarixlər 19 oktyabr 2017-ci il tarixinədəkdir və xüsusi qeyd etmək istəyir ki, o xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i həcmində aylıq üstəlik əlavəni almaq hüququndan hərbi xidmətdə olmağın son yaş həddindən sonrakı dövrdə məhrum olmuşdur. Bir sözlə onun xidmət müddətini hər il artırıb əlavə olaraq hərbi xidmətdə qalaraq Vətənin müdafiəsinə xidmət etməyi onun ziyanına işləyib. Yəni o 18 oktyabr 2017-ci il tarixində ordu sıralarından tərxis olunsaydı, paraşütlə tullanma etməyə görə xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 %-i həcmində aylıq üstəlik əlavə onun təminat xərcliyinə hesablanacaqdı, 19 oktyabr 2017-ci il tarixində tərxis olunduqda isə yox. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3084/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür, müharibə veteranıdır, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” (yaşa görə) bəndi ilə 17.01.2020-ci il tarixdə təxris olunmuşdur. İddiaçıya məxsus 030111 saylı pensiya işindən görünür ki, İddiaçı 22 yanvar 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublukası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və Əmək pensiyasının təyin edilməsi haqqında 27 yanvar 2020-ci il tarixli, **********0 saylı qərarı ilə İddiaçı 18.01.2020-ci il tarixdən 1.584 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə olunmuş məlumat vərəqəsindən görünür ki, İddiaçı güzəştli xidmət illəri – 16 il 09 ay 13 gün, təqvim xidmət illəri 29 il 11 ay 04 gün, cəmi iş stajı 46 il 08 ay 17 gün təşkil edir. 1584 manat hesablanmış təminat xərcliyinə - 700 manat vəzifə maaşı, 150 manat rütbə maaşı, 425 manat xidmət illərinə görə əlavə (50%), 64 manat ərzaq payı əvəzinə kompensasiya, 245 manat məbləğində “usta” məharət dərəcəsinə görə əlavə (35%) daxildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 23 yanvar 2020-ci il tarixli, 11/372 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müvafiq sorğu göndərilmiş və həmin idarənin 11 yanvar 2020-ci il tarixli, 12/101 nömrəli cavab məktubunda şəxsi işində saxlanılan sənədlərə istinad olunaraq, iddiaçının 2000, 2001, 2002 və 2009-cu illərdə paraşütlə tullanış normalarını yerinə yetirdiyini və qeyd edilənlərin N nömrəli hərbi hissə komandirinin əmrləri ilə rəsmiləşdirilməsi göstərilmişdir. Həmçinin, məktubda 2018-ci və 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyinə (paraşütlə tullanış həyata keçirmədiyinə) görə yuxarıda qeyd edilən üstəlik əlavənin və həmin Əsasnamənin18-ci bəndində nəzədə tutulmuş paraşütlə tullanmaq üçün pul mükafatının iddiaçıya ödənilməməsi qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri və 2018-ci, 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyinə (paraşütlə tullanış həyata keçirmədiyinə) görə xüsusi xidmət şəraitinə görə üstəlik əlavənin almaq hüququnun olmadığını nəzərə alaraq, əmək pensiyasının təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqinə aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edən (ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20% hesablanması haqda məlumatının əlavə edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 12-ci maddəsinin a bəndinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Təminat xərcliyinin nədən ibarət olması isə “Əmək pensiaları haqqında” Qanunun 1.0.5-ci maddəsində göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçular xidmətdən buraxılarkən 2 halda səhhəti ilə və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı pensiya hüququ yaranan tarixə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmədiyindən, o, ehtiyata buraxıldıqdan sonra, ona buraxıldığı günə aldığı aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət təminat xərcliyi tərtib olunmuşdur. Bu hal isə bir mənalı göstərir ki, iddiaçının 2010cu ilədək paraşütlə tullanış normalarını yerinə yetirdiyi üçün aldığı 20 % həcmində əlavənin təminat xərcliyinə hesablanması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 12.2.2.4-cü yarımbəndinə əsasən, aviasiya, xüsusi təyinatlı və kəşfiyyət hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edən (ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 % həcmində üstəlik əlavə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 97-ci maddəsinə görə aviasiya hissələrində və havadesant qoşunlarının qərargahlarında, xüsusi təyinatlı hissələrdə, desant-hücum birləşmə və hissələrində, Quru Qoşunlarının kəşfiyyat-desant bölmələrində, Azərbaycan HDQ-nin kəşfiyyat-desant (xüsusi təyinatlı) hissə və bölmələrində, aviasiya axtarışxilasetmə və paraşüt-desant xidmətlərində, paraşüt sınaqları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edənlərə vəzifə maaşının 20% faizi məbləğində əlavə haqq verilir. İddiaçının pensiya hüququ yarandığı dövrdən ehtiyata buraxıldığı vaxtadək, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, hərbi qulluqçulara vəzifə maaşının 20 % həcmi yalnız, o, halda ödənilir ki, onlar ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının təminat xərcliyi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə istinad olunmadığından, yəni ona təminat xərcliyi xidmət keçdiyi günə pul təminatına uyğun hesablandığından, iddiaçının buraxıldığı günə aldığı əlavələr nəzərə alınır. Son dövrün əlavələri isə hazırki mübahisə üzrə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 12.2.2.4-cü yarımbəndi ilə tənzimlənir. İddiaçı 2018-2019-ci illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 12.2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş 20% əlavəni almamışdır. İddiaçıya qulluq keçdiyi dövrdə (2010-cu ildən sonra) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının təminat xərcliyinə əlavə edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3084/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-961/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-961/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver