Məhkəmə qərarları › İş №2-1(103)-961/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-961/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-961/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2876/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Rusiya Federasiyası Ali Təhsilin X10 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” tərəfindən verilmiş qeydiyyat nömrəsi 12-VL № 107718 ******* olan, xx.xx.2018-ci il tarixli magistr diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 2 il, tədris dili rus dili olmaqla “İnnovasiyalı bank strategiyaları və texnologiyaları” istiqaməti üzrə 38.04.08 Maliyyə və kredit mütəxəssis proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından uğurla keçmiş, dövlət imtahan komissiyasının qərarı ilə ona magistr dərəcəsi verilmişdir. Qeyd olunan diploma Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. İddiaçı məxsus Azərbaycan Respublikası vətəndaşının C00244134 №-li pasportunun surətindən görünür ki, İddiaçı 2016, 2017, 2018-ci illərdə Rusiya Federasiyasına giriş-çıxışı ilə bağlı qeydlər aparılmışdır. MAKA Ekologiya İnstitunun direktoru B.H.Əliyev və MAKA X2 Təşkilatının sədri H.F.Fətdayev tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, İddiaçı 1993-cü ildə Lənkəran Dövlət Universitetinin “Biologiya” fakultəsinə daxil olmuş və 1997-ci ildə həmin fakultənin bakalavr pilləsini bitirmişdir. 2015-ci ildə ”Maliyyə və kredit” ixtisası üzrə Q.V.Pİexanov adına Rusiya İqtisad Universitetinin magistratura piləsinə qəbul olmuş və 2018-ci ildə magistraturanı müvəffəqiyətlə bitirərək “magistr” dərəcəsini almışdır. İddiaçı 2007-ci ildə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda həmin İnstitutun "Aqroekoloji Tədqiqatlar” şöbəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. O, öz ixtisası üzrə ədəbiyyatlarla işləməyi bacarır. İndiyə qədər bir neçə Beynəlxalq Konfranslarda məruzə ilə çıxış etmiş və 30 elmi məqalənin, o cümlədən ikisi Rusiya Fedarasiyasının beynəlxalq statuslu elmi jurnalında dərc olunub. İddiaçı kompyuter proqramlarında sərbəst işləməyi bacarır və İnstututda yerinə yetirılən elmi-tədqiqat işində ən nümunəvi kadrlardan sayılır. 2007-2017-ci illər ərzində həyata keçirilən illik hesabatların məsul icraçısı olmuşdur. 5 xarici dil bilir. Rus, ingilis, fars dillərini əla, ərəb və türk dillərini isə orta səviyyədə bilir. İddiaçı işlədiyi dövrdə üzərinə düşən tapşırıqların öhdəsindən vaxtında, məsuliyyətli və yaradıcı şəkildə gəlmişdir. O, institutda işlədiyi müddət ərzində özünü çalışqan, bilikli, məsuliyyətli və təşəbbüskar işçi kimi göstərmişdir. İntellektual səviyyəsi və yüksək mədəniyyəti ilə seçilən İddiaçı kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Nizam-intizamlıdır. İşlədiyi müddət ərzində heç bir inzibati cəzası yoxdur. İnstitutun ictimai işlərində yaxından iştirak edən İddiaçı Milli X5 Azərbaycan Partiyasının Ərazi Təşkilat Komitəsində İdarə Heyətinin üzvü, sonralar isə Qadınlar Şurasının sədrinin müavini vəzifəsində çalışmışdır. Hal-hazırda YAP Gənclər Birliyinin üzvüdür. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 108/K №-li, xx.xx.2017-ci il tarixli, 21/K №-li, xx.xx.2018-ci il tarixli, 87/K №-li əmrlərdən görünür ki, “Meşə eko sistemlərinin aerokosmik monitorinqi” şöbəsinin aparıcı elmi işçisi İddiaçı Ramiz qızına xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinə kimi, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi əmək məzuniyyətləri verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 81/K №-li, xx.xx.2017-ci il tarixli, 73/K №-li, xx.xx.2017-ci il tarixli, 157/K №-li təhsil məzuniyyəti haqqında əmrlərdən görünür ki, “Meşə eko sistemlərinin aerokosmik monitorinqi” şöbəsinin aparıcı elmi işçisi İddiaçı Ramiz qızına xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinə kimi, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi ödənişli təhsil məzuniyyəti verilmişdir. Rusiya Federasiyası Ali Təhsilin X10 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” Volqoqrad filialının xx.xx.2020-ci il tarixli, 05/3-28 №-li arayışın tərcümə edilmiş surətindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı həqiqətən Q.V.Plexanov adına RİU Volqoqrad filialında 30.04.08 Maliyyə kredit hazırlığı istiqaməti üzrə büdcədənkənar ali təhsil bazasında qiyabi təhsil almışdır. X10 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” Volqoqrad filialına 25 sentyabr 2015-ci il tarixli ***-**** №-li qəbul olma əmri, 08 fevral 2018-ci il tarixli 396-638 №-li xaric olma əmri. Təhsilini bitirdikdən sonra 38.04.08 Maliyyə kredit istiqaməti üzrə magistr dərəcəsi əldə etməklə xx.xx.2018-ci il tarixli, 12 VL qeydiyyat nömrəli ali təhsil haqqında dövlət nümünəli 107718 ******* saylı diplom verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 00-03-123/TKTA №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına əsasən, ölkəmizdə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir və əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Eyni zamanda, həmin Qərara əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Yuxarıda göstərilənlərə əsasən bildirilmişdir ki, “tələb olunan müddət” dedikdə Azərbaycan Respublikasının dövlət təhsil standartlarında nəzərdə tutulmuş tədris müddəti, “qısa müddət” dedikdə isə təhsilalanın müvafiq təhsil formasının (əyani və ya qiyabi) normativi üzrə tədris yükünü yerinə yetirmək məqsədilə tədrisdə kifayət qədər iştirak etməməsi nəzərdə tutulur. Sonradan iddiaçı diplomun ekvivalentliyinin müəyyən edilməsi və şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli elektron məktubdan və xx.xx.2020-ci il tarixli C-127/04- TKTA saylı məktubdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin əii təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Təhsildə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2 il ərzində 2016-2018-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti”ndə magistr təhsil pilləsi üzrə təhsil almışdır və dövlət imtahan komissiyasının qərarı ilə “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsi ona verilmişdir. Magistr diplomunu əldə edəndən sonra 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən xx.xx.2019-cu il tarixində “Volqoqrad bölgəsinin Təhsil, Elm və Gənclər siyasəti komitəsi” tərəfindən apostillə magistr diplomu təsdiqlənmişdir. Azərbaycan Respublikasına qayıdandan sonra qanunvericiliyə uyğun olaraq magistr diplomunun tanınması və nostrifikasiyası məqsədilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət etmişdir. Diplomun nostrifikasiya edilməsi proseduru daxilində onu Bakı şəhəri, Q.Qarayev prospekti 2B ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəvət etmişdilər və video kameraların çəkilişini apararaq onu rus dilindən və təhsil üzrə aldığı fənlərdən sual-cavab etmişlər. O, bütün suallara cavab vermiş və rus dilini yüksək səviyyədə bildiyini nümayiş etdirmişdir. Həmin müsabiqədə ona bildirmişlər ki, heç bir problem yoxdur və suallara verdiyi cavabları yüksək qiymətləndirirlər. Nostrifikasiya prosedurun nəticəsində qanunsuz və əsassız olaraq xx.xx.2020-ci il tarixli, C127/04-TKTA nömrəli məktubla cavab verərək elektron xidməti ilə xx.xx.2020-ci il tarixində məlumat verilməsi qeyd edilmişdir və həmin elektron məlumatda qeyd olunmuşdu ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdi ki, “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti”nin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğuna görə diplomda göstərilən tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olduğuna əsaslanırlar. Cavabdeh onun təhsil aldığı “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti"nin tədris normativ üzrə təhsil yüklülüyü ilə bağlı və həmin təhsilin aldığı formaları ilə əlaqədar “İnzibati icraat haqqında” Qanuna əsasən heç bir araşdırma aparmayıblar. Çünki araşdırma aparılsaydı sorğu əsasında təhsil aldığı müəssisədən təhsil müddətlərindən, kurslarda onun tərəfindən təqdim edilmiş məqalələrdən və müvəffəqiyyətlə verdiyi imtahanlardan məlumat əldə edə bilərdilər. Cavabdeh tərəfindən qeyd olunan imtina əsası heç bir sübut və faktla təsdiqlənmir. Əgər o, təhsil yükünü Rusiya Federasiyasında olduğu müddət ərzində əhatə edə bilməzdisə necə olub ki, o bütün təhsil müddəti ərzində müxtəlif fənlərdən imtahanlarda iştirak edərək müvəffəqiyyət əldə etmişdir. Bundan əlavə olaraq onun təhsil aldığı müddətə uyğun olaraq xarici pasportunda Rusiya Federasiyasına gediş-gəlişlə bağlı sərhəd xidmətinin möhürləri mövcüdur. Təhsil aldığı müddətdə digər tələbələrdən fərqlənərək elmi məqalələr onun tərəfindən hazırlanmışdır və “Novainfo” elmi jurnal tərəfindən rəsmi saytında yerləşdirilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə ona xx.xx.2020-ci il tarixində şəxsi kabineti vasitəsilə cavab məktubu göndərilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il -1 gün, İİ il - 8 gün, İİİ il - 14 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda əhəmiyyətli fərq dedikdə, “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə. xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifıkasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri- təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığı müəyyən edilmişdir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010- cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalan”nın 4.1-ci bəndinə əsasən: Bakalavr dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi, 3.2.7.3. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.4. təcrübələrdə iştirak etməsi; 3.2.7.5. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1 məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2 məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2876/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzsunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə etiraz və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2020ci il tarixdə elektron formada məktub ünvanlanmış, həmçinin cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə yazılı formada məktub da göndərilmişdir. Lakin xx.xx.2020-ci il tarixli imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və məhkəmə icraatı dövründə iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin bərpası ilə bağlı iddiaçının verdiyi ərizə təmin olunmuş və bu məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən Kollegiya hesab edir ki, iddia mümkündür. İddianın mahiyyətinə gldikdə isə hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X1rşı tələbi “ona Rusiya Federasiyası Ali Təhsilin X10 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli magistr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi” barədədir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Belə ki, iddiaçıya məxsus xx.xx.2018-ci il tarixdə diplomda ona Rusiya Federasiyası Ali Təhsilin X10 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” tərəfindən “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsi verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur; 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir; 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6-cı bəndinə əsasən təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, xarici ölkə tərəfindən verilmiş «magistr» ixtisas dərəcəsi üzrə diplomlar o halda tanınır ki, ilk növbədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin təhsil müddətinə uyğun olsun. İddiaçının tələbinin təmin olunmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü həmin müddətdə yerinə yetirməsi qeyri-mümkündür. Qeyd olunmalıdır ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş X10 Ali Təhsil Müəssisəsinin 2008/137 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X10 Ali Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti”nin Volqoqrad filialında 38.04.08 “Maliyyə və kredit” magistr təhsil proqramı üzrə qiyabi təhsil forması ilə təhsil almışdır. O, təhsil müddəti ərzində magistratuta pillləsinin 38.04.08 “Maliyyə və kredit” hazırlıq istiqaməti, “innovativ bank strategiyaları və texnologiyaları” istiqaməti üzrə tədris proqramını tam şəkildə başa vurmuşdur. Bununla yanaşı, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı təhsil dövründə qiyabi formada magistr pilləsi üzrə tədris ili (2 il 6 ay) üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş 32 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 1 gün, 2-ci tədris ilində 8 gün, 3-cü tədris ilində 14 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuşdur. Bu fakt sərhədkeçmə məlumatları ilə də öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/4318 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2016-2018-ci illər ərzində Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar belə olmuşdur: xx.xx.2016-çıxış, xx.xx.2016-giriş, xx.xx.2017-çıxış, xx.xx.2017-giriş, xx.xx.2017-çıxış, xx.xx.2017-giriş, xx.xx.2018-çıxış, xx.xx.2018-giriş. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının sonuncu ildə 14 gün təhsil aldığı ölkədə olması qəbul edilsə də, əvvəlki tədris illəri ilə bağlı müddətin yetərli olmadığına istinad edilərək təşkil edilmiş komissiya tərəfindən iddiaçının tələbinə münasibətdə mənfi rəy verilmişdir. Beləliklə, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti”nin həmin ölkədə qısa müddət ərzində olması, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyrimümkün olduğu müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İddiaçı isə verdiyi izahatlarda təhsil aldığı müddətdə Universitetin yerləşdiyi ölkədə ailə vəziyyəti və səhhəti ilə bağlı qısa müddətlərdə olduğunu, lakin tədris proqramını yüksək səviyyədə yerinə yetirdiyini bildirmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, əvvəla iddiaçının səhhəti ilə bağlı təqdim etdiyi sənədlər onun məhz tədris dövründə təhsil aldığı ölkədə olmasının qeyri-mümkünlüyünü birbaşa təsdiqləmir, yəni həmin sənədlərdən iddiaçının təhsil aldığı ölkəyə gedib-gəlməsinin qeyri-mümkünlüyü və təhsilini qanunla müəyyən edilmiş müddət çərçivəsində davam etdirmək üçün imkan vermədiyi barədə birmənalı qənaətə gəlmək mümkün deyil. Nəzərə alınmalıdır ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, onun təhsil müddəti ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə, yuxarıda sadalanan normalardan da görünür ki, xarici dövlətlərin əli təhsilsahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal adı çəkilən Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ct bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmuşdur. Bununla da məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı cavabdehin imtinasını əsaslı sayaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, bir qismi iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2876/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2876/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar