Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-961/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndələri X2, X3 və iddiaçının iştiakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3674/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılması barədə qərarın qanunsuz hesab edilərək, hərbi xidmətə çağırılması ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin üzərinə 10.320 manat maddi, 10.000 manat isə mənəvi ziyana görə, cəmi 20320 (iyirmi min üç yüz iyirmi) manat pulun alınaraq ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…İddiaçı, anadangəlmə xəstəliyi olmasına baxmayaraq, onu hərbi həkim komissiyasının yoxlanışından keçirdərək və qanunsuz olaraq hərbi xidmətə tam yararlı hesab edərək xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmışdır. 10 yanvar 2022-ci il tarixində 219 saylı xəstəlik haqqında şəhadətnamə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında əsasnaməyə əsasən xəstəliklər cədvəlinin 2-ci qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyi verilmişdir, hərbi xidmətdən tərxis olunmuşdur. Həmin rəydə də qeyd edilmişdir ki, SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən səthi müayinə edilmişdir. Qeyd etmişdir ki, o, 2021-ci il tarixdə bakalavr təhsilini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün həmin ildə magistr pilləsi üzrə imtahan vermiş və X6 keçirdiyi test imtahanından keçid balı 40 olmaq üzrə 48 bal yığaraq magistr pilləsinə daxil olmuşdur. Belə ki, test imtahanı mayda olmuşdur və uğur qazanan tələbələr avqust ayında seçdikləri ixtisas üzrə kodlaşdırma aparmalı idilər. Həmin dövrdə yəni 2021-ci ilin iyul ayında onu hərbi xidmətə qanunsuz olaraq yararlı hesab edərək hərbi xidmətə aparmışlar və ixtisas seçimi üzrə kodlaşdırma apara bilmədiyinə magistr pilləsi üzrə təhsildən məhrum olmuş və bunun nəticəsində alacağı təhsil üzrə müavinətlərdən də məhrum olmuşdur. Belə ki, o, ailə başçılarını (həm ata, həm də anamı) itirdiyinə görə 280 (iki yüz səksən) manat dövlət tərəfindən müavinət almalı idi, həmçinin 150 (yüz əlli ) manat isə Həmkərlar İttifaqı tərəfindən təqaüd almalı idi. Yəni hər ay 430 manat olmaqla 2 illik təhsil aldığı dövrdə 430x24=10320 (on min üç yüz iyirmi) manat müavinət alacaqdı və qanusuz olaraq hərbi xidmətə çağırıldığına görə həmin müavinətdən məhrum olaraq ona həmin məbləğdə maddi ziyan dəymişdir. Bundan sonra o, 7 ay hərbi xidmət keçdikdən sonra səhhəti ilə bağlı hərbi hospitala gəlmiş və orada qayda üzrə hərbi həkim komissiyasından keçirildiyi zaman onu anadangəlmə sol ayağı 3-cü dərəcə, sağ ayağı isə 2-ci dərəcə düz olmaqla hərbi xidmətə yararsız hesab ediblər. Daha sonra onu hərbi hissəyə qaytarmış və oradan da tərxis etmışlər. Cavabdehin səhvi ucbatından 7 ay hərbi xidmətdə olaraq fiziki və mənəvi iztirab keçirmiş, həmçinin maddi cəhətdən zərər görmüşdür. Ona görə də kompensasiya tələb edir. İddiaçı bir vətənpərvər övlad kimi bakalavr üzrə təhsil aldığı dövrdə 2020-ci ilin oktyabr ayından Vətən Müharibəsi başlayan zaman 4-cü kursda oxuduğu halda təhsilini yarımçıq qoyaraq, hərbi xidmət keçmədiyi halda müharibəyə getmişdir və bu gün də bununla fəxr edir ki, onun da vətənin qorunması və torpaqların azad olunmasında iştirakı olmuşdur. Onun maddi zərərdən başqa mənəvi zərər çəkməsi isə onun hərbi xidmətə yararsız olduğu halda buna səhlənkar yanaşaraq onu 7 ay hərbi xidmətdən sonra yararsız hesab edilməsi olmuşdur. Ən böyük mənəvi zərbə isə ona bu olmuşdur ki, o, 7 ay müddətində səhhəti ilə bağlı çox ağrılar və iztirablar keçirmişdir.” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, dövlət səhiyyə müəssisəsi tərəfindən onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü İddiaçı təhsilini davam etdirmək üçün çağırışa verilmiş möhlət hüququ xx.xx.2021-ci il tarixdə başa çatdığı üçün 2021-ci ilin iyul çağırışına cəlb edilmişdir. Çağırışa hazırlıq dövründə çağırışçı ilə öyrənilmə aparılan zaman magistr təhsil pilləsi üzrə sənəd verməsinə dair məlumat, elektron ərizə və ya qəbul olması barədə ilkin olaraq hər hansı bir sənəd təqdim etməmişdir. Belə olan hallarda digər çağırışçılar kimi ilkin olaraq magistr təhsil pilləsinə sənəd verməsinə dair elektron ərizə və topladığı balın elektron cavablarını təqdim etməli idi və bununla bərabər hərbi-həkim komissiyasından keçən zaman anadangəlmə xəstəliyi üzrə hansı xəstəxanada hansı diaqnozla xəstə kimi qeydiyyatda olmasına dair məlumat bildirməmiş və sənəd təqdim etmədiyi üçün analiz və laborator müayinələrdən keçirildikdən sonra xx.xx.2021- ci il tarixdə Nizami rayon çağırış komissiyasının hərbi-həkim komissiyasından tibbi müayinədən keçmişdir. Müayinədən keçən zaman iddiçı sağlamlığından heç bir şikayət bildirmədiyini və hərbi xidmətə getməyə hazır olduğunu bildirsə də, həkim mütəxəssislər tərəfindən “Tatu" diaqnozla əlavə müayinə olunmaq üçün 2 №- li X1 göndərilmişdir. Əlavə müayinənin nəticəsinə əsasən çağırışçıya “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur" diaqnozu təyin edildiyi üçün müayinələrin nəticələrinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə Nizami rayon çağırış komissiyasının hərbi həkim komissiyası tərəfindən "Hərbi xidmətə yararlı” hesab edilmişdir. Bununla əlaqədar iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq 2021 -ilin iyul çağırışına cəlb edilmiş, öyrənilmə və müayinələrin nəticələrinə əsasən “Hərbi xidmətə yararlı” hesab edildiyi üçün xx.xx.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmət küçmək üçün təyin olunduğu Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə təhvil verilən zaman hərbi hissədə hərbi-həkim mütəxəssislər tərəfindən bir daha müayinədən keçirilmişdir. Çağırışçı “Hərbi xidmətə yararlı” hesab edildiyi üçün hərbi xidmətə qəbul edilərək xx.xx.2022-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə hərbi qulluqçu kimi bütün təminatla təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilən zaman onun səhhəti ilə bağlı hər-hansı bir psixoloji və nevroloji iztirabın keçirilməsi qeyd edilməmişdir. Sağlamlığı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbii Həkim Komissiyasında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarın “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına əsasən “Sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl Azərbaycan Ordusundan tərxis edilmişdir. Mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinin məsuliyyətinin yaranmamasını göstərir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3674/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulmuş və iddia qalan hissədə rədd edilmişdir. Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı həmin qərarın ləğv edilib iddianın tam təmin edilməsini, cavabdeh isə həmin qərarın ləğv edilib iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “…Qərar iddianın təmin edilmədiyi hissədə əsassızdır. Belə ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçı anadangəlmə xəstəliyi olmasına baxmayaraq onu hərbi həkim komissiyasının yoxlanışından keçirdərək və qanunsuz olaraq hərbi xidmətə tam yararlı hesab edərək xx.xx.2021 -ci il tarixdə hərbi xidmətə çağırılmış, 10 yanvar 2022-ci il tarixdə 219 saylı xəstəlik haqqında şəhadətnamə ilə Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi Həkim Ekspertizası haqqında» Əsasnaməyə əsasən xəstəliklər cədvəlinin 2-ci qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyi verilmişdir, hərbi xidmətdən tərxis olunmuşdur. Həmçinin, 2021-ci il tarixdə bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsi üzrə imtahan vermiş və X6 keçirdiyi test imtahanından keçid balı 40 olmaq üzrə 48 bal yığaraq magistr pilləsinə daxil olmuş, lakin test imtahanı mayda olsa da uğur qazanan tələbələr avqust ayında seçdikləri ixtisas üzrə kodlaşdırma aparmalı olsalar da, onu 2021ci ilin iyul ayında hərbi xidmətə qanunsuz olaraq yararlı hesab edərək apardıqlarından ixtisas seçimi üzrə kodlaşdırma apara bilmədiyinə görə magistr pilləsi üzrə təhsildən məhrum olmuş və bunun nəticəsində alacağı təhsil üzrə müavinətlərdən də məhrum olmuşdur. Belə ki, o, ailə başçılarını (həm ata, həm də anasınıı) itirdiyinə görə 280 manat dövlət tərəfindən müavinət almış, həmçinin 150 manat isə Həmkərlar İttifaqı tərəfindən təqaüd almışdır. Təhsilini davam etdirəcəyi təqdirdə qeyd olunan müavinətləri almaqda davam edəcəkdi. Beləliklə, hər ay ümumilikdə 430 manat olmaqla 2 illik təhsil aldığı dövrdə 430x24=10320 manat müavinət almalı olsa da qanusuz olaraq hərbi xidmətə çağırıldığına görə həmin müavinətdən məhrum olaraq ona həmin məbləğdə maddi ziyan dəymişdir. Hazırda da hərbi xidmətdən təxris olunduqdan sonra magistratura pilləsinə daxil olsa da 23 yaşı tamam olduğundan magistraturada pulsuz təhsil almaq və həmin müavinətin bərpa edilməsi mümkünsüz olmuşdur. Həmçinin hərbi xidmətə yararsız olduğu halda buna səhlənkar yanaşaraq dözülməz ağrılarla 7 ay müddətində hərbi xidmətdən sonra yararsız hesab edilməyi ən böyük mənəvi zərbə olmuşdur. Qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-B-20831/2023 nömrəli arayışında qeyd olunmuşdur ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən Nazirliyin tabeliyində ailə başçısını itirməyə görə 297.25 manat əmək pensiyası alıb. Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli 4/04 nömrəli valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbənin təqaüdlə təmin edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, İddiaçı «Beynəlxalq münasibətlər və iqtisadiyyat faküitəsinin əyani şöbəsinin azərbaycan bölməsi üzrə ödənişli əsaslarla təhsil alan "Politologiya" ixtisasının İİ kurs 814 saylı qrup tələbəsi "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi" haqqında Azərbaycan Respublikası Pezidentinin 22 iyun 1999- cu il 693 nömrəli Fərmanının 5-ci maddəsinə əsasən normativ təhsil müddəti ərzində 23 yaşınadək (doğum tarixi xx.xx.2000) xx.xx.2019-cu il tarixdən adi təqaüdün iki misli miqdarında təqaüdlə təmin edilsin. Beləliklə, birinci instansiya məhkəməsi də qərarında "qanunvericiliyin tələblərinə cavabdeh idarə tərəfindən lazımınca əhəmiyyət verilməməsi, iddiaçının sağlamlıq vəziyyəti barədə ətraflı araşdırma, nəzarətin həyata keçirilməməsinin nəticəsdir ki, onda mövcud olan anadangəlmə, ümumi xəstəlik hərbi xidməti zamanı daha da ağırlaşmış, hərbi xidməti davam etdirməsi mümkün olmamış və vaxtından əvvəl xidmətdən tərxis olunmuşdur. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementləri mövcuddur" qeyd etsə də, bununla belə hesab etmişdir ki, iddiaçı cavabdehin öz vəzifə borcunu qanunsuz olaraq pozduğunu sübut etsə də lakin onun maddi ziyana məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmin nəticəsini AR DİM-in verilmiş sorğulara cavabına istinadən onunla əsaslandırmışdır ki, iddiaçı ilkin mərhələdə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək proqram və ixtisaslaşma seçimində iştirak etmiş, lakin heç bir ixtisaslaşmaya qəbul olmamışdır. İddiaçının toplamış olduğu 48 balla ikinci seçimdə 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AR Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququ olmuş, lakin onun imtahan balı onun ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin imtahan balı (48 bal) ilə eyni olduğundan ümumi orta müvəffəqiyyət göstəricisi əlavə göstərici kimi istifadə edilmiş, iddiaçının ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin ümumi orta müvəffəqiyyət göstəricisi (72.25 bal) iddiaçının ümumi orta müvəffəqiyyət göstəricisindən 67.25 baldan yüksək olduğu üçün iddiaçının boş qalan yerlərə qəbul olunmaq kimi ehtimalı olmamışdır. Bununla belə, vəkil tərəfindən verilmiş sorğuya cavab olaraq DİM-nin 9-3/2- 2067/2023 saylı xx.xx.2023-cü tarixli məktubunda 2021 /2022-ci tədris ili üçün ixtisası üzrə magistraturaya qəbul olunmuş bakalavrların balının 50, boş qalan qeylər üzrə isə 55 bal olması qeyd edilmişdir. Beləliklə göründüyü kimi DİM eyni məsələ üzrə fərqi və zidiyyətli cavablar vermişdir. Həmçinin, məhkəməyə təqdim eedilən X6 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunanların siyahısına dair rəsmi “Abituriyent" jurnalından göründüyü kimi İddiaçı ixtisası üzrə ən aşağı qəbul balı 47 bal olmuşdur. Buna baxmayaraq məhkəmə tərəflərindən təqdim edilmiş mötəbər sübutu qəbul etməyərək, X6 məktubunu əsas götürərək iddiaçının boş qalan yerlərə qəbul olunmaq kimi ehtimalının olmaması nəticəsinə gələrək, iddiaçını maddi zərəri tələb etməkdə haqlı hesab etməməklə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehin əsassız şəhadətləndirilməsi nəticəsində hərbi xidmətə göndərilməsi ilə ona mənəvi ziyan vurulması ilə razılaşıb, iddiaçının mənəvi ziyana məruz qalmasının hərbi xidmətə göndərildikdən sonra xəstəliyi üzündən kəskin ağrılara məruz qalması, ilk öncə tibb məntəqəsinə, daha sonra hərbi hospitala yerləşdirilərək, orada stasionar müalicədə olması, müalicənin müsbət nəticəsi verməməsi və müddətli hərbi xidmətdən vaxtından əvvəl xəsəliyi ilə əlaqədar tərxis edilməsini mənəvi ziyan faktı kimi qiymətləndirib, kompensasiya təyin edilməli olması nəticəsinə gəlsə də, bununla belə həmin məbləği cüzi təyin etməklə iddiaçının çəkdiyi mənəvi iztirabı düzgün qiymətləndirməmiş, zərərin məbləği ağlabatan və ədalətli olmamışdır. Hesab edir ki, azadlıq və digər hüquqlarımın məhdudlaşdırılması, dözülməz ağrılarla 7 ay hərbi xidmətdə olmağına baxmayaraq hərbi xidmətdən tərxis olunması, bununla da sağlamlığına bərpaolunmaz zərər dəyməsi, həmçinin təhsil hüququnun əlindən alınması ilə bağlı keçirdiyi mənəvi ziyan belə cüzi məbləğdə qiymətləndirilə bilməz…» Cavabdeh isə apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…Maddi zərərin baş verməsi üçün Xidmətin Nizami rayon idarəsinin qanunsuz hərəkəti ilə iddiaçının təhsil almaq hüququ pozulmamış, nəticə etibarı ilə qəbul olmadığı təhsil pilləsində valideynlərini itirmiş tələbə olaraq dövlət tərəfindən veriləcək təqaüd və güzəştləri əldə etmək imkanından da məhrum qalmamışdır. Bu baxımdan cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının nə real, nə də əldən çıxmış fayda şəklində maddi zərərə məruz qaldığı sübuta yetirilməmişdir. Odur ki, iddiaçı maddi zərəri tələb etməkdə haqlı hesab edilə bilməzdi. Mənəvi zərər tələbi ilə bağlı mövqe ilə razı deyillər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. İddiaçı müddətli həqiqi hərbi xidmətə göndərilərkən rayon çağırış komissiyasının həkim-mütəxəsssləri tərəfindən şəhadətləndirilmiş, rayon çağırış komissiyasına cəlb olunmuş həkim-mütəxəssislər tərəfindən hərbi xidmətə yararlı hesab edilmiş həmçinin onun dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlı olub-olmamalarını yoxlanılması üçün təkrar tibbi müayinədən keçirdilər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Bundan başqa məhkəmə öz səlahiyyəti çərçivəsində bu iş üzrə ekspertiza keçirməmiş və İddiaçı qeyd olunan xəstəliyin hərbi xidmətdən əvvəl olub-olmamasına hüquqi qiymət verməmişdir. Belə ki, 10 yanvar 2022-ci il tarixli 219 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin “Xəstəliklər cədvəli"nin 68 c maddəsinin İİ qrafasına və ƏTC-yə (Diaqnoz: Sol aşıqqayıqvarı oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış sol ayağının İİİ (üçüncü), sağ ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Sidik buraxmanın gecə sidiyi saxlamaya bilməməsi şəklində müvəqqəti funksional pozulması. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 3.75D və M 3,0D, solda M 4, OD və və M 1,0D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsnün cüzi dərəcədə pozulması ilə. Xroniki vazomotor rinit. Ümumi xəstəlikdir) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və ehtiyata buraxılmışdır. Adıçəkilən şəhadətnamədə iddiaçının xəstəliyi barədə məlumat verilmiş, lakin onda məhz lll-cü dərəcə yastıayaqlığın olması və bu diaqnozun (lll-cü dərəcə yastıayaqlığ) nə vaxt yaranması barədə məlumat verilməmişdir. İnkar olunmur ki, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılarkən onda l-ci və ya İİ dərəcə yastıayaqlığ olmuş olsun. Qeyd olunan xəstəliyin sonradan zəruri müalicələr aparılmadığına görə İİ və ya lll-cü dərəcəyə ağırlaşması tibb elminə məlumdur. Bu səbəbdən qeyd editrlər ki, İddiaçı xəstəliyinin məhz nə vaxt ağırlaşması və ya anadangəlmə lll-cü dərəcə yastıayaqlığ olması əlavə araşdırılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 10 000 (on min) manat vurulmuş mənəvi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından və bu səbəbdən ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz...» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən tərəflər (nümayəndələri) apellyasiya şikayətlərinə uyğun izahat verərək şikayətlərinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materialarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 2.2.7-ci maddəsinin tələbindən görünür ki, iddiaçı inzibati icraat qaydasında inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər İşin hallarından göründüyü kimi, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi yalnız, mənəvi ziyanla bağlı hissəsində təmin olunaraq, ona vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində vəsaitin ödənilməsi vəzifəsi cavabdehə həvalə edimişdir. Məhkəmə bu nəticəyə gələrkən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına və Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarına istinadən qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərində mübahsələndirir ki, iddiaçının cavabdehin əsassız şəhadətləndirilməsi nəticəsində hərbi xidmətə göndərilməsi ilə ona mənəvi ziyan vurulması ilə razılaşır. Belə ki, iddiaçının mənəvi ziyana məruz qalması onda ifadə olunur ki, o hərbi xidmətə göndərildikdən sonra xəstəliyi üzündən kəskin ağırlara məruz qalmış, ilk öncə tibb məntəqəsinə, daha sonra hərbi hospitala yerləşdirilərək, orada stasionar müalicədə olmuş, müalicənin müsbət nəticəsi olmamış və müddətli hərbi xidmətdən vaxtından əvvəl xəsəliyi ilə əlaqədar tərxis edilmişdir. Bütün bunları məhkəmə mənəvi ziyan faktı kimi qiymətləndirərək hesab edir ki, vurulmuş ziyana görə kompensasiya təyin edilməlidir. Daha sonra, məhkəmə, hesab etmişdir ki, maddi zərərdən fərqli olaraq mənəvi zərər, maddi itki ilə bağlı olmadığından ona hər hansı maddi dəyər anlamında yanaşılması və qarşılığının da tələb edilən həcmdə maddi təminatla ödənilməsi mütləq deyil. Mənəvi zərərin pulla qarşılanarkən təyin edilən məbləğ törədilmiş hüquq pozuntusu, çəkilən iztiraba uyğun ağlabatan olmaqla bərabər elə bir həddə seçilməlidir ki, bu məbləğ zərərçəkənin maddi anlamda “varlanması” məqsədinə xidmət etməməli və ya bu cür nəticəyə gətirib çıxarmamalıdır. Qeyd edilənləri nəzərə alaraq hazırkı iş üzrə məhkəmə vurulmuş mənəvi ziyanın həcminin 3000 (üç min) manat məbləğində qiymətləndirir və bu məbləği işin hallarına, o cümlədən iddiaçının tibb məntəqəsi, hərbi hospitalda müalicə dövrü də nəzərə alınmaqla 06 aya yaxın müddət ərzində hərbi xidmətdə olduğu müddətə uyğun ağlabatan məbləğ kimi qəbul edir. Məhkəmə kollegiası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ən azından ona görə ki, iddiaçının sağlamlıq vəziyyəti hərbi xidmət keçməsinə imkan vermədiyi halda, cavabdeh tərəfindən onun qanunvericiliyin tələblərinə varmadan, səhhəti hərtərəfli müayinə edilib, onun mövcud xəstəliyi müəyyən olunmadan, xəstə ikən onun müddətli həqiqi hərbi xidmətə götürülməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət (6 ay) ərzində onun hərbi rejim qaydalarına riayət etmək məcuriyyətində qalması və hərbi rejim çərçivəsində tibbi müayinələr keçməsi, bütün bu kimi hallar ona iztirab verməyə və onun mənəvi sarsıntısına səbəb olmaya bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, onun bu vəziyyətə düçar olması, məhz, cavabdeh orqanın qanunvericiliklə üzərinə düşən vəzifələrinin lazımınca icrasının təmin edilməməsinin nəticəsi kimi qiymətləndirilməlidir Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” aşağıdakıları nəzərdə tutur: ...; 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. ...; -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. 2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. ...; 2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Cavabdeh orqan tərəfindən isə qanunvericiliklə üzərinə düşən həmin vəzifələri yerinə yetirməmiş iddiaçının hərbi xidmətə yaralılıq vəziyyəti tədqiq olunmamış, onun müvafiq müalicəsi təmin edilmədən hərbi xidmətə götürülmüşdür. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbəlğində vəsaitin tutulmasını, sözügedən zaman çərçivəsinə münasibətdə onun keçirdiyi iztiraba mütənasibdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin məbləğin azlığına, cavabdehin isə ümumiyyətlə, həmin məblğin ondan tutulmasının əsassız olduğunu mübahisələndrən dəlilləri ilə razılaşmır. Bununla yanaşı məhkəmə kollegiyası, birinci instansiaya məhkəməsi tərəfindən iddiaçının tələbnin maddi ziyan hissəsində tam şəkildə təmin olunmaması ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi - iddiaçının 2021-ci il tarixdə bakalavr təhsilini başa vurduqdan sonra, həmin ildə magistr pilləsi üzrə imtahan verərək test imtahanından keçid balı 40 olmaq üzrə 48 bal yığaraq magistr pilləsinə daxil olduğu, 2021-ci ilin iyul ayında isə hərbi xidmətə qanunsuz olaraq yararlı hesab edilərək hərbi xidmətə aparıldığından avqust ayında ixtisas seçimi üzrə kodlaşdırma apara bilmədiyindən magistr pilləsi üzrə təhsildən məhrum olması, bununla da təhsil dövründə valideynlərini itirdiyinə görə dövlət tərəfindən veriləcək müavinət və təqaüddən məhrum olmaqla maddi ziyan çəkdiyi barədə iddia tələbi ilə, - aşağıdakıları əsas göstərməklə razılaşmamışdır: “...İddiaçı cavabdehin öz vəzifə borcunu qanunsuz olaraq pozduğunu sübut etsə də, lakin onun maddi ziyana məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materialları və məhkəmə sorğularına verilmiş cavablardan müəyyən olunmuşdur ki, iddiaçı 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş test imtahanlarında iştirak etmiş, müvafiq olaraq 47 və 48 bal toplamış, həmin bal iddiaçının müsabiqənin ixtisaslaşma seçimi mərhələsində iştirak etmək hüququ vermişdir. Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar ilkin olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək proqram və ixtisaslaşma seçimi aparmış, həmin müsabiqənin nəticələri xx.xx.2021-ci il tarixdə elan edilmiş, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılmış və həmin müsabiqənin nəticələri xx.xx.2021 tarixdə elan edilmişdir. İddiaçı ilkin mərhələdə-xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək proqram və ixtisaslaşma seçimində iştirak etmiş, lakin heç bir ixtisaslaşmaya qəbul olmamışdır. İddiaçının toplamış olduğu 48 balla ikinci seçimdə-2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququ olmuş, lakin onun imtahan balı onun ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin imtahan balı (48 bal) ilə eyni olduğundan ümumi orta müvəffəqiyyət göstəricisi əlavə göstərici kimi istifadə edilmiş, iddiaçının ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin ümumi orta müvəffəqiyyət göstəricisi (72.25 bal) iddiaçının ümumi orta müvəffəqiyyət göstəricisindən 67.25 baldan yüksək olduğu üçün iddiaçının boş qalan yerlərə qəbul olunmaq kimi ehtimalı olmamışdır. Göründüyü kimi, iddiaçının toplamış olduğu bal ona hər iki mərhələdə ixtisas seçimində iştirak etmək hüququ vermiş, iddiaçı birinci mərhələdə iştirak etsə də lakin topladığı bal seçdiyi ixtisaslaşmaya qəbul olmaq üçün yetərli olmadığından magistratura pilləsinə qəbul olunmamış, bu barədə nəticələr xx.xx.2021-ci il tarixdə elan edildikdən sonra iddiaçı 2021-ci ilin iyul çağırışı ilə hərbi xidmətə göndərilmişdir. Eyni zamanda iddiaçının hərbi xidmətə aparılmadığı və magistraturaların boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququnu əyani şəkildə realizə etmək imkanı tanınmış olsaydı belə bu zaman onun topladığı balla eyni bal toplamış namizədlə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisi balı aşağı olduğundan magistratura pilləsinə qəbul olmaq ehtimalı olmamışdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır, lakin bu zaman məhkəmə onu da nəzərə almalı idi ki, qeyd olunan balla iddiaçı magistratura pilləsinə qəbul olunması istisna edilsə belə, ən azından, həmin vaxt bakalavr diplomu ilə onun əmək müqaviləsi əsasında işləmək imkanları da mövcud olmuşdur. Həmin zaman çərçivəsində isə Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamına müvfiq olaraq - 2019-cu ilin yanvarın 1-dən 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində minimum əmək haqqı məbləği 250 manat təşkil etmişdir. Belə olan halda, iddiaçının hərbi xidmət keçdiyi 6 (altı) aylıq müddət ərzində əmək müqaviləsi əsasında onun, ən azından, 1500 (250manat x 6ay) manat məbəlğində qazanc əldə etmək imkanı mövcud olduğu halda bu ikanından məhrum olmuşdur. Göründüyü kimi, həmin məbləğdə iddiaçının maddi ziyan tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə maddi ziyanla bağlı tələbinin təmin edilmədiyinin əsassız olduğunu mübahisələndirən hissəsində qismən razılaşır. İddiaçının qalan hissələrdə, yəni, daha yüksək məbləğlərdə cavabdehdən onun xeyrinə ona vurumuş maddi və mənəvi ziyana görə ödənilməsini tələb edən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı onun tərəfindən mötəbər sübutlar mövcud olmadığı halda, həmin tələblərinin təmin edilməsi istisna olunur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə qismən razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalı və İddiaçı, ona vurulmuş maddi ziyanının əvəzi olaraq 1500 (bir min beş yüz) manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat məbləğində, cəmi, 4500 (dörd min beş yüz) manat məbəlğində pul vəsaitinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin üzərinə qoyulmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3674/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı, ona vurulmuş maddi ziyanının əvəzi olaraq 1500 (bir min beş yüz) manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat, cəmi, 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin üzərinə qoyulsun. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-961/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-961/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver