Məhkəmə qərarları › İş №2-1(103)-962/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-962/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-962/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Ağayev Abbasqulu Məmmədəli oğlunun iştirakı ilə, İddiaçı Ağayev Abbasqulu Məmmədəli oğlunun cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Məmmədova Reyhan Şükür qızı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 30 ildən artıq Bakı şəhərində rəsmi qeydiyyatda olmağını, mənzil şəhraitinin həddindən artıq ağır və acınacaqlı olmasını və himayəsidə 1 qrup gözdən əlil olan övladının olmasını nəzərə alaraq iddiaçının mənzil növbəsinə götürülməyi vəzifəsinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06.03.1966-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Faktiki nikahdan 15.08.1993-cii ildə Ağayev Abbasqulu Məmmədəli oğlu adlı bir övladı anadan olmuşdur. İddiaçı qeyd edir ki, oğlu anadangəlmə göz qüsürlu olduğu üçün ona sonradan ona 1 qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı qeyd edir ki, 30 ildən artq bir müddətdir ki, Bakı şəhərində yaşayır. Rəsmi qeydiyyatı Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi 51 saylı evdir. Belə ki, oğlu 1 qrup gözdən əlil olduğu üçün 2023-cü ildə mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Xətai rayon İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etmişdir. Xətai rayon İH-nin 13.04.2023-cü il tarixli rəsmi məktubu ilə bundan imtina olunmuşdur. İmtinaya isə əsas səbəb ki, rəsmi qeydiyyatda olduğu mənzildə başqa-başqa şəxslərin də qeydiyyatda olması göstərilmişdir.(mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi) İddiaçı qeyd edir ki, mənzil növbəsinə götürülməsi barədə cavabdeh orqana rəsmi müraciət etməyinə baxmayaraq bundan əsassız olaraq imtina edilmişdir. Nəticədə iddiaçı məcburiyyət qarşısında qalaraq aidiyyalı üzrə məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 06.07.2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərardadı ilə “Ağayev Abbasqulu Məmmədəli oğlunun gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06.07.2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Məmmədova Reyhan Şükür qızı əsl iddiaçı olan Ağayev Abbasqulu Məmmədəli oğlu ilə əvəz edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış 20.06.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçı Məmmədova Reyhan Şükür qızının 1-ci dərəcə gözdən əlil övladı Ağayev Abbasqulu Məmmədəli oğlu 04.04.2023-cü il tarixli, 5-11/1-A-60-068/2023 saylı ərizə ilə Xətai Rayon icra Hakimiyyətinə müraciət edərək 1-ci dərəcə gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki o, 17.12.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş Səlimov Nazim Bağı oğluna məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraiti süni şəkildə pisləşdirmişdir. Belə ki, imtiyazlı vətəndaşlar respublikanın digər rayonlarından qeydiyyatdan çıxaraq Bakı şəhərində mənzillə təmin olunmaları məqsədilə Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş Səlimov Nazim Bağı oğluna məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraitlərini süni şəkildə pisləşdirirlər. Bildiririk ki, imtiyazlı vətəndaşlar qeyd edilən ünvana formal olaraq qeydiyyata alınır, lakin ünvanda faktiki olaraq yaşamırlar və həmin fərdi yaşayış evinə dair hüquqları yaransada mövcüd qanunvericilikdə nəzərdə tutulmuş mənzil normasının pozulmasına səbəb olurlar. Bu da həmin ünvanda hazırda minlərlə vətəndaşın daimi qeydiyyata alınmasına şərait yaradır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş Ağayev Abbasqulu Məmmədəli oğlunun xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Ağayev Abbasqulu Məmmədəli oğlu 17.12.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş Səlimov Nazim Bağı oğluna məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraiti süni şəkildə pisləşdirmişdir. Belə ki, imtiyazlı vətəndaşlar respublikanın digər rayonlarından qeydiyyatdan çıxaraq Bakı şəhərində mənzillə təmin olunmaları məqsədilə Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş Səlimov Nazim Bağı oğluna məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraitlərini süni şəkildə pisləşdirirlər. Bildirirlər ki, imtiyazlı vətəndaşlar qeyd edilən ünvana formal olaraq qeydiyyata alınır, lakin ünvanda faktiki olaraq yaşamırlar və həmin fərdi yaşayış evinə dair hüquqları yaransada mövcüd qanunvericilikdə nəzərdə tutulmuş mənzil normasının pozulmasına səbəb olurlar. Bu da həmin ünvanda hazırda minlərlə vətəndaşın daimi qeydiyyata alınmasına şərait yaradır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş Ağayev Abbasqulu Məmmədəli oğlunun xahişinin təmin edilməsinin imkanlar xaricində olduğu nəzərinə çatdırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsi işə baxarkən qanunvericiliyin bu tələbinə məhəl qoymadan iddiaçının iradəsinə uyğun qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 13.04.2023-cü il tarixli imtina cavabından sonra iddia ərizəsini 03.05.2023-cü il tarixdə məhkəməyə təqdim etmiş, beləliklə, 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 32. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi 32.1. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi qaydası və şərtləri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 32.2. Əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrində olması onların öz hüquqlarını və azadlıqlarını həyata keçirmək imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; ... 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; Maddə 11. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətləri 11.0. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: ... 11.0.3. sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı Ağayev Abbasqulu Məmmədəli oğluna (15.08.1993-cü il təvəllüdlü) müddətsiz olaraq gözdən əlil kimi birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil şəraitini süni surətdə pisləşdirməsini qeyd edərək, formal olaraq qanunvericiliyin tələblərini (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsi) qeyd etməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının 07.10.2016-cı il tarixli müayinəyə dair məlumatda Ağayev Abbasqulu Məmmədqulu oğluna Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik => 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); Əmək zəmanəti barədə : Kənar şəxsin daimi qulluğuna və yardımına ehtiyacı var. Təyinatın tarixi: 07.10.2016-ci il tarixdə Qeyri kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya qüsuru diaqnozu ilə müddətsiz olaraq 2-ci əlillik təyin edilmişdir. Ağayev Abbasqulu Məmmədqulu oğluna DSMF-nin Xətai rayon şöbəsi tərəfindən 1ci dərəcə əlil kimi, əlillər Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək üçün 07.11.2016-cı il tarixdə 001467 nömrəli Vəsiqə verimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 6278920 nömrəli Arayışdan görünür ki, iddiaçı 17.12.2022- ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq 16.08.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Ağayev Abbasqulu Məmmədəli oğlu 12.09.2009-cu il tarixdən Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 4 ünvanında, 20.0.2019-cu il tarixdən Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında qeydiyyatdadır. Məmmədova Reyhan Şükür qızı 25.05.2000-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 39, mənzil 30 ünvanında, 25.08.2008-ci il tarixdən Bakı şəhəri, Cavanşir küçəsi, ev 8, mənzil 32 ünvanında, 06.04.2009-cu il tarixdən Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 4 ünvanında, 26.12.2022-ci il tarixdən tarixdən Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış əmlak məlumatlarına əsasən, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının adına daşınmaz əmlak qeydə alınmamışdır. Kollegiya hesab edir ki, iddiaçının adına daşınmaz əmlak qeydə alınmadığından və qanunvericiliyin qeyd edilən tələbləri baxımından iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi gözdən əlil olan şəxslərin sırasında mənzil növbəsinə götürülməsindən imtina barədə cavabdehin hərəkəti qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, mənzillə təmin olunma hüququnu məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına istinad etməmiş, belə bir halın mövcudluğu işə məhkəmələr tərəfindən baxılarkən də müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verildiyi təsbit edilmişdir. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci maddəsində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gəlib qeydiyyata düşməsinin onun tərəfindən uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Sözügedən normanın mənasına görə həmin normada nəzərdə tutulan hüquq subyekti yaşayış sahəsinin mülkiyyətçisidir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə özünün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə (ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından az olduğunu göstərmək üçün faktiki onunla yaşamayan ailə üzvlərini də həmin yaşayış sahəsinə qeydiyyata saldırmaq, yaşayış sahəsinin müəyyən edilmiş tələblərə cavab vermədiyini göstərmək üçün bu və ya digər hərəkətlər və s.) məhz yaşayış sahəsinin mülkiyyətçisi yol vermiş ola bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsi iddiaçıya münasibətdə şamil edilə bilməz. Belə ki, hazırkı halda iddiaçının özgəsinin evinə qeydiyyata düşməsi onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət hesab edilə və mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçı 2009-cu il tarixdən Xətai rayonu ərazisində müxtəlif ünvanlarda qeydiyyatda və həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxsdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar