Məhkəmə qərarları › İş №2-1(103)-964/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-964/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-964/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsi bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-196/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsi bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-196/2021 nömrəli 16.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsi bağlanması” tələbinə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin 16.12.2021-ci il tarixə saat 16:15-ə təyin olunmuş iclasında iştirak etmək məqsədilə iddiaçıya iclasın vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməmişdir. Bütün yuxarıda göstərilənlər iş materialları ilə təsdiq olunur və qərardadda göstərilənlər (iddiaçının iştirak etməməklə üzürsüz səbəblərdən məhkəmə icraatından yayınması) həqiqəti əks etdirmir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsi bağlanması” tələbi ilə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən 16.12.2021-ci il tarixli qərardadla inzibati mübahisə üzrə məhkəmə icraatına xitam verilmişdir. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, “...Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı həmin tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişlərini təsdiq edən poçt reyestrindən çıxarışların surətləri və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş iş materiallarına əlavə edilmişdir. İddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış və bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Odur ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da inzibati iş üzrə icraata xitam verilməlidir.” Kollegiya ilk öncə qeyd edir ki, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.04.2014-cü il tarixli Qərarında şərh olunmuşdur ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.” Birinci instansiya məhkəməsinin qanunun müvafiq maddələrinə istinad olunmaqla iddiaçı tərəfindən yerinə yetirilməməsinin iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi kimi hüquqi nəticələri aydın şəkildə ifadə edən xəbərdarlıq məqsədli tələbinin iddiaçıya sübut oluna biləcək qaydada çatdırılması (təqdim olunması) iş materialları ilə təsdiqini tapmır. Bundan əlavə iddiaçıya SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Hətta iddiaçıya SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş olsaydı da belə həmin bildiriş iddianın geri götürülmüş sayılmasına dair sözügedən hüquqi nəticələri ehtiva etmədiyindən, şərh olunan tələblərə cavab verə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktiki cəhətdən əsassız, prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməlidir (İPM-in 87.6-cı maddəsi). İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-196/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsi bağlanması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar