Məhkəmə qərarları › İş №2-1(103)-964/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-964/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-964/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı (üçüncü şəxs "xxxx" MMC) “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiyanın yenidən hesablanaraq bərpa edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra məhkəmə iclasında iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, “2007- 2008-ci illər ərzində dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması”nı xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 2007-2008-ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1 (112)-4882/2022 nömrəli qərarında iddiaçının 2007-2008-ci illərdə işlədiyi "xxxx" MMC-nin məktubuna əsaslanmışdır. Lakin qeyd olunan məktuba əlavə olunmuş çıxarışdan görünür ki, 24 ayın çıxarışları təqdim olunmamış, eyni zamanda qəbzlərdə bəzi aylar üzrə ödəmələr “0” manat təşkil etmişdir. Qeyd olunan dövrlərin “X1 Sistemi”ndə əks olunması üçün sığortaedən tərəfindən Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (ünvan: Həsən Əliyev küçəsi, 135A, AZ1110) İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən adına işlənilmiş işçi və ya işçilərin 2007- 2008-ci illər üçün imza və möhürlə təsdiq edilmiş dəqiqləşdirilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3), əməkhaqqı cədvəlləri, əmək kitabçaları, əmək müqavilələri bildirişləri, əməkhaqqı aldığı bank hesabından çıxarışları, işə daxilolma, işdən azad edilmə və məzuniyyətdə olma əmrləri tam və düzgün şəkildə müşayiətedici məktuba əlavə olunmaqla təqdim edilməlidir. Göründüyü kimi İddiaçı 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı və 01 yanvar 2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı yaşa görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya tərəfindən yuxarıda göstərilən qaydada iddianının təmin edilməsilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin mübahisələndirdiyi dövrlərdə, yəni 2007-2008-ci illərdə "xxxx" MMC-nin Kabel magistrallarının texniki qovşağının mühəndisi kimi həmin müəssisədə fəaliyyət göstərmişdir. Cavabdeh inzibati orqan isə qeyd edilən dövrlər üzrə təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda iddiaçının adının sığorta olunan kimi qeyd olunmadığı üçün iddiaçının müraciətinin təmin olunmasından imtina edir. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən halhazıradək "xxxx" MMC, KTXM Bakı Xətt qrupunda mühəndis peşəsində işləyir. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq Aztelekom” MMCnin təqdim etdiyi məktubdan da görünür ki, "xxxx" MMC-nin Kabel magistrallarının texniki qovşağının mühəndisi İddiaçı 2007-2008-ci illər üzrə əməkhaqqı almış və müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, məhkəmə araşdırmasından və iş materiallarından da göründüyü kimi, iddiaçı 2007-2008-ci illərdə "xxxx" MMC-də işləmiş və qeyd edilən dövrlər əmək kitabçasında qeyd olunmuş, həmçinin iş yerindən məhkəməyə təqdim edilən məktubla bir daha təsdiqlənmişdir. Cavabdeh apelyasiya şikayətində "xxxx" MMC-nin məktubuna əlavə edilmiş çıxarışlardan 24 ayın çıxarışlarının tam təqdim edilmədiyinin göründüyünü, eyni zamanda qəbzlərdə bəzi aylar üzrə ödəmələrin 0 manat təşkil etdiyini bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiçının dəqiqləşmə ərizəsində konkret olaraq 2007-2008-ci illər üzrə 24 ay hesablanmaqla əmək pensiyasının yenidən hesablanması göstərilməsə də, ifadə tərzindən aydın olur ki, iddiaçı həmin illər üzrə işlədiyi müddətlərin nəzərə alınaraq ona əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Hətda iddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman iddia ərizəsində 2007-ci ilin iyul ayından "xxxx" MMC-də işləməyə başladığını qeyd etmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, cavabdeh qeyd edilən dövlərdə iddiaçının işlədiyi ayların heç birini nəzərə almadan iddiaçıya imtina vermişdir. İş materiallarında olan təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı 2007-ci il üzrə 6 ay (iyul, avqust, sentyabr, oktyabr, noyabr,dekabr), 2008-ci il üzrə 12 ay olmaqla "xxxx" MMC-də işləmiş və əmək haqqı almış və iddiaçının əmək haqqından müəyyən aylar üzrə sosial sığorta haqqı tutulmuşdur. Cavabdehin apelyasiya şikayətində “qəbzlərdə bəzi aylar üzrə ödəmələrin 0 manat təşkil edir” dəlilinə münasibətdə isə Kollegiya bildirir ki, qeyd edilən halların baş verməsi iddiaçının iradəsindən asılı olan hal deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik cavabdeh inzibati orqanın nəzarət funksiyasına və təsir mexanizminə malik olub, bu kimi halların qarşısını vaxtında ala bilməsi üçün kifayət qədər səlahiyyətlər vermişdir. Bir daha Kollegiya qeyd edir ki, cavabdehin qeyd etdiyi halların yaranmasında iddiaçının hər hansı bir təqsiri yoxdur. İddiaçının işlədiyi müəssisənin və ya cavabdeh inzibati orqanın lazımı qaydada vaxtında tədbir görməməsi, iddiaçının hüquqlarına müdaxilə edilməsi üçün əsas vermir. Odur ki, birinci instansiya məhkəməsi İddiaçı 2007-2008-ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyini haqlı olaraq cavabdehin üzərinə qoymuşdur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar