Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-964/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cizginin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2-1(112)-4018/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 074 nömrəli sərəncamı İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun ərazisindəki 0.10 hektar hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cü il tarixli, 074 nömrəli sərəncamı İddiaçı Bakı şəhəri, Abşeron rayon, Maştağa Subtropik bitkilər sovxozunun ərazisində sahədə fərdi yaşayış evinin tikintisi üçün 0.10 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Cavabdehnə müraciət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə Sabunçu RİH-də heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Cavabdeh imtinası əsassızdır. Belə ki, sözügüdən torpaq istifadələrindədir və həmin torpaq sahəsi ayrılarkən plan-cizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanının vəzifəsidir. Bundan əlavə sənədlər Cavabdehn tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən tələb olunan sənədlər Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2-1(112)-4018/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsi 24 il bundan öncə yəni 1998-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi Maştağa qəsəbəsindən yerləşən 0.10 ha olan torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamışdır. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsi keçmiş sovxoz ərazisidir. Məhkəmə torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin koordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin verdiyi xx.xx.2023-cü il tarixli, T/209 nömrəli məktubu ilə təqdim edilmiş Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun xx.xx.1999-cu il tarixli, 05 nömrəli əmrinə əsasən Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/111-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/111-99-cu il tarixli 074 saylı sərəncamını rəhbər tutaraq Maştağa subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən aşağıda adları qeyd olunan 206 nəfər fəhlə və mütəxəssis ailələrinin hər birinə 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. ...21.İddiaçı.., Vətəndaşa torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon torpaq şöbəsinin mütəxəssisləri tərəfindən qəsəbənin quruluşuna uyğun hazırlanmış sxema əsasında paylansın. Əmrin icrası direktor müavini Tağıyev M.M., həmkarlar təşkilatının sədri Maxsudov.N.B., komendant Əliyev.T.M, sürücü Əlimərdanov.H.Ə., fəhlə İsbəndiyarova Ş.Q. yoldaşlara həvalə edilsin. Sovxozun direktoru: imza Seyidov H.Y. Kadrlar üzrə təlimatçı: imza Məcidova Z.B. möhür Əsas: F.70, s.1a, s.v.45, b.5. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********32 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 0.1387 ha-dır. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X2 Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə ərazinin qeydiyyatı və hər hansı bir mühafizə zolağına düşməsinə dair elektron bazada məlumat aşkar olunmamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********49 nömrəli məktubu ilə torpaq sahəsinin yerləşmə koordinatları təqdim edilmişdir: X Y 0 415160,045 4464231,548 1 415161,243 4484212,786 2 415176,863 4484213,680 3 415177,114 4484195,132 4 415132,320 4484192,721 5 415130,159 4484228,935 İş materiallarında olan cavabdeh Bakı şəhər Cavabdeh İddiaçı müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, C86-091 məktubunda bildirmişdir ki, Abşeron rayon icra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin aync aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Beləliklə, işin hallarından müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyətinin 23/111-99-cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun xx.xx.1999-cu il tarixli, 05 nömrəli əmri ilə X2 ərazisində həyətyanı torpaq sahələrindən fərdi ev tikmək üçün 0.10 ha ölçüdə torpaq sahəsi İddiaçı ayrılmışdır. Sözügedən əmr dövlət arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin keçmiş X2 Bakı şəhərinin idarəçiliyinə qaytarılan ərazisinin hüdudları daxilində olmaqla, təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, eləcə də dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayırılması barədə Abşeron rayon İcra Hakimiyyətinin 23/111-99-cu il tarixli 074 saylı sərəncamı əsasında Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun xx.xx.1999-cu il tarixli, 05 nömrəli əmri hazırda qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi X2 Bakı şəhərinin idarəçiliyinə qaytarılan ərazisinin hüdudları daxilində olmaqla hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda həmin torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 №-li, xx.xx.2022-ci il tarixli və 2- 1(102)-1755/2023 №li, xx.xx.2023-cü il tarixli qərarları). Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2-1(112)-4018/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-964/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-964/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver