Məhkəmə qərarları › İş №2-1(103)-964/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-964/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-964/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********890800 nömrəli qərarının ləğv edilməsi” tələbinə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya əlavə olaraq 36.029,54 manat ƏDV məbləği hesablanmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilən ödəyici ilə aparılan əməliyyatlar çərçivəsində 36.029,54 (200.164,10x18%) manat ƏDV hesablanmışdır. İşin halları ilə bağlı bildirilmişdir ki, "xxxx" MMC (VÖEN:**********) ilə bağlanmış xx.xx.2023-cü il tarixli 22/27 nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq xx.xx.2023-cü il tarixində EBDK 109460, EBDK 108972, EBDK 109237, EBDK 108700 saylı elektron qaimə-fakturalar əsasında ümumilikdə əsas məbləği 200.164,10 AZN, ƏDV-si 36.029,54 AZN olmaqla, ümumi dəyəri 236.193,64 AZN olan metal borular alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarı əsasında "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi həmin MMC əməliyyatların aparıldığı tarixdən (xx.xx.2023) 6 ay sonra (xx.xx.2024) riskli vergi ödəyicisi hesab edilmişdir və həmin vaxt iddiaçının gələcəyi görmək imkanı olmamışdır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 36.029,54 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********583100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün yerli vergi orqanı tərəfindən 36.029,54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Eyni zamanda, iddia ərizəsində iddiaçı Vergi Məcəlləsinin 37-ci maddəsinə istinad etməklə mənfəət vergisi üzrə kameral vergi yoxlamasının 30 iş günü ərzində keçirilməli olduğunu qeyd etmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmiş, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********890800 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9721/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli **********039600 nömrəli çıxarışda göstərilmişdir ki, qurumun adı: "xxxx" MMC, qeydiyyata alındığı tarix: xx.xx.2009, dövlət qeydiyyatı № (VÖEN) **********, təşkilati-hüquqi forması: məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı (əvvəlki): AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, X9, ev 7b, mənzil 18, indiki: AZ1030, Bakı şəhəri, Nizami rayonu, məhəllə 2410, nizamnamə kapitalının miqdarı: 50.00 manat, təsisçilər və nizamnamə kapitalında payın miqdarı X4 – 100%-dir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli **********039600 nömrəli çıxarışda göstərilmişdir ki, qurumun adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyata alındığı tarix: xx.xx.2009, dövlət qeydiyyatı № (VÖEN) **********, qanuni təmsilçisi: Nümayəndədur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2024-cü ilin yanvar ayının əlavə dəyər vergisi üzrə “təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 18.704,23 manat, “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 54.733,17 manat, “əlavə hesablanmış vergi və ya sığorta məbləği” 36.029,54 manat olmuşdur. -Qərara əsasən, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ eqaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 36.030 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. -Satıcı "xxxx" MMC-nin direktoru X2 və digər tərəfdən alıcı "xxxx" MMC-nin direktoru Nümayəndə arasında 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. -xx.xx.2023-cü il tarixli EBDK 109460 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 13.439, vahidinin buraxılış qiyməti 2560, cəmi 34404.10, ƏDV-yə cəlb edilən 34404.10, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 6192.74, yekun məbləğ 40596.83-dür. -xx.xx.2023-cü il tarixli EBDK 109237 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 14.540, vahidinin buraxılış qiyməti 2560, cəmi 37222.40, ƏDV-yə cəlb edilən 37222.40, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 6700.03, yekun məbləğ 43922,43-dür. - xx.xx.2023-cü il tarixli EBDK 108972 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 18.960, vahidinin buraxılış qiyməti 2560, cəmi 48537.60, ƏDV-yə cəlb edilən 48537.60, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 8736,77, yekun məbləğ 57274,37-dir. - xx.xx.2023-cü il tarixli EBDK 108700 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 31.250, vahidinin buraxılış qiyməti 2560, cəmi 80000.00, ƏDV-yə cəlb edilən 80000.00, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 14400.00, yekun məbləğ 94400.00-dür. - 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırılma protokolundan qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 22/27 nömrəli 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavənin aşağıdakı şərtlərilə razılığa gəldilər: müxtəlif ölçülü metal boru – miqdarı 13.439, vahidin qiyməti 2560.00, ümumi dəyəri 34404.10, müxtəlif ölçülü metal boru – miqdarı 14.540, vahidin qiyməti 2560.00, ümumi dəyəri 37222.40, müxtəlif ölçülü metal boru – miqdarı 18.960, vahidin qiyməti 2560.00, ümumi dəyəri 48537.60, müxtəlif ölçülü metal boru – miqdarı 31.250, vahidin qiyməti 2560.00, ümumi dəyəri 80000.00, cəmi - 200164.10, ƏDV 18% - 36029.54, yekun - 236193.64. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında internet vergi idarəsindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. İşdən müəyyən olunur ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismində iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22/27 nömrəli alqı-satqı müqaviləsi çıxış etmişdir. Halbuki, "xxxx" MMC sözügedən müqavilənin bağlanmasından 6 aydan artıq müddət keçdikdən sonra vergi orqanının xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən fiziki şəxslər ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin vergi ödəyiciləri riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixlərdə, yuxarıda qeyd olunan fiziki şəxslər tərəfindən aparılan digər əməliyyatların riskli hesab edilərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır. Kollegiya qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları təsdiq edilmişdir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar