Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-965/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseyn sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı vəkili X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı və “xxxx” Kiçik Müəssisəsinin Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2-1(82)-3705/2016 saylı qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehin 17 sentyabr 2009-cu il tarixli 355 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 22 noyabr 2016-cı il tarixli, 2-1(82)-3705/2016 saylı qərardadı ilə “xxxx” Kiçik Müəssisəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına iddiaçı qismində cəlb edilmişdir. 22 noyabr 2016-cı il tarixdə iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, məhkəmənin 22 noyabr 2016-cı il tarixli, 2-1(82)- 3705/2016 saylı qərardadı ilə iddia müddəti bərpa edilmişdir. Tərəflər barışıq sazişi təqdim edərək, onun təsdiq edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2-1(82)-3705/2016 saylı qərardadı ilə barışıq sazişi təsdiq olunmuş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X3 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, digər iddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərardada dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, hazırda qərardad iş üzrə tərəf olmayan, həmçinin üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmamış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilmiş, lakin sonuncu belə bir səlahiyyətə malik olmasına dair sübut təqdim etməmişdir. AR İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qərarlarından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. Hazırkı halda isə hazırkı iş üzrə şikayət vermiş şəxs nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Həmçinin Plenum qeyd etmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və orada əks olunmuş hüquqi mövqeyə görə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması həmin məhkəməyə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Bu mənada şikayət vermiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının iştirakçısı olmayan və icraata cəlb olunmayan şəxs tərəfindən şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından şikayət mümkün sayılmamalı və аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2-1(82)- 3705/2016 saylı qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-965/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-965/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver