Məhkəmə qərarları › İş №2-1(103)-965/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-965/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-965/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2- 1(112)-7909/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 145.75 manat, Dövlət Sosial Müdafiə Fonduna («DSMF») 989.82 manat, İcbari Tibbi Sığorta Fonduna («İTSF») 445.34 manat və xx.xx.2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna («İSF») 376.50 manat ödənilməmiş borcun təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında fərqləndirici əlaməti “Mercedes Benz ML350” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı, qiyməti 20000 manat, 2009-cu il buraxılışı olan “RENAULT MEGANE” markalı 90ML042 dövlət qeydiyyat nişanlı və fərqləndirici əlaməti qiyməti 10000 manat , 2007-ci il istehsalı olan, fərqləndirici əlaməti “Mercedes Benz E220CDİ” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat, 2002-ci il istehsalı olmaqla ümumilikdə, 35000 manat məbləğində siyahıya alınmış əmlaklarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «Vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, DSMF-yə, İTSF-yə və İSF-yə borcu yaranmış həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmiş, lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmiş qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlar çıxarmış və həmin qərar əsasında vergi ödəyicisinin 145.75 manat vergi borcuna görə dövlət bügəsinə, 989.82 manat DSMF-yə, 445.34 manat İTSF-yə 376.50 manat İSFyə borcuna görə, ümumilikdə, 35000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli **********5, **********8, **********1 və **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın iki vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcu qalmışdır. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-7909/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd olunan 3 ədəd nəqliyyat vasitələrinin sahiblik hüququnun cavabdehə məxsus olub-olmamasını araşdırmadan iddia tələbini mümkün saymamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2- 106869/2023 nömrəli məktubundan aydın şəkildə görünür ki, verilən cavab iddiaçı Baş İdarə tərəfindən siyahıya alınmış 3 ədəd nəqliyyat vasitələrinin sahiblik hüququ barədə deyil, dövlət qeydiyyat nişanının həmin nəqliyyat vasitələrinə təhkim olunub-olunmaması barədədir. Qeyd olunanların əksinə xx.xx.2023-cü il tarixli uçot-baza məlumatına əsasən **-ML-*** dövlət qeydiyyat nişanlı “Reanult Megane” və **-RA-*** dövlət qeydiyyat nişanlı “MERSEDES BENZ E220CDİ” markalı nəqliyyat vasitələrinin Cavabdeh məxsus olduğu aydın görünür (Məlumat apellyasiya şikayətinə əlavə edilir). Məhkəmə qərardad qəbul edərkən Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilməsinin nəzərdə tutulmasına dair qanunvericiliyin müddəasını nəzərə almamışdır. Lakin iş üzrə qərardaddan göründüyü kimi, məhkəmə tərəfindən bütün qeyd olunan məqamlar hərtərəfli qiymətləndirilmədən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə Baş İdarənin ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Qəbul edilmiş qərardad cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirilməsinin təmini üzrə vergi orqanlarıın üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Ağalarov apellyasiya şikayətinə əlavəni və elektron informasiya sistemi vasitəsilə əldə olunmuş, cavabdehin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə dair yeni elektron çıxarışı məhkəməyə təqdim edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia qaldıraraq iddiaçının (vergi ödəyicisinin) 145.75 manat vergi borcuna görə dövlət bügəsinə, 989.82 manat DSMF-yə, 445.34 manat İTSF-yə , 376.50 manat İSF-yə, ümumilikdə, 35000 manat məbləğində əmlakı siyahıya alınmış və qeyd edilən üç nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının istinad etdiyi maddi tələbi üzrə onun adına iddia tələbində qeyd olunan dövlət qeydiyyat nişanları həmin avtonəqliyyat vasitələrinə təhkim olunmamışdır, başqa sözlə mövcud deyildir ki, belə olan halda da, İPM-in 35.1-ci maddəsinə əsasən iddia əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, cavabdehin vergi ödəyicisinin vergi və icbari borclarına görə ona məxsus olan üç ədəd aşağıdakı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hərracdan satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir: - **-RR-*** dövlət qeydiyyat nişanlı“Mercedes Benz ML350” markalı; - **-ML-*** dövlət qeydiyyat nişanlı “RENAULT MEGANE” markalı; - **-RA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220CDİ” markalı. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin avtonəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olub-olmamasını dəqiqləşdirmək üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu göndərmiş, lakin sözügedən sorğusunda həmin avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını aşağıdakı kimi göstərmişdir. - **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” markalı; - **-ML-*** dövlət qeydiyyat nişanlı “RENAULT MEGANE” markalı ; - **-RA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220CDİ” markalı. Baş Dövlət Yol Polisi İdarəsi isə məhkəmənin həmin sorğusuna ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda isə bildirmişdir ki: -10-RR-5*0 dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” markalı; - **-ML-*** dövlət qeydiyyat nişanlı “RENAULT MEGANE” markalı ; - **-RA-*** dövlət qeydiyyat nişanlı-“Mercedes Benz E220CDİ” markalı - nəqliyyat vasitələrinə təhkim edilməmişdir. Məhkəmənin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış sorğusunda və sonuncunun həmin sorğuya cavab məktubunda təsbit olunan dövlət qeydiyyat nişanlarının nömrə göstəricilərindən göründüyü kimi, həmin qeydiyyat nişanlarının nömrə göstəriciləri iddia tələbi üzrə siyahıya alınmış avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarındakı nömrə göstəricilərinə münasibətdə fərqlidir ki, belə olan halda da məhkəmənin həmin səhvi, təbii ki, onunla nəticələnmişdir ki, polis orqanı tərəfindən həmin dövlət qeydiyyat nişanlarının qeyd olunan markadan olan nəqliyyat vasitəlrinə təhkim olunmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar diqqətdən kənarda qalmış, eyni zamanda, iddiaçının elektron informasiya sistemi vasitəsilə əldə edib iddia ərizəsinə əlavə etdiyi cavabdehə məxsus avtonəqliyyat vasitələrinin siyahısı da qarşılıqlı surətdə tədqiq edilmədən və həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olubolmaması üzrə hərtərəfli araşıdırma aparılmadan əsassız olaraq, İPM-in 35.1-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlinmiş, bununla da prosessual hüquq normaları pozulmuşdur. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən üç ədəd nəqliyyat vasitəsinə sahiblik hüququnun cavabdehə məxsus olması araşdırılmadan, iddianın mümkünsüz sayılmasının əsassız olduğunu mübahisələndirən hissəsində dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7909/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və qeyd olunan nöqsanlar aradan qaldırılmaqla, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7909/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar