Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-965/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-3083/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İH) xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı ilə sahəsi 0,12 ha olan 4688 №-li torpaq sahəsi X1 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli 46 saylı orderi ilə təsdiqlənərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi ona verilmişdir. Onun adı yuxarıda qeyd edilən qərarın əlavəsində olan Ləhiş massivinin 43 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında da öz əksini tapmışdır. Həmçinin, sözügedən bağ sahəsi 1989-1993 illəri arasında onun faktiki istifadəsində olmuş və hasarlanmışdır. O, Əfqanistan müharibəsində iştirak etdikdən sonra sağlamlığında problemlər yaranmışdır. Uzun illər müalicə almış, sonra isə Rusiya Federasiyasına köçmüşdür. İddiaçı Rusiya Federasiyasından geri qayıtdıqda isə bağ sahəsinin Azər adlı (soyadını bildirməmişdir) şəxs tərəfindən zəbt edildiyini müəyyən etmişdir. Bağ sahəsini zəbt edən şəxslərə dəfələrlə şifahi müraciətlər edilməyinə baxmayaraq, həmin şəxslər tərəfindən bağ sahəsi azad edilməmiş və qanunsuz istifadəyə davam etdirilmişdir. Həmin şəxslərdən Bağ sahəsindən hansı əsasla istifadə edildiyi barədə soruşulduqda isə, hər hansı bir sənəd təqdim edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda da, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı ilə Ləhiş bağ massivində yerləşən 43 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında onun adının olduğu qeyd edilmişdir. 07 avqust 2023-cü il tarixdə cavabdehə bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və bağ sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsini təmin edilməsi barədə müraciət edilmişdir. Cavabdehin 02 oktyabr 2023-cü il tarixli məktubu ilə bağ sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə olunduğuna görə qeyd edilən müraciətin icrasından imtina edilmişdir. Halbuki, təqdim edilmiş sənədlərdən açıq-aydın görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər iddiaçının adına rəsmiləşdirilmişdir və bu səbəbdən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi cavabdehin öhdəliyidir. Bağ sahəsindən hal-hazırda qanunsuz olaraq istifadə edən şəxsin isə bağ sahəsini istifadə etmək üçün hər hansı hüquqi əsası mövcud deyil və həmin şəxs bağ sahəsinin əsassız olaraq zəbt etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxsin istifadəsində olduğu müəyyən edilmiş, bu səbəbdən çöl-ölçü işlərinin aparılması mümkün olmamışdır. Həmçinin, ərizəçi tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının istinad etdiyi bağ sahəsinin onun istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bundan əlavə, iddiaçının özünün də bildirdiyi kimi, iddiaçı həmin torpaq sahəsindən artıq 36 ildir istifadə etmir. Baxmayaraq, iddiaçı həmin torpaq sahəsini hasarladığını və həmin torpaq sahəsindən 1993-cü ilədək istifadə etdiyini göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu hal isə həmin torpaq sahəsinin iddiaçı tərəfindən heç bir zaman istifadə edilməməsini, həmin sahə üzərində heç bir hasarın olmamasını sübut edən bir haldır. Belə ki, qeyd edilən torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci ildə ona ayrılmış, həmin sahə ona ayrılan zaman boş sahə olmuş, heç bir hasarı və ya mərzi olmamışdır. O artıq 16 ildir ki, həmin torpaq sahəsi üzərində ev inşa etdirərək orada yaşayır. Dövlət orqanları onun həmin torpaq sahəsi üzərində inşa etdiyi evdə yaşamağı üçün zəruri olan bütün kommunal şəraiti yaratmış, həmin evə qaz və elektrik enerjisinə dair onunla müqavilə imzalanaraq ona həmin kommunal xidmətlər göstərilmiş, həmin ev onun daimi yaşayış yeri olmuşdur. O, 16 ildir ki, həmin torpaq sahəsinə görə vergi ödəyir, öz evi kimi orada yaşayır. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-3083/2024 saylı qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-3083/2024 saylı qərardadının ləğv edilərək iddianın mümkün sayılıb mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia məhkəməyə 13 oktyabr 2023cü il tarixində verilmiş, qərardad isə 04 oktyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Bu müddət ərzində dəfələrlə məhkəmə iclasları keçirilmiş, iş mahiyyəti üzrə tam araşdırılmış, ekspertizalar keçirilmiş, sorğular verilmiş və müvafiq sorğuya cavablar Məhkəmə tərəfindən əldə edilmiş, iddiaçının hüquqmüəyyənedici sənədləri həm cavabdeh, həm məhkəmə tərəfindən müəyyən edilmiş, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının tələb etdiyi bağ sahəsinin yerləşmə yeri iddiaçının tələbinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə işinin uzun müddət baxılmasının əsas səbəbi isə məhkəmənin iddiaçının hüququnun müəyyən edildiyi bağ sahəsinin yerləşmə yerinin təsdiq edilməsi olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi ərazisi 4688 saylı bağın ərazisinə uyğun gəlir. Beləliklə, bağ sahəsinin yerləşmə yeri də məhkəmə tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi, uzun müddətli və hərtərəfli məhkəmə araşdırması nəticəsində iddiaçının iddia tələblərinin sübutlarla və rəylərlə təsdiq edilməsindən sonra məhkəmə iddianın mümkünsüz hesab edilməsi barədə qərardad çıxarmışdır. Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, bu araşdırmanı məhkəmə şəxsən öz təşəbbüsü ilə etmiş, ekspertizalar təyin etmiş, sorğular vermiş və iddiaçının tələbi sübutlarla təsdiq edildikdən sonra iddianı mümkünsüz hesab etmişdir. İşin faktiki hallarına gəldikdə isə, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İH) xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı ilə sahəsi 0,12 ha olan 4688 №-li torpaq sahəsi X1 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli 46 saylı orderi ilə təsdiqlənərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi İddiaçı verilmişdir. İddiaçı adı yuxarıda qeyd edilən qərarın əlavəsində olan Ləhiş massivinin 43 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında da öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının bağ sahəsinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmiş və cavabdehin müvafiq sorğulara cavabları ilə məhkəmə gedişatında təsbit edilmişdir. Cavabdeh inzibati orqanın vəzifəsi iddiaçının mülkiyyət hüququnu müəyyən etmək deyil, qeydiyyata almaqdır. İddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirməlidir. İddiaçının sənədlərinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İH) xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair qanunvericiliklə hər hansı müddət məhdudiyyəti isə, ümumiyyətlə, nəzərdə tutulmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçının bağ sahəsinə mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada verilən sənədlərlə təsbit edilmişdir. İddiaçının bağ sahəsinə mülkiyyət hüququ müvafiq hüquqmüəyyənedici sənədlər verildiyi tarixdən müəyyən edilmişdir. İddiaçı mülkiyyət hüququnun verilməsini və ya torpağın özəlləşdirilməsini iddia ilə tələb etmir, müəyyən edilən hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasını tələb edir. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün “hüquqdan sui-istifadə” anlayışından istifadə etmişdir. Təsbit edilən hüququn qeydiyyata alınmasının tələb edilməsinin “hüquqdan sui-istifadə” kimi qiymətləndirilməsi isə tamamilə absurddur. Hər bir şəxsin mülkiyyət hüququ Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasının ən ali dəyərlərindən və qorunan hüquqlarından biridir. Qanunvericiliklə hər hansı bir başa müddət məhdudiyyətinin nəzərdə tutulmadığı halda, təsbit edilən mülkiyyət hüququnun dövlət reyestri tərəfindən qeydiyyata alınması tələbinin “hüquqdan sui-istifadə” kimi qiymətləndirilməsi tamamilə əsassızdır. İddiaçının torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxs tərəfindən zəbt edilmişdir. Zəbt edilməyə münasibətdə məhkəmə qərardadda bildirir ki, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008ciiltarixli qərarından çıxarışdan görünür ki, Bakı şəhəri XDSİ İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan X6 Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarından göründüyü kimi, üçüncü şəxs Məhkəməyə Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008ci il tarixli qərarından çıxarış adlı sənədin kserosurətini təqdim etmişdir. Məhkəmə sözügedən sənədin əslinin mövcud olub-olmadığını, arxivdə sənəd barədə məlumatın mövcud olub-olmadığını, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin sözügedən sənədi vermək səlahiyyətinə malik olub-olmadığını müəyyən etmədən qərardadda həmin sənədə hüquqmüəyyənedici sənəd kimi istinad etməsi tamamilə anlaşılmazdır. Bundan başqa, məhkəmə iclasının gedişatı zamanı məhkəmə üçüncü şəxsə bildirmişdir ki, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2008-ci ildə sözügedən sənədi vermək və ya torpaq ayırmaq kimi səlahiyyəti mövcud olmadığından üçüncü şəxsin həmin sənədə istinadı tamamilə əsassızdır. Buna baxmayaraq, məhkəmə qərardadda həmin sənədə hüquqmüəyyənedici sənəd kimi qiymət vermişdir. İddiaçının hüquqmüəyyənedici sənədlərlə hüququ müəyyən edilən bağ sahəsi halhazırda qanunsuz olaraq başqa şəxslər tərəfindən zəbt edilmişdir. Bu işin mübahisə doğurmayan halıdır. İddiaçının yuxarıda qeyd edilən əsassız səbəblərə görə və ya 30 ildən çox müddət keçdiyinə görə mülkiyyət hüququnun qeydiyyata alınmaması ona gətirib çıxarır ki, hər hansı bir şəxsin mülkiyyət hüququnun dövlət tərəfindən müəyyən edilməsinin hər hansı mənası yoxdur. Belə ki, şəxsin hüququ müəyyən edilsə belə, hər hansı üçüncü şəxs gəlib o, torpaq sahəsini zəbt etdiyi təqdirdə, mülkiyyət hüququ qeydiyyata alınmayacaqdır. Təbii ki, bu yanaşma mülki və inzibati hüququn əsas prinsiplərinə, qanunvericiliklə qorunan hüquqların mahiyyətinə tamamilə ziddir və heç bir məntiqə sığmır. Buna baxmayaraq, iddiaçı Əfqanistan müharibəsinin iştirakçısıdır. Sözügedən bağ sahəsi də iddiaçıya məhz bu müharibə iştirakçısı olduğuna görə verilmişdir. İddiaçı müharibədən sonra ciddi psixoloji travmalar və xəstəliklərə düçar olmuşdur. Bununla bağlı tərəflərindən məhkəməyə müvafiq sübutlar təqdim edilmişdir. İddiaçı bağ sahəsi ilə uzun müddət buna görə məşğul ola bilməmişdir. İddiaçı, həmçinin, müalicə almaq və yaşamaq üçün uzun müddət Rusiya Federasiyasında yaşamışdır. İddiaçı artıq torpaq sahəsi ilə məşğul olmaq istədikdə isə torpaq sahəsinin Nardaran qəsəbəsinin sakinləri tərəfindən zəbt olunduğunu müəyyən etmişdir. Bu hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı hazırda Bakı şəhər X7 İcraiyyə Komitəsinin 11/632 saylı xx.xx.1988-ci il tarixli qərara və orderə əsasən ona ayrılmış Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxsin istifadəsində olduğunun müəyyən edilməsi, bu səbəbdən çöl-ölçü işlərinin aparılmasının mümkün olmaması, həmçinin ərizəçi tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi səbəbi ilə tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsinin iddiaçıya 1988-ci ildə ayrılması, iddiaçının 1993-cü ildən etibarən, yəni təxminən 30 ildən artıq müddət ərzində həmin bağdan istifadə etməməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda aydındır ki, 4688 saylı bağ sahəsi iddiaçıya ayrılsa da, o həmin bağdan istifadə etməmiş, torpaq islahatı aparılarkən bağ sahəsi onun istifadəsində olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan, həmin şəxs tərəfindən fərdi yaşayış evinin inşa edildiyi bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsi ilə bağlı onun hüquq müəyyənedici sənədlərinin olmasına baxmayaraq, məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ümumilikdə apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçüb əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdə olan Bakı şəhər X7 İcraiyyə Komitəsinin 11/632 saylı xx.xx.1988-ci il tarixli qərarından görünür ki, 43 nömrəli bağ-tikinti kooperativinin 50 nəfərdən ibarət üzvünün siyahısı təsdiq edilmiş, siyahıda İddiaçı adı 13-cü sırada qeyd olunmuşdur. 46 nömrəli, xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 4688 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı nümayəndə kənardan digər fiziki şəxs tərəfindən hasarlanmış, bağ evi və köməkçi tikililər inşa edilmiş sahəni göstərdi. Torpaq sahəsində mübahisə predmeti mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi 4688 saylı bağın ərazisinə uyğun gəlir. İşdə olan Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008-ci il tarixli qərarından çıxarışdan görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan X6 Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçının ona ayrıldığını iddia etdiyi torpaq sahəsi, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008ci il tarixli qərarına əsasən bağ evi və köməkçi tikililər inşa edilməklə üçüncü şəxs A.Quliyev tərəfindən istifadə edilir. Həmin qərarın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Göründüyü kimi iddiaçı Bakı şəhər X7 İcraiyyə Komitəsinin 11/632 saylı xx.xx.1988-ci il tarixli qərarına və 46 nömrəli, xx.xx.1989-cu il tarixli orderə istinad edərək Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 4688 saylı bağ sahəsinin onun adında mülkiyyət hüququ ilə qeydı alınmasını xahiş edir. Lakin xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanuna əsasən torpaq üzərində yeni mülkiyyət münasibətləri yaradılması məqsədilə 1996-cı ildə torpaq islahatı aparılarkən bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış o bağ sahələrinin onların əvəzsiz qaydada mülkiyyətinə verilməsi qərara alınmışdır ki, həmin torpaq sahəsi vətəndaşın istifadəsinə olsun və bu istifadə qanuni xarakter daşısın. Lakin qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-3083/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-965/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-965/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver