Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-966/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı (xx.xx.1972-ci il tarixində Bərdə rayonunun Dəymədağıldı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, VÖEN **********, ünvanı-AZ1027, ünvan 25.2015-ci il) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və qeyrisinə qarşı “artıq ödənilmiş 52.484,60 manat məbləğin geri qaytarılması və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 16.08.2019-cu il tarixdə cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 52 484,60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdr ki, fəaliyyətə başladığı tarixdən (06.05.2015) dayandırıldığı tarixədək (07.03.2019) iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənişlər edilmişdir. Bu ödənişlər nəticəsində hazırda 52,484.60 manat məbləğində artıq ödəmə yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin hesabına qaytarılmasını xahiş etmiş və 18.06.2019-cu il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3211/2019 saylı, 10.09.2019-cu il tarixli qərardadı ilə (hakim E.Mustafayev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 16.10.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2686/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva,V.Ağayev, C.Yusifov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 3211/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 24.12.2019-cu il tarixdə qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-645/2020 saylı, 03 mart 2020-ci il tarixli qərardadı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, R.Nəbizadə) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2686/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “artıq ödənilmiş 52.484,60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 28.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərardad çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş işi lazımı qaydada və sübutlara düzgün hüquqi qiymət vermədən, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir Ona görə də məhkəmənin qərardadı ilə razı deyildir və hesab edir ki qərardad ləğv olunmalı işə məhkəmə tərəfindən mahiyyəti uzrə baxılaraq, qərar qəbul edilməlidir. İddiaçı və onun birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil ("Fides" Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin Qərarın 2.3, 9, 10.1 və 10.2-ci bəndləri ilə məhkəmələrə tövsiyyə etmişdir ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. (10.2). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbini qarşı iddia tələbi artıq ödənilmiş 52 484,60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması təşkil edir. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi iki cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi işin xüsusi prosessual hüquqi əhəmiyyətə malik bu halına düzgün qiymət vermədən iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilməlidir, iddia tələbinin hansı cavabdeh orqana qarşı irəli sürüldüyünü aydınlaşdırılmalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati işin təkrar 11.06.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olduğu vaxtdan sonra 13.11.2020-ci il tarixdə qərardad qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə bildirişinin göndərilməsi və bildirişin qəbul edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, dair Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-966/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-966/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver