Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-966/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) “qeydiyyatdan çıxarılma” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində göstərilməklə “X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almış və bu ünvana pasport qeydiyyatına alınmaqla yaşayır. Bu ünvanda qeydiyyatda olan X3 fərdi yaşayış evini ona satdıqdan sonra mənzili tərk edərək getmişdir və harada yaşaması ona məlum deyil. X3 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Lakin xeyli müddət keçməsinə baxmayaraq pasport qeydiyyatından çıxmamışdır. Onun formal pasport qeydiyyatında qalması onun fərdi yaşayış evi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını pozur. Üçüncü şəxs bu ünvanda yaşamır, təsərrüfat aparmır və ona aid həmin fərdi yaşayış evində heç bir əşya və əmlak qalmamışdır. Bu ünvana faktiki olaraq özü sahiblik edir, istifadə edir və mənzilə aid kommunal xərclər tərəfindən ödənilir. Bu şəxsin bu ünvanda qeydiyyata qalması səbəbindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Üçüncü şəxsin pasport qeydiyyatında qalması onun fərdi yaşayış evi ilə bağlı hüquqlarının həyata keçiirlməsinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, bu ev üçüncü şəxsin nə yaşayış yeri, nə də olduğu yer deyil. Onun fərdi evə olan hüququ məhdudlaşdırılmamalı, əmlakdan sərbəst və maneəsiz istifadə və sahiblik etmək hüquqlarına təminat verilməlidir. Üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir, lakin bir tədbir görülməmiş və məhkəməyə müraciət etmək hüququnun olması barədə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir. Üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması üçün bütün əsaslar mövcuddur. Heç bir tədbir görməməklə cavabdeh hərəkətsizliyə yol vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, o ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini almış və bu ünvana papsort qeydiyyatına alınmaqla yaşayır. Bu ünvanda qeydiyyatda olan X3 fərdi yaşayış evini ona satdıqdan sonra mənzili tərk edərək getmişdir və harada yaşaması ona məlum deyildir. X3 qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Lakin xeyli müddət keçməsinə baxmayaraq pasport qeydiyyatından çıxmamışdır. Onun formal pasport qeydiyyatında qalması ona fərdi yaşayış evi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarımı pozur . 3-cü şəxs bu ünvanda yaşamır, təsərrüfatı aparmır , ona aid bu fərdi yaşayış evində heç bir əşya və əmlak qalmamışdır , bu ünvana faktiki olaraq o sahiblik edir, istifadə edir və mənzilə aid kommunal xərclər tərəfimdən ödənilir. Bu şəxsin bu ünvanda qeydiyyata qalması səbəbindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun fərdi evə olan hüququ məhdudlaşdırılmamalıdır, əmlakdan sərbəst və maneəsiz istifadə etmək və sahiblik etmək hüquqlarına təminat verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan digər tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X3 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. **********410 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X3 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi ünvanında yerləşən 2 Q saylı fərdi yaşayış evinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə fərdi yaşayış evini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-46/2-T-65xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-13580/2023 saylı xx.xx.2023cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 15606/2023 **********06 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-18046/2023 saylı xx.xx.2023cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X2 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etdiyi evə dair hazırda mülkiyyət hüququ mövcud deyil. Həmin mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda Kollegiya iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmadığı qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-966/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-966/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver