Məhkəmə qərarları › İş №2-1(103)-966/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-966/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-966/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı əmək stajına əlavə edilməklə əmək stajının yenidən hesablanması və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2- 1(112)-10848/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək iş stajının əmək stajına əlavə edilib əmək stajının yenidən hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək iş stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş və müraciət edərkən əmək kitabçasını təqdim etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialı onun ümumi əmək stajını hesablayaraq ona yaşa görə əmək pensiyasının düşmədiyini hesab etmişdir. Bu səbəbdən də ona 220 manat sosial müavinət təyin olunmuşdur. O, təkrar olaraq cavabdehə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Cavabdehin hesablamasına görə əmək kitabçasındakı iş stajı cəmi 12 il, 11 ay, 1 gün təşkil etmişdir. Lakin işlədiyi xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixindək iş stajı müəsissə tərəfindən əməkhaqqı cədvəlinin təqdim olunmaması səbəbindən hesaba alınmamışdır. Bu səbəbdən də müraciətinə xx.xx.2024-cü il tarixli 9- 17-1/2-H-134390/2024 saylı cavabla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş stajını cavabdehə təqdim etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Kordinasiya Mərkəzi” publik hüquqi şəxsinə arxiv arayışının təqdim edilməsi üçün müraciət etmişdir. Həmin müraciətinə xx.xx.2024-cü il tarixli cavab olaraq qeyd edilmişdir ki, xx.xx.1989-cu il tarixli 380 nömrəli əmri ilə həmin tarixdən ayda 100 rubl əməkhaqqı ilə 43 nömrəli mağazaya fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixli 486 nömrəli əmr ilə xx.xx.1989-cu il tarixdən 4/3 nömrəli mağazanın filialına fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixli 07 nömrəli əmr ilə həmin tarixdən 4/3 nömrəli mağazanın filialına fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixli 220 K nömrəli əmri ilə Bakı şəhər Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 nömrəli mağazanın fəhləsi, həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Lakin 43 nömrəli təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri mərkəzin arxivinə təhvil verilmədiyi üçün onun əməkhaqqı məlumatları Mərkəzdə tapılmamışdır. Bildirilmişdir ki, arxiv sənədindən də görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixindək 43 №li təsərrüfat hesablı 4/3 №li mağazada fəhlə vəzifəsində işləmişdir. Həmin illər hesablansa 12 il, 10 ay, 21 gün staj təşkil edir. Həmin staj illəri də cavabdehin hesabladığı əvvəlki stajı ilə toplansa onun qanuna müvafiq olaraq pensiya stajı tamamlanır. 12 il, 11 ay, 1 gün + 12 il, 10 ay, 21 gün = 25 il, 9 ay, 22 gün. Yəni, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmət daxil olmaqla bugünə kimi 25 il, 9 ay, 22 gün iş stajı var. Bu da yaşa görə əmək pensiyasına çıxması üçün əsasdır. Həmçinin bildirmişdir ki, 43 №li təsərrüfat hesablı 4/3 №li mağazalar üzrə əməkhaqqı cədvəlləri mərkəzin arxivinə təhvil verilməməsinin günahkarı o deyil. Bunun üçün müəsisənin müvafiq vəzifəli işçiləri var. Onların səhlənkarlığı səbəbindən hazırda cavabdeh onun yaşa görə əmək pensiyasına çıxmasına əsassız maneələr yaradır.

4. Cаvаbdеh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-17-1/2-H-134390/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1 - dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.2023-cü il tarixli müraciəti zamanı təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 12 il 11 ay 1 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il 8 ay 1 gün sığorta stajına uyğun olaraq 11733,93 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 167,26 manat olmaqla ümumilikdə 11901,19 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989cu il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək 43 nömrəli və təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri sözügedən mərkəzin arxivinə təhvil verilmədiyindən qeyd olunan dövr üzrə əməkhaqqı alıbalmamasını müəyyənləşdirmək və həmin dövrü sığorta stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğdə sosial müavinət təyin edilmiş və hazırda ödənilməkdədir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçı 01 sentyabr 2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı mərkəzi filialı tərəfindən iddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, iddiaçının pensiya hüququ 65 yaşla xx.xx.2023-cü il tarixdə yaranır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının və hərbi biletinin surətlərinə, əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı (hərbi xidmət dövrü də daxil olmaqla) 12 il 11 ay 01 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 8 ay 1 gün sığorta stajına uyğun olaraq 11733,93 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 167,26 manat olmaqla ümumilikdə 11901,19 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək 43 nömrəli və təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri sözügedən mərkəzin arxivinə təhvil verilmədiyindən sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(112)-10848/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək iş stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Quliyeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 65 yaş həddinə xx.xx.2023-cü il tarixdə çatmışdır.

12. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17-7/2-H-22052/2024 nömrəli arayışında qeyd olunur ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Təyinatın bitmə tarixi: müddətsizdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023- cü il tarixdən yaşa görə 220 manat müavinət təyin edilmişdir.

14. Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-21-3-06/2-H-0007-8/2024 nömrəli arxiv arayışında qeyd olunur ki, İddiaçı həqiqətən Bakı şəhəri Nizami rayonu Ərzaq Ticarətinin (ƏT): xx.xx.1989-cu il tarixli 380 №-li əmri ilə həmin tarixdən ayda 100 rubl əməkhaqqı ilə 43 №-li mağazaya fəhlə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixli 486 №-li əmri ilə xx.xx.1989-cu il tarixdən 4/3 №-li mağazanın filialına fəhlə vəzifəsinə keçirilmişdir.

15. Bakı şəhəri Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ) (keçmiş ƏT-nin əsasında); xx.xx.1995-ci il tarixli 07 №-li əmri ilə həmin tarixdən 4/3 №-li mağazanın filialına fəhlə vəzifəsinə keçirilmişdir.

16. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri, Nizami rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə verilmişdir.

17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun əsasında Ticarət və Xidmət Müəssisə və X1 Mərkəzi (TXMOFƏM) yaradılmışdır.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 №-li Fərmanı ilə TXMOFƏM-nin təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının əsasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır.

19. İİN-nin TXMOFƏM-nin: xx.xx.2002-ci il tarixli 220K №-li əmri ilə Bakı şəhəri Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 №-li mağazanın fəhləsi həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İİN-nin TXMOFƏM-nin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsidir (bundan sonra-Mərkəz). Qeyd: 43 №-li və təsərrüfat hesablı 4/3 №-li mağazalar üzrə əməkhaqqı cədvəlləri Mərkəzin arxivinə təhvil verilmədiyindən İddiaçı əməkhaqqı məlumatları Mərkəzdə yoxdur. ИТ-İ ******* nömrəli xx.xx.1977-cu il tarixdə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1975-ci ildə 15 saylı çörək mağazasına satıcı kimi qəbul olunub; xx.xx.1977-ci ildə 15 saylı mağazaya kiçik satıcı kimi köçürülüb; xx.xx.1977-ci ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1980-ci ildə Şaumyan Rayon Ərzaq Ticarəti 15 saylı mağazaya kiçik satıcı kimi işə düzəlib; xx.xx.1980-ci ildə 15 saylı mağazaya satıcı kimi köçürülüb; xx.xx.1981-ci ildə 12 saylı mağazaya kiçik satıcı kimi köçürülüb; xx.xx.1981-ci ildə Nizami ərzaq ticarətinə köçürmə səbəbi ilə işdən azad edilib; xx.xx.1981-ci ildə Nizami ərzaq ticarəti 4№ mağazaya köçürülüb; xx.xx.1981-ci ildə Şaumyan rayon mağazasından 4 saylı mağazaya satıcı kimi köçürülüb; xx.xx.1981-ci ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1981-ci ildə V.M.Lenin adına Mədəniyyət Evinə təlimatçı kimi qəbul olunub; xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1983-cü ildə Nizami ərzaq ticarəti 4 saylı mağazaya satıcı kimi qəbul olunub; xx.xx.1986-cı ildə həmin mağazanın şərab və araq şöbəsinə maddi məsuliyyətli satıcı kimi hesab edilib; xx.xx.1987-ci ildə yenidən həmin mağazaya maddi məsuliyyətli satıcı kimi köçürülüb; xx.xx.1987-ci ildə 30 saylı mağazaya rəhbər kimi köçürülüb; xx.xx.1988-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 36 m. 7 b. əsasən 3 (üç) il müddətinə qazancının 20 faizi dövlət gəlirinə tutulmaqla azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmadan islah işləri haqqında məhkəmənin hökmü qüvvəyə mindiyi üçün işdən azad edilmiş və ticarət müəssisələrində və ya ictimai iaşə obyektlərində, məişət xidməti, mənzil-məişət və ictimai xidmətlərdə vəzifə tutma hüququndan məhrum edilmişdir; xx.xx.1988-ci ildə 2-ci dərəcəli yamaqçı kimi işə qəbul olunub; xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1989-cu ildə Nizami ərzaq ticarəti 43 saylı mağazaya köməkçi kimi düzəlib; xx.xx.1989-cu ildə 43 saylı mağazanın 4 saylı filialına köçürülüb; 1985-ci ildə yerinə yetirdiyi işin nəticələrinə görə zərbəçi adına layiq görülmüşdür; 1986-cı ildə yerinə yetirdiyi işin nəticələrinə görə müddəti 1987-ci ilin sonuna qədər uzadılmaqla, əvvəl verilmiş “kollektiv əmək zərbəçisi” adı təsdiqlənmişdir; xx.xx.1988-ci ildə xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə qədər olan 3 illik müddət ərzində ticarət idarələri və ictimai iaşə tresti müəssisələrində material məsuliyyətli vəzifə daşıması qadağan edilmişdir. xx.xx.1989-cu ildə 43 saylı mağazanın eyni mağazanın filialına çevrilməsi və ona 4/3 adının verilməsi ilə əlaqədar 4/3 saylı filialın siyahı tərkibində sayılır; xx.xx.1995-ci ildə Nizami rayon ərzaq ticarət idarəsi və Nizami rayon ictimai iaşə testi müəssisələrinin Nizami rayon Ticarət və İctimai İaşə İdarəsinə götürülməsi ilə əlaqədar həmin mağazada öz vəzifəsində Bakı şəhəri Nizami rayon Ticarət və İctimai İaşə İdarəsinin siyahı tərkibində sayılır. xx.xx.1999-cu il tarixdən DƏN-in 01 saylı əmrinə əsasən DƏKin İstehsalat və Təsərrüfat idarəsi ləğv edilib. DƏN-in Ticarət və Xidmət müəssisə və obyektləri fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin tabeliyinə verilib. xx.xx.2002-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib.

20. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin 09 sentyabr 2024-cü il tarixli 3-21-3-06/2- 1153/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı şəxsi ərizəsinə əsasən Mərkəz tərəfindən ona xx.xx.2024-cü il tarixli 3-21-3-06/2-H-0007- 8/2024 nömrəli əmək fəaliyyətinə dair arxiv arayışı tərtib olunaraq təqdim edilmişdir. Həmin arxiv arayışının verilməsinə əsas olmuş əmrlərin və sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

21. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərinin əlaqələndirilməsi Mərkəzinin 08 may 2002-ci il tarixli 220k nömrəli Əmrində qeyd edilmişdir ki, İddiaçı Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 saylı mağazanın fəhləsi xx.xx.2002-ci il tarixindən ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilsin.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

26. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

29. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

31. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə 220 manat yaşa görə müavinət təyin edilmişdir. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı məktubunda onun mübahisələndirilməyən sığorta stajının (hərbi xidmət dövrü də daxil olmaqla) 12 il 11 ay 01 gün təşkil etdiyini qeyd etmişdir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 8 ay 1 gün sığorta stajına uyğun olaraq 11733,93 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 167,26 manat olmaqla ümumilikdə 11901,19 manat təşkil etdiyini müəyyən etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır.

32. Cavabdeh orqan iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1989-cu il tarixən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olduğunu bildirərək xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək 43 nömrəli və təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri sözügedən mərkəzin arxivinə təhvil verilmədiyindən sözügedən dövrü sığorta stajına daxil etməmişdir.

33. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sorğuya cavab məktubu ilə göndərilmiş arxiv arayışlarında İddiaçı xx.xx.1989-cu il tarixli 380 nömrəli əmrlə işə qəbul olunduğu və xx.xx.2002-ci il tarixli 220k nömrəli əmr əsasında Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 saylı mağazadan işdən çıxması öz təsdiqini tapmışdır. Həmin sənədlərə əsasən iddiaçının ilkin əmək haqqısının 100 rubl olduğu müəyyən edimişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə, arxiv məlumatlarına və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur.

34. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı).

35. Beləliklə, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. 36.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 38.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 39.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(112)-10848/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar