Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-967/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Onun nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci il tarixində Ucar rayonunun Kirovkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2-1(82)-3164/2019 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyy ən etdi: İddiaçı 15.07.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1968-ci il tarixdə anadan olmuş, 01 noyabr 1997-ci il tarixdən 01 mart 2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində vəzifəsi X1 diplomatik kuryer vəzifəsi olmuş və xidmət müddəti 21 il 02 ay 27 gün təşkil edir. Dövlət Feldyeger Xidmətində iddiaçının tutmuş olduğu Diplomatik Kuryer xidməti Şöbəsində diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmışdır. Ona təyin edilmiş əmək pensiyası Dövlət Feldyeger Xidmətində tutmuş olduğu Diplomatik Kuryer Xidməti Şöbəsində diplomatik kuryer vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Əmək pensiyası təyin edilən təminat xərcliyi götürülmüş vəzifə ilə Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin əmək haqqında kifayət qədər fərq vardır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 09 mart 2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. Əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, müraciətinə heç bir cavab verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı 06 dekabr 2019cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbil edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 170-7 saylı, 15 aprel 2019-cu il tarixli Qərarı vardır. Həmin Qərar məxfidir və İdarəyə təqdim edilməyib. Sorğu vasitəsilə tələb edilmişdir. Həmin Qərarın 1-ci bəndinə görə Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın əlavəsinə müvafiq olaraq uyğunlaşdırılmalıdır. Qərarın 2-ci bəndinə görə 1-ci bənddə göstərilən pensiyaları 2018-ci ilin martın 1-dən hesablanaraq ödənilməlidir. Qərarın əlavəsinin 3-cü bəndinə görə Dövlət Feldyeger Xidmətində mövcud olmuş diplomatik kuryer vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq vəzifənin adı diplomatik kuryer vəzifəsidir. Dövlət Feldyeger Xidmətində movcud olmuş diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətindəki diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılarkən sonuncunun vəzifə maaşına faiz nisbəti 28 faizdir. Məhkəmə tərəfindən Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli Qərarının tələbləri nəzərə alınmamışdır. Belə ki, iddiaçının Dövlət Feldyeger Xidmətində tutduğu vəzifənin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq müvafiq vəzifə diplomatik kuryer vəzifəsidir. Lakin məhkəmə tərəfindən Xüsusi Dövlət Mühafizə Xidmətinin böyük diplomatik kuryer vəzifəsinə uyğunlaşdırma barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə qərarında uyğunlaşdırılma aparılarkən rəhbər tutulacaq vəzifə maaşına faiz nisbətinə münasibət bildirilməmişdir. Halbuki, Qərarın əlavəsindən görünür ki, uyğunlaşdırılma aparılarkən Xüsusi Dövlət Mühafizə Xidmətindəki diplomatik kuryer vəzifəsi üzrə vəzifə maaşının 100 faizi deyil, cəmi 28 faizi əsas alınmalıdır. Qərarda həmçinin pensiyanın hansı tarixdən hesablanması məsələsi də öz əksini tapmamışdır. Bu da gələcəkdə qərarın icrası zamanı inzibati orqanla vətəndaş arasında mübahisənin yaranmasına səbəb olacaqdır. Eyni zamanda qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbil edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki və hüquqi hallar aydınlaşdırılmamışdır. Qərar həmçinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə zidd olduğu üçün onun icrası da faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən də ləğv edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətinin diplomatik kuryer vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətləri Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 35 şh saylı, 25.02.2017-ci il tarixli əmri ilə həmin vaxt qüvvədə olan “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 93-cü maddəsinin 4-cü bəndinə (təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) müvafiq olaraq 01.03.2017-ci il tarixdən feldyeger rabitəsi orqanında xidmətinə xitam verilmişdir. Məhkəmə tərəfindən tam araşdırılma aparılmamışdır. Belə ki, Nazirlər Kabinetinin 170-7 saylı, 15.04.2019-cu il tarixli Qərarına uyğun olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarına Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğun müəyyən edilmişdir. İddiaçı barəsində 920 saylı, 19.04.2019-cu il tarixli məlumat vərəqəsi Xidmət tərəfindən Qərara uyğun tərtib edilərək həmin tarixdə Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Sonradan iddiaçının vəzifə maaşı 28 faiz nisbətində hesablanmaqla 322 manat məbləğində müəyyən edilmiş və Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. İddiaçının təminat xərcliyi barədə məlumat vərəqəsi son artımlar nəzərə alınmaqla, həmçinin qanunvericiliyin imperativ müəyyən etdiyi şəkildə müvafiq vəzifə maaşının faiz nisbətinə uyğun hazırlanmış və aidiyyəti orqana əvvəlcədən təqdim olunmuşdur. Lakin qeyd edilmiş hallar məhkəmə tərəfindən nəzərə alınmamış, iddiaçının mülahizələri əsasında birtərəfli, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Hakim S.Seyidovanın pensiyaya çıxmağı ilə əlaqədar inzibati iş hakim X.Cəmilovanın icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-613/2020 saylı, 02.09.2020-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova, M.Tağızadə, Ü.Mayılov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı 06 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2243/2020 saylı, 25.11.2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, İ.Şəfiyev, R.Nəbizadə) cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 21(103)-613/2020 nömrəli qərarı ləğv edilmiş, İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. 29.03.2021-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə daxil olmuş, ərizədə iddiaçıya təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) Diplomatik Kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək iddia tələbinin dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər, AR İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı 06 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməli, iddiaçıya təyin edilmiş əmək pensiyası AR Nazirlər Kabinetinin 170-7 saylı 15.04.2019-cu il tarixli Qərarına uyğun olaraq onun tutmuş olduğu Diplomatik Kuryer xidməti Şöbəsində diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 diplomatik kuryer vəzifə maaşının 28 faiz nisbətində nəzərə alınmaqla, 01.03.2018-ci il tarixdən yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İddiaçı 1429 saylı 01.03.2017-ci il tarixli pensiya vəsiqəsi verilmiş və həmin vəsiqə 22 aprel 2022-ci il tarixə kimi etibarlıdır. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.11.1997-ci il tarixdən 01.03.2017-ci il tarixədək Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmət etmişdir. - İddiaçı məxsus 17/1719-000921 saylı pensiya işinin surətindən görünür ki, ona ilkin olaraq 01.03.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, cavabdehin 17/1719 saylı 24.04.2017-ci il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 01.03.2017-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən 19 aprel 2017-ci il tarixdə iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsindən görünür ki, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sərəncamında olan (Dövlət Feldyeger Xidmətinin Diplomatik kuryer rabitə xidməti şöbəsinin diplomatik kuryeri vəzifələrini icra edən) iddiaçı 01.03.2017-ci il tarixdə ehtiyata buraxılmış və xidməti illəri 21 il 02 ay 27 gün təşkil edir. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, “məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən iddiaçının «Rabitə xidməti şöbəsində işlədiyi diplomatik kuryer vəzifəsinin hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinə Feldyeger Xidmət İdarəsinin X1 (3-cü şöbə) Böyük Diplomatik kuryer vəzifəsinə uyğundur» kimi qəti və imperativ qənaətə gəlməsi nə həmin Əsasnamədən, nə də ki, apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi digər maddi hüquq normalarından müəyyən olunmur. Yəni, apellyasiya instansiyası məhkəməsinin hansı maddi hüquq normalarına uyğun olaraq nəticəyə gəlməsi bəlli deyildir.” AR İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24 noyabr 2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsindən sonra göstərilən Fərmanın icrası təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Dövlət Feldyeger Xidmətində İddiaçı əmək pensiyası təyin edilərkən tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsi ilə eyni vəzifədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5–ci maddəsinə əsasən bu Qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Eyni Qanunun 20.1.11-ci maddəsinə əsasən bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin-3 faizi miqdarında əlavə olunmaqla təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Fərmanın ikinci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli 170-7 nömrəli qərarına əlavəyə əsasən Dövlət Feldyeger Xidmətində mövcud olmuş və iddiaçının tutduğu X1 diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılması və uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti 28% göstərilmişdir. Yuxarıda qeyd edilən konkret maddi hüquq normasından göründüyü kimi iddiaçının çalışmış olduğu vəzifə Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmaqla həmin vəzifə maaşının 28% nisbətində nəzərə alınması göstərilmişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı 06 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməli, iddiaçıya təyin edilmiş əmək pensiyası AR Nazirlər Kabinetinin 170-7 saylı, 15.04.2019-cu il tarixli Qərarına uyğun olaraq onun tutmuş olduğu Diplomatik Kuryer xidməti Şöbəsində diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 diplomatik kuryer vəzifə maaşının 28 faiz nisbətində nəzərə alınmaqla, 01.03.2018-ci il tarixdən yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 68, 69, 87, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Muhafizə Xidmətinin apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı 06 dekabr 2019cu il tarixli qərarı dəyişdirilsin. İddiaçı təyin edilmiş əmək pensiyası AR Nazirlər Kabinetinin 170-7 saylı 15.04.2019cu il tarixli Qərarına uyğun olaraq onun tutmuş olduğu Diplomatik Kuryer xidməti Şöbəsində diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 diplomatik kuryer vəzifə maaşının 28 faiz nisbətində nəzərə alınmaqla, 01.03.2018-ci il tarixdən yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-967/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-967/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver