Məhkəmə qərarları › İş №2-1(103)-967/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-967/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-967/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1961-ci ildə doğulub. 1975-1979-cu illərdə Texnikumda oxumuş, 1979-cu ildən əmək fəaliyyətinə başlamış, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildən “X4”da çilingər işləmişdir. 5-ci dərəcəyədək ixtisas alaraq 1994-cü ilədək orada işləmişdir. Sonra da səhhəti imkan verən qədər müxtəlif sexlərdə, kooperativlərdə işləmişdir. Cavabdeh tərəfindən ona pensiya hesablanarkən yanlışlığa yol verilmiş, təhsil aldığı müddət staja daxil edilməmişdir. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: iddiaçı 2016-ci ildə əlilliyi olan şəxs hesab edilmiş və sığorta stajı kifayət etdiyi üçün həmin ildən də ona əlilliyə görə pensiya təyin edilmişdir: a) İddiaçı üçün tələb olunan sığorta stajı: xx.xx.1961 + 15 il = xx.xx.1976; xx.xx.2016 xx.xx.1976 = 40 il 03 ay 14 gün; 40 x 4 ay = 160 ay = 13 il 04 ay. b) İddiaçı təyinat zamanı - 2016-cı ildə hesablanmış sığorta stajı: (xx.xx.1979+xx.xx.1981+xx.xx.1982+xx.xx.1992+xx.xx.1992+xx.xx.1994)=1xx.xx.11920;(x x.xx.1979+xx.xx.1979+xx.xx.1981+xx.xx.1982+xx.xx.1992+xx.xx.1992)=xx.xx.1190 5=30.11.14 = 15 il 0 ay 0 gün > 5 il. İddiaçı 1976-1979-cu illərdə təhsil aldığını iddia edirsə, həmin təhsil haqqında sənədi də inzibati orqana təqdim etməli idi. İddiaçının Bakı Maşınqayırma Texnikumunda təhsil aldığı 1984-1987-ci illər onun əmək kitabçasında əmək fəaliyyəti kimi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi barədə heç bir sübut təqdim olunmadığına görə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Belə ki, iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"-nın 4.1.2-ci maddəsinə görə işləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir; Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının əmək kitabçasında qeyd olunmuş mebel sexində işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə məcburi sosial sığorta haqları ödənilmədiyi üçün həmin dövr sosial sığora stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1979-cu ilədək “Paris Kommunası zavodu”nun nəzdində 4 saylı texniki peşə liseyində təhsil aldığı müddət əmək stajına daxil edilməklə, ona xx.xx.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 1-ci hissəsinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 8-ci hissəsinə görə ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur; Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Birinci instansiya məhkəməsi iddiaçının “Paris Kommunası" zavodunun nəzdində 4 saylı texniki peşə liseyində təhsil adığı dövrü staja daxil edilməli olduğu qənaətinə gələrkən həmin faktı təsdiq edən sübut kimi yalnız əmək kitabçasının 1 nömrəli qeydinə istinad etmiş və həmin qeyddə qaralama olmasına baxmayaraq təhsil müddətinin hansı ildən başladığını aydınlaşdırmamışdır. Bu da təhsil müddətinin təhsil haqqında sənədlər diplomlar, attestatlar, sertifikatlar və s. ilə təsdiq olunmalı olduğunu bir daha göstərir. Həmçinin qeyd edilməlidir ki, qərarda istinad edilmiş “qazanılmış hüquq” konsepsiyası inzibati orqanın araşdırmasına, stajı təsdiq edən sənədlərin mötəbərliyinə deyil, şəxsin stajına, yəni staja hesablanan dövrlərə münasibətdə tətbiq edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində ümumi olaraq pensiyasının düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, iddia ərizəsinin təsviri hissəsində cavabdeh inzibati orqan tərəfindən yalnışlığa yol verildiyini və 1975-1979-cu illərdə texnikumda təhsil aldığını, təhsil aldığı müddətlərin staja daxil edilmədiyini qeyd etmiş, həmçinin, sübut kimi iddia ərizəsinə 1984-1987-ci illərdə Bakı Maşınqayırma Texnikumunda təhsil almasına dair КТ №022366 saylı Diplomu əlavə etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçı təhsil aldığı bütün dövrlərin əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, aydın olur ki, iddiaçının iradə ifadəsi məhz təhsil aldığı bütün dövrlərin, həm Bakı Texniki Peşə Məktəbində, həm də Bakı Maşınqayırma Texnikumunda təhsil aldığı illərin nəzərə alınması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbi üzrə tam araşdırma aparmamış və yekun məhkəmə aktında iddiaçının təhsil aldığı sübut kimi diplom təqdim etdiyi dövrə qiymət verməmiş, nəticədə isə prosessual pozuntuya yol verərək iddianın tam təmin edilməsi barədə nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki iddiaçı təhsil aldığı dövrlərin pensiyada nəzərə alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddiaçının təhsil aldığı bir dövr üzrə qiymət verməmiş, iddianın tam təmin edilməsi nəticəsinə gəlmiş bu səbəbdən məhkəmə qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, yoxlanılan hissədə iddiaya qiymət verilməlidir. Məhkəmə kollegiyası gəldiyi qənaətini aşağıdakılarla əsaslandırır: 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası işdə olan sübutlara nəzər yetirir: -Səbail RPİ tərəfindən xx.xx.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - 16 iyul 1987-ci ildə verilmiş 913 qeydiyyat nömrəsi ilə qeydə alınmış KT seriyalı 022366 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1984-cu ildə Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Maşınqayırma Texnikumuna daxil olmuş və 1987-ci ildə “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixdə verilmiş HЗ seriyalı ******* №li hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli İT seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1979-cu ilədək “Paris Kommunası zavodu”nun nəzdində 4 saylı texniki peşə liseyində təhsil almışdır (atestat № 4673) (əmək kitabçasında həmin hissədə düzəliş olmuş, “1975” “1976” kimi qeyd edilmiş). xx.xx.1979cu ildə 4 saylı liseyi bitirdikdən sonra Paris kommunası adına baş istehsalat vahidi “Xəzərdənizgamiqayırma” zavoduna göndərilib və instrumental sexə dördüncü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. xx.xx.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilib. xx.xx.1979-xx-xx.1981-ci illər Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1981-ci ildə Paris kommunası adına baş istehsalat vahidi “Xəzərdənizgamiqayırma” zavodunun mexaniki sexə dördüncü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə İnstrumental sexə dördüncü dərəcəli xarrat vəzifəsinə keçirilmişdir. xx.xx.1982-ci ildə Azərbaycan SSR ƏQM 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Leonitina adına zavodda sexə dördüncü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci ildə əməyin yeni üsulu ödəniş tariflərinin təyin edilməsi ilə bağlı dördüncü dərəcəli xarrat vəzifəsinə təyin edilmişdir. (xx.xx.1988-ci il tarxili 91 saylı əmr ləğv edilib). xx.xx.1989-cu ildə 4-cü dərəcli xarrat keçirilmişdir. xx.xx.1992-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə 4-cü dərəcəli xarrat işinə qəbul edilmişdir. xx.xx.1992-ci ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci ildə Bakı neft sənaye zavoduna 4cü dərəcəli xarrat işinə qəbul edilmişdir. xx.xx.1994-cü ildə 5-ci dərəcəli tornaçı verilib. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1994-cü ildə “Qiyaslı” k/m-də çilingər işinə qəbul edilmişdir. xx.xx.1994-cü ildə 5-ci dərəcəli tokar vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2008-ci ildə mebel sexinə mebel üzrə usta işinə qəbul edilmişdir. xx.xx.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna əsasən “Azərbaycan X7çiliyi” QSC tərəfindən ünvanlanmış 24 dekabr 2021-ci il tarixli 01/17-256 nömrəli məktubda bildirilir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Tofiq oğlu həqiqətən xx.xx.1979-cu ildən ildən (xx.xx.1979-cu il tarixli 379 nömrəli əmr) xx.xx.1979-cu ilə kimi (xx.xx.1979-cu il tarixli k-526 nömrəli əmr) və xx.xx.1981-ci ildən (xx.xx.1981- ci il tarixli k-528 nömrəli əmr) xx.xx.1982-ci ilə kimi (xx.xx.1982-ci il tarixli k-403 nömrəli əmr) X2 struktur vahidi olan “Xəzərdənizgəmitəmiri” Gəmi təmiri İstehsalat Birliyinin “Paris Kommunası” adına Baş İstehsalat vahidinin alət sahəsində 4- cü dərəcəli tornaçı, mexaniki sexində 4-cü dərəcəli tornaçı vəzifələrində işləmişdir. Hazırki işin apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq; - “Azərbaycan X7çiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 30 iyun 2022-ci il tarixli RM01/02-332 nömrəli məktubuna əsasən, İddiaçı Tofiq oğlunun 01 sentyabr 1975-cı ildən 25 iyul 1979-cu ilədək təhsil aldığı keçmiş "X7 Təmiri" İstehsalat Birliyi "Paris Kommunası" adına baş istehsalat vahidi 4 saylı texniki peşə litseyinin, hazırda "Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" (4 nömrəli Bakı Peşə Litseyi) adlandırılması ilə bağlı əldə edilmiş məlumatın dəqiqləşdirilməsi üçün sözügedən peşə litseyi ilə telefon vasitəsilə əlaqə saxlanılmış və məlumatın doğruluğu öz təsdiqini tapmışdır. Məktuba qoşma edilmiş şəxsi qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı Tofiq oğlu xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək texniki peşə məktəbində təhsil almışdır (atestat №4673). - İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 23 iyun 2022-ci il tarixli Z-363/25 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı il tarixində Bakı Texniki Peşə Məktəbinin “Elektrik” ixtisasına qəbul olunmuş və 1979-cu il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş pensiya işindən aydın görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zamanı iddiaçının iddia etdiyi təhsil aldığı dövrlər ümumi staj kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iddiaçının 4 saylı texniki peşə məktəbində təhsil aldığı müddətin əmək stajına daxil edilməklə yenidən hesablanması vəzifəsini cavabdehin üzərinə qoysa da, həmin dövr aralığını səhv qeyd etmişdir. Belə ki, əmək kitabçasından aydın göründüyü kimi iddiaçının təhsil müəssisəsinə daxil olduğu tarixdə düzəliş olmuş- “1975” “1976” kimi düzəldilmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş arayışdan, məhkəmə sorğusuna cavab olaraq da “Azərbaycan X7çiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodundan daxil olmuş sənədlərdən aydın görünür ki, iddiaçının Bakı Texniki Peşə məktəbində təhsili xx.xx.1976- 1979-cu illərdə olmuşdur. Göründüyü kimi, iddiaçı hazırki Bakı Texniki Peşə məktəbində xx.xx.1976xx.xx.1979-cu illərdə təhsil almışdır. Təhsil aldığı iş materialları ilə təsdiq olunur. Bu səbəbdən, iddiaçının xx.xx.1976-ci ildən xx.xx.1979-cu ilədək təhsil aldığı müddət ona pensiya təyin edilməsi zamanı ümumi staj kimi nəzərə alınmalıdır. İddiaçının 1984-1987-ci illərdə təhsil aldığı dövrlərlə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərlə bağlı tələbi olsa da, birinci instansiya məhkəməsinin yekun qərarından apellyasiya şikayəti verməsə də, birinci instansiya məhkəməsi iddiaçının həmin tələbinə öz qərarında qiymət verməmiş, iddianın hansı həcmdə təmin edilməsini qeyd etməmiş, halbuki iddiaçı tərəfindən həmin tələb üzrə sübut təqdim edilmiş, həmçinin , cavabdeh öz etirazında ona münasibət bildirmişdir. Apellyasiya baxışı zamanı Məhkəmə kollegiyası iddiaçının həmin tələbinə münasibət bildirərək qeyd edir ki, həmin tələbə münasibətdə cavabdehin imtinası haqlı olmuşdur. Belə ki, əmək kitabçasından, pensiya işindən görünür ki, 1984-1987-ci illərdə təhsil aldığı dövrdə iddiaçının əmək fəaliyyəti olmuş, həmin dövrlər pensiya təyini zamanı sosial sığorta stajı kimi nəzərə alınmışdır (sexdə xarrat vəzifəsində işləmiş). “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-3098/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək “Paris Kommunası zavodu”nun nəzdində 4 saylı texniki peşə liseyində təhsil aldığı müddət əmək stajına daxil edilməklə, ona xx.xx.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar