Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-967/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X10 işə cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9286/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: MH seriyalı ******* saylı, xx.xx.2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində olan 0,17596 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində 85,6 kv.m ümumi, 52.6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. AZ-İ seriyalı 440485 nömrəli “Nikahın pozulması haqqında” Şəhadətnamədən görünür ki, X15 (iddiaçının oğlu) ilə X11 (iddiaçının gəlini) arasında olan nıkah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2022ci il tarixdə nikaha xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərin siyahısında iş üzrə üçüncü şəxs X3 (gəlinin) adı da qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanlanan xx.xx.2023-ci il tarixli imtina məktubundan görünür ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, o, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlidir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən X3 (gəlininin) qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9286/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən 22 saylı mənzil iddiaçının mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 10 ünvanında yerləşən 22 saylı mənzil iddiaçının xüsusi mülkiyyətində olmaqla xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Üçüncü şəxs X10 onun gəlini olmuşdur. X8 ilə gəlini X3 nikahı xx.xx.2022-ci il tarixdə pozulmşdur. Boşanma prosesindən bir neçə il əvvəldən X10 iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 22 saylı mənzildən çıxıb getmiş və həmin vaxtdan etibarən sözügedən mənzildə yaşamır. Üçüncü şəxs X10 həmin mənzildə yaşamasa da, formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneədir. İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, inzibati orqanın xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən qeydiyyatdan çıxarılmadan imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9286/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plennum Qərarını əsas gətirmiş və iş üzrə üçüncü şəxs X3 iddiaçının ailə üzvü olmaqla istifadə hüquqlarının olmasını bildirmişdir. Halbuki sözügedən Plenum qərarındada qeyd edilir ki, mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, məhkəmənin özünün istinad etdiyi plennum qərarında belə istifadə hüququnun olub-olmamasının araşdırılması məhkəmələr üzərinə vəzifə qoyulsa da məhkəmə tərəfindən həmin vəzifə yerinə yetirilməmişdir. X7 mənzilə istifadə hüququnun yaranmadığını məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə həmin faktları araşdırmamış və yekunda səhv qərara gəlmişdir. Konstitusiya Məhkəməsinin sözügedən plenum qərarında eyni zamanda istifadə hüququnun olmadığı halda ona xitam verilə bilməyəcəyi də xatırlanmışdır. Məhkəmə isə olmayan istifadə hüququnu var kimi göstərməklə iddiaçının mülkiyyət hüquqlarını kobudca pozmuşdur. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bununla yanaşı həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı tələbi “ünvan 3 ünvanında yerləşən mənzildən X3 qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “iddiaçı tərəfindən X3 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş əsasların (şəxsin yaşayış yerini dəyişməsi, məhkəmə qərarı ilə yaşayış sahəsindən çıxarılması və ya istifadə hüququna xitam verilməsi və s.) mövcudluğuna dair heç bir sübut təqdim etməməsi”nə istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, iddiaçı mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxs X10 onun keçmiş gəlinidir. Belə ki, X15 ilə X11 arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı da keçmiş gəlininin mənzildə yaşamadığına, formal qeydiyyatda qalmasına və bunun onun mülkiyyətindən istifadəsinə maneə yaratdığına istinad edərək həmin şəxsin mənzilindən qeydiyyatdan çıxarılmasını tələb edir. Hazırda iddiaçı göstərir ki, keçmiş gəlini X1 mənzildə yaşamır. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxsin mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Suraxanı rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində olan 0,17596 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 5 mərtəbəli binanın 3cü girişində, 1-ci mərtəbəsində 85,6 kv.m ümumi, 52.6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xidməti tərəfindən cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 01-13/64 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisi olmadığından sorğunu cavablandırmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla mübahisəli ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş X5, X12 və X2 tərəfindən imza edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin şəxslər qonşuluqda yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 10 ünvanına yerləşən 22 saylı mənzildə X3 uzun müddətdir yaşamadığını təsdiqləmişlər. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq təqdim edilmiş Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 619 nömrəli arayışının surətindən görünür ki, X11 həqiqətən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 10 mənzil 22 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Həmçinin işin apellyasiya baxışı zamanı Suraxanı rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, X10 xx.xx.2010-cu ildən bu günədək Qaraçuxur qəs., Z.Şərifov küç., ev 10, mən. 22 ünvanında qeydiyyatdadır. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9286/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, ünvan 3 ünvanında yerləşən mənzildən X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9286/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzildən X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Pərviz Hüseynov