Məhkəmə qərarları › İş №2-1(103)-968/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-968/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-968/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı X1 cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Mərkəzi Gömrük Ekspertiza İdarəsi göstərilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-637/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-637/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, X1 ünvanına GLJA180901 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli invoysla daxil olmuş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda saxlanılan malların CMR-də göstərilmiş “5903 10 900 0” kod ilə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İşdən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 637/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı Bakı Baş Gömrük İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə alınmışdır. xx xxxxxx 2020-ci il tarixldə birinci instansiya məhkəməsi cavabdehə məktub ünvanlayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-637/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarının qanuni qüvvəyə mindiyini bildirərək, müraciətə qoşma olaraq qərarın surətini icra edilməsi üçün göndərmiş və qərarın on beş gün müddətində icra olunması və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə məlumat verilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətinin üzərinə vurulmuş ştampdan görünür ki, cavabdeh apelyasiya şikayətini xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirdiyi qərarından apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh orqana xx xxxxx 2020-cu il tarixli məhkəmə iclası barədə bildirişi təqdim edərək eyni zamanda cavabdehə Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verildiyi, həmin normada nəzərdə tutulan müddətin buraxıldığı təqdirdə işdə iştirak edən şəxslərin müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Lakin cavabdeh orqan prosessual müddətin bərpasına dair ərizə təqdim etməmiş, məhkəməyə sübutların nəzərə alınması barədə vəsatət ünvanlayaraq müddəti ötürmədiklərini bildirmişlər. Apelyasiya şikayətinin qeydə alınma tarixidə düzəliş edildiyindən Kollegiya cavabdehin təqdim etdiyi sənədi mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsiinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-637/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarındanverdiyi apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Mərkəzi Gömrük Ekspertiza İdarəsi göstərilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-637/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar