Məhkəmə qərarları › İş №2-1(103)-968/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-968/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-968/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 28.05.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 28.05.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2020 saylı 16 mart 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. O, 01.09.1983-cü ildən 25.05.1984-cü ilə qədər təhsil almış, 31.05.1984-cü il tarixdən 09.06.1986-cı il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər "Azərkimya" İB-nin keçmiş "X10" zavodunun mexaniki təmir sexində sulfanol istehsalatı üzrə təmirçi çilingər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər həmin zavodda bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatını alimünium-xlorid, herbisid və depressatorlar sexində təmirçi çilingər, 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər alüminium xlorid, herbisid və depressatorlar sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən təmirçi çilingər, 11.09.1997-ci ildən 25.08.1999-cu ilə qədər Kürdəmir rayonu Şüşün kəndi "8 Mart" kooperativində qaynaqçı, 24.01.2000-ci ildən 23.12.2005-ci ilə qədər Kürdəmir rayonu Şüşün kənd Bələdiyyəsində vergi müfəttişi işləmişdir. İş üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş "Azərkimya" İB "Etilen- Polietilen" Zavodunun 192, 193 və 194 №-li 06.08.2019-cu il tarixli arayışlarıdan görünür ki, iddiaçının 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər, 01.12.1987-ci ildən 31.01.1996cı ilə qədər və 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur. Buna görə də iddiaçı onun güzəştli şərtlərlə pensiya hüququnun olmasına istinad edərək ona bu şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********5 saylı 24.09.2019-cu il tarixli məktubda qeyd olunmuşdu ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyshısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təmnatına imkan vermir. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 28.05.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 01.01.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğu üçün 52 yaşının tamam olduğu tarixdən işlədiyi zərərli peşəyə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Buna baxmayaraq onun tələbinin təmin olunmasından cavabdeh tərəf qanunsuz olaraq imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməmişdir. 543-VQD saylı 10.03.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutulmuşdur. İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır, bu səbəbdən də iddiaçının tələbi əsaslı deyildir. Cavabdeh inzibati orqanın imtinası həm də “Əmək pensiyaları haqqında” Qanunun 6.2, 6.3 və 45-ci maddələrin tələblərinə uyğundur. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu 28.05.2018-ci ildə 63 il 6 ay olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinə əsasən iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 282 aya (144 ay+138 ay) bölünməlidir. 138 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 52 yaşla “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay-52 il=11 il 6 ay). Beləliklə, iddiaçıya aid fərdi hesabdakı məbləği 282 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum pensiya təyin edilməsinə imkan vermir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdır. İddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2020 saylı 16 mart 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2020 saylı 16 mart 2020-ci il tarixli qərarının ləğv dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2147/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilərək işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 21 il 3 ay, əmək şəraiti xüsusilə ağır və ağır olan iş stajının 10 il 10 ay təkil etməsinə əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahısı üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə Qanunun 9.8-ci maddəsinin tətbiqi həmin Qanunun 9.1-ci maddəsinin tətbiqini istisna edir. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Hazırki işdə iddiaçının iddiasının əsası kimi təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq əmək stajının olduğu müəyyən olunur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnu verən iş yerindən arayışları məhkəməyə təqdim etmişdir. Belə ki, "Azərkimya" İB "Etilen-Polietilen" Zavodunun 192, 193 və 194 №-li 06.08.2019-cu il tarixli arayışlarından görünür ki, iddiaçının 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər və 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur. Qeyd olunan iddiaçının iş yerindən alınmış arayışlar işə baxan məhkəmələr tərəfindən ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnu verdiyi nəticəsinə gələrək iddia tələbini təmin etsələr də, işə kassasiya instansiyası qaydasında baxan məhkəmənin mövqeyi fərqli olmuşdur. Belə ki, kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarda göstərilmişdir ki, məhkəmə iddiaçının işlədiyi “təmirçi çilingər” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğun olduğunu və işlədiyi müəssisələrin adı çəkilən 1 saylı Siyahıda nəzərdə tutulan müəssisələrə uyğunluğunu müəyyən etsə də, həmin peşələrin müvafiq Siyahıdakı peşələrə uyğun olması, iddiaçının işlədiyi peşənin 1 №-li Siyahının Vİİİ Bölməsində olan sahəyə aid olması, həmçinin syahıda “A” bölməsində sadalanan hansı istehsalatlarda və işlərlə məşğul olmasını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı apellyasiya baxışı zamanı İddiaçı 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər işlədiyi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun mexaniki təmir sexində sulfanol istehsalatı üzrə təmirçi çilingər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər həmin zavodda bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatının alüminium-xlorid, herbisid və depressatorlar sexində təmirçi çilingər, 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər alüminium xlorid, herbisid və depressatorlar sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən təmirçi çilingər peşəsinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahısının Vİİİ Bölməsinin 1ci bəndinin 1080A010 şifrəsində göstərilən hansı peşənin funksiyaları ilə eynilik təşkil edibetməməsi barədə, eyni zamanda İddiaçı həmin zavodda işlədiyi təmirçi-çilingər peşəsinin adı çəkilən siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsinin müəyyən edilməsi məqsədilə SOCAR “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 21.04.2021-ci il tarixdə SOCAR “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen” zavodu tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahının Vİİİ Bölməsinin (Kimya istehsalı) bölməsində sadalanan istehsalatlarda və işlərdə tam iş günü məşğul olan kimya müəsisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, o cümlədən texnoloji avadanlığın təmiri ilə məşğul olan işçilər yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Müəssisə tərəfindən İddiaçı verilmiş arayışlardan və özünün əmək kitabçasından görünür ki, İddiaçı kimya zavodunun əsas istehsalat və sexlərdə texnoloji avadanlıqların təmiri ilə məşğul olan Mexaniki təmir sexində təmirçi çilingər (fəhlə) peşəsində çalışmışdır. Məktuba əlavə edilmiş 158, 159 və 160 saylı 20.04.2021-ci il tarixli arayışlara əsasən İddiaçı 09 sentyabr 1986-cı il tarixdən 30 noyabr 1987-ci il tarixə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun mexaniki təmir sexində sulfanol istehsalı üzrə təmirçi-çilingər, 01 dekabr 1987-ci il tarixdən 31 yanvar 1996-cı il tarixə kimi tam iş günü həmin zavodun mexaniki təmir sexində aliminium-xlorid, herbisid və depressator sexlərinin, bitkilərin kimyəvi mühafizəsi vasitələri istehsalatının texnoloji avadanlıqlarının təmiri sahəsində təmirçi-çilingər və 01 fevral 1996-cı il tarixdən 03 sentyabr 1997-ci il tarixə kimi tam iş günü həmin zavodun mexaniki təmir sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən sahəsində təmirçi-çilingər peşələrində işləmiş, göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrəsinə əsasən 1 saylı siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin sorğuya cavab məktubuna əlavə edilmiş 49 saylı 20.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 09.09.1986-03.09.1997-ci illərdə zavodda işlədiyi dövrdə 03.03.1997-ci il tarixdən 03.09.1997-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisə fəaliyyət istiqaməti zərərli sahəyə aid olmaqla yanaşı, onun icra etdiyi təmirçi-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahının Vİİİ Kimya istehsalı bölməsinin 1-ci bəndinin 1080A010 şifrəsinə (fəhlə peşəsinə) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 28.05.2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Cavabdehin “iddiaçıya verilmiş imtinanın ƏPQ-nun 6.2. 6.3 və 45-ci maddələrinə uyğun olması və iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü məddəsinin «a» bəndinə əsasən 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan güzəştli iş stajının olması barədə tələblərin ödənilməsi səbəbindən mümkün olduğu üçün ona münasibətdə həm də “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması” barədə tələb tətbiq oluna bilməz. Belə ki, hazırki işdə iddiaçının tələb etdiyi növdə pensiyaya çıxması üçün Qanunun tələb etdiyi 52 yaşının tamam olması 28.05.2018-ci ilə təsadüf etsə də, nəzərə almaq lazımdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan güzəştli iş stajını artıq qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və onları qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-864/2020 saylı 16 mart 2020-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2020 saylı 16 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar