Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-968/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızının Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9939/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ 159402 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X2 milliyyətcə azərbaycanlıdır. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 28 aprel 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” 04 oktyabr 2022-ci il tarixli, ******* nömrəli Qərarından görünür ki, 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilmişdir. 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X10 xx.xx.1981-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Həmçinin İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (STOLİAROVA İRADA) şəxsiyyət vəsiqəsi almaq barədə müraciəti zamanı onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi sənədləşdirilməsi mümkün deyildir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 30 yanvar 1962ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızı 30 yanvar 1962-ci il tarixdə Bakı şəhərində Azərbaycan ailəsində anadan olmuşdur. Belə ki, onun anası X1 rayonunda doğulmuş, atası X21 isə Bakı şəhərində doğulmuşdur. Uşaq vaxtlarından sirkə böyük həvəsi olmuşdur. İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızı sirk ustası olaraq işi ilə əlaqədar uzun illər SSRİ-yə daxil olan ölkələrdə daimi səfərlərdə olmuşdur. Belə ki, sirk üzrə əsas mərkəz o vaxtlar Moskva hesab olunurdu. İskəndərova (Stolyarova) İradə Ömər qızı 15 yaşından bu günədək fəaliyyətini davam etdirməkdədir. 15 yaşından etibarən anası ilə Moskvaya getmişdir. Sirk məktəbini müvəfəqiyyətlə bitirdikdən sonra onu dərhal Orta Asiyaya qastrol səfərinə göndərmişlər. 15 yaşından etibarən qastrol səfərlərdə olduğu üçün ilkin pasportu İskəndərova (Stolyarova) İradə Ömər qızı SSRİ vətəndaşı kimi Azərbaycan Respublikasında almışdır. Lakin sonradan sirk ustası kimi fəaliyyəti ilə bağlı səfərlərdə olduğundan iddiaçı SSRİ-nin dağıldığı zaman Rusiya Federasiyasında səfərlərdə olduğu üçün onun sənədsiz qalmaması, eyni zamanda işdən ayrıla bilmədiyi üçün orada ona Rusiya Federasiyasına məxsus pasport verilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarına əsasən, 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızına şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilməmişdir. İskəndərova (Stolyarova) İradə Ömər qızı ilk pasportunu SSSR dövründə Rusiya Federasiyasında almışdır. Bütün səfərlərində SSRİ vətəndaşı olsa belə Azərbaycan Respublikasının sirk ustası kimi təqdim olunmuşdur. Beləliklə, ölkəmizi bir sıra ölkələrdə layiqincə təmsil etməklə uğurlara imza atmışdır. Lakin hazırda iddiaçı Azərbaycan Respublikasına bağlı olduğundan (yaxın qohumları Bakıda və Qazax rayonununda yaşadığından) İskəndərova (Stolyarova) İradə Ömər qızı ana vətəni olan ölkənin vətəndaşı olaraq Azərbaycan Respublikasında yaşamaq istəyir. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinə “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi verilmişdir. Hazırda sözügedən inzibati iş Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın icraatındadır. Həmin inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızının “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv olunduğu bildirilməklə, bununla bağlı qərar və ona əlavə edilmiş bir sıra materialların məhkəməyə təqdim olunması elan olunmuşdur. Lakin həmin qərarın yalnız adı nə barədə, hansı məzmunda olması və hansı tarixdə qəbul olunması barədə məlumat verilməmişdir. Buna görə də məhkəməyə bununla bağlı müraciət edilərək həmin qərar və ona əlavə edilmiş materiallarının alınması xahiş edilmişdir. Daha sonra, həmin qərar və ona əlavə edilmiş materiallar 08 may 2024-cü il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İddiaçı həmin materiallarla tanış olduğu zaman müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2022-ci il tarixli, ******* saylı qərarına əsasən, 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Daha sonra İskəndərova (Stolyarova) İradə Ömər qızının vətəndaşlıq mənsubiyyəti ilə bağlı təkrar araşdırılma aparılmış və guya onun nəticəsində heç bir əsaslı səbəb göstərilmədən, həmçinin iddiaçıya bu barədə rəsmi məlumat verilmədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarı xx.xx.2022-ci il tarixdə ləğv olunmuşdur. 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı Asan Mərkəzinə sorğu verilmiş və 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması nəzərə alınmaqla ona şəxsiyyət vəsiqəsinin verilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin sorğu baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18/2-35602/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının şəxsiyyət vəsiqəsi almaq barədə müraciəti zamanı onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin verilməməsinin səbəbi qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən İddiaçı (Stolyarova)ya izah edilmişdir. Halbuki, İddiaçı (Stolyarova)ya bununla bağlı heç bir izah verilməmiş, yalnız bildirilmişdir ki, onun bundan başqa vətəndaşlığı olduğu üçün DİN-dən verilmiş qeyri-rəsmi tapşırığa əsasən, şəxsin ilk vətəndaşlığı Azərbaycan Respublikası deyilsə, yəni bununla bağlı müraciət etdiyi zaman artıq digər ölkənin vətəndaşıdırsa ona Azərbaycan Respublikasının vətəndaşlığı və şəxsiyyət vəsiqəsinin verilməsinə yol verilə bilməz. Baxmayaraq ki, həmin qərarda İradənin Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsinin alınmasına imtina edilməsi üçün heç bir hüquqi əsas göstərilmir. Odur ki, iddiaçı hesab edir ki, xx.xx.2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, AR Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11- ci və 4.1.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaları barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Lakin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı inzibati orqanın öz təşəbbüsü ilə təkrar araşdırma aparılmış, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və Qaydaların 4.4-cü bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qərarlar ləğv olunmuş və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Sözügedən qərar AR X17 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (müvafiq məktub əlavə olunur). İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9939/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızına münasibətdə Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərarın etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraz məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı faktiki olaraq vətəndaşsızlıq vəziyyətində deyil və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması Konvensiyanın tələblərinə tamamilə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa- verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18- ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1)Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2)Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3)Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. İndiki halda da İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızı könüllü seçimi əsasında Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və ona xx.xx.2030-cu il tarixədək etibarlılıq müddəti olan ********* nömrəli pasport verilmiş və sözügedən sərhədkeçmə sənədi ilə dəfələrlə Azərbaycan Respublikasına giriş-çıxışı qeydə alınmışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” Konvensiyaya 1996-cı ildə qoşulmuşdur. Qeyd edilməli digər vacib xüsusat ondan ibarətdir ki, məhkəmə İskəndərova (Stolyarova) İradə Ömər qızı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarın qanunsuz əlverişli inzibati akt olmasını nəzərə almamışdır. Məhkəmə qərarında İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə toxunsa da, tərəfimizdən təqdim edilmiş dəlillər nəzərə alınmamışdır. Halbuki, məhkəmə tərəfindən iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalı idi. İddiaçı Dövlət Miqrasiya Xidmətinin sözügedən hər iki qərarından iddia qaldırmaq müddətini ötürmüşdür. Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasını şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsinə bərabər tutmaqla qəbul etdiyi qərarın mahiyyətinə ciddi təsir etmişdir. Belə ki, ‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər sadalanmışdır. Yalnız aşağıda sadalanan sənədlərə malik olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab edilirlər: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. İddiaçı qeyd olunan sənədlərə malik olmamış və AR vətəndaşı olmadığından vətəndaşlığına da xitam verilə bilməzdi. Göründüyü kimi, məhkəmə iş üzrə qəbul etdiyi qərarı kifayət qədər ətraflı əsaslandırmamış və mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə vəziyyətdə qəbul olunmuş qərar əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 09 aprel 2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsilə müraciət edərək bildirmişdir ki, “yuxarıda təqdim edilən pasportun sahibi Rusiya Federasiyası vətəndaşı X8 xx.xx.2022-ci il tarixində Rusiya Federasiyasının Tumen Vilayətinin Tobolsk şəhərində anadan olmuşdur. Əlavə olunan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rusiya Federasiyası vətəndaşı ola-ola X3 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanımışdır. Sözügedən keyslə bağlı xeyli sayda oxşar qərarlar vardır (surətləri əlavə olunur). Sözügedən məsələnin məhkəmə baxışı zamanı nəzərə alınmasını xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaqla iddiaçı faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir, yəni cavabdeh Dövlət Miqrasiya Xidməti qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərini tamamlamışdır. Belə olan təqdirdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi cavabdeh Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Buna baxmayaraq, cavabdeh Dövlət Miqrasiya Xidməti müvafiq səlahiyyəti olmadığı təqdirdə faktiki olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etmiş şəxsin vətəndaşlığına xitam verilməsi ilə nəticələnən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı qəbul etmişdir. Belə ki, İddiaçı münasibətdə 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxma halı mövcud olduğu təqdirdə qeyd edilən məsələ şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmə üçün əsaslar olduğu halda isə müvafiq məsələ cavabdeh Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmə tərəfindən həll edilə bilər. Bu səbəbdən Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab etmiş və etibarsız inzibati akt kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə (vətəndaşlıq hüququnun təminatı) əsasən, İ.Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. İİ. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. İİİ. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) əsasən Azərbaycan Respublikasının Prezidenti vətəndaşlıq məsələlərini həll edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən, 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Vətəndaşlıq hüququnun təminatı Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Qanunun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Qanunun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Qanunun 16-cı maddəsinə əsasən, 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilir. Qanunun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Qanunun 18-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsinə bərabər tutulur. Belə ki, 5-ci maddə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanmaqla Azərbaycan Respublikasının vətəndaşı sayılmanın əsaslarını müəyyən edir. Belə olan təqdirdə isə şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanındıqdan sonra həmin (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması barədə) qərarın ləğv edilməsi Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmə kimi qiymətləndirilməlidir və qeyd olunan hal isə cavabdeh Dövlət Miqrasiya Xidmətinin səlahiyyəti xaricindədir. Belə ki, qanunvericilik normalarının məzmunundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmə əsasları kimi 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq; və 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək halları nəzərdə tutulmuşdur (eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar və bu qanunda nəzərdə tutulmuş digər əsaslar). Belə ki, 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələsi şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə həyata keçirilir. 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmə məsələsi məhkəmə tərəfindən həyata keçirilir. X11 Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır və etibarsız inzibati akt kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının qərardadı ilə icraata qəbul olunmuş və iddia tələbi “İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın ləğvi” kimi qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın (qərarın) tarixi 04 oktyabr 2022-ci tarixdir. İddiaçının həmin qərarı nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3, 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi əvvəlcə “onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi” barədə olsa da, sonradan birinci instansiya məhkəməsinin göstərdiyi hüquqi yardımla bağlı tələbini dəqiqləşdirərək, sözügedən qərarın etibarsız hesab edilməsini tələb etmişdir. İddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qənaəti ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; .... İşin faktiki hallarına görə, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, X2 milliyyətcə azərbaycanlıdır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Stolyarova (hazırki soyadı İskəndərova) İradə Ömər qızı xx.xx.1981-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı SSRİ dağıldıqdan sonra sirk ustası kimi uzun illər Rusiya Federasiyasında yaşamış və buna görə də Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir. Sonradan onun müraciəti ilə bağlı Dövlət Miqrasiya Xidməti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı qəbul etmişdir. Həmin qərara əsasən 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, lakin bu barədə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilməmişdir. X12 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və buna görə də “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və ona xx.xx.2030-cu il tarixədək etibarlılıq müddəti olan ********* nömrəli pasport verilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olaraq birinci instansiya məhkəməsinə iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızı barədə sərhədkeçmə məlumatları təqdim edilmişdir. X23 Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1962ci il təvəllüdlü İddiaçı (STOLİAROVA İRADA) şəxsiyyət vəsiqəsi almaq barədə müraciəti zamanı onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi sənədləşdirilməsi mümkün deyildir. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdeh qurum tərəfindən iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixli qərar qəbul edilərkən “iddiaçının başqa dövlətin vətəndaşlığını qəbul etməsi” əsas götürülmüşdür. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə mübahisələndirilən inzibati aktın etibarsızlığı ilə bağlı halların mövcudluğunu ehtimal edərək iddiaçıya iddia tələbinin bu istiqamətində dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərmişdir. Buna görə də iddiaçı tələbini “İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın etibarsız hesab edilməsi” kimi qoymuşdur. Həmin tələb məhkəmə tərəfindən təmin edilmiş və bu zaman ona istinad olunmuşdu ki, “Miqrasiya Xidmətinin 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarı qəbul etmək səlahiyyəti olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarla iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanındıqdan sonra o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs sayılır. Belə olan halda onun həmin vətəndaşlığına yalnız Qanunda nəzərdə tutulan hallar mövcud olduqda xitam verilə bilərdi, yəni hazırki işdən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidentinin qərarı; Azərbaycan Respublikasının vətəndaşlığını itirmək ilə bağlı Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmə icraatında hər hansı iş olmamışdır.” Qeyd olunan əsaslandırma ilə razılaşmayaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, inzibati orqanın öz inzibati aktını qanunsuz hesab etdiyi hallarda onu ləğv etmək hüququ vardır. Hazırki işdə də cavabdeh qurum xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qənaətinə gəlsə də, sonradan iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğunu əsas götürərək xx.xx.2022-ci il tarixli qərarını ləğv etmiş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə bağlı 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum iddiaçıya münasibətdə əlverişli inzibati akt olaraq qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarını sonradan aparılan araşdırma nəticəsində xx.xx.2022-ci il tarixli qərarla ləğv etməkdə səlahiyyətli olmuşdur. Bu baxımdan iddiaçı cavabdeh qurumun qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın qanunsuz olduğuna istinad edərək tələbini haqlı olaraq məhz həmin qərarın ləğv edilməsi ilə bağlı irəli sürmüşdür. Belə ki, məhkəmə kollegiyası mübahisələndirilən inzibati aktın onu qəbul etməyə səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsinə istinadən mübahisələndirilən inzibati aktın etibarsız sayılması üçün hər hansı halların mövcud olmadığı qənaətindədir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın etibarsız sayılmasının əsasları İnzibati icraat haqqında Qanunun 65-ci maddəsində konkret olaraq göstərilmişdir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixli qərarın etibarsız sayılması ilə bağlı İİQ-nun 65-ci maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası iş üzrə mübahisələndirilən inzibati aktın etibarsızlığı üçün əsasların mövcud olmadığını, bu barədə qoyulmuş tələbin də məhkəmə icraatında uğursuz olacağını nəzərə alaraq, iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərərək “inzibati aktın ləğv edilməsi” tələbi üzrə müzakirənin mümkünlüyü aspektindən iddia tələbini dəqiqləşdirmək niyyətinin olub-olmadığını ifadə etməyi təklif etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək, “cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbi irəli sürülmüşdür. Həmin tələbə də münasibətdə cavabdehin nümayəndəsi izahatında eyni əsaslandırma ilə eyni mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası tərəfindən “mübahisələndirmə haqqında iddia” üzrə cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarının qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş formada qəbul edildiyi, lakin eyni zamanda iddiaçının maraqlı şəxs qismində icraata dəvət olunub dindirilmədiyi müəyyən olunur. Halbuki “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati akt qəbul edilərkən iddiaçının maraqlı şəxs qismində icraata dəvət olunub dindirilməməsi icraat qaydasının pozuntusu kimi qiymətləndirilsə də, bu pozuntunun inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən onun qəbuluna nə dərəcədə təsir etmə imkanı bir daha gözdən keçiriləcəkdir. İnzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən isə Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi.... Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Hazırki işdən göründüyü kimi, cavabdeh qurum xx.xx.2022-ci il tarixli qərarın qəbul edilmə əsası kimi iddiaçının digər ölkə vətəndaşlığını qəbul etməsinə istinad edir. Bu barədə sərhədkeçmə məlumatları mövcuddur və iddiaçı tərəf bu faktın mövcudluğunu təkzib etmir. Beləliklə, iş üzrə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar qəbul edilərkən inzibati orqan tərəfindən işin bütün faktiki halları, o cümlədən iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi nəzərə alınmamışdır. İddiaçının “cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar qəbul edilərkən iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması barədə məlumatlı olması” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu barədə inzibati orqan məlumatlı olsaydı belə, bu hal onun qəbul etdiyi, hüquqi əsası olmayan və qanuni məqsəd daşımayan xx.xx.2022-ci il tarixli qərarı üzrə inzibati icraatı təzələmək, məsələni yenidən qiymətləndirmək hüququnu həyata keçirməyin qarşısını ala bilməz. Əksinə, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki işdə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edildikdən sonra cavabdeh qurum həmin qərarın düzgün qəbul edilmədiyinə, iddiaçının digər ölkə vətəndaşlığını qəbul etmiş olduğuna əsaslanaraq və buna görə də xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi üçün hüquqi əsasın mövcud olmadığı, inzibati aktın qanuni məqsəd daşımadığı qənaətinə gələrək, apardığı araşdırma nəticəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixli qərarı ləğv etmiş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilmədiyi üçün inzibati orqan xx.xx.2022-ci il tarixli inzibati aktı qəbul etməkdə haqlı olmuş və bu zaman inzibati orqan xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün əsasların ona məlum olduğu vaxtdan qanunla müəyyən edilmiş 1 illik müddət çərçivəsində davranmışdır. İddiaçının nümayəndəsi və vəkilinin “Rusiya Federasiyasının vətəndaşı olan digər şəxslərə münasibətdə cavabdeh qurum tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıda qeyd olunanları diqqətə çəkir. “İnzibati icraat haqqında” Qanunun konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Hazırki işdə görünən hal odur ki, əvvəla iddiaçı tərəfin təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edən şəxslərin iddiaçı ilə eyni faktiki və hüquqi vəziyyətdə olması halı sübuta yetirilmir. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi, əvvəllər hansısa dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, bu hal inzibati orqanın yekdil praktikası kimi dəyərləndirilməməlidir. Çünki inzibati orqanların ilk növbədə həmin qanunsuzluğun aradan qaldırılmasına yönəlmiş hərəkətləri etmək, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərmək və bu halı aşkar nümayiş etdirmək kimi hüquqları vardır. Odur ki, iddiaçının sözügedən dəlilləri mübahisələndirilən inzibati aktın ləğvi üçün heç bir əsas yaratmadığı üçün qəbul edilmir. Bu barədə qənaətə gələrkən məhkəmə kollegiyası həm də oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında sərgilənin hüquqi mövqeyi də nəzərə almışdır (2-1(102)-395/2024 saylı xx.xx.2024-cü il tarixli və 2- 1(102)-22/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar). Sonda, məhkəmə kollegiyası mübahisəli inzibati aktın iddiaçının icraata dəvət olunub dindirilmədən qəbul edildiyi üçün onun formal-hüquqi baxımdan qüsurlu olduğunu bildirsə də, icraat qaydasının bu pozuntusunun maddi-hüquqi baxımdan qanuni olan inzibati aktın qəbuluna təsir etmədiyi qənaətindədir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9939/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə göstərilən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9939/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya baxışı zamanı verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə göstərilən iddia tələbi təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X20 Orxan İsmayılov