Məhkəmə qərarları › İş №2-1(103)-969/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-969/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-969/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarından iddiaçıların nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdehin 13 mart 2023-cü il tarixli 3- 165/2-13-887/2023 saylı imtinasının (imtinedici aktının) qanunsuz hesab edilməsi və “Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 29 dekabr 2022-ci ildə “Queerdian" İctimai birliyini (bundan sonra - İB adlandırılacaq) təsis etmişlər və onun təsis edilməsi haqqında qərar qəbul edilib. İB-in əsas məqsədi kuir (queer) vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian“ İctimai Birlik, həmçinin Azərbaycanda kurilərin hüquq və azadlıqlarını müdafiə etməyə, kurilərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kurilərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri - kommersiya hüquqi şəxs olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyasi və qeyri-dini birlikdir. İB qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: Siyasi, hüquqi və sosial sahələrdə, habelə vətəndaş cəmiyyətində fəaliyyət göstərənlərin kuirlərlə işləmə və kommunikasiya bacarıqlarını artırmaq üçün təlimlər keçirmək; Kuirlərin kimliyinə görə qarşılaşdıqları problemlərinin ictimai müzakirələrini təşkil etmək və həll yolları axtarmaq; Tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin hüquq və azadlıqları barədə data formalaşdırmaq; Kuirlərin hüquqi, sosial, siyasi və psixoloji dəstəyi təşviq etmək üçün müvafiq maraqlı tərəflər ilə əməkdaşlıqlar etmək, xidmətlər göstərilməsini təmin edən və ya əlaqələndirən fəaliyyətlər göstərmək; Jurnallar, bülletenlər, kitabçalar, broşuralar və s. çap edib yayır, maarifləndirici reklam çarxları hazırlayır; Xarici dövlətlərdə, eləcə də, Azərbaycan Respublikasında mövcud olan ictimai birliklər və başqa oxşar qurumlarla əlaqələr yaradır; Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sorğular aparır, layihələr, təkliflər paketi hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür; Hüquq sahəsinə aid olan mərkəzlər, xidmət sahələri, qruplar, bölmələr, komissiyalar və s. yaradır; Qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir; İB öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. 29 dekabr 2022-ci ildə İB-nin təsis yığıncağı keçirilib. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi (iddiaçı) İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı2 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imnzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı2 tapşırılıb. 29 dekabr 2022-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib, qeydiyyat sənədlərinin təqdim edilməsi səlahiyyəti isə təsisçi İddiaçı2 tapşırılıb. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 13 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb (həmin imtina məktubu iddiaçılara rəsmi qaydada 27 mart 2023-cü ildə təqdim edilib). Cavabdeh imtinasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar bildirir ki, cavabdehin 13 mart 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçılar məhkəməyə müraciət etmişdir. Cavabdeh məktubunda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinə istinad edərək həmin maddənin tələblərinə riayət edilmədiyini iddia edir. Belə ki, cavabdeh göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib. Həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsinə görə, qeyrihökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyd edirlər ki, hazırkı iş üzrə mübahisə hüquqi xarakterlidir, yəni cavabdeh iddiaçının qanunun hüquqi tələbinə riayət etmədiyini bildirir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsi qeyri-hökumət təşkilatının adı ilə əlaqəlidir və qurumun adında onun təşkilati-hüquqi formasının və fəaliyyət xarakterinin göstərilməsini tələb edir. Cavabdeh qurumun təşkilati-hüquqi formaya uyğun adı olması hissəsini mübahisələndirmir. İşin hallarından da görünür ki, iddiaçılar təşkilatihüquqi forma kimi ictimai birlik növündə qeyri-hökumət təşkilatını təsis etməyi nəzərdə tuturlar. İddiaçıların təsis etdiyi qurum “Queerdian” adlanır. “Queerdian” ingiliscə "guardian" - mühafizəçi sözünün dəyişdirilmiş formasıdır. Bu adın məqsədi kuir (queer) vətəndaşların hüquqlarının mühafizəsi ilə əlaqədar seçilib. Həmin addan görünür ki, iddiaçılar kuir vətəndaşların hüquqlarının müdafiəsini məqsəd kimi qarşılarına qoyurlar. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndində təşkilatın məqsədləri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki, təşkilatın fəaliyyət məqsədi kuirlərin hüquq və azadlıqlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formaşaldırmağa çalışmaqdan ibarətdir. Həmin Nizamnamənin 2.2-ci bəndində bu məqsədlərə çatmaq üçün fəaliyyət istiqamətləri sadalanır. Həmin fəaliyyət istiqamətləri kimi kuirlərin görünürlüyünü artırmaq üçün kuir vətəndaşlara və onlarla sosial, siyasi, hüquqi sahələrdə fəaliyyət göstərən qruplara təlimlər vermək və ictimai müzakirə platformaları yaratmaq, kuirlərin hüquqi, sosial, siyasi və psixoloji ehtiyaclarının qarşılanması üçün müvafiq qruplarla əlaqələrinin yaradılmasına dəstək olmaq, tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin siyasi hüquq və azadlıqları barədə data formalaşdıraraq kuir vətəndaşların görünürlüyünü artırmaq kimi fəaliyyət istiqamətləri göstərilib. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat kuirlərlə işləmə təcrübəsini artırmağa və kuir hüquqlarının müdafiəsi istiqamətlərində çalışır. Buna uyğun olaraq isə adını “Queerdian”, yəni “kuir mühafizəçisi” kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmayıb. Amma sözün adi mənasında “xarakter“ səciyyə, əlamət mənalarına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işin mahiyyəti, məğzi başa düşülməlidir. Qanunvericilikdə “fəaliyyət xarakteri” ifadəsi Mülki Məcəllənin 109.11-ci maddəsində kooperativlərə münasibətdə qeyd edilir. Həmin norma aşağıdakı kimidir: “Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak. qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər.” Həmin normadan göründüyü kimi qanunverici kooperativləri fəaliyyət xarakterinə görə istehsal, istehlak və qarışıq növlərə görə bölür. Bu normadan aydın olur ki, fəaliyyət xarakteri dedikdə, qanunverici fəaliyyətin mahiyyəti, istiqaməti və ya əlamətini başa düşür. İşin hallarından görünür ki, iddiaçıların seçdikləri adı onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur. Bundan əlavə, cavabdeh imtinasını əsaslandırmayıb. Belə ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırılmayıb. Cavabdeh “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyib. Nəticə etibarilə, cavabdehin imtinası həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş normaların pozuntusudur. Bununla da cavabdehin imtinası qanunsuz və əsassızdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3- cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Cavabdeh imtinasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə istinad edib. Həmin norma edilən müraciətlə əlaqədar qəti imtinanı müəyyən edir. Bununla da cavabdeh iddiaçıların 29 dekabr 2022-ci il tarixli təsisetmə üzrə bütün hərəkətlərini sıradan çıxarıb. Buna əsasən iddiaçılar qeyrihökumət təşkilatının qeydiyyatı ilə əlaqədar müvafiq addımları ata bilməyəcəklər. İddiaçılar bildirir ki, onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. İddiaçıların qurumun adı kimi seçdikləri ad onların fəaliyyət xarakterinə uyğundur. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. Ədliyyə nazirliyi tərəfindən İctimai Birliklərin qeydiyyata alınmasında əsassız imtinalar verilir, təşkilatlar qeydiyyata alınmır. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyi tərəfindən qanunsuz və əsassız olaraq ictimai birliklərin qeydiyyatından imtina ilə bağlı çoxsaylı qərarlar qəbul edilib. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, “Queerdian” İctimai Birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi kuir (cinsəlliyi və ya cinsi kimliyi geniş ictimaiyyətdən fərqli olan şəxsə istinad etmək üçün istifadə edilən kollektiv termin) vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaqdan ibarətdir. Qurumun sənədləri bir dəfə xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi barədə qeyd olunmaqla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Eyni zamanda qeyd edirlər ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçıların nümayəndəsi və vəkili qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, təşkilatın adında onun təşkilati-hüquqi formasının göstərilməməsi səbəbinə dair iddiaçıların mövqeyi ondan ibarətdir ki, “Qeyri-Hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin birinci cümləsinə görə, qeyrihökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Həmin norma qeyri-hökumət təşkilatının adı ilə əlaqəlidir və qurumun adında onun təşkilati-hüquqi formasının və fəaliyyət xarakterinin göstərilməsini tələb edir. Cavabdeh və məhkəmə qurumun təşkilati-hüquqi formaya uyğun adı olması hissəsini mübahisələndirmir. İşin hallarından da görünür ki, iddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə qeyri-hökumət təşkilatını təsis etməyi nəzərdə tuturlar. Hazırkı mübahisə qurumun fəaliyyət xarakteri ilə bağlıdır. Bu hüquq normasını qeyri-hökumət təşkilatlarının ümumi adlandırma qaydası (müddəası) adlandırmaq olar. Bu ümumi adlandırma müddəasının iki tələbi var: QHT-nin adlandırılmasında onun təşkilati-hüquqi forması göstərilməlidir (formal tələb); QHT-nin adlandırılmasında onun fəaliyyətinin xarakteri göstərilməlidir (substantiv tələb). Formal tələb QHT-nin hansı növünün seçilməsinə aiddir. Həmin qanunvericilik QHT-nin iki növünü müəyyən edir: ictimai birlik və fond. İddiaçıların bu formal tələbə riayət etməsi məsələsi mübahisəsizdir. İddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə QHT təsis edirlər. Substantiv tələb QHTnin fəaliyyət xarakterinə aiddir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinin təhlili həmçinin onun nümayiş etdirir ki, QHTnin fəaliyyət xarakteri müəyyən edilərkən bu abstrakt formada, vakuumda həyata keçirilməməlidir. Bunu müəyyən etmək üçün həmçinin QHT-nin nizamnaməsi və təsis sənədləri nəzərdən keçirilməlidir. Çünki substantiv tələb formal tələbdən fərqli olaraq qanununvericiliyin ümumi normalarına riayət edilməsini müəyyən etməyə deyil, məhz QHT-nin konkret fəaliyyətinin nədən ibarət olmasına fokuslanır. Bu tələbdə məqsəd QHTnin aşkar bəyan edilmiş məqsədləri ilə adlandırılması arasında bariz ziddiyyəti aradan qaldırmağa çalışmaq və QHT-lərin dövlət reyestrində dəqiqliyə nail olmaqdır. Bu halda QHT-nin nizamnaməsi və onun təsis sənədləri nəzərdən keçirilərək məhz həmin sənədlərin kontekstində konkret olaraq QHT-nin ümumi adlandırma müddəasının substantiv tələbinin bu cür şərhi, həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsini nəzərdən keçirilməsi vasitəsilə aydınlaşdırıla bilər. Belə ki, həmin normaya əsasən: “Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının .... fəaliyyətinin məqsədləri... müəyyən edilməlidir.” Bu normadan göründüyü kimi, QHT-nin nizamnaməsinə dair tələblərdən biri onun fəaliyyət məqsədlərinin göstərilməsidir. Fəaliyyət məqsədləri QHT-nin nail olmağa çalışdığı amallar və hədəflərdir (aims and objectives). Bu baxımdan fəaliyyət məqsədləri həmçinin QHT-nin fəaliyyət xarakterini müəyyən etməyə imkan verir. İddiaçıların təsis etdiyi qurum “Queerdian” adlanır. “Queerdian” ingiliscə “guardian” – mühafizəçi sözünün dəyişdirilmiş formasıdır. Bu adın məqsədi kuir (queer) vətəndaşların hüquqlarının mühafizəsi ilə əlaqədar seçilib. Həmin addan görünür ki, iddiaçılar kuir vətəndaşların hüquqlarının müdafiəsini məqsəd kimi qarşılarına qoyurlar. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndində təşkilatın məqsədləri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki, təşkilatın fəaliyyət məqsədi kuirlərin hüquq və azadlıqlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formaşaldırmağa çalışmaqdan ibarətdir. Həmin Nizamnamənin 2.2-ci bəndində bu məqsədlərə çatmaq üçün fəaliyyət istiqamətləri sadalanır. Həmin fəaliyyət istiqamətləri kimi kuirlərin görünürlüyünü artırmaq üçün kuir vətəndaşlara və onlarla sosial, siyasi, hüquqi sahələrdə fəaliyyət göstərən qruplara təlimlər vermək və ictimai müzakirə platformaları yaratmaq, kuirlərin hüquqi, sosial, siyasi və psixoloji ehtiyaclarının qarşılanması üçün müvafiq qruplarla əlaqələrinin yaradılmasına dəstək olmaq, tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin siyasi hüquq və azadlıqları barədə data formalaşdıraraq kuir vətəndaşların görünürlüyünü artırmaq kimi fəaliyyət istiqamətləri göstərilib. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat kuirlərlə işləmə təcrübəsini artırmağa və kuir hüquqlarının müdafiəsi istiqamətlərində çalışır. Buna uyğun olaraq isə adını “Queerdian”, yəni “kuir mühafizəçisi” kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmayıb. Amma sözün adi mənasında “xarakter” səciyyə, əlamət mənalarına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işi mahiyyəti, məğzi başa düşülməlidir. Qanunvericilikdə “fəaliyyət xarakteri” ifadəsi Mülki Məcəllənin 109.11-ci maddəsində kooperativlərə münasibətdə qeyd edilir. Həmin norma aşağıdakı kimidir: “Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər. Həmin normadan göründüyü kimi, qanunverici kooperativləri fəaliyyət xarakterinə görə istehsal, istehlak və qarışıq növlərə görə bölür. Bu normadan aydın olur ki, fəaliyyət xarakteri dedikdə, qanunverici fəaliyyətin mahiyyəti, istiqaməti və ya əlamətini başa düşür. İşin hallarından görünür ki, iddiaçıların seçdikləri ad onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur. Bundan əlavə, məhkəmə iddianı rədd edərkən öz gəldiyi nəticəni əsaslandırmayıb. Belə ki, məhkəmə “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyib. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Cavabdeh imtinasında həmin Qanunun 11.3.1-ci maddəsinə istinad edib. Həmin norma edilən müraciətlə əlaqədar qəti imtinanı müəyyən edir. Bununla da cavabdeh iddiaçıların 29 dekabr 2022-ci il tarixli təsisetmə üzrə bütün hərəkətlərini sıradan çıxarıb. Buna əsasən iddiaçılar qeyri-hökumət təşkilatının qeydiyyatı ilə əlaqədar müvafiq addımları ata bilməyəcəklər. İddiaçılar bildirir ki, onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. İddiaçıların qurumun adı kimi seçdikləri ad onların fəaliyyət xarakterinə uyğundur. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüququn birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. Cavabdeh iddia ərizəsinə etirazında göstərib ki, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər vəfondlar) haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Bakı İnzibati Məhkəməsi də cavabdehin bu mövqeyi ilə razılaşıb. İddiaçılar hesab edir ki, məhkəmənin və cavabdehin bu yanaşması qanunsuzdur. Çünki cavabdehin imtina kimi qeyd etdiyi hal “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsində nəzərdə tutulub. Həmin normaya əsasən, təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Cavabdeh bilərəkdən bu normaya istinad etmir, çünki bu normaya istinad etməklə sənədləri geri qaytardıqda, növbəti müraciət zamanı başqa bir nöqsan göstərmək mümkün deyil. Lakin cavabdeh qanunun 11.3.1-ci maddəsinə istinad edərək sənədləri geri qaytarır ki, bu zaman cavabdeh növbəti müraciətlər zamanı da bu normaya istinad etmək imkanına malik olur. Ona görə də iddiaçılar məhkəmə və cavabdehin yanaşması ilə razı deyil. Onlar hesab edir ki, onların təqdim etdikləri sənədlər qanunvericiliyin tələbinə uyğun olub, Konstitusiya və qanunlara zidd deyil. Cavabdehin imtinası və birinci instansiya məhkəməsinin iddianı rədd edən qərarı İHAK-ın 11-ci maddəsinin hüquqauyğunluq və zərurilik tələbləri ilə ziddiyyət təşkil edir. Təşkilatın adında onun fəaliyyət xarakterinin göstərilməməsi əsası ilə təşkilatın qeydiyyata alınmamasını Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı qəbul etdiyi qərarlarda Konvensiyanın 11-ci maddəsinin pozuntusu hesab edib. İHAK-nın 11-ci maddəsinin 2-ci bəndinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. Birlik təsis etmək hüququ Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş hüququn ayrılmaz hissəsidir. Vətəndaşların ümumi maraqlar sahəsində kollektiv şəkildə hərəkət etmək üçün hüquqi şəxs təsis etmək imkanı birləşmək azadlığı hüququnun ən vacib aspektlərindən biridir. Bu olmadan həmin hüquq öz mənasını itirmiş olur. Milli qanunvericiliyin bu hüququ istifadə etmək tərzi və hakimiyyət orqanları tərəfindən onun praktiki tətbiqi müvafiq ölkədə demokratiyanın vəziyyətini əks etdirir. Əlbəttə, Dövlətlər birliklərin məqsəd və fəaliyyətlərinin qanunvericilikdəki qaydalara uyğun olduğuna özlərini əmin etmək hüququna malikdirlər, lakin, onlar bunu Konvensiya ilə öz üzərlərinə götürdükləri öhdəliklərə uyğun tərzdə etməlidirlər və bu məsələ Konvensiya institutları tərəfindən yoxlanılmaya məruz qala bilər. Avropa Məhkəməsi Ədliyyə Nazirliyi tərəfindən qanunsuz və əsassız olaraq ictimai birliklərin qeydiyyatından imtina ilə bağlı Azərbaycana qarşı çoxsaylı qərarlar qəbul edib. Cəfərov və digərləri Azərbaycana qarşı (ərizə № 27309/14) – 2019 bu kontekstdə qeydiyyatdan imtina ilə bağlı əsas qərarlardan hesab olunan qərarda ictimai birliklərin qeydiyyatı ilə bağlı qanunda əks olunan formal tələblərin qeyri-müəyyənliyinə dair Məhkəmənin mövqeyi aşağıdakı kimidir: “Bununla yanaşı, qanunun müddəası nə qədər aydın şəkildə olsa da, lakin onun tətbiqində məhkəmə şərhi qaçılmazdır, çünki şübhəli məqamların dəqiqləşdirilməsinə və müəyyən şərtlərə uyğunlaşdırmağa həmişə ehtiyac olacaqdır. Mübahisəli maddələrə münasibətdə şübhənin olması özü-özlüyündə onun tətbiq edilməsi zamanı öngörmənin mümkünlüyünü inkar etmir. Bir müddəanın birdən çox mənaya gəlməsi, Konvensiyanın “öngörmə” ilə bağlı tələbinin yerinə yetirmədiyi anlamına gəlmir. Hazırkı işdə daxili qanunvericiliyin müddəası hüquqi şəxs kimi dövlət qeydiyyatı üçün istifadə olunan təsis sənədlərinin məzmununa dair rəsmi tələblərə aiddir. Buna görə də, qanundan, çox spesifik sahəni tənzimləmək üçün hazırlandığından və mübahisə doğuran maddənin məzmunun tələbinə uyğun olaraq, son dərəcədə aydınlıq tələb olunurdu. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyinin hərəkətləri və ərizəçilərin qeydiyyat ilə bağlı müraciətlərinə verdiyi cavabların məzmunu onun prosedura düzgün və ardıcıl qaydada əməl etməsi ilə bağlı ciddi suallar doğurur. Bu suallar ərizəçilər tərəfindən yerli məhkəmələr qarşısında əsaslandırılmış şəkildə qaldırılsa da, məhkəmələr bu prosedura və qeydiyyat orqanının öz funksiyalarını yerinə yetirməsinə və nazirliyin bu tələblərə əməl edib-etməməsinə heç bir hüquqi qiymət verə bilməmişlər”. Avropa Məhkəməsinin Azərbaycana qarşı digər bir qərarı 9 dekabr 2021-ci il tarixində qəbul edilmiş Mətləb Balakişiyev və Sevinc Surxayeva Azərbaycana qarşı qərarıdır. Bu qərarda toplanılmış 18 ərizəçinin (18 QHT-nin qeydiyyatından imtina ilə bağlı) birləşmək azadlığının iddia edilən pozulması ilə bağlı şikayətləri eyni faktlara əsaslanan şikayətlər də Konvensiyanın 6-cı maddəsinə əsasən verilmişdir. Məhkəmə tərəflər arasında imzalanmış dostcasına həll bəyannamələrinə əsasən, ərizəçilər Hökumətin onlara 4750 Avro həcmində məbləğləri ödəmək şərti ilə bu ərizələrə əsas verən faktlarla bağlı Azərbaycana qarşı hər hansı əlavə iddialardan imtina etməyə razılaşıblar. Avropa Məhkəməsinin digər qərarı 9 dekabr 2021-ci il tarixli Akif Nəsirli və Yusif Əhmədov Azərbaycana qarşı (Ərizə № 56899/16 və 21154/17) qərarıdır. Ərizəçilərin birləşmək azadlığının, yəni birləşmək hüququnun iddia edilən pozulması ilə bağlı Konvensiyanın 11-ci maddəsinə əsasən şikayətləri Azərbaycan Hökumətinə çatdırılmışdır. Eyni faktlara əsaslanan şikayətlər də Konvensiyanın 6-cı maddəsinə əsasən verilmişdir. Bu iş üzrə Azərbaycan Hökuməti etiraf etdi ki, ərizəçilərin istinad etdiyi Konvensiyanın müddəaları ilə təmin edilən ərizəçilərin hüquqları pozulub. Onlar ərizəçilərə əlavə edilmiş cədvəldə təfərrüatlı məbləğləri ödəməyi təklif etdilər və Məhkəməni Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə uyğun olaraq ərizələri işlər siyahısından çıxarmağa dəvət etdilər. Avropa Məhkəməsinin digər qərarı 20 may 2021-ci il tarixli Mehman Əliyev və digərləri Azərbaycana qarşı (Ərizə № 46930/10 və digər 11 ərizəçi) qərarıdır. Bu qərarda Avropa Məhkəməsi o qənaətə gəlib ki, Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərini düzəltmək üçün geri qaytarmaq niyyətinin ərizəçilərin ictimai birliklərinin qeydiyyata almaqdan qanunsuz imtina etməsi ilə nəticələnib və müvafiq olaraq, hazırkı işlərə müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin mənasında “qanunla nəzərdə tutulmuş” hesab edilə bilməz (paraqraf 44). Nəticədə Məhkəmə Konvensiyanın 11-ci maddəsinin pozulduğunu tanımışdır (paraqraf 46). Avropa Məhkəməsinin 20 may 2021-ci il tarixli Abdullayev və digərləri Azərbaycana qarşı (Ərizə № 69466/14 və digər 12 ərizəçi) qərarında Avropa Məhkəməsi o qənatə gəldi ki, Ədliyyə Nazirliyi qeydiyyat proseduru ilə bağlı daxili qanunvericiliyin tələblərinə əməl etməyib və bu, milli hakimiyyət orqanlarının sözügedən birlikləri qeydiyyata almaqdan qeyri-qanuni imtina etməsi ilə nəticələnib. Müvafiq olaraq, hazırkı işlərə müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin mənasında “qanunla nəzərdə tutulmuş” hesab edilə bilməz (paraqraf 33). Bu qənaətindən Məhkəmə müvafiq olaraq, Konvensiyanın 11-ci maddəsi pozulduğunu tanıdı. Birləşmək azadlığı azad və demokratik cəmiyyətin ən fundamental sütunlarından biri hesab olunur. O həm azadlıqlar, həm də demokratik sistem üçün əvəzedilməz əhəmiyyətə malikdir. Azərbaycanda qeyri-kommersiya hüquqi şəxsləri (burada ictimai birlikləri və fondları, hüquqi şəxslərin ittifaqlarını, həmçinin dini təşkilatları nəzərdə tutulur) üçün hüquqi mühitin məhdudlaşdırıcı olması təkcə yerli vətəndaş cəmiyyəti təşkilatları tərəfindən deyil, bir çox beynəlxalq insan hüquqları təşkilatlarının dövri hesabatlarında, həmçinin Avropa Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanıb. Bundan başqa, 2015-ci ildən sonra birləşmək azadlığı ilə bağlı Avropa Məhkəməsinə şikayətlərin sayı həddindən artıq çoxalıb. Belə ki, son beş ildə AİHM-də birləşmək azadlığı ilə bağlı 50-dən çox işin kommunikasiyası yekunlaşıb və bununla bağlı Avropa Məhkəməsi tərəfindən artıq tez-tez qərarlar qəbul edilir. Bu sahədəki Azərbaycan qanunvericiliyinin problematikliyi Avropa Məhkəməsi tərəfindən birləşmək azadlığının pozulmasına dair Azərbaycana qarşı çıxarılmış “Cəfərov Azərbaycana qarşı” (85-ci paraqraf), “İslam-İttihad Assosasiyası və digərləri Azərbaycana qarşı” (50-51-ci paraqraflar), “İsmayılov Azərbaycana qarşı” (54-cü paraqraf), “Ramazanova və digərləri Azərbaycana qarşı” (66-cı paraqraf) və “Təbiəti Mühafizə Cəmiyyəti və İsrafilov Azərbaycana qarşı” (62-65-ci paraqraflar) qərarlarında da vurğulanıb. Hüquqi təhlillər göstərir ki, bu məhdudlaşdırıcı qaydalar qeyri-müəyyən ifadə və anlayışlara, həmçinin hüquqi müəyyənlik, qanunilik (keyfiyyətli qanun mənasında) və mütənasiblik kimi hüquq prinsiplərinə uyğun gəlmir. Qeyri-kommersiya hüquqi şəxslərinin qeydiyyatı artıq uzun illərdir ki, həll olunmayan vacib problemlərdən biridir. İctimai Birliklər haqqında qanunvericiliyə görə Azərbaycanda qeydiyyatsız QHT-lərin fəaliyyəti qadağan edilməsə də, qeydiyyata alınmayan QHT-lər hüquqi şəxs statusu əldə etmək, hər hansı əmlak hüquqlarına malik olmaq, məhkəmələrdə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilmək, bank hesablarına malik olmaq, vergi orqanlarında qeydiyyatdan keçə bilmək kimi hüquqi imkanlardan məhrumdurlar. Sadalanan bu hüquqi xüsusatların yoxluğu isə QHTləri effektiv fəaliyyət imkanından məhrum edir. Qeyd etmək zəruridir ki, Azərbaycana qarşı AİHM tərəfindən çıxarılan bir sıra qərarlarda hüquqi şəxs statusu əldə etmək imkanının birləşmək azadlığının ən vacib elementi hesab olunması və imkandan məhrum olmağın birləşmək azadlığının pozuntusu kimi qiymətləndirilə bilinəcəyi vurğulanmışdır. Bu hüquqi mövqe 25 iyul 2019-cu ildə Avropa Məhkəməsinin Cəfərov və digərləri Azərbaycana qarşı qərarında qeyd edilib. Həmin qərarın 54-cü paraqrafında Məhkəmə qeyd edir: “Birlik yaratmaq hüququ Konvensiyanın 11-ci maddəsində göstərilən hüququn ayrılmaz hissəsidir. Qarşılıqlı maraqlar sahəsində kollektiv fəaliyyət göstərmək üçün hüquqi şəxs yaratmaq imkanı birləşmə azadlığı hüququnun ən vacib cəhətlərindən biridir və bu hüquq olmadan o hər hansı bir mənadan məhrum olacaqdır. Milli qanunvericiliyin bu azadlığı necə təmin etməsi və hakimiyyət orqanları tərəfindən onun praktik tətbiqi müvafiq ölkədəki demokratiyanın vəziyyətini ortaya qoyur.” Son 5 ildə QHT qeydiyyatını tənzimləyən hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanuna edilən əlavə və dəyişikliklərə nəzər yetirdikdə, QHT qeydiyyatı ilə bağlı hər hansı irəliləyişi görmək mümkün deyil. Halbuki, bu ötən müddət ərzində müvafiq qanuna edilən dəyişikliklər ilə yerli və xarici investisiyalı kommersiya təşkilatlarının, publik hüquqi şəxslərin qeydiyyatı qaydaları hər dəfəsində daha da sadələşdirilmiş və bu sahədə elektron qeydiyyat sistemləri yaradılmışdır. Kommersiya hüquqi şəxslərinin qeydiyyatı ilə bağlı daha yaxşı hüquqi və inzibati infrastrukturun qurulması mümkün olsa da, belə münasibət qeyri-kommersiya hüquqi şəxslərinə gəldikdə istisna edilib. Mübahisəsizdir ki, belə fərqli və daha pis hüquqi tənzimləmənin arxasında heç bir ağlabatan (həm də yol verilən) hüquqi izah yoxdur. Ölkədə kommersiya və qeyrikommersiya təşkilatlarının qeydiyyat sistemi arasındakı ağlabatan olmayan belə fərq 2005-ci ildən etibarən hələ də davam etməkdədir. Hazırda sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron qeydiyyat zamanı isə bir gün ərzində qeydə alına bilən kommersiya hüquqi şəxsləri ilə müqayisədə qeyri-kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün 40 gün müddət tələb olunur. Ukrayna və Gürcüstan kimi ölkərdə kommersiya və qeyri – kommersiya hüquqi şəxslərinin qeydiyyatı arasında belə izahedilməz fərqlər mövcud deyil. Ukraynada qeyri-kommersiya hüquqi şəxslərinin qeydiyyatı 3 gün, Gürcüstanda isə 1 iş günü ərzində aparılır. Məhz belə sadələşdirilmiş qeydiyyat sisteminə görə 3 milyon əhalisi olan Gürcüstanda QHT-lərin sayı 2016-cı ildə 21,832-dən 2018-ci ildə 24,042-ə qədər artıb. Bununla belə 10 milyon əhalisi olan Azərbaycanda qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslərinin sayı bu ilin iyul ayında verilən rəsmi məlumata əsasən 4,624-dür. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - “Queerdian” İctimai Birliyinin təsis yığıncağının 29 dekabr 2022-ci il tarixli protokoluna və qərarına əsasən təsisçilər İddiaçı1 və İddiaçı2 olmaqla “Queerdian” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilmişdir. - Birliyin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən birliyin tam adı, azərbaycan dilində “Queerdian” İctimai Birliyi, ingilis dilində “Queerdian” Public Association; 1.3-cü bəndinə əsasən Birliyin hüquqi ünvanı: ünvan 1ci bəndinə əsasən Birlik Azərbaycanda olan kuir (queer) vətəndaşları siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian” İctimai Birlikdir, həmçinin Azərbaycanda kuirlərin hüquq və azadlıqlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri-kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyası və qeyri-dini birlikdir. - Cavabdeh tərəfindən İddiaçı2 ““Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti”nə baxılaraq xx.xx.2023-cü il tarixi 3-16-5/2-13-887/2023 nömrəli məktubla bildirilmişdir ki, “təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır”. Beləliklə işdən müəyyən olunur ki, iddiaçıların təsisçisi olduqları “Queerdian” İctimai Birliyinin təsis yığıncağının 29 dekabr 2022-ci il tarixli protokoluna və qərarına əsasən “Queerdian” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilmişdir. Birliyin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən birliyin tam adı, azərbaycan dilində “Queerdian” İctimai Birliyi, ingilis dilində “Queerdian” Public Association; 1.3-cü bəndinə əsasən Birliyin hüquqi ünvanı: ünvan 1ci bəndinə əsasən Birlik Azərbaycanda olan kuir (queer) vətəndaşları siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian” İctimai Birlikdir, həmçinin Azərbaycanda kuirlərin hüquq və azadlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri-kommersiya hüquqi şəxs olaraq Birliyin əsas məsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyası və qeyri-dini birlikdir. İddiaçı2 “Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinə baxılaraq müraciətindən xx.xx.2023-cü il tarixi 3-16-5/2-13-887/2023 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, təşkilatın əsas məqsədi kuir vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaqdan, onların hüquqlarını hüquq və azadlıqlarını müdafiə etməkdən, onların cəmiyyətdə iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməkdən, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirləri əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışmaqdan ibarət olsa da, sözügedən məqsədləri təşkilatın adından müəyyən etmək mümkün olmur. Çünki, iddiaçıların özlərinin də, iddia ərizəsində göstərdiklərindən belə nəticəyə gəlmək olur ki, “Queerdian” adı iddiaçılar tərəfindən “Guardian”, yəni “mühafizəçi” sözündən ilhamlanaraq həmin sözün dəyişdirilmiş formasıdır ki, həmin söz dəyişikliyə məruz qaldıqdan sonra “Queerdian” formasında nə ingilis, nə də ki, azərbaycan dillərində nəinki qurumun fəaliyyətini xarakterizə etmir, ümumiyyətlə bir məna ifadə etmir. Birliyin fəaliyyətinin xarakteri və istiqamətləri yalnız, təşkilatın Nizamnaməsinə nəzər yetirdikdə müəyyən olunur. İddiaçılar tərəfindən Birliyinin adının müəyyənləşdirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin tələbləri gözlənilmədiyindən, həmin tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da, iddiaçıların hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Sənədlərin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılar tərəfindən qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana yenidən müraciət etmək hüquqları saxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyil. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qanunun 1.2-ci maddəsində göstərilir ki, bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının onun təşkilatihüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar