Məhkəmə qərarları › İş №2-1(103)-970/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-970/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-970/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil Babaəli oğlunun, cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə kompensasiya ödənilməsi öhdəliyinin qoyulması tələbinə iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-181/2019 nömrəli iş üzrə 09 aprel 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 18.03.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən ünvan 1-nin 2/6 hissəsi iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı 16.02.2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. İddiaçıya məxsus yuxarıda qeyd edilən yaşayış evi də Nazirlər Kabinetinin qeyd edilən qərarının təsir dairəsinə düşmüşdür. "xxxx" MMC-nin 25.12.2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən iddiaçının fərdi yaşayış evinin yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 16,46 kv.m, ümumi sahəsi 40,46 kv.m-dır. Mülkiyyətçi ona məxsus olan çıxarışda qeyd edilən evdə yaşamadığına və faktiki sahəsini göstərə bilmədiyinə görə çıxarışda qeyd edilən və ona məxsus olan fərdi yaşayış evi 4085/1A şərti kodu ilə qeydiyyata alınmış və sənədli sahəyə əsasən 40.000 manat qiymətləndirilmişdir. Yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçı cavabdehin təşkil etdiyi komissiyaya dəvət edilmiş və 25.12.2018-ci ildə həmin komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı iddiaçıya ona məxsus yaşayış sahəsinə görə 40.000 manat məbləğdə kompensasiya təklif edilmiş, lakin iddiaçı razılığını bildirməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, ünvan 1-də 0,01248 kv.m. sahədə yerləşən 109 kv metr fərdi yaşayış evinə görə ona 180.000 manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 109 kv.m. fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ 18 mart 2014-cü ildə verilmiş çıxarışla təsdilənir. Cavabdeh onun evinin qiymətinin 61.690 manat olmasını bildirmişdir. İddiaçı həmin məbləğlə razı deyil. Hesab edir ki, evin qiyməti 180.000 manat təşkil edir. Eyni zamanda, iddiaçının adına açılan depozitə 61.690 manat deyil, 40.000 manat qoyulmuşdur. Bundan başqa cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Vidadi küçəsi dalan 3 ev 2-də 1986-cı ildən kirayədə yaşayan X2 93.000 manat kompensasiya ödənilmişdir. Halbuki, həmin kompensasiya qeyd edilən şəxsə deyil, iddiaçıya ödənilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)181/2019 nömrəli iş üzrə 09.04.2019-cu il tarixli qərarı ilə rədd edilmişdir. Qərarın əsaslarına görə, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin qeyd olunan qərarının təsiri altına düşmüş və həmin əmlakla bağlı həm iddiaçının depozit hesabına, həm də iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ olan şəxs X1 hesabına kompensasiya məbləğləri köçürülmüşdür. İddiaçı paylı mülkiyyətində olan əmlaka görə niyə məhz 180.000 manat tələb etdiyini əsaslandırmamış, paylı mülkiyyətində olan əmlaka görə 180.000 manat məbləğdə kompensasiya tələb etmək hüququnun mövcud olmasını təsdiq edən hallar barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı iddia ərizəsində evinin sahəsinin 109 kv.m. olmasını göstərsə də, daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olan əmlakın ümumi sahəsi 40,46 kv.m, yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi isə 16,46 kv.m. olmuşdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1560/2019 nömrəli iş üzrə 04.07.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 09/2020 nömrəli iş üzrə 18.02.2020ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın 04.07.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi İK-nın 21(103)-1282/2020 nömrəli iş üzrə 25.08.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2019-cu il tarixli qərarı qismən ləğv edilmiş, iddia qismən təmin edilib, cavabdehdən əlavə 20.230 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qərardan hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-2187/2020 nömrəli iş üzrə 08.12.2020ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 25.08.2020-ci il qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, işdə olan 03.05.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus 2/6 hissəsini cavabdehə 40.000 manata iddiaçıya satmışdır. Bununla da, iddiaçı 16.08.2018-ci il tarixdə məhkəmədə iddia qaldırdıqdan sonra 03.05.2019-cu il tarixdə könüllü qaydada mülkiyyətində olan əmlakı bütövlükdə, ham də cavabdehin ona təklif etdiyi qiymətə sonuncuya sataraq, öz iradəsi ilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləni mübahisələndirməmiş, müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını irəli sürməmiş, müqavilədə yazılanlarla razı olmuşdur. Bu da tərəflər arasındakı münasibətlərin artıq mülki hüquqi xarakterinə dəlalət edir. Həmin müqavilə o deməkdir ki, iddiaçı sökülən əmlakla bağlı ona ödənilən məbləğlə razılaşmaqla, həmin ödənişlərin qanuniliyini mübahisə etmir, sözügedən müqavilə qüvvədə olduğu müddətdə iddiaçının mübahisəli əmlakla bağlı hərəkətlərindən irəli gələn nəticələr onun tərəfindən yenidən mübahisə edilə və bu əsasla iddia və apellyasiya haqlı sayıla bilməz. İddiaçının kompensasiya tələb etdiyi əmlak artıq cavabdehin mülkiyyətidir. AR Ali Məhkəməsinin 2019, 2020 və 2021-ci illərdə qəbul etdiyi qərarlar (2-1(102)- 2542/2019, 2-1(102)-2071/2020, 2-1(102)-75/2021) da bu təcrübə ilə bağlı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-181/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar