Məhkəmə qərarları › İş №2-1(103)-970/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-970/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-970/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3062/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3634/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə ona “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-cı il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi Rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Fizuli rayon X1 (PMK 15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən xx.xx.2001-ci ildən xx.xx.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X4 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Binəqədi rayon şöbəsininin üzərinə qoyulmuşdur. DSMF-nin Binəqədi rayon şöbəsinin həmin qərardan verdiyi apellyasiya (2- 1 (103)- 2746/2017 saylı 23 noyabr 2017-ci il tarixli) və kassasiya (2-1(102)- 587/2018 saylı 07 mart 2018-ci il tarixli) şikayətləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmişdir. İddiaçıya pensiya təyin edilmiş və həmin pensiya ödənilirdi. Lakin 2020-ci ilin iyun ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə ona rəsmi məlumat verilmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq pensya ödənişi bərpa edilmir. Ona pensiya məhkəmə qərarı əsasında təyin edilmişdir, onun dayandırılması qanunsuzluqdur. Müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 18 noyabr 2020-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda göstərilir ki, əmək pensiyanın ödənişi xidməti araşdırma aparılması səbəbindən dayandırılmışdır. Araşdırma başa çatdıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir. Hazırki vaxta kimi pensiya ödənişinin dayandırılmasının səbəbləri, araşdırmanın nə qədər davam edəcəyi barədə rəsmi məlumat verilməmişdir. Məhkəmənin 2-1(112)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3062/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı-İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2-1(81)-3634/2017 saylı qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır.Əlavə olaraq bildiririk ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması ilə əlaqədar Nazirlik tərəfindən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan: - Füzuli RPŞ tərəfindən xx.xx.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Füzuli şəhərində doğulmuş İddiaçı Füzuli şəhəri, Xanlar küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-587/2018 №li 07 mart 2018-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2-1(81)- 3634/2017 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək, ona “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980- ci il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 01,04.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Fizuli rayon X1 (PMK 15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21,06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən xx.xx.2001 -ci ildən 31 03.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, xx.xx.2004- cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X4 İtd” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. - Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işində olan: Pensiyaçının uçot vərəqindən və qərarından görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü İddiaçı 19 mart 2016-cı il tarixdə yaşa görə 185,70 manat pensiya təyin edilmişdir. Sonradan xx.xx.2018-ci il tarixli 404 nömrəli qərarla İddiaçı xx.xx.2018-ci il tarixdən ömürlük 1.926,29 manat pensiya təyin edilmişdir. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli **********4 №li məktubda müraciətçiyə bildirilmişdir ki, onun əmək pensiyasının ödənişi xidməti araşdırma aparılması səbəbindən dayandırılmışdır. Araşdırma başa çatdıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, adıçəkilən şəxsə dair Azərbayan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3634/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsinə dair ərizə ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət olunması nəzərdə tutulmuşdur Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələyə digər məhkəmə icraatında baxılmış, eyni tərəflər arasında eyni iddia tələbinə dair eyni predmet barəsində qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. AR Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. AR İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı qanuni qüvvəyə minmiş və hələ də qüvvədə olan məhkəmə qərarı əsasında icra edilmişdir. Buna görə də cavabdehin iddiaçının pensiya ödənişini dayandırması qanunsuz olmaqla onun hüquqlarını pzomuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı məcburi olaraq hökmən icra olunmalı olduğundan, cavabdeh orqanın iddiaçıya məhkəmə qərarı əsasında təyin edilmiş pensiya ödənişini məhkəmə qərarının icrasının əksinə olaraq dayandırması, AR Konstitusiyası və digər sadalanan qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarlarının qanuni qüvvəsini müəyyən edən normaların tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçıya pensiya təyin edilməsi icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası qaydasında həyata keçirildiyindən, həmin pensiya təyinatının qanunauyğunluğunun mübahisələndirilməsi,dayandırılması və ya ləğv edilməsinə dair mübahisələr yalnız həmin məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. “İcra haqqında” AR Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli AR Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir.” Beləliklə işin sadalanan hallarını və qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvəsini almış yekun məhkəmə aktı olduğundan və pensiya ödənişinin dayandırılmasına dair cavabdehin mübahisələndirilən hərəkətləri həmin məhkəmə aktının icrasının əksinə olaraq həyata keçirildiyindən, iddiaçı yenidən eyni predmeti müstəqil iddia tələbi irəli sürmək əvəzinə, məhkəmə qərarının icrası edilməməsi barədə şikayətlə müvafiq inzibati məhkəməyə müraciət etməklə cavabdehin hərəkətlərindən hüquqi müdafiəsini tələb edə bilər. AR İPM-nin 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3062/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3062/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin ona məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar