Məhkəmə qərarları › İş №2-1(103)-970/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-970/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-970/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11484/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 Cavabdeh ASC-dəki bank hesabında olan 19.062 manat məbləğində pul vəsaitinin Fondun hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11484/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdidır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci tarixli qərarının 3.1 və 3.2-ci bəndlərinə əsasən “xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyət orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır” İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərindən biri həmin münasibətlərin hakimiyyət- tabeçilik prinsipi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Azərbaycan Respublikasının sosial təminat siyasətinin həyata keçirilməsi ilə bağlı ixtisaslaşmış orqan olması, iddia ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar olaraq yaranmış hüquq mübahisəsinin məhz X4 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilməklə sonuncunun CavabdehSC -dəki bank hesabına sözügedən ödənişin dövlətin timsalında inzibati orqan statusuna malik olan DSMF tərəfindən hakimiyyət səlahiyyətləri ilə əlaqədar köçürülməsi nəzərə alınmaqla tərəflər arasındakı münasibətin özəyini publik hüququ münasibətləri təşkil etməsi faktı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, cavabdeh orqanlar DSMF arasında yaranmış mübahisənin əsasının iddiaçının publik hüquq münasibətləri ilə bağlı olduğundan mübahisəyə Azərbaycan Respublikası İPM-in tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmaqla həll edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddi hüququ normaları təşkil etməsi, iddianin ilkin görünüşdə pul tələbi, yəni mülki hüquq münasibətlərindən yaranan mübahisə olması kimi nəzərə çarpması tərəflər arasındakı münasibətlərin iddiaçı DSMF-nin sırf hakimiyyət səlahiyyətlərinin icrası ilə əlaqədar yaranmasına hər hansı xələl gətirmir. Mövcud hüquq ədəbiyyatında dövlət-vətəndaş münasibətləri ilə əlaqədar məhkəmə aidiyyəti məsələsinə baxılarkən publik hüquq münasibətləri önə çəkilməli, “publik olmayan münasibətlərə mülki icraat qaydasında baxılmalıdır” prinsipinin rəhbər tutulmalıdır. Nəticə etibarilə, hazırki mübahisədə DSMF ilə cavabdeh orqan arasında yaranmış mübahisə iddiaçının hakimiyyət səlahiyyətlərinin icrası ilə əlaqədar olduğundan aidiyyət məsələsi inzibati məhkəmənin xeyrinə həll edilməlidir. Eyni zamanda məhkəmə hazırki mübahisənin mülki hüquq xarakterli olduğunu qeyd etmiş və inzibati mübahisə olmadığını əsaslandırmışdır. Lakin iş üzrə bundan əvvəl Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)-1240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisəsinin inzibati məhkəmədə baxılmalı olması və həmin qərardaddan verilən şikayətin təmin edilməməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5346/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının olması məhkəmənin nəzərinə çatdırılmış və sənədlər təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərdən belə aydın olur ki, məhkəmə qərardadı ilə belə nəticəyə gəlmişdir ki, bu mübahisəyə baxılmamalıdır və nəticədə Dövlət Sosial Müdafiə Fondunun hüquq müdafiə vasitələrini məhdudlaşdıran qərardad qəbul etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə cavabdeh lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, vətəndaş X4 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmiş, təqaüd xx.xx.2021-ci il tarixədək X2 adına olan Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. Sonradan iddiaçı inzibati orqan X2 xx.xx.2015-ci il tarixdə vəfat etdiyini müəyyən etdiyindən hazırda X1 hesabına Fondun xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürdüyü 19062 manat təqaüd məbləğinin bank tərəfindən büdcəyə geri qaytarılmasını istəyir və bununla bağlı inzibati məhkəmədə inzibati iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı DSMF inzibati orqan olmaqla inzibati funksiyasını icra edərək vətəndaş mərhum X4 şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdünü ödəmiş, qeyd edilən təqaüdün ödənilməsi ilə bağlı münasibətlər inzibati icraat gedişində və məhz inzibati orqanla həmin təqaüdü almış vətəndaş arasında yaranmaqla publik hüquq xarakterli olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). Kollegiya qeyd edir ki, sosial təminat xarakterli ödənişlər ilə bağlı mübahisələr publik hüquq münasibətlərindən irəli gəlməklə, yalnız artıq ödənilmiş sosial ödənişin vətəndaşdan geri qaytarılması tələb edildiyi halda bu tələbə inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin hazırkı iş üzrə iddiaçı inzibati orqanın sosial ödənişi-təqaüdü müvafiq bank hesabı vasitəsilə ödəməsi və sonradan həmin hesabda qalmış vəsaiti bankdan geri tələb etməsi ilə bağlı mübahisə inzibati mübahisə hesab edilə bilməz. Belə ki, iddiaçının banka (və yaxud əksinə) publik hüquqdan irəli gələn tələbi yoxdur, inzibati orqan tələb üzrə cavabdeh banka qarşı hər hansı hakimiyyət tədbiri tətbiq etmir, inzibati orqanla bank arasındakı hesab üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması bank əməliyyat çərçivəsində realizə olunur ki, bu əməliyyatlarla bağlı tələb hüququ öz hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir. Belə olan halda hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçının sosial təminatı- təqaüdü ödədiyi şəxsinmərhum X2 vərəsələrinin cavabdeh olan bankda açılmış hesabdakı pul vəsaitini tələb etmək hüquqları var, digər tərəfdən, iddiaçı inzibati orqan həmin vərəsələrin dairəsini müəyyən etməklə yanaşı, bank hesabına Sayat Əliyevin vəfatından sonra edilmiş ödənişləri məhz onlardan geri tələb edə bilər. Odur ki, hazırki vəziyyətdə iddiaçı inzibati orqanla cavabdeh bank arasında hər hansı inzibati hüquq münasibətinin yaranmadığı üçün onun banka qarşı bank əməliyyatı çərçivəsində ödənilmiş vəsaitin geri tələb edilməsi barədə tələbinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11484/2022 saylı 17 oktyabr 2022ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11484/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar