Məhkəmə qərarları › İş №2-1(103)-970/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-970/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-970/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Abbasovanın sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs qismində X7 cəlb edilməklə) qarşı “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-801/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, “X3 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 4620 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərardadı ilə, iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X3 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində iddia mümkün sayılmaması qərara alınmışdır.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamına əsasən, Ləhic bağlar sahəsindəki 4620a №-li bağ 48 №li BTK tərkibində İddiaçı adına keçirilmişdir. İddiaçıya Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehlat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamına əsasən Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a №-li bağın ayrılması barədə 26 nömrəli order təqdim edilmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a №-li bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli, **********71 nömrəli bildirişdə qeyd olunmuşdur ki, “Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qonşu “4620” saylı bağ sahəsi ilə bağçılıq sxeminə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədə uyğundur”. İddiaçı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********65 nömrəli bildirişdə qeyd olunmuşdur ki, “Tərəfinizdən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır”. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a №-li bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 3-21-3-30/2-Ş-0216-8/2022 **********98 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, orderin nüsxəsi idarənin arxivində aşkar edilməmiş, torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cаvаbdеhin məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi digər fiziki şəxs olan X3 adına **********41 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********65 saylı və xx.xx.2023-cü il tarixli, **********98 saylı cavab məktubları ünvanlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-801/2024 saylı qərarı ilə iddia rədd edilmişdir.

8. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Nuriyev apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2- 1(112)-801/2024 saylı qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.

16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

19. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 36/1017 saylı, xx.xx.2014-cı il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 saylı “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamından çxıarışa əsasən, Ləhicdəki 4620a nömrəli bağ 48 nömrəli BTK tərkibində İddiaçı adına keçirilmişdir.

20. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli orderinə əsasən, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4620a nömrəli bağ ayrılmışdır.

21. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X2 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Ş-0216-8/2022 **********98 nömrəli məktubunda bildirilmişdir ki, təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

22. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-10493/2023 **********93 nömrəli cavab məktubuna əsasən, sorğuda göstərilən torpaq sahəsinə dair müayinə aktı və koordinat məhkəməyə təqdim edilmişdir.

23. 10.03.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, göstərilən bağ sahəsi hasar daxilindədir, darvazası yoxdur, sahədə tikili yoxdur.

24. Məhkəmənin “Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan mübahisəli bağ sahəsinin X3 adına **********41 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmasına əsas olmuş arxiv sənədlərinin təqdim edilməsi” barədə sorğusu cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

25. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin 44 nömrəli, orderinə əsasən, X5 Bakı şəhər İcra Hakimiyyətinin 15 fevral 1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4619 saylı bağ ayrılmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi X3 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı”nda torpağa aid məlumatlar öz əksini tapmışdır: torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin koordinatları, döngə nöqtələri (nöqtələri və məsafələr) rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin qonşu sərhədləri (şərti işarələr).

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

27. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

28. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

29. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

30. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

33. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin adına olan torpaq sahəsinə dair hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik olmadığından subyektiv hüququ müəyyən edilmir.

35. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli orderinə əsasən, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4620a nömrəli bağ ayrıldığı qeyd edilsə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X2 ünvanladığı məktubunda bildirilmişdir ki, təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin 44 nömrəli, orderinə əsasən, X5 Bakı şəhər İcra Hakimiyyətinin 15 fevral 1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4619 saylı bağ ayrılmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi X3 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı”nda torpağa aid məlumatlar öz əksini tapmışdır: torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin koordinatları, döngə nöqtələri (nöqtələri və məsafələr) rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin qonşu sərhədləri (şərti işarələr).

36. Odur ki, mübahisə predmeti torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər sənədlər müəyyən edilmədiyindən və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir.

37. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

38. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-801/2024 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-801/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs qismində X7 cəlb edilməklə) qarşı “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar