Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-971/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı diaqnostik qiymətləndirmə imtahanına buraxılma öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3102/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun müəllimlərin bilik və bacarıqlarının qimətləndirilməsi üzrə diaqnostik imtahana buraxılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1993-1995-ci illərdə Neftçala şəhərində yerləşən Günəş Assosiasiyası və X2 X6 orta ixtisas təhsilli ibtidai sinif pedaqogikası və metodikası ixtisası üzrə bitirmişdir. 3 il öz ixtisası üzrə işləməmişdir. 1998-ci ildən Salyan rayonu Xurşud kənd məktəbində əmək fəaliyyətinə başlamışdır. Hazırda da həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. 2001-2004-cü illər ərzində X8 oxumuş, 2004-cü ildə həmin Kolleci ibtidai təhsil ixtisası üzrə (əyani şöbə) tam kursu bitirmişdir. AR Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş mərkəzləşdirilmiş komissiya üzvlərinin iştirakı ilə təşkil edilmiş dövlət imtahanlarından müvəffəq qiymətlər almışdır. O, 16 dekabr 2016-cı il tarixdə X11 Kompleksində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etmişdir. İmtahandan sonra toplanmış ballar müəllimlərin şəxsi səhifələrində yerləşdirilmiş olsa da, onun topladığı ballar şəxsi səhifəsində yerləşdirilməmişdir. Bu səbəbdən Təhsil Nazirliyinə 8 oktyabr 2018-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Nazirliyin 23 oktyabr 2018-ci il tarixli məktubu il ona bildirilmişdir ki, onun adına yazılmış AB-İİ 090599 nömrəli diplomun hüquqi qüvvəsi yoxdur. Lakin o, həqiqətən də həmin Kollecdə ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almışdır. Bu faktı müəllimlər və onunla birlikdə təhsil almış tələbələr də təsdiq edə bilərlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Məişət Kolleci tərəfindən iddiaçıya verilmiş (adına yazılmış) diplomun qüvvədən düşmüş hesab olunması və etibarsız sayılmasına dair heç bir sübut iş üzrə təqdim edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 65-ci maddəsi inzibati aktların etibarsız sayılması üçün konkret əsaslar nəzərdə tutur və hazırkı iş üzrə belə əsaslar müəyyən edilmir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, 07 oktyabr 1992-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olmasıdır. Həmin Qanunun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən məlum olur ki, müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, “təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X15 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi- texniki bazasını yoxlayır.Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildirir ki, təhsil müəssisələri hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən, 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada apapılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların,habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”. Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisələri dövlət qeydiyyatına alınmadığından onların hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik omamışlar. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Qeyd olunanlardan göründüyü kimi, Təhsil Nazirliyində qeyd edilən Kollecin fəaliyyəti barədə hər hansı məlumat mövcud deyil. Cavabdehin apellyasiya şikayətinə əlavədə qeyd etdiyi dəlillərə görə, kassasiya məhkəməsi qərarında iddiaçının həm də Gəncə Məişət Xidməti Kollecində təhsil aldığını və iddiaçının adına diplom verildiyini və məhkəmə tərəfindən buna münasibət bildirilmədiyi qeyd edilmişdir. Bildirir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 2001-2004-cü illər ərzində Gəncə Məişət Xidməti Kollecində əyani formada təhsil almış və onun adına diplom blankı verilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.09.1993-cü il tarixli 487 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası "xxxx" Şirkətinin Gəncə Məişət Texnikumunun təsərrüfat hesablı Gəncə Məişət Xidməti Kolleci orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınması haqqında Azərbaycan Respublikasının "xxxx" Şirkətinin təklifi qəbul edilmiş və həmin Kollec təhsil müəssisəsi kimi qeydiyyatdan keçmişdir. Kollec Gəncə şəhərində fəaliyyət göstərmişdir. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13.06.2000-ci il tarixli Fərmanının 10-cu bəndinə əsasən, Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı yaradılmış və bu kollecin direktoru Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialının direktoru təyin edilmişdir. Fərmanın bu bəndindən göründüyü kimi, Gəncə Məişət Xidmət Kolleci 13 iyun 2000-ci il tarixə qədər fəaliyyət göstərmişdir. Lakin, iddiaçının təqdim etdiyi diplom blankı Kollec tərəfindən ona 2004-cü ildə verilmişdir. Fəaliyyəti dayandırılmış və mövcud olmayan Kollecin verdiyi diplomun hüquqi əsası ola bilməz. Eyni zamanda, “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli sərəncamına əsasən, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 2015-ci ildən başlayaraq 2019-cu ilin dekabr ayının 28-nə kimi davam etmiş və təhsil sənədləri qanuni olan müəllimlər qiymətləndirmədən keçmişdir. Təhsil sənədləri dövlət nümunəli olmayan, lakin müəllim kimi fəaliyyət göstərənlər isə diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Qeyd edilən sərəncamın icrası ilə bağlı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdığından, gələcəkdə Təhsil Nazirliyi tərəfindən diaqnostik qiymətləndirilmənin keçirilməsi nəzərdə tutulmur. Keçirilməsi nəzərdə tutulmayan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, imtahanına buraxılma barədə iddia tələbinin təmini və onun icra edilməsi mümkünsüzdür. Apellyasiya şikayətinə əlavədə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 08.11.2019-ci il tarixli qərarının ləğv edilib, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-685/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1914/2020 nömrəli iş üzrə 08.12.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-685/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə və ona əlavəyə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “33. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ABİİ seriyalı 090599 nömrəli Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş diplomun əsası olmadığı ilə bağlı olmuş və həmin məktubda X4 diplomu barədə hər hansı bir dəlil irəli sürülməmişdir.
34. Bununla yanaşı, X9 tərəfindən iddiaçıya verilmiş diplom ümumiyyətlə işə əlavə edilməmişdir. Bununla da hazırkı qərarın 17, 18, 21, 22-ci bəndlərində göstərilən normaların tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul etmişdir.
35. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-26-cı bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi inzibati orqan inzibati aktı əsaslandırmalı, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməlidir. Lakin hazırkı iş üzrə cavabdeh öz mövqeyini əsaslandırmadan müraciətini təmin etməkdən imtina etmiş, bununla da göstərilən tələbləri pozmuşdur.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, X9 tərəfindən iddiaçıya verilmiş diplomun işə əlavə edilməsi üçün sənədin notariat təsdiqli surətinin Məhkəməyə təqdim olunması iddiaçıdan tələb edilsə də, iddiaçı məhkəmə kollegiyasının növbəti iclasına gəlməmiş, sənədin surətini də Məhkəməyə göndərməmişdir. Cavabdehin 23.10.2018-ci il tarixli Ə-14313/05-24 nömrəli imtinasının “İnzibati icraat haqqında” AR Qanununun tələblərinə cavab verməməsinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, imtina həqiqətən də Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş qaydada əsaslandırılmasa da, inzibati mühakimə icraatında cavabdeh inzibati orqanın imtinasının qanunsuzluğu a priori iddianın əsaslılığı nəticəsini doğurmur. İddia isə əsassızdır. Belə ki, iddiaçı 2001-2004-cü illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil aldığını, 2004-cü ildə həmin Kolleci ibtidai sinif müəllimi ixtisası üzrə bitirdiyini, bu barədə ona 05.06.2004-cü il tarixli AB-İİ 090599 nömrəli diplom verildiyini və bu təhsilə uyğun olaraq da ibtidai sinif müəllimi işlədiyini irəli sürür. Halbuki, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13.06.2000-ci il tarixli 349 nömrəli Fərmanının 10-cu bəndi ilə müəyyən edilmişdir ki, “10. Məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin əlavə təhsilini təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında Azərbaycan Müəllimlər İnstitutu yaradılsın. İnstitutun Ağcabədi (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni- Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında), Cəlilabad (X5 Texnikumunun bazasında), Gəncə (X12 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında), Qazax (X13 İnstitutunun Qazax filialının bazasında), Quba (Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının bazasında), Mingəçevir (Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan X1 filialının bazasında), Naxçıvan (Naxçıvan Politexnik Texnikumunun bazasında), Salyan (X10 Texnikumunun bazasında), Sumqayıt (Sumqayıt Politexnik Texnikumunun bazasında), Şamaxı (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında), Şəki (Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında) və Zaqatalada (Zaqatala Politexnik Texnikumunun bazasında) filialları açılsın.” Göründüyü kimi, Gəncə Məişət Xidmət Kolleci 13 iyun 2000-ci il tarixə qədər mövcud olmuş, lakin iddiaçının təqdim etdiyi diplom blankı Kollec tərəfindən ona 2004-cü ildə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16.01.2015-ci il tarixli 994 nömrəli sərəncamına əsasən, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 2015-ci ildən başlayaraq 2019-cu ilin dekabr ayının 28-nə kimi davam etmiş, Sərəncamın icrası ilə bağlı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatmışdır. Odur ki, hazırda keçirilməyən və keçirilməsi də nəzərdə tutulmayan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılma barədə iddia əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-3102/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diaqnostik qiymətləndirmə imtahanına buraxılma öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov İlham Kərimli