Məhkəmə qərarları › İş №2-1(103)-971/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-971/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-971/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının hüquqi varisi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiyanın hesablanması zamanı ölmüş ərinin pensiyasının yenidən hesablanması zamanı ilə üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınması, ixtisas dərəcəsinə görə əlavələrin və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına verilən 15 %-lik əlavənin nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxtdan yenidən hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 22.12.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 22.12.2016-cı il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün DSMF-nin Yasamal rayon şöbəsinə göndərilmişdir. DSMF-nin Yasamal rayon Şöbəsi 08.02.2018-ci il tarixli məktubla məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 22.12.2016-cı il tarixli qərarının icra olunduğunu bildirmişdir. Daha sonra İddiaçı 14.06.2018-ci il tarixdə vəfat etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2018-ci il tarixli qərardadı ilə X5 iddiaçının hüquqi varisi hesab edilmişdir. Hüquqi varis X5 ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 22.12.2016-cı il tarixli qərarın tam şəkildə icra edilmədiyini əsas gətirərək həmin qərarın məcburi icraya yönəldilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 24.12.2018-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Yasamal rayon və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra hərəkətləri yerinə yetirildikdən sonra 24.09.2019-cu il tarixli qərarla icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Hüquqi varis X5 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Yasamal rayon İcra və Probasiya Şöbəsinin 29.04.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 24.10.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5600/2016 saylı, 24.12.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 29.04.2010-cu il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti vərərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 24.10.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3091/2019 saylı, 27.12.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 24.10.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 10.02.2021-ci il tarixli qərardadı İddiaçı hüquqi varisi X1 ərizəsi təmin edilmiş, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5600/2016 saylı, 24.12.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 29.04.2010-cu il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Qərardad qanuni qüvvəyə minərək, icraya yönəldilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1 (81)-5600/2016 nömrəli qərardadında cavabdehin etirazı hissəsində qeyd edilmiş “fərq məbləğinin” sözlərinin “pensiya məbləğinin” sözləri ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum İddiaçı hüquqi varisi X2 iddia tələbi aidiyyəti üzrə Mərkəzi Filialda araşdırılaraq onun mərhum anasına məhkəmə qərarı əsasında, 01.09.2005- 14.06.2018-ci illər ərzində ödənilməli olan fərq məbləğinin 91471,24 manat olduğu müəyyənləşdirilmişdir. DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən vətəndaşa 86034.14 manat fərq məbləği ödənilmişdir. Mərkəzi Filialın araşdırması nəticəsində yaranmış 5437,10 manat məbləği 28.01.2021 -ci il tarixdə tərəflərindən E.Babayevin kart hesabına köçürülmüşdür. Tərəflərindən **********9 nömrəli 09.02.2021-ci il tarixli məktubla təqdim edilmiş sözügedən inzibati iş üzrə iddia ərizəsinə etirazın ikinci abzasında “fərq məbləği” sözləri qeyd edilmişdir. Bildirirlər ki, qeyd olunan 91471,24 manat vəsait vətəndaşa məhkəmə qərarı əsasında ödənməli olan fərq məbləği deyil, 01.09.2005- 14.06.2018-ci il tarixləri arasında ödənilməli olan pensiya məbləğini (aylıq pensiya ödənişi və keçmiş dövr üzrə fərq məbləğinin cəmi) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi təmin edilməmişdir. Cavabdeh qəradaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-5600/2016 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının hüquqi varisi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə məhkəmə qərarının mətnində düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. Hazırkı işin hallarından görünür ki, cavabdehin yanlışlıq kimi düzəldilməsini xahiş etdiyi xüsusat məhkəmənin 2-1 (81)-5600/2016 nömrəli, 10.02.2021-ci il tarixli qərardadının təsviri hissədə cavabdehin ərizəyə münasibəti ilə bağlı etirazında qeyd olunmuşdur. Məhkəmə qərardadının həmin hissəsində “fərq məbləğinin” ifadəsi qeyd olunduğu halda cavabdeh öz ərizəsində həmin ifadənin “pensiya məbləğinin” ifadəsi şəkilində düzəliş edilməsini xahiş edir və bunu məhkəmə icraatında etiraz təqdim edilərkən yanlışlığa yol yerilməsi ilə əlaqələndirir. Məhkəmə kollegiyası cavabdehin ərizəsinə və onun apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, zəruri düzəlişlərin edilməsi barədə proses iştirakçıları tərəfindən ərizənin verilmə müddəti məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdehin məhkəmə qərardadına düzəliş edilməsi barədə ərizəsi həmin qərardadın təqdim edildiyi vaxtdan 7 aydan artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın qeyd edilən ərizəsi qanunvericiliyin müvafiq tələbləri pozulmaqla təqdim edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı ərizəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193 cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar