Məhkəmə qərarları › İş №2-1(103)-972/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-972/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-972/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının direktoru X3, iddiaçının nümayəndələri X4 və X2, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN- **********; Hüquqi ünvanı – AZ1117, ünvan 1; qanuni təmsilçisi – X8; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2014-cü il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 İddiaçı MMC barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 vergilərin hesablanması barədə xx.xx.2017-ci il tarixli, **********233900 nömrəli, xx.xx.2017-ci il tarixli, **********49680400 nömrəli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərarların ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 285/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən iddiaçı barəsində əlavə vergi məbləğinin hesablanmasına dair xx.xx.2017-ci il tarixli, **********233900 nömrəli, xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlar ləğv edilmişlər. Buna baxmayaraq cavabdeh iddiaçı barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli, **********3 nömrəli qərar qəbul edərək iddiaçının əmlakını siyahıya almışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaya dair xx.xx.2019-cu il tarixli, **********486700 nömrəli etirazında cavabdeh göstərmişdir ki, iddiaçının vergi borcu yarandığı üçün vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, **********1 nömrəli borc bildirişi göndərilmiş, borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Borcun göstərildiyi müddət ərzində ödənilmədiyi təqdirdə borclu vergi ödəyicisinə məxsus olan əmlakın siyahıya alınması da daxil olmaqla vergi orqanı tərəfindən həyata keçirilə biləcək tədbirlər sadalanmışdır. İddiada göstərilən məhkəmə qərarı hələ qüvvəyə minmədiyindən vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyqun olaraq verqi borcunun dövlət büdcəsinə alınması üçün vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınması həyata keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza cavabdehin koordinasiya şöbəsinin möhürü vurulmaqla vergi ödəyicisinin şəxsi hesab vərəqəsi, xx.xx.2018-ci il tarixli, **********1 №-li borc bildirişi və əmlakın siyahıya alınması ilə bağlı sənədlər əlavə edilmişdir. xx.xx.2019-ci il tarixdə iddiaçının direktoru X8 məhkəməyə ərizə təqdim edərək, Vergilər Nazirliyi yanında Bakı şəhər X1 vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli, **********3 saylı qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3865/2018 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddiaçı MMC-nin ərizəsinin təmin edilməsi; müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdeh Departamentin “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli **********3 nömrəli qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2621/2018 saylı qərardadı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və A.Hüseynov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Departament kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(102)- 356/2019 saylı qərarı ilə (hakimlər-A.Hüseynov, R.Nəbizadə, X.Məmmədov) kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı MMC-nin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 İddiaçı MMC barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli **********1 №-li borc bildirişi göndərilmiş, borc məbləğinin Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Borcun göstərilən müddət ərzində ödənilmədiyi təqdirdə borclu vergi ödəyicisinə məxsus olan əmlakın siyahıya alınması da daxil olmaqla, vergi orqanı tərəfindən həyata keçirilə biləcək tədbirlər sadalanmışdır. Lakin iddiaçı tərəfindən bildirişdə qeyd edilən müddət ərzində vergi öhdəliyi yerinə yetirilmədiyindən, vergi orqanı xx.xx.2018-ci il tarixli **********3 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması" haqqında qərar qəbul etmişdir. Məhkəmə qərarında bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2-1(81)-285/2018 saylı qərarı ilə iddiaçı barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması" haqqında qərarın qəbulu əsası olan kameral qərarlar ləğv edilsə də, həmin məhkəmə qərarı qanuni qüvvəsini almasına baxmayaraq ləğv edilmiş qərarlar əsasında hesablanmış borc məbləğləri iddiaçının şəxsi hesab vərəqəsindən silinməmişdir. Bildiririk ki, məhkəmənin qeyd edilən mövqeyi əsassız olmaqla, işin hallarını təhrif etmiş və yanlış qərarın qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş şəxsi hesab vərəqəsi üzrə çıxarışdan da göründüyü kimi xx.xx.2019-cu il tarixdə məhkəmə qaydasında ləğv edilmiş qərarlar üzrə borc məbləğləri şəxsi hesab vərəqəsində azaldılmışdır. Məhkəmənin bu halı araşdırmadan sözügedən məbləğlərin silinməməsinə dair mövqe ifadə etməsi məhkəmə araşdırmasının qeyriobyektivliyini təsdiq edir. Digər tərəfdən məhkəmə qərarında qeyd edilir ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli **********233900 saylı, xx.xx.2017-ci il tarixli **********308400 saylı, xx.xx.2017-ci il tarixli **********680400 saylı, xx.xx.2017-ci il tarixli **********489600 saylı, **********416600 saylı, **********515600 saylı “Vergilərin hesablanması barədə” qərarlar ilə iddiaçıya əlavə vergi məbləği hesablanaraq, şəxsi hesab vərəqəsinə işlənilmiş və iddiaçı qeyd edilən borcu ödəmədiyindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli **********3 saylı qərar əsasında iddiaçının əmlakı siyahıya alınaraq, saxlanılması üçün sonuncuya təhvil verilmişdir. Əmlakın siyahıya alınmasından əvvəl iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli borc bildirişində qeyd olunduğu kimi iddiaçının xx.xx.2018-ci il tarixə 1.377.804,57 manat əsas borcu, 39627,85 manat maliyyə sanksiyası üzrə borcu və 465.268.67 manat isə faiz borcu olmaqla, dövlət büdcəsinə ümumilikdə 1.882.701,09 manat vergi borcu mövcud olmuşdur. Məhkəmənin qərarında istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2- 1(81)-285/2018 saylı qərarı ilə ləğv edildiyi qeyd edilən qərarlardan bir neçəsi xx.xx.2017-ci il tarixli **********233900 saylı, xx.xx.2017-ci il tarixli **********308400 saylı, xx.xx.2017-ci il tarixli **********680400 saylı qərarlar vergi orqanı tərəfindən həmin dövrlərə münasibətdə yeni qərarların qəbul edilməsi səbəbindən ləğv edilmişdir. Sonuncu məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 və əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri X9 və X6 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər.Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətində vergi borcunun ödənilməsi ilə bağlı borc bildirişinin nömrəsi və tarixinin texniki xəta olaraq, yanlış göstərildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru və nümayəndələri izahat verərək iddia tələbini müdafiə etdiklərini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1 -ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. İş materiallarından görünür ki, iddiaçının əmlakının siyahıya alınması haqqında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş iddiaçıya 2017-ci ilin may dövrü üçün ƏDV hesablanması barədə xx.xx.2017-ci il tarixli, **********233900 nömrəli qərarı, 2017-ci ilin iyun dövrü üçün ƏDV hesablanması barədə xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli qərarı, 2017-ci ilin iyul dövrü üçün ƏDV hesablanması barədə xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli və 2017-ci ilin aprel, may, iyun və iyul dövrləri üçün ƏDV hesablanması barədə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlar 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-285/2018 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov) qanunsuz hesab edilərək ləğv edilmişlər. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı qismən, cavabdehin **********233900 nömrəli, xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli, xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli qərarlarının ləğv edilməsi hissəsində ləğv edilmiş, iddiaçının cavabdehə qarşı cavabdehin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, **********233900 nömrəli, xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli və xx.xx.2017-ci il tarixli, **********680400 nömrəli qərarlarının ləğv edilməsi tələbinə aid hissədə işin icraatına xitam verilmişdir. Qərardadın əsası kimi qeyd olunan qərarların vergi orqanının özü tərəfindən ləğv edilməsi, 2017-ci ilin aprel,may, iyun və iyul ayları üçün yenidən 2017ci ilin noyabr ayında kameral qaydada vergilərin hesablanması barədə xx.xx.2017-ci il tarixdə **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarların qəbul edilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı xx.xx.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2473/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(102)-1595/2019 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın yuxarıda adıçəkilən qərarları qüvvədə olan məhkəmə qərarları ilə ləğv edilsə də, ləğv edilmiş qərarlar əsasında hesablanmış borclar iddiaçının şəxsi hesab vərəqindən silinməmişdir. Cavabdeh mübahisələndirilən qərar qəbul edilənə qədər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-285/2018 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş qərarlar əsasında hesablanmış borclardan başqa iddiaçının əmlakının siyahıya alınması üçün əsas ola bilən digər borcun olmasını məhkəmədə sübuta yetirməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxxx 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda, qeyd edir ki, cavabdeh işin birinci instansiya məhkəməsində iddia tələbinə dair yazılı etirazında, həmçinin, apellyasiya şikayətində vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, **********1 №-li borc bildirişinin göndərildiyini qeyd etmiş və etiraza xx.xx.2018-ci il tarixli, **********1 №-li borc bildirişini (koordinasiya şöbəsinin möhürü vurulmaqla) əlavə etmişdir. Yalnız işin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi xx.xx.2018-ci il tarixli, **********761100 qeydiyyat №-li vergi borcunun ödənilməsi ilə bağlı **********2 nömrəli bildirişi məhkəməyə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********1 №-li vergi borcunun ödənilməsinə dair bildirişdə İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1,882,701.09 manat (vergilər üzrə - 1,377,804.57 manat, maliyyə sanksiyaları üzrə 39,627.85 manat, faizlər üzrə 465,268.67 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat) borcu vardır. Eyni zamanda işin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2018-ci il tarixli, **********2 №-li vergi borcunun ödənilməsinə dair bildirişə əsasən isə İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1,853,858.68 manat ( vergilər üzrə 1,373,341.77 manat, maliyyə sanksiyaları üzrə 39,627.85 manat, faizlər üzrə 440,889.06 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə - 0,00 manat) borcu vardır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixli, **********1 №-li və xx.xx.2018-ci il tarixli, **********2 №-li vergi borcunun ödənilməsinə dair bildirişlər arasında fərqliliklər olmaqla yanaşı, işin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, **********2 №-li bildiriş məhkəməyə təqdim edilməmiş və həmin bildirişin vergi ödəyicisinə göndərilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, yalnız apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi bildirişlərin tarix və nömrələrində olan fərqləri texniki xəta olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar